24 Noyabr 2024

Bazar, 13:25

KİTAB «UDUZUR»!

Dünya kitab və müəllif hüququ günü ərəfəsində qiraət haqqında düşüncələr

Müəllif:

15.04.2011

Köhnə didilmiş kitab oxucuya yalnız məzmununda olanlar barədə deyil, həm də  oxuculara özü haqqında çox şey danışa bilər. Əgər o, həddindən çox didilibsə, deməli, onu dəfələrlə oxuyublar, əgər onun səhifələri orada, burada yırtılıbsa, deməli, ona qarşı elə də qayğı göstərməyiblər. Amma istənilən halda kitabın görkəmi göstərir ki, onun məzmunu  maraqlıdır və onu dəfələrlə oxuyublar. 

Belə nümunələrə tez-tez kitabxanalarda, daha az isə ev rəflərində rast gəlinir. Belə nadir kitablara, adətən, xüsusi hörmət və ehtiram yaranır. Hətta adətən, köhnə kitablardan gələn nəm iy insanı diksindirmir və adam bacardığı qədər sürətlə onu oxumaq istəyir. 

Bu hiss bizim bir çox müasirlərimizə tanışdır. Amma böyükməkdə olan nəslə bu, tanışdırmı? İndiki gənclər köhnə kitabları görəndə həyəcanlanacaqlarmı, onlar köhnə kitabların sərgilədiyi əsrarəngiz dünyaya qərq ola biləcəklərmi, televiziya, internet, kompyuter oyunları əsrində  və kitabların müvcudluruna ümumi laqeydlik mühitində onlara bu hisslər tanışdırmı? Onlar tanışlarının məsləhət gördüyü kitabı almaq üçün kitab mağazalarına qaçacaqlarmı? 

Kitabın artıq kommersiya gəliri mənbəyi, yazıçıların isə dəbli meyillərin - qlamurun, yeni üslubun, yüngül detektiv və başqa iddiasız janrlarının silahına çevrildiyi bir dövrdə. Kitab dükanlarının dolabları başdan-ayağa oxu məhsulu ilə doludur, oxucu da zövq hissini unudur və yaxşını pisdən seçə bilmir. 

 

Əvəzsiz qiraət 

Biz bu dünyaya savadlı gəlməmişik. Bizə oxumaq, yazmaq, kitabları sevmək öyrədilir. Valideynlər var-gücləri ilə uşaqlarda kitab oxumağa maraq oyatmaq istəyirlər, amma bu gün bütün bu şəylər laqeydliklə və anlayışsız qarşılanır. İndiki nəsil böyük fransız yazıçı, maarifçi filosof Deni Didronun məşhur «İnsanlar oxumaqdan əl çəkərsə, düşünməkdən də əl çəkərlər» sözlərinin önəmini qiymətləndirə bilərmi? 

Bəllidir ki, insan oxumağa beş min il əvvəl başlayıb. Amma beyin bir orqan kimi yüz min ildən qabaq formalaşıb. Oxuma zamanı beynin yuxarı zonalarının  böyük bölümü fəallaşır; bu göstərir ki, oxumaq baş beyni «formada» saxlamaq üçün ən yaxşı məşqdir.  Bu vərdişi öyrənmək həmişə bir sıra çətinliklərlə bağlıdır. Amma onlar təbiidir. Amma yada salmaq lazımdır ki, uşaq nə qədər tez yazmağa və oxumağa alışarsa, gələcəkdə informasiyanı daha yaxşı qavrayar və təhlil edə bilər. 

Yazmağı və oxumağı öyrənmək yalnız savad verməklə qalmır. Bu iki vərdişə yiyələnən insan bir sıra dəyişikliklərə məruz qalır: beyin fərqli, daha mükəmməl sxemlə işləməyə başlayır. Bundan başqa, bütün proseslər onda daha sürətlə axır və lazım olan durumda onu daha böyük sürətlə aktivləşdirmək mümkündür. Uşaqlıqdan oxumaq və yazmaq öyrənmiş insanlar bunu yetkin yaşlarda öyrənmişlərə nisbətən beynin resurslarını daha yaxşı və effektiv istifadə edə bilirlər. Alimlər müəyyən ediblər ki, savadlı insanın mətn məlumatını qavraması zamanı baş beyin qabığının  görmə zonası «oyanır». 

Bundan başqa, səs informasiyasının emalına məsul olan sahələr də fəallaşır - savadlı adam dinləyərkən oxumaq-yazmaq bilməyən insandan daha çox informasiya qəbul edir. Bundan da kiçik bir nəticə çıxarmaq olar ki, daim və tez-tez oxumaq insanın dünyagörüşünün artmasına və baş beynin, demək olar ki, bütün insani fəaliyyət sahələrində işinin effektlivliyinin artırılmasına səbəb olur. 

Amma kitab oxumağın tam fizioloji özəllikləri ilə yanaşı,  kulturoloji önəmi də var ki, aprelin 23-nü Dünya kitab və müəlliflik hüququ günü elan etmiş Birləşmiş Millətlər Təşkilatı məsələnin bu tərəfinə diqqəti artırmara çağırır. Həmin gün 1616-cı ildə  dünyadan M.Servantes, U. Şekspir və İnka Qarsilaso de la Veqa gediblər. Bu gün həm də Moris Dryuon, X. Laksness, C. Pla və Manuel Mexia Valexo kimi tanınmış müəlliflərin ya doğum günü, ya da ölüm günüdür. 

Tamamilə təbiidir ki, YUNESKO 1995-ci ildə Parisdə keçirilmiş baş konfransında qərara alıb ki,  həmin gün kitablara və müəlliflərə ehtiram  göstərməyi qərara alıb, hamını, xüsusilə də gəncləri  qiraətdən həzz almağa, bəşəriyyətin sosial və kulturoloji tərəqqisinə yardım etmiş insanların əvəzsiz töhfələrinə hörmət etməyə çağırıb. Onda da məhz Dünya kitab və müəllif hüququ günü, həmçinin, YUNESKO-nun uşaq və yeniyetmə ədəbiyyatından dözümlülük ideallarının təbliği üzrə mükafat təsis edilib. 

 

Oxumağa həvəs aşılamaq 

Bir sıra ekspertlər düşünürlər ki, nə televiziya, nə də internet uşağın və ya yetkin insanın kitab oxumaq istəyinə təsir göstərə bilməz. İnsan ya oxuyur, ya da ki yox, uşaqda da  kitaba istək ya  var, ya da yoxdur. Və bu dəyərlərin əsasını uşağın şüurunda məhz valideynlər qoyurlar. Bakıdakı iri kitab mağazalarından birinin direktoru, «Çıraq» nəşriyyatının təsisçisi Əliağa Cəfərov «Region plus»la söhbətində bildirib ki, uşaqları kitabların görkəminə və onda olan hərflərə hələ körpəlikdən alışdırmaq lazımdır. Valideynlər uşaqlara kitab oxumalı, hərfləri göstərməli, gecələr nağıl danışmalıdır. 

«Hamıya bəllidir ki, uşaq süngər kimidir. O, valideynlərinin beyninə «səpdiyi» hər şeyi qəbul edir», - deyə Cəfərov bildirir. Amma məktəb yaşına gəldikdə isə, ekspertin fikrincə, etiraf etmək lazımdır ki, yerli təhsil sistemində qiraət mədəniyyətinin aşılanması tamamilə  yoxdur. «Pedaqoqlar bizim uşaqların, ümumiyyətlə, kitab oxuyub-oxumamasına diqqət yetirmirlər. Məktəblərdə sinifdənkənar oxuya diqqətin az ayrılmasından isə danışmağa dəyməz, dərs ilinin əvvəlində bir çox pedaqoqlar uşağın yay tətili üçün verilmiş kitabları oxuyub-oxumadığını heç yoxlamırlar da. Bundan başqa, mənə ən çox qəribə gələn məsələ milli məktəb proqramında sinifdənkənar oxu üzrə dərsin yalnız həftədə bir dəfə keçilməsidir.  Təhsil sisteminin böyüklərinin fikrincə, bu elə də qabaqcıl və önəmli mövzu deyil. Halbuki, qiraət, ümumiyyətlə, insan təhsilinin əsasında durur. İndi, demək olar ki, bütün ailələrdə kompyuter var və siz düşünürsünüz ki, hər gün qarşısında kompyuter görən uşaqda kitab oxumağa həvəs olacaq? Çətin ki, bu, öz-özünə yaransın. Kitab oxumaq istəyini və alışqanlığını yaratmaq lazımdır. Əgər bunu etməsək, onda bizim gənclərin kitab oxumağa həvəsi heç zaman olmayacaq», - deyə müsahibimiz düşünür. 

Daha önəmli məsələ Azərbaycanda kitab nəşridir. «Təəssüf ki, Cənubi Qafqaz bölgəsinin lideri olan Azərbaycanda kitab nəşri, xüsusilə də uşaq kitabı nəşri ibtidai səviyyədədir. Məsələn, Rusiyada çap məhsullarının  40-50%-ni uşaqlar və  məktəblilər üçün kitablar təşkil edir. Azərbaycanda isə bu rəqəm 2-3%-i ötmür. Bu, ölkədə qiraət mədəniyyətinin inkişaf etməməsindən xəbər verir.  Əgər kitablara tələb yoxdursa, deməli, onlar çap edilmir, edilirsə də, tirajları aşağı olur - 150-dən 500-ə qədər. Bu, 8 milyon əhalisi olan bir ölkə üçün dənizdə damladır», - deyə Cəfərov vurğulayır.  

Hazırda Bakının kitab mağazalarının rəflərində daha çox Rusiya nəşriyyat evlərinin kitablarını tapmaq olar. Poliqrafiya keyfiyyətinə və mövzularına görə onlar Azərbaycan nəşrlərindən köklü şəkildə fərqlənir. Azərbaycandillilər üçün uşaq ədəbiyyatında seçim kasadlığından isə danışmağa dəyəməz. Cəfərov hesab edir ki, Azərbaycanda keyfiyyətli uşaq ədəbiyyatının olmaması gələcək nəslin savad səviyyəsinə təsir göstərə bilər. Məsələn, hər bir Rusiya nəşriyyatı hər il profilindən asılı olmayaraq, müəyyən sayda kitab buraxır. Biz niyə bunu öyrənməyək? Azərbaycanda heç bir vəsait qıtlığı çəkməyən iri nəşriyyat evlərinin, demək olar ki, olmaması da başqa məsələdir. Bu isə istehlakçıların yerli nəşriyyatların məhsullarına tələbatının olmaması ilə bağlıdır. 

 

Gəlirsiz biznes 

Azərbaycanda 100-ə yaxın nəşriyyatın, demək olar ki, öz mətbəəsi yoxdur və ya praktik olaraq onların hamısı sifariş əsasında işləyir. Yerli nəşriyyatların heç biri öz vəsaitləri hesabına hansısa ədəbiyyatı, xüsusilə də uşaq ədəbiyyatını çap etməyə girişməz, çünki sonda bu məhsulların satış problemi çıxır. Azərbaycanda kitab nəşrinin başqa bir problemi isə müəllif hüquqlarının pozulması ilə bağlıdır. Naşir müəllifə qonorar, rəssam-tərtibatçılara, qrafika ustalarına, dizaynerlərə, tərcüməçilərə maaş verir, kitabı çap edir. Heç bir neçə gün keçmir ki, o, pirat yolu ilə üzü köçürülmüş şəkildə metro köşklərində və vağzallarda peyda olur. 

A.Cəfərov belə bir kədərli təcrübəni Çingiz Abdullayevin kitabları ilə yaşayıb. Kitab «Çıraq» nəşriyyatı tərəfindən Azərbaycan dilində ilboyu satılmaq şərti ilə 500 min tirajla çap edilibmiş. Amma artıq bir ay sonra bu kitablar bütün Azərbaycan üzrə satılmağa başlayıb. Onda A.Cəfərov Müəllif Hüquqları üzrə Agentliyə müraciət edib, amma vəziyyət dəyişməyib. «Əgər Azərbaycanda hansısa kitabın tirajı 5 mindən yüksəkdirsə, onda  əmin olun ki, onun pirat yolu ilə üzü köçürüləcək»,- deyə naşir vurğulayır.

Cəfərovun sözlərinə görə, Azərbaycanda kitab nəşrinə gəlirli biznes növü kimi baxmırlar, çünki bu bölmə yetərincə kapital yatırımları tələb edir, amma əhalinin kitab oxumağa marağının az olması üzündən, həmin vəsaitləri geri qaytarmaq çox çətindir. 

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturuoloq Aydın Xan Əbilli  müəyyən qədər fərqli fikirdədir. Onun fikrincə, Bakıda 100-150 kitab mağazası və «nöqtəsi» var ki, bu da qiraətə marağın artmasından xəbər verir. 

«Etiraf etmək lazımdır ki, kitab bu gün internet, televiziya, kino kimi populyar deyil. Amma unutmaq lazım deyil ki, bu gün bir çox nəşrləri internetdə  elektron şəkildə tapmaq olur. Hesab edirəm, hər bir Azərbaycan nəşriyyatı Azərbaycan dilində yalnız kitab çapı ilə məşğul olmamalı, həm də əsərləri elektron variantda buraxmalıdır ki, onunla internetdə tanış olmaq imkanı yaransın.  Ölkə mədəniyyətinin və ədəbiyyatının təbliği üçün çağdaş texnologiyalar böyük imkanlar yaradır. Azərbaycan saytlarının effektiv artımı və  onlara giriş sayının çoxalması Azərbaycanın humanitar və kulturoloji düşüncəsinin dünyaya açılmasına imkan yaradır. Bizim ölkədə artıq CD və DVD-disklər şəklində elektron-kitablar peyda olub. Milli ədəbiyyat və mədəniyyətin dünyaya inteqrasiyası üçün internet geniş imkanlar yaradır. Bununla da, o yalnız dünyadakı 50 milyon azərbaycanlının deyil, 300 milyon türkün sərvətinə çevrilir», - deyə yazıçı vurğulayır. 

Aydın Xan Əbillinin sözlərinə görə, hazırda Azərbaycanda, əsasən, şeir topluları çap edilir, amma hazırda xarici ədəbiyyatın tərcümələri də artmağa başlayıb. Keyfiyyətinə görə, Azərbaycan kitabları, əlbəttə ki, Rusiyada çap olunanlardan fərqlənir, amma son zamanlar bizimkilərin də keyfiyyəti yaxşılaşmağa başlayıb.  Azərbaycan oxucusu, əsasən, Anar, Rüstəm İbrahimbəyov və Elçin kimi nasirlərin əsərləri ilə maraqlanır. Gənclər isə daha çox Kamal Abdulla, Vaqif Bayatlı Odər, Ramiz Rövşən və başqaları ilə maraqlanırlar. Çingiz Abdullayevin 20 kitabının tərcüməsinə də maraq böyükdür. 

Ədəbiyyatçı qadınların da sayı artır. «Sevindirici haldır ki, bizim ədəbiyyatçıların əsərləri artıq yaxın və uzaq xaricdə - Rusiyada, Belarusda, Macarıstanda, Rumıniyada, Türkiyədə, İranda, Gürcüstanda, Polşada və Ukraynada çap edilir.  Bu kitablar yüksək poliqrafik səviyyədə, özü də yüksək tirajlarla çap edilir. Dünyada Azərbaycan ədəbiyyatına maraq artır», - deyə Aydın Xan Əbilli bildirir. 

Ancaq ekspert etiraf edir ki, Azərbaycan nəşriyyatlarının kitablarının satışında bu gün böyük problemləri var. Müəlliflərə heç də həmişə sponsorlar yardım etmir. Onların çoxu şəxsi vəsaitin azlığı üzündən kitablarını aşağı tirajla çap etdirməyə məcburdurlar. Amma həmin aşağı tirajın da satılacağına heç bir zəmanət yoxdur. Yazıçılar və şairlər öz əsərlərinə qonorar ala bilmirlər. «İndi Azərbaycanda ədəbiyyatçı, o cümlədən, həvəskar ədəbiyyatçılar da yetərincədir. Bizim ölkədə öz qonorarları hesabına yalnız bir neçə nasir yaşaya bilər ki, onların sırasında Anarı, Çingiz Abdullayevi, Rüstəm İbrahimbəyovu və başqalarını göstərmək olar», - deyə müsahibimiz bildirir. 

Hələ 20 il qabaq bizim respublika SSRİ-nin tərkibində olanda ən çox oxuyan ölkələrdən idi. Bu gün dünya kitab bazarı yeniliklərlə dolu olan bir zamanda, biz artıq bununla qürrələnə bilmirik.  Bu iddiasız janrın çoxsaylı müəllifləri arasında maraqlı yazanlar az deyil. Amma çap məhsullarının bugünkü bolluğu oxucu auditoriyasına proporsional deyil. Şəxsi təcrübədən görmək olur ki, metro və  avtobuslarda bu gün, demək olar ki, kitab oxuyan insanlara rast gəlmək olmur. Amma təəssüf, axı kitab düşünmək, gerçəklikdən uzaqlaşmaq və istirahət üçün ən sadə üsullardandır.


MƏSLƏHƏT GÖR:

461