25 Noyabr 2024

Bazar ertəsi, 21:26

TƏHLÜKƏSİZ ENERJİ

Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevrilə bilər

Müəllif:

15.04.2011

Bu il mart ayının 11-də bütün dünya Yaponiyada baş vermiş zəlzələ və sunami fəlakəti, bunun «Fukusima-1» atom-elektrik  stansiyasında (AES) qəzaya səbəb olması barədə xəbərlərdən təlatümə düşdü. Çernobıl fəlakətindən sonra ikinci böyük qalmaqal olan bu hadisə dinc atomun inkişaf perspektivlərini sual altında qoydu, bir sıra ölkələr, hətta bəzi köhnəlmiş AES-lərin işini dayandırmaq, yenilərin tikintisini «dondurmaq» barədə qərar verdilər. Belə şəraitdə Avropada elektrik enerjisi kəsri yarana bilər ki, bu da enerji ixracatı, o cümlədən, Azərbaycandan ixracat üzrə geniş imkanlar açır. 

 

Yapon sindromu 

«Fukusima-1» AES-də baş vermiş qəza bir daha dünya birliyini nüvə obyektlərində təbii və texnogen qəzalar baş verməsi zamanı ətraf mühitə dəyən bərpaedilməz ziyanı nəzərə almağa və atom energetikasının istifadəsini məhdudlaşdırmağın vacibliyini anlamağa sövq edir. Dinc atomdan kütləvi istifadə tarixi öz başlanğıcını 1970-ci illərdən başlayır - bu, nefti 4 dəfə bahalaşdırmış OPEK ölkələrinin apardığı siyasət nəticəsində yaranmış energetika böhranı ilə bağlıdır. Amma son qırx ildə nüvə energetikasının yetərincə inkişaf etməsinə baxmayaraq, hətta bu gün də ümumelektrik energetikasında AES-lərin payı çox aşağıdır -  dünya üzrə istilik energetikası istehsalında payı 7%-dən bir qədər aşağıdır, elektrik energetikası istehsalında isə payı 17%-i keçmir. Hazırda dünya üzrə atom energetikası istehsalı üzrə lider ölkələr Fransa, ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya və Rusiyadır. Özü də Fransa elektrik enerjisinin 80%-dən çoxunu AES-lərdə istehsal edir. 

Uzun illər Beynəlxalq Atom Energetikası Agentliyinin (BAEA) məmurları və atom enerjisi lobbiçiləri  toplumu inandırmağa çalışırdılar ki, atom energetikası ən ekoloji təmiz energetikadır, karbohidrogenlərin yandırıldığı stansiyalardan fərqli olaraq, qlobal iqlim dəyişikliyinə təsir göstərmir və ozon təbəqəsi üçün heç bir ciddi problem yaratmır. Nüvə tullantılarının utilizasiyasına gəldikdə isə, nüvə ustadlarının iddiasına görə, istismar illəri ərzində işlənmiş emal və basdırıma üsulları ətraf mühitin çirklənmə təhlükəsini minimuma endirib. Ancaq Çernobıl və «Fukusima-1» AES-lərində baş verən qəzalar göstərdi ki, gözlənilməz təbii kataklizmlər  və insan amili irimiqyaslı fəlakətlərin yaranmasında dəhşətli rol oynaya bilər ki, bunun nəticəsində insanlığın çox sayda nəsilləri üçün qorxulu təhlükə törənə bilər. 

Bütün bunlar nəzərə alındıqda, Yaponiya AES-ində baş vermiş qəzanın ən ciddi nəticələrindən biri kimi, mövcud obyektlərin istismarı məsələsinə və nüvə energetikasının inkişafının gələcək perspektivlərinə yenidən baxılması gündəmə gələ bilər. 

Dünyanın bir sıra dövlətlərində, ümumiyyətlə, atom energetikasından tam imtinadan bəhs edilir; bəzilərində isə AES-lər üzərində sərt nəzarət qaydaları tətbiq etmək və yavaş-yavaş onları istilik-elektrik stansiyaları (İES) ilə əvəz etmək barədə danışılır. Belə ki, artıq İsveçrə və Almaniya ictimaiyyəti Fransanın ən köhnə AES-nin - Reyn çayı sahillərində yerləşən «Fessenhaym» AES-in bağlanması barədə məsələ qaldırırlar. Öz növbəsində, Almaniya yaxın yeddi il ərzində daha köhnə AES-lərdəki 20 enerji blokunu istismardan çıxarmaq niyyətindədir, özü də Bundestaqın deputatlarının çoxu yeni atom obyektlərinin tikintisinin əleyhinədir. 

Bu ilin aprelində isə nasazlıq üzündən Çexiyada 1970-1985-ci illərdə sovet layihəsi ilə tikilmiş «Dukovanı» AES-in dördüncü enerji bloku dayandırılıb. Böyük Britaniya hökuməti də yeni AES-lərin tikilməsi proqramının dayandırılmasını bəyan edib, İsveçrə isə hətta uzaq gələcəkdə AES yaratmaq ideyasından tamamilə imtina edib. Oxşar nəticələrə tezliklə İsrail də gələ bilər və Türkiyənin də gəlməsi mümükündür. 

«İnandırıcı deyil ki, nə vaxtsa gələcəkdə Avropanın enerji istehsalında nüvə energetikasının payı artsın. Nüvə energetikasından istifadədən imtinanın yerini isə kömürlə, təbii qazla və müəyyən qədər də bərpaolunan enerji ilə əvəz etmək mümkündür», - deyə İtaliyanın «Bruno Leoni» institutunun energetika departamentinin direktoru Karlo Staqnaro bildirib. 

Yeri gəlmişkən, Avropada nüvə energetikasına qarşı formalaşan imtina hissi artıq bu gün bazar meyillərinə təsir göstərir. O cümlədən, bu yaxınlarda Rusiyanın «Atomredmetzoloto» şirkəti uran yataqlarının kəşifiyyatı ilə məşğul olan «MantraResources»  (Avstraliya) şirkəti ilə satınalma sazişini dayandırıb. Eyni zamanda, dünya bazarlarında zənginləşmiş uranın bir funtunun qiyməti $66,5-dan $55-ə düşüb.

 

Azərbaycanda ənənəvi energetika var 

Bütövlükdə, qeyd etmək lazımdır ki, artıq yenidən ənənəvi bərpaolunmaz enerji qaynaqlarının - kömürün, neftin və qazın aktuallığı artır.  Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan kimi, Avrasiya qaz təchizatçılarının da aktuallığı artır. Eyni zamanda, yaxınlarda Avropa və müəyyən qədər Yaxın Şərq birbaşa elektrik enerjisi satışı üçün iri bazarlara çevriləcək, orda müddətli planda isə Xəzəryanı bölgədə artıq elektrikin ixracını gözləmək olar. 

Bu gün uzaq xaricə elektrik enerjisi ixracatı baxımından Azərbaycanın imkanları necə görünür? Son onillikdə Azərbaycan elektrik energetikası sahəsini köklü şəkildə dəyişməyi bacarıb, enerji sisteminin gücünü, demək olar ki, iki dəfəyə qədər artıraraq, 6,5 min meqavata qədər yüksəldə bilib. Bu gün Azərbaycanın elektrik energetikası sistemi  Cənubi Qafqazın ən güclü sistemidir və Xəzəryanı bölgə üzrə  ilk yerlərdən birini tutur. 

«Son 7 il ərzində respublikada 10 elektrik stansiyası tikilərək, 1500 mvt-dan artıq yeni generasiya gücləri istismara verilib və mövcud stansiyaların yenidənqurulması nəticəsində 600 mvt əlavə güc artımı əldə edilib», - deyə «Azərenerji» SC-nin başçısı Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, respublikanın elektrik enerjisi sisteminin tərkibinə 13 istilik-elektrik stansiyası və 6 su-elektrik stansiyası daxildir. Onların ümumi qoyuluş gücü 6400 mvt-a yaxındır.

Yaxın zamanlarda «Azərenerji» ASC öz potensialını, ən azı, 25 faiz artırmaq istəyir. Belə ki, yaxın planda qurum 780 mvt-lıq buxar-qaz qurğulu “Cənub” elektrik stansiyasını, 25 mvt gücündə Füzuli Su-Elektrik Stansiyasını işə salmaq istəyir. Həmçinin, “Azərbaycan” İES-də yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiyanın imkan gücü 2600 mvt-a yüksələcək. “Mingəçevir”  və “Varvara” SES-lərdə də yenidənqurmaya hazırlıq işləri aparılır; yalnız “Varvara” SES-də yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 mvt əlavə generasiya gücü əldə ediləcək.  Planda, həmçinin, Kür çayı üzərində ümumi gücü 400 mvt olan Tovuz Su-Elektrik Stansiyasının  (SES) tikintisi və 40-a yaxın kiçik SES-in tikintisi və modernləşdirilməsi nəzərdə tutulub. 

Beləliklə, 2015-ci ilə kimi ölkənin enerji sisteminin gücünün 8-9 min mvt-a qədər artırılması düşünülür ki, bunun da 10%-i kiçik SES-lərin hesabına  və başqa bərpaolunan qaynaqların hesabına təmin ediləcək. Bu planın gerçəkləşdirilməsi ölkə qarşısında ildə, ən azı, 4-5 mlrd kvt///saat-elektrik enerjisi ixracına imkan yaradır. Bu isə milli energetikanın keyfiyyətcə yeni inkişaf səviyyəsinə keçməsi deməkdir. 

Əslində, artıq 2008-ci ildən başlayaraq Azərbaycan elektrik enerjisi idxalını dayandırıb və qonşu ölkələrə təmiz ixrac rejiminə keçib. Keçən il ölkənin elektrik stansiyalarında 18,4 mlrd kvtsaat-elektrik enerjisi istehsal edilib. Müqayisə üçün qeyd edək ki, iki il qabaq 20,1 mlrd kvt///saat-istehsal edilirdi. İstehsal həcminin azalması daxili tələbatın azaldılması ilə bağlıdır ki, bu da ölkənin enerji təsərrüfatının modernləşdirilməsi əsasında baş verib. Bu isə texniki itkilərin azalmasına və abunəçiləri elektrik enerjisi qənaətinə stimullaşdırmağa imkan verib. 

Keçən üç il ərzində  ümumi gücü 2500 mva olan 600 transformator quraşdırılıb və ümumi uzunluğu 30 min km.-dən artıq elektrik verilişi xətləri istifadəyə verilib. Ölkənin bütün elektrik şəbəkəsini çağdaş elektrik sayğacları ilə təmin ediblər ki, bu da enerjinin məişətdə yetərincə qənaətinə səbəb olub; həmçinin, sənayedə də enerjiyə qənaət edilən texnologiyalara keçilməsini şərtləndirib. «Azərenerji» tərəfindən görülən tədbirlər hesabına artıq ölkənin ehtiyat  generasiya gücləri 1000 mvt-ı ötür ki, artıq beş ildən sonra enerji sisteminin ehtiyatları, demək olar ki, üç dəfə artacaq.

 

İxrac məhsulu 

Beləliklə, daxili tələbatı təmin etdikdən sonra, bizim ölkə elektrik energetikasının gələcək inkişafını Gürcüstana, İrana, Türkiyəyə və Rusiyaya ixracata istiqamətləndirir. 

Qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi üçün ötürücü infrastrukturun - elektrikverilmə xətlərinin və yarımstansiyaların gücləndirilməsi üzrə irimiqyaslı proqram gerçəkləşdirilir. İki il qabaq «Azərenerji» 2008-2015-ci illər üzrə Azərbaycanın daxili elektrik şəbəkələrinin yenidənqurulması üzrə Dövlət Proqramının gerçəkləşdirilməsinə başlayıb. 

İlkin modernləşdirilməli olan obyektlər sırasına Mingəçevirdə və Şirvanda olan iri elektrik stansiyalarını bütün ölkə üzrə paylanmış yarımstansiyalarla birləşdirən elektrikverilmə xətləri (EVX) daxil edilib. Mingəçevir SES-i və Şirvan İES-i paytaxtla birləşdirən 220 kilovoltluq EVX-lərin köklü təmirə ehtiyacı var. Bu şəbəkələr artıq 40 ildən çoxdur, istismar edilir. Yenidənqurma, həmçinin, regionun ən iri obyekti olan Azərbaycan İES-lə Abşeron enerji qovşağını birləşdirən xətti də əhatə edib. 

Ölkənin ötürücü infrastrukturunun modernləşdirmə layihəsinin işlənməsi zamanı, əsas orientir kimi qonşu dövlətlərlə elektrik enerjisi tranziti üzrə birgə planlar götürülüb. Bu baxımdan, daha perspektivli Azərbaycanı  Gürcüstan və Türkiyə ilə birləşdirəcək elektrik enerji dəhlizinin yaradılmasını nəzərdə tutan qərb istiqaməti daha perspektivli görünür. Gələcəkdə bu istiqamətə Rusiyanın da qoşulması mümkündür. 2008-ci ilin fevral ayında Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin, Türkiyə baş naziri üç qonşu ölkəni birləşdirəcək 500 kilovoltluq EVX-nin tikintisi barədə birgə bəyannaməyə imza atıblar. Bizim ölkəmiz artıq bu planın gerçəkləşdirilməsinə başlayıb və ilin sonuna kimi EVX-nin Mingəçevirdən Samuxa qədər olan hissəsi tikiləcək və daha sonra bu, Gürcüstan sərhədinə qədər davam edəcək. Tikinti büdcə vəsaitləri hesabına aparılır, həmçinin, Mingəçevirdən başlayan və Qazax-Ağstafa istiqamətinə qədər uzanan yüksəkvoltlu xətlərin yenidən qurulmasını nəzərdə tutur. 

Ötən ildən başlayaraq bu istiqamətdə modernləşdirilən 330 kilovoltluq EVX-nin çəkilişi aparılır. Yaxın zamanlarda Bakı və Tbilisi 500 kilovoltluq Qardabani - Samux xəttinin çəkilməsi barədə  saziş bağlayacaqlar ki, onun da büdcəsi $150 mln səviyyəsində qiymətləndirilir. Bu barədə «GeoTimes» xəbər verir. 

Bu layihəyə hazırlıq işləri keçən ilin sentyabr ayından başlanıb. Onda Gürcüstanın dövlət elektrik enerjisi sistemi (GSE)  və «Azərenerji» ASC ilə Gürcüstan və Türkiyəni birləşdirəcək  400 kilovoltluq Axaltsixe - Borçxa EVX-inə bizim ölkənin qoşulmasından söhbət gedir. GSE öz növbəsində söz verir ki, Gürcüstan ərazisində EVX-nin bərpasını saziş bağlanan andan 18 ay müddətinə başa çatdıracaq. Görülən digər işlərlə yanaşı, 330 kilovoltluq «Qardabani» EVX də yenidən qurulacaq, hazırda bu xətlə Gürcüstanla Azərbaycan arasında cərəyan ötürülməsi gerçəkləşdirilir. Bütövlükdə, Gürcüstan ərazisində üç yeni EVX və Türki-yənin Qars şəhərinə çıxışı olan, ən azı, 1000 mvt cərəyanın ötürülməsini nəzərdə tutan  bir yarımstansiyanın tikintisi nəzərdə tutulur. 

«Beləliklə, artıq 2012-ci ilin may ayında bizim artıq elektrik enerjimizi Türkiyəyə ötürmək üçün texniki imkanımız yaranacaq», - deyə bu günlərdə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib. Həmin müddətə avadanlıq gücü, ən azı, 7,5 min mvt olacaq Azərbaycan energetika sistemi Türkiyənin şərq rayonlarına ildə 5 milyard kvtsaata qədər enerji ötürə biləcək.  Daha sonra bu layihələrə Rusiya da qoşulduqdan sonra, enerjiötürmə coğrafiyası Yaxın Şərqə və Cənubi Avropaya qədər uzana bilər. 

Cənubi Qafqazdan elektrik enerjisi ixracı imkanını bu yaxınlarda Gürcüstanda olmuş energetika məsələsi üzrə Avropa komissarı Günter Ettinger də təsdiq edib. Beləliklə, atom energetikası ətrafında baş verən dünya çaxnaşması yaxın gələcəkdə bir sıra dünya ölkələrini çatışmayan elektrik enerjisi həcmlərini xaricdən almağa yönəldəcək ki, bu da bizim ölkədən ixracatın artırılması üzrə o qədər də pis olmayan perspektivlər açır. 


MƏSLƏHƏT GÖR:

542