
HEÇ KİMİN XƏBƏRİ OLMADIĞI XƏRİTƏ
Gürcüstan hökumətinin nümayəndəsi "R+"a müsahibəsində ölkəsinin dövlət reyestrində Azərbaycan kəndlərinin adlarının dəyişdirildiyini etiraf etsə də, bunu "anlaşılmazlıq" adlandırıb
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Gürcüstanın Marneuli və Salsk rayonlarının azərbaycan kəndlərinin adlarının gürcü adları ilə əvəz olunması barədə xəbər yerli əhali arasında böyük narazılığa səbəb olmuşdu. Üstəlik, bu addımın kənd camaatından gizli atılması ehtirasları daha da coşdurmuşdu. "Kəndlərimizin adlarını dəyişdirməkləri azmış kimi, üstəlik, bunu bizdən xəbərsiz ediblər",- deyən sakinlər hiddətlərini gizlətmirdilər.
Gürcüstan qanunlarına görə, yaşayış məntəqəsinin adının dəyişdirilməsi barədə təşəbbüslə yerli bələdiyyə çıxış edə bilər. Lakin bələdiyyənin bu təşəbbüsünə bütün kənd camaatı imza atmalıdır.
Gürcüstanın Dövlət Reyestrinin saytında azərbaycanlıların yaşadıqları kəndlərin yeni, fərqli adlarla göstərildiyini bu ölkənin Regional İnkişaf və İnfrastruktur Nazirliyinin İnfrastruktur Departamentinin baş mütəxəssisi Georgi Dolidze də "R+"a müsahbəsində təsdiqləyib. Amma o da bu barədə rəsmi qərarın olmadığını deyib.
- Gürcüstanın Marneuli və Salsk rayonlarında Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı qərar nə ilə bağlıdır?
- Bu rayonlarda azərbaycanlıların sıx yaşadıqları kəndlərin adlarının dəyişdirildiyinə dair məlumatlar doğru deyil. Marneulidə yalnız 1 kəndin adı dəyişdirilib - Orcenikidze Semerlo ilə əvəzlənib. Bu kənd də azərbaycanlılara məxsus deyil. Salsk rayonunda isə bir neçə kəndin adı dəyişdirilib: Ulyanqa Berta, Başkoy Bereti, Xabeki Tbeti, Tiakilisa Tanqyari, Axlik Koxta, Şitioks Çiredeli, Günyaqala Sameba olub və sair. Bu kəndlərdə yunanlar və ermənilər yaşayır. Etnik azərbaycanlının rəhbərlik etdiyi Marneuli Rayon Bələdiyyəsindən bizim komissiyamıza heç bir təklif daxil olmayıb. Bələdiyyə kənd sakinlərinin razılığı olmadan belə təşəbbüslə çıxış edə bilməz. Kəndlərin adlarının dəyişdirilməsinə dair təkliflər kənd sakinlərinin toplantısının protokolu ilə birlikdə irəli sürülməlidir. Kənd adlarının dəyişdirilməsi proseduru yuxarıdan zorla qərarın qəbul etdirilməsini nəzərdə tutmur. Qanunvericiliyə əsasən, kənd adının dəyşidirilməsi təşəbbüsü yalnız sakinlərdən və ya bələdiyyədən gələ bilər. Bu, tarixi ədalətin bərpası məqsədilə edilə bilər. Bildiyimə görə, Marneuli rayonunun kəndlərinin adları kommunist liderləri ilə bağlı olub. Kənd adının dəyişməsi təklifi İnfrastruktur və Regional İnkişaf Nazirliyinin komissiyasından keçir, sonradan Gürcüstan prezidenti tərəfindən təsdiqlənir. Yeni adların seçilməsi yerli əhali və bələdiyyənin ixtiyarındadır. Bu halda da təşəbbüs aşağıdan, yerli sakinlər və bələdiyyədən gəlib. Daha dəqiqi, təklif özünüidarəetmə orqanları tərəfindən verilib.
Prosedura əsasən, bütün dəyişikliklər prezident tərəfindən təsdiqlənir. Məsələ ondadır ki, əvvəllər bəzi kəndlərin adları müxtəlif səbəblərdən dəyişdirilib. Qanunvericilik tarixi ədalətin bərpasına imkan verir. Gürcüstan qanunvericiliyinə görə, bələdiyyələr küçələrin, meydanların və sairin adlarının dəyişdirilməsi təşəbbüsü ilə də çıxış edə bilər.
Gürcüstanın Dövlət Reyestrinin saytında kəndlərin naməlum adlarla göstərildiyi xəritə var. Əlbəttə ki, bu, anlaşılmazlığa səbəb ola bilər. Biz bu işlə məşğul olacağıq. Çünki reyester yeni adlarla xəritə hazırlamaq səlahiyyətlərinə malik deyil. Güman ki, hansısa anlaşılmazlıq baş verib. Bir daha demək istəyirəm ki, komissiyamıza Marneuli rayonunda azərbaycanlıların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsinə dair heç bir təklif daxil olmayıb.
- Kəndlərin adlarının dəyişdirilməsi Avropa Şurasının milli azlıqların hüquqlarının qorunması haqqında çərçivə konvensiyanın Məsləhətçi Komitəsinin tövsiyələrinə zidd deyilmi?
- Heç bir ziddiyyət yoxdur. Konvensiyada kəndlərin adlarının dövlət dili ilə yanaşı, milli azlıqların dilində də yazılması məsləhət görülür.
- Samtsxe-Cavaxetiyadakı erməni kəndlərinin adları dəyişdirilirmi?
- Hazırda nazirliyimizin komissiyasına bu regionda hansısa kəndin adının dəyişdirilməsinə dair müraciət daxil olmayıb. Bu regiondan nə vaxtsa belə müraciət aldığımızı xatırlamıram.
MƏSLƏHƏT GÖR: