25 Noyabr 2024

Bazar ertəsi, 21:25

MÜHARİBƏ və… DİNC İSTİRAHƏT

Yaxın şərqdəki qeyri-sabit siyasi vəziyyət və təbiət kataklizmləri bu il üçün turizm planlarında dəyişikliklərə səbəb olub

Müəllif:

15.04.2011

Neft və turizm. Müasir dünya iqtisadiyyatının, yəqin ki, ən perspektivli və gəlirli sahəsi bunlardır. Amma bu gün neft sənayesi dünya bazarlarında «qara qızıl»ın qiymətinin artması fonunda inkişafdadırsa, turizm sektoru, həmçinin, hava daşımaları bazarı ciddi zərərlə üzləşə bilər. Neftin qiymətindəki artım, şübhəsiz ki, nəqliyyat xidmətlərinin də bahalaşmasına səbəb olacaq. Yunanıstandakı iğtişaşlar, Liviyadakı müharibə, Suriyadakı nüma-yişlər, Yaponiyadakı sunami kimi kataklizmlər isə populyar turist marşrutlarının kökündən dəyişməsinə səbəb olacaq. Demək, bu biznesin gətirdiyi gəlir xeyli azalacaq. Bu heç də yalnız adıçəkilən dövlətlərə aid deyil.

 

Qeyri-sabit siyasət

Ondan başlayaq ki, neftin qiymətinin artması, Misir, Tunis və Liviyadakı təlatümlər zamanı çoxlu sayda aviareyslərin təxirə salınması dünya aviasiyasının xeyli ziyanla üzləşməsinə səbəb olub. İlkin hesablamalara görə, bu il sözügedən sahənin gəlirləri 2% azalacaq. Bu isə o deməkdir ki, aviabiznes üzləşəcəyi itkiyə görə, turizmdən sonra ikinci yeri tutur. Yaxın Şərqdəki siyasi hadisələri nəzərə alan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2011-ci il üçün əsas göstəricilərlə bağlı proqnozunu dəyişib. İndi bu il əldə ediləcək qazancın proqnozlaşdırıldığı kimi 9,1 milyard dollar deyil, 8,6 milyard dollar olacağı gözlənilir. Nəticədə, xalis gəlirin səviyyəsi 2010-cu illə müqayisədə (16 milyard dollar) 46% az ola bilər.

Bundan başqa, Liviyada baş verənlər yalnız bu ölkəyə üz tutan deyil, Aralıq dənizinin bir çox ölkələrinə getməyi planlaşdıran turistlərin də sayına ciddi təsir göstərib. Bu tendensiya davam edəcək. İspaniyalı mütəxəssislər bildirirlər ki, hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və daha bir neçə ölkənin daxil olduğu koalisiyanın Liviyada başladığı əməliyyat regionun turizm sənayesi üçün mənfi fəsadlara səbəb olacaq. İstirahət sənayesi üçün neftin qiymətinin artması ilə yanaşı, daha bir problem kruiz gəmilərinin marşrutunun dəyişməsi, ABŞ-dan olan turistlərin sayında kəskin azalmadır. Onlar regionu müharibə zonası kimi qəbul etdikləri üçün oraya yollanmaqdan imtina edir.

Bundan başqa, şübhəsiz, NATO-nun Müəmmar Qəddafi rejiminə qarşı apardığı əməliyyat Liviya ilə həmsərhəd olan Tunis və Misirə də təsirini göstərəcək. Qaçqınlar, uçuşlar üçün qapalı zona, gücləndirilmiş təhlükəsizlik tədbirləri turistləri qorxudur. Misirin bu sahədə itkiləri artıq 1 milyard dollara çatır. Ölkədə turizm şirkətləri, mehmanxanalar, restoranlar, bir sıra nəqliyyat şirkətləri, tərcüməçilər, gidlər, suvenir istehsalçıları, suvenir piştaxtaları işsiz qalıb/.

Analoji vəziyyət Yaxın Şərq və Şimali Afrikanın digər öklələrində də davam edir. Söhbət nümayişlərin yaşandığı Əlcəzair, İraq, İordaniya, Yəmən, Mərakeş və Omandan gedir.

Hərbi əməliyyatlar zonasına çevrilmiş Liviyaya Aralıq dənizi kurortlarının cənub hissəsi - Siciliya, Kipr, Malta və bir sıra yunan adaları da çox yaxındır. Liviya şəhərlərini bombalayan NATO təyyarələrinin bazası Siciliyadadır və Qəddafi ordusunun cavab zərbələri zamanı bu adanın da hədəfə çevriləcəyini istisna etmək olmaz.

Ekspertlərin fikrincə, baş verən hadisələrin fonunda Hindistan, Çin və İsrail kimi istiqamətlərə də tələbat yüksək olmayacaq. Nəticədə, İspaniya sahillərinin populyarlığının artacağı istisna deyil. Amma bunun qeyd olunan istiqamətdə turların qiymətinin artımına səbəb olacağı ehtimalı da yüksəkdir.

İndi bir müddət əvvəl turistlər arasında böyük populyarlığa malik olan Yaponiyada da istirahət etmək təhlükəlidir. Zəlzələ, sunami, AES-də qəza və nəticədə yayılmış radiasiyadan sonra Yaponiyaya getmək istəyən tursit çətin tapılsın. Liviyada olduğu kimi, indi turistlər Yaponiyaya yaxın olan ölkələrə də yollanmaqdan ehtiyatlanır. Məsələn, Yaponiyada yayılmış radiasiyanın Tailanda doğru getdiyinə dair xəbərlər var. Myanmada martın 24-də baş vermiş zəlzələ də turistləri Tailandda istirahətdən çəkindirir.

 

Türkiyə renessansı

Düşünmək olardı ki, Şimali Afrikadakı hadisələr, NATO-nun Liviyada apardığı əməliyyat Türkiyə kurortlarının cəlbediciliyini artıracaq. Amma tourprom.ru portalı iddia edir ki, hadisələrin bu məsələdə effekti tam əksinə olub: Avropa turistləri Türkiyədə istirahətə yollanmaqdan qorxur. Britaniyanın «Daily mail» qəzetinin yazdığına görə, turoperatorlar Türkiyənin hərbi münaqişələr zonasından uzaq olmasına, orada inqilabların yaşanmamasına baxmayaraq, bu ölkəyə putyovkaların satışında 9% azalmanın olduğunu bildirir.  Rusiyada vəziyyət tam fərqlidir: bu ölkədə Türkiyəyə turların satışı günbəgün deyil, saatbasaat artır. Bu, Türkiyədə mehmanxana qiymətlərinin sürətlə artacağı ilə bağlı narahatlıq yaradır.

BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin koordinatoru Faiq Qürbətov bununla bağlı «R+»a verdiyi açıqlamada bildirib ki, qeyd olunan hadisələrin fonunda yay fəsli yaxınlaşdıqca, Türkiyədə istirahət populyarlaşacaq. Bu, Azərbaycan vətəndaşlarına da aiddir. «Bu, ən azı, 2011-ci ildə belə olacaq. Qış aylarında Misirdə dincələn insanların çoxu Türkiyə kurortlarına üstünlük verir. Eyni şey digər MDB ölkələrinə də aiddir», - deyə F.Qürbətov qeyd edib.

Azərbaycanın «Dervish Travel» turizm şirkətinin direktoru Nadir Nadirov isə «R+»a açıqlamasında bildirib ki, Misir və Tunisdə yaşananlardan sonra Azərbaycan turistləri arasında Türkiyə kurortlarına tələbat 20% artıb. «Artım birmənalıdır. Bu istiqamətə tələbat yalnız azərbaycanlı turistlər arasında artmır. Baxmayaraq ki, Rusiya artıq Misirə uçuşlara icazə verib, Rusiyayadək isə bunu Ukrayna, Çexiya, Almaniya, İtaliya və Böyük Britaniya edib, Türkiyə kurortlarına tələbat artmaqdadır. Bu, Türkiyədəki mehmanxanalar və kurortlara da aiddir. Əvvəldən Misir və Tunisdə bron edilmiş (məsələn, fevralda iyun üçün bron edilmiş) turlar  Türkiyəyə köçürülüb. Əsas turist kütləsi Türkiyəyə axışdığından, bu ölkədə mehmanxanaların qiymətləri 5-20% artıb. Bundan başqa, bəzi mehmanxanalar əvvəldən edilmiş bronları ləğv edir. Çünki iyulda mehmanxanaların ağzınadək dolu olacağı gözlənilir», - deyə o bildirib.

Başqa sözlə, Azərbaycan vətəndaşları üçün Antaliya və ya Bodruma putyovka ötən il olduğundan 5-25% baha başa gəlir. 

Mövcud tələbatı nəzərə alsaq, yaxın vaxtlarda Türkiyə otellərindən hansısa xüsusi təklif gözləməyə dəyməz; amma məhz yaxın vaxtlarda. Çünki müəyyən şərtlərlə Türkiyə mehmanxanalarında qiymətlər ucuzlaşa bilər. Buna rəqabətin bərpası təsir edəcək. İnqilabdan sonra situasiyanın tədricən düzəldiyi Misirə səfərlərə tələbat az da olsa yarandıqda, bu, vəziyyətə təsirini göstərəcək.

 

Təhlükəsiz istirahət

Beləliklə, bugünkü mənzərə belədir: populyar marşrutlara tələbat reallıq üzündən azalıb, nəticədə, turistlərin siyasi vəziyyətin və iqlim şərtlərinin daha əlverişli olduğu istiqamətlərə axını müşahidə olunur. Eyni zamanda, turların qiyməti artmaqdadır.

Bununla yanaşı, ekspertlər güman edirlər ki, artıq Azərbaycan da istirahət üçün yaxşı alternativə çevrilə bilər. F.Qürbətov bildirir ki, turistlər daim siyasi baxımdan sabit, zəlzələ, tornado, qasırğa, sunami, atom stansiyasında partlayış təhlükəsinin az olduğu ölkələrdə istirahətə üstünlük verib. Bu baxımdan, Azərbaycan dinc, sabit və istirahət üçün əlverişli ölkədir. Üstəlik, ölkədə turizm infrastrukturu inkişafdadır. Bu da yerli turizmin Azərbaycan vətəndaşları arasında populyarlaşması ilə yanaşı, ölkəyə turist axınına da səbəb olacaq.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov hesab edir ki, ərəb ölkələrində baş verənlərin Azərbaycana turist axınına təsir edəcəyi şübhəsizdir. Onun sözlərinə görə, hazırda Türkiyə turistlər arasında görünməmiş populyarlıq qazanmasından istifadə edir. «Bu ölkəyə putyovkaların qiymətində 20%-lik artım var. Üstləlik, əvvəlcədən yer bron etməmiş turistlərin arzuladıqları tarixdə Türkiyədə yer tapacaqlarına zəmanət yoxdur. Çünki ajiotaj çox böyükdür. Odur ki, çoxları alternativ axtaracaq və bu baxımdan Azərbaycan ən cəlbedici variantdır», - deyə N.Bağırov bildirir. Onun sözlərinə görə, hazırda AzTA Azərbaycanın mədəni irsi, turizm sənayesinin təbliğini gücləndirib. Ölkəyə potensial turistlərin cəlb edilməsi işi də intensivləşib. Xüsusilə assosiasiya MDB-dən, həmçinin, Almaniyadan olan tərəfdaşlarla fəal danışıqlar aparır, onlar da öz növbələrində əməkdaşlıqda maraqlı olduğunu bildirir.

N.Bağırov əmindir ki, bu il Azərbaycana gələcək turistlərin sayı 20-30% artacaq: «Bu işdə Liviya və digər ölkələrdə baş verənlərin rolu az deyil».

«Azərbaycanda əcnəbi vətəndaşların viza alması prosesinin sadələşdirilməsini nəzərdə tutan qanun da qəbul edilib. Bu onlara elektron viza almağa imkan verəcək. Ölkəyə turist axınının artırılması məqsədilə vizaların qeydiyyatı turizm şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu şirkətlər əcnəbi vətəndaşlarla diplomatik nümayəndəliklər arasında vasitəçi rolu oynayacaq. Bu, əcnəbilərin Azərbaycana gəlməsinə əlavə stimul verəcək, Azərbaycanda turizm sənayesinin inkişafına ciddi təkan olacaq», - deyə N.Bağırov bildirib.

Yeri gəlmişkən, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu haqda danışarkən deyib ki, Azərbaycan dünyada yüksək imicə malikdir və odur ki, ölkəyə turist axınını artırmaq üçün qəbuledilən, sadə şərtlərin tətbiqi müsbət addımdır.

 

Dünya üçün!

AzTA rəhbərinin xatırlatdığı mədəni irs, həmçinin, müasir Azərbaycanın mədəniyyəti, həqiqətən, əzəmətli miqyas alır. Artıq bu ilin yazında “Discovery Science” telekanalının efirində Bakının nadir memarlıq layihələri haqda reportaj yayımlanacaq. Bu telekanal dünyaya bütün dünyadan 1,5 milyarddan artıq insan baxır.

Heydər Əliyev mərkəzinin, «Flame Towers» kompleksinin və tezliklə Bakının rəmzinə çevriləcək Bayraq Meydanının tikintisi “Discovery” telekanalının diqqətini cəlb edib. Kanalın komandası «Build It Bigger/Extreme Engineering» layihəsi çərçivəsində müasir dövrün ən cəsarətli mühəndis layihələri kimi, bu dünyamiqyaslı nəhəng mühəndis qurğularının necə yarandığı haqda veriliş hazırlamaq fikrindədir. Bundan başqa, şəhərin digər görməli yerləri də telekanal vasitəsilə nümayiş etdiriləcək.

Bu gün “Euronews” telekanalının da diqqəti Azərbaycana yönəlib. Bu telekanal Azərbaycanda Novruz Bayramının necə qeyd olunduğuna dair veriliş hazırlayıb və yayımlayıb. «Minilliklər ərzində Odlar Yurdu müxtəlif mədəniyyətlər və dinlərin birgə yaşadığı yer olub. Uzun əsrlərboyu Azərbaycan xalqı öz atəşpərəst-əcdadlarının adət-ənənələrini yaşadıblar»» bu, reportajdan yalnız bir sitatdır.

Bu məşhur xəbər telekanalının  yaxınlarda Azərbaycana həsr olunmuş təqdimat klipini yayımladığı da qeyd olunmalıdır.

Beləliklə, Azərbaycana diqqət günbəgün artır. Burada söhbət heç də Liviyada vəziyyətin qarışmasından və ya Türkiyə mehmanxanalarında yerlərin qiymətlərinin «od tutub-yanmasından» getmir. Azərbaycan ildən-ilə özünü müasir, sabit ictimai-siyasi durumun hökm sürdüyü ölkə kimi daha çox tanıtmaqdadır. O, zəngin təbii şəraiti, mədəni irsi ilə öyünə bilər. Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi, Böyük İpək Yolunun keçdiyi, 11 iqlim qurşağından 9-nun yerləşdiyi, regionun ən dinamik inkişaf edən ölkəsində nəqliyyat layihələri reallaşdırılır, hər il beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir. 

Bütün bu faktorlar gec-tez ölkənin beynəlxalq arenada daha da məşhurlaşmasına, demək, həm də ölkəmizə baş çəkən əcnəbi turistlərin sayına təsirini göstərəcək. Axı onlar istirahət üçün məkanı yalnız beynəlxalq standartlara cavab verən infrastruktura görə deyil, həm də rahatlıq və çoxdan gözlənilən sakitliyə görə seçir.



MƏSLƏHƏT GÖR:

514