"ALTILIQ" DANIŞIQLARIN MÜDDƏTİNİ UZATDI
İranın nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunmasına hansı amillər mane olur?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İranla vasitəçi "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) arasında Vyanada aparılan danışıqlarda Tehranın nüvə proqramına dair yekun razılaşmanın planlaşdırıldığı tarixdə əldə edilməsi mümkün olmayıb. Tərəflər noyabrın 24-dək məsələ ilə bağlı razılığa gələcəklərinə ümid edirdilər. Nəticədə, danışıqların 2015-ci il iyunun 30-dək davam etdirilməsi qərara alınıb. Demək, "6+1" formatında aparılan danışıqların iştirakçıları İran böhranının dinc yolla həllinin mümkünlüyünə əmindirlər.
Ümumi razılığa gəlinməsinə konkret hansı məqamların mane olduğu açıqlanmır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif razılığa tərəflər arasındakı qarşılıqlı inamsızlığın mane olduğunu söyləyib.
Bununla yanaşı, dünya KİV-də yer alan xəbərlərə görə, danışıqların son raundunun uğursuz alınmasında Qərbin Yaxın Şərqdəki əsas müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanının mövqeyi az rol oynamayıb. Təl-Əviv və Ər-Riyad İranın güclənməsindən, həqiqətən də, ehtiyatlanırlar. Onlar İranın nüvə dövlətinə çevrilməsini öz maraqlarına birbaşa təhlükə sayırlar. İsrail İrana nüvə proqramının inkişafı imkanı veriləcəyi təqdirdə, onun nüvə obyektlərinə hərbi zərbələr endirəcəyilə bağlı hədələrini davam etdirir. Səudiyyə Ərəbistanı isə Tehranın nüvə dövlətinə çevrilməsilə islam dünyasında liderliyi ələ alacağından narahatdır. Bu narahatlıq o həddə çatıb ki, Vyana görüşündən əvvəl ABŞ-ın dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanının XİN başçısı Səud əl-Feysalı sakitləşdirmək məcburiyyətində qalıb. Kerri prezident Obamanın da dəfələrlə dediyi kimi, Birləşmiş Ştatların İrana nüvə silahına sahib çıxmaq imkanı verməyəcəyini söyləyib.
İranın regiondakı rəqiblərinin narahatlığı ilə yanaşı, görünən odur ki, İranın nüvə proqramının inkişafını əngəlləməyə çalışan əsas fövqəldövlətlər, məhz, Qərb dövlətləridir. Danışıqların son raundunun nəticələrini nəzərə alsaq, ABŞ və Aİ-də İran probleminin hərbi yolla həllində maraqlı olan müəyyən qüvvələrin ümumi razılığın olmamasından istifadə etməyə çalışacaqları istisna deyil. Onlar bu yolla öz mövqelərinə haqq qazandırmağa çalışa bilərlər.
Noyabrın 24-dən sonra razılığın əldə edilməsi, güman ki, çətin olacaq. Çünki danışıqlar prosesini tənqid edənlər Yaxın Şərqdə vəziyyətin daha da qarışmasında, Tehranın zəifləməsində maraqlıdırlar. Axı, İranın yürütdüyü siyasət Qərbin regionda hökmranlıq etməsinə mane olur.
Güman ki, İranla razılaşmanın əldə edilməsi ehtimalı "qırğılar"ın ciddi təzyiqi altında olan Barak Obama administrasiyasını da narahat edir. "Qırğılar" İrana qarşı sanksiyaların sərtləşdirilməsi tələbilə çıxış edirlər. Tehran isə danışıqlar prosesi nəticəsində, ilk növbədə, nüvə proqramının şəffaflaşdırılması müqabilində Qərbin sanksiyalarının tam şəkildə ləğvini gözləyir. Tehran üçün "6+1" formatında danışıqların əsas məğzi gedəcəyi güzəştlərin müqabilində beynəlxalq sanksiyalardan yaxa qurtarmasıdır. Bu kontekstdə Aİ İrana münasibətdə daha çevik mövqe nümayiş etdirir. O, İrana tətbiq edilmiş sanksiyaların təsirinin dondurulacağı müddəti 2015-ci il iyunun 30-dək (yəni danışıqlarda yeni raundun başa çatmasınadək) uzadıb.
Amerikanın siyasi elitasının nüfuzlu güclərisə məsələyə daha sərt yanaşılmasına tərəfdardırlar. Onların mövqeyini ifadə edən bir neçə konqresmen artıq İranın nüvə proqramına dair danışıqların müddətinin uzadılmasına etiraz ediblər. Konqresmenlər əksinə, Tehrana qarşı yeni sanksiyaların tətbiqini vacib hesab edirlər.
"İrandan nüvə proqramının tamamilə dayandırılmasını tələb etməyən istənilən razılaşma, razılaşmanın olmamasından daha pisdir", - deyə vaxtilə Nümayəndələr Palatasında respublikaçı çoxluğa başçılıq etmiş Erik Kantor bildirib. Senatorlar Con Makkeyn, Lindsey Qrehem və Kelli Ayott da eyni fikirdədirlər. Onlar İrana qarşı sanksiyaların sərtləşdirilməsini tələb edirlər. Bu konqresmenlərin fikrincə, "İranla əldə olunacaq istənilən razılaşma təsdiqlənməsi üçün Konqresə ünvanlanmalıdır".
İrana güc tətbiqilə bağlı daha ciddi hədə Nümayəndələr Palatasının spikeri Con Beynerdən gəlib: "İrana manevr imkanı verməkdənsə, bu ölkə rejimi region üçün törətdiyi təhlükəyə görə məsuliyyətə cəlb olunmalıdır".
Barak Obama administrasiyasına gəlincə, o, İran probleminin diplomatik yolla həllinə üstünlük versə də, "müharibə partiyası"nın mövqeyilə hesablaşmağa məcburdur. Birləşmiş Ştatların dövlət katibi Con Kerri etiraf edib ki, yeni təyin edilmiş müddətin başa çatmasınadək İranla razılığa gəlinməzsə, Vaşinqton mövqeyinə yenidən baxacaq. Bununla yanaşı, o, ABŞ Konqresinin yanvarda fəaliyyətə başlayacaq yeni heyətinin İranın nüvə dosyesilə bağlı danışıqların gedişinə mane olmayacağına, "müdriklik göstərərək danışıqların davam etdirilməsi üçün bir neçə aylıq zaman verəcəyinə" ümidini dilə gətirib.
Konqresin bir hissəsinin təzyiqlərinə baxmayaraq, Obama administrasiyası hələ də Tehranla danışıqların uğurla başa çatdırılacağına ümid edir. Bunu Ağ Ev rəsmilərinin bəyanatları da göstərir. Bu bəyanatlarda bildirilir ki, İranla danışıqların gedişində əldə edilmiş irəliləyiş "Tehrana beynəlxalq birliyin onun nüvə proqramı ilə bağlı suallarını cavablandırması üçün əlavə vaxtın verilməsinə şərait yaradır".
Ağ Ev məhz Tehranla yekun razılaşmanın mümkünlüyünü düşündüyü üçün ona qarşı əlavə sanksiyaların tətbiqinə qarşı çıxır. Vaşinqton sərt siyasətin tərəfdarlarını onların mövqeyinin zərərli olacağına inandırmağa çalışır. Amerika administrasiyasının rəsmisi Coş Ernest bildirib ki, "əlavə sanksiyalar bizim bir sıra tərəfdaşlarımızda sanksiyaların cəza xarakteri daşıdığı düşüncəsini yarada bilər və bu, beynəlxalq koordinasiyanın pozulması ilə nəticələnər".
Tehranın beynəlxalq arenadakı əsas opponenti olan ABŞ-ın ortaya qoyduğu ehtiyatlı nikbinlik İran böhranını həlli üzrə Cenevrə planının, ümumilikdə, effeki verdiyini göstərir. Tehrana dondurulmuş hesablarından ayda 700 milyon dollar çıxarmağa icazə verilməsi də bunu təsdiqləyir. Demək, İrana qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılması prosesi davam edir.
Bununla yanaşı, danışıqların nəticəsi həm də Yaxın Şərqdəki digər münaqişələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılılır. Məsələn, şiddətli müharibələrin getdiyi İraq və Suriya ilə bağlı vəziyyət son dərəcə ağırdır. Qərb İranın regionda dini ekstremizmlə mübarizə işində müttəfiq rolu oynaya biləcəyini anlayır. Bundan başqa, Qərb İrana həm də perspektivdə Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılmasında vacib tərəfdaş kimi baxır. Bu mənada İranın Rusiya ilə açıq qarşıdurma yolu seçmiş Qərbin tərəfindən çıxış etməyə razılaşıb-razılaşmayacağı ən vacib məsələdir.
Rusiyaya gəlincə, o da Tehranla tərəfdaş münasibətlərinin gücləndirilməsinə çalışır. Onların Xəzər-Qafqaz regionu ilə bağlı strateji maraqları da üst-üstə düşür. Bu iki ölkə arasında əməkdaşlığı təmin edəcək əsas amil Qərbin hər zaman Moskva və Tehranın nüfuz dairəsi olmuş bölgələrə buraxılmamasıdır. Bu, şübhəsiz ki, İranın nüvə proqramı ilə bağlı danışıqların gedişinə öz təsirini göstərəcək.
MƏSLƏHƏT GÖR:





714

