Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dövlətin sosial siyasətinin cəmiyyət üzvləri üçün ən vacib istiqamətlərindən biri pensiya sistemindəki islahatlardır, çünki bu, uzun zaman ərzində bir neçə nəslin maraqlarına toxunur. Demoqrafik dəyişikliklər yaşlanmış, əlil olmuş və ya ailə başçısını itirmiş əmək qabiliyyəti olmayan insanların maddi təminatı ilə bağlı məsələlərin həllinə yeni yanaşmalar axtarmağa məcbur edir.
Bildirmək gərəkdir ki, Azərbaycanın pensiya sistemində islahatlara başlanılan 10 il əvvələ baxanda hazırda bu sahədə çox şey dəyişib. Buna misal kimi, pensiyaların hesablanması üzrə avtomatik sistemin formalaşdırılmasını, hər yerdə və tam şəkildə pensiyaların bankomat plasktik kartları ilə verilməsinə keçilməsini, fərdi sosial sığorta uçotu sisteminə keçilməsi üçün maddi-texniki bazanın və proqram təminatının yaradılmasını göstərmək olar. İslahatların başlıca məqsədi Azərbaycan pensiyaçılarının onlara təyin edilmiş pensiyanın məbləğindən baş açması və sosial təminat işçisi tərəfindən pensiya qazancının hesablanması zamanı onun hüquqlarının tapdanmamasıdır.
Xoşbəxt qocalığa üç pillə
İlk başdan müxtəlif ölkələrin pensiya sistemləri iki məqsəd daşıyıb - ya itirilmiş gəlirin əvəzinə kompensasiya verilib, ya da yaşlılar arasında kütləvi yoxsulluğun qarşısı alınıb. İnkişaf etmiş iqtisadiyyatların qanunvericiliklərinin təkamülü bu iki məqsədin konvergensiyasından, yəni yavaş-yavaş qovuşmasından xəbər verir. Ölkələrin çoxu yaşlı adamların arasında ehtiyacın azaldılmasını heç də sosial yardım sisteminə həvalə etmirlər. Bu məsələnin pensiya sistemi çərçivəsində həlli zamanı da bir sıra sığorta prinsiplərinə əməl edilir.
Dövlət tərəfindən hazırkı və gələcək pensiyaçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi, pensiyaların ölçüsünün artırılması, vətəndaşların şəxsi maraqlılığının və öz yaşlı çağlarına inamının artırılması üçün çox səviyyəli pensiya təminatı sisteminə keçilməsi qaçılmazdır.
Bəllidir ki, Azərbaycanın istiqamət götürdüyü yeni pensiya sistemi üçpilləlidir. Birinci pillə dövlət tərəfindən gerçəkləşdirilən məcburi pensiya sığortasıdır; ikinci isə icbari sığortanın real investisiyalarla məşğul olan hissəsidir ki, sosial-sığorta mükafatlarının bank hesablarına qoyulmasını, müxtəlif maliyyə alətlərinə yatırılmasını və bunun hesabına əldə edilən gəlir vasitəsilə pensiya məbləğinin yüksəlməsini nəzərdə tutur.
Dərhal bildirək ki, belə olan halda, təbii ki, yığım sistemi çərçivəsində investisiya prosesinin sabitliyi ilə bağlı problem yaranır ki, bu da hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən ən dəqiq araşdırma obyektlərindən biridir. Məsələ bundadır ki, hökumət çalışır ki, yığım sistemi öz dayanıqlılığına görə, paylayıcı sistemə yaxınlaşsın.
Həmçinin, ikinci mərhələnin gerçəkləşdirilməsi üçün icbari ödənişlərin həcminin artımı ehtimal edilir. Bu zaman icbari sosial sığorta ödənişlərinin dərəcələrinin artırılması və ya yığım sığortası üçün ayrıca formanın tətbiqi mümkündür. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesalamalarına görə, icbari sosial sığorta üzrə köçürmələrin toplam dərəcəsi bu halda 35%-dən az ola bilməz. DSMF-in qiymətləndirməsinə görə, icbari sosial sığorta üzrə köçürmə dərəcəsinin böyük bölümü işçisinin öz maaşından gerçəkləşdirilən ödənişlər üzrə formalaşdırılmalıdır.
Və nəhayət, üçüncü pillə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur ki, bu, Almaniyada və başqa Avropa ölkələrində uğurla tətbiq edilir, amma onların risk payı həddindən böyükdür. Çünki iqtisadi böhran dönəmində Almaniyada pensiya sisteminin üçüncü pilləsi üzrə itikilər 40%-ə bərabər olub. Bizim qonşu ölkələrdə də, məsələn, Qazaxıstanda dövlət pensiya fondu ləğv edilib və yerində 15-16 özəl fond yaradılıb; həmçinin, bu istiqamətdə çox radikal islahatlar aparılıb. Amma böhran dövründə bu fondlar yarım milyard dollar vəsait itirdilər, dörd fond müflislik astanasına gəldi və onları yalnız dövlət dəstəyi xilas elədi.
Buna görə də bir tərəfdən, Azərbaycanda bu cür alətlərin olmaması ölkəni belə itkilərdən xilas edib, o biri tərəfdən isə pensiyaların üç müxtəlif istiqamətdən alınması pensiyaların həcmini artıra bilərdi.
İstənilən halda, ölkədə özəl pensiya fondlarının yaradılması üçün müvafiq qanunvericilik bazasının işlənməsi 2012-2013-cü illər üçün nəzərdə tutulub. Yığım pensiya üçün hüquqi bazananın hazırlanması və ilkin elementlərin tətbiqi isə 2014-2015-ci illərə nəzərdə tutulur. Səsləndirilən planlara uyğun olaraq, milli qanunvericiliyin Avropa standartlarına uyğun hala gətirilməsi üçün DSMF əhalyə öz sərbəst vəsaitlərini ödəniş kimi, DSMF-in üzərinə faiz gələ biləcək hesablarına yerləşdirmək imkanı verməyə hazırdır. Pensiyaya çıxdıqda onlar pensiyanın baza bölümü ilə yanaşı, yığım hesabından da vəsaitlərin bir hissəsini ala bilərlər.
Şəffaf hesablama
Göründüyü kimi, Azərbaycanda sığorta münasibətləri əsasında pensiya-sığorta sistemi əhalinin sosial müdafiəsi sahəsində icbari dövlət sosial sığortasının rolunu genişləndirir. Mövcud sistemin dayanıqlı inkişafı birbaşa icbari dövlət rüsumları və sosial sığorta ödənişləri arasında əlaqədən asılıdır.
2009-2015-ci illər üzrə pensiya-sığorta sisteminin inkişafı istiqamətində Dövlət Proqramında həmçinin göstərilib ki, müəyyən müddətdən sonra yığılan sığorta ödənişləri, işçilərin əmək haqqının leqallaşdırılması, fərdi uçot sistemində qeydə alınanların sayının artırılması dövlət büdcəsindən transferlərdən imtina etməyə şərait yaradacaq. Bununla bağlı olaraq, pensiyaların baza hissəsinin göstərilməsinə ehtiyac qalmayacaq, amma müəyən dərəcədə o qalacaq, çünki bu qaçılmazdır. Amma müəyyən zaman keçdikdən sonra, minimal hissə öz önəmini itirməlidir, çünki hər bir şəxs bilməlidir ki, sosial ödənişləri nə qədər köçürüb, axı vəsaitlər, həmçinin, indeksasiya edilmiş hissənin ölçüləri də məhz onun öz hesabında saxlanıb. Gələcəkdə, DSMF-in planlarına görə, hər bir sığorta olunmuş barədə məlumat DSMF-in rəsmi saytında yerləşdiriləcək, həmçinin, onlar hesaba yığılmış məbləğ barədə yazılı məlumat alacaqlar.
Avtomatlaşdırılmış pensiya hesablanması sisteminə tam keçid 2013-cü ilə kimi gerçəkləşdiriləcək, halbuki Dövlət Proqramına əsasən, bu proses 2015-ci ilə kimi çəkə bilər. Bu gün əsas məsələ müvafiq məlumatın yığılmasıdır. O cümlədən, 2006-cı ilə qədər olan iş yerləri barədə məlumatın yığılmasıdır ki, əmək stajının hər ili üçün 170 manat hesablanacaq. Bunun cari ilin sonuna kimi başa çatdırılması və pensiya kapitalının ölçüsünün hesablanması üçün DSMF-in müvafiq informasiya bazasında yerləşdirilməsi gözlənilir.
2011-ci ildə DSMF-in rəsmi internet-saytının (www.sspf.gov.az) yardımı ilə pensiyanın ölçüsünün hesablanması üçün imkan yaranıb. Bunun üçün saytın müvafiq bölməsinə əmək stajı və 2006-cı ildən bu yana əmək haqqının ölçüsü haqqında məlumatı saytın müvafiq bölməsinə yerləşdirmək yetərlidir.
Beləliklə, hər bir sığorta edilmiş öz gələcək pensiyasının ölçüsünə hesablamaq və mütəmadi olaraq bu prosesi nəzarətdə saxlamaq imkanında olacaq. Bu sistem bütün dünyada tətbiq edilir, bizim ölkədə də hər bir sığorta edilmiş haqqında 2006-cı ilə qədər və ondan sonra yığımların məbləği barədə məlumat yerləşdirilməsi nəzərdə tutulur.
Nəticədə, vətəndaşlar pensiya yaşına çatdıqdan sonra, özləri haqqında məlumatları internet vasitəsilə göndərə bilərlər, yoxlandıqdan sonra pensiyalar avtomatik ödənilməyə başlanacaq. Bundan başqa, əhali internet vasitəsilə öz sosial sığorta kartlarının kodunu daxil etməklə hesablarınadkı vəsaitlərin həcmi barədə məlumat ala bilərlər.
Qeyd etmək vacibdir ki, pensiya islahatının məqsədi ölkənin fond bazarının yaradılması, özəl pensiya fondlarının vəsaitlərini dövlət layihələrinin maliyyələşdirilməsinə yönəltməklə, o cümlədən, vəsaitlərin dövlət istiqrazlarına yerləşdirilməsi ilə yüksək iqtisadi artım templərinin təmin edilməsi deyil. Keçirilən islahatlar ahıl çağlarında əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin etməyə şəxsi məsuliyyəti artıracaq. Fərdi pensiya hesablarının yığım sisteminə keçilməsi dövlətin sosial dəstəklənmə siyasətinin ailənin, ictimai təşkilatların dəstəklənməsinə, həmçinin, fərdi yığımların və əmanətlərin yaradılmasına, fəal stimullar sisteminə yönəltməyə imkan verər.
MƏSLƏHƏT GÖR: