
"XƏLVƏTİ" BAŞ VERƏN "XƏTA"
"R+"un məsələyə müdaxiləsindən sonra, Gürcüstanın dövlət reyestrində dəyişdirilmiş Azərbaycan toponimləri bərpa olundu! Lakin reyestr rəhbərinin ziddiyyətli cavabları bizi tədqiqatımızı daha yüksək səviyyədə davam etdirməyə vadar etdi!
Müəllif: Namiq MAYILOV Bakı
Gürcüstanın dövlət re-yestrində bir sıra Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsi barədə xəbəri saytımızda yerləşdirərkən, rəsmi Tbilisinin buna operativ reaksiya verəcəyini gözləyirdik. Amma bu baş vermədi və müxbirlərimiz məsələyə rəsmi aydınlıq gətirilməsinə nail olmaq üçün çox əziyyət çəkməli oldu.
Xatırladaq ki, Gürcüstanda fəaliyyət göstərən "Human Rights Monitoring Group of Ethnic Minorities" (MRMG) təşkilatının araşdırması 2010-2011-ci illər ərzində Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşadığı 18, Salsk rayonunda isə 12 kəndin adının dəyişdirildiyini üzə çıxarmışdı.
Hüquq-müdafiə təşkilatının rəhbəri Elbrus Məmmədov "R+"a bildirmişdi ki, Gürcüstanın Dövlət Reyestrinin saytında (www.reestri.gov.ge) türk toponimlərinin kütləvi şəkildə gürcüləşdirilməsi halına rast gəlinir.
Məsələn, Marneuli rayonunun Dəmyə Corarxı kəndinin adı reyestrdə Zenamxari, Yenikənd - Axalsopeli, Baytari isə Tsxaltaşua adlandırılıb. Salsk rayonunun Yeddikilsə kəndi Sakdrioni, Günyaqala kəndi Sameba adlanır və s.
Bu xəbəri eşitdikdə qeyri-ixtiyari 1990-cı illərin əvvəllərini xatırlayırsan. O zaman Gürcüstana ultramillətçi Zviad Qamsaxurdia rəhbərlik edirdi və məhz həmin dövrdə azərbaycanlıların yaşadığı kəndlərin adlarının kütləvi şəkildə dəyişdirilməyə başlanmışdı. 1991-ci ildə Bolnisi rayonunda 38 Azərbaycan kəndinin adı bir anda gürcü adları ilə əvəzlənmişdi.
Doğrudur, E.Şevardnadzenin hakimiyyətə gəlişindən sonra bu proses bir qədər dayandı. Amma həmin 38 kəndin adı bərpa olunmadı. "Gürcüstanın hazırkı hökuməti isə yeni taktika və üsul seçib: 90-cı illərdə toponimlərin dəyişdirilməsi siyasəti açıq və rəsmən aparılırdısa, bu gün bu işi ictimaiyyətdən gizli şəkildə görürlər", - deyə E.Məmmədov bildirir.
Onun fikrincə, Gürcüstan hakimiyyəti baş verənlərə azərbaycanlı əhalinin mənfi reaksiya göstərəcəyindən ehtiyatlanır və bu səbəbdən, adların rəsmi xəritələrdə və sənədlərdə dəyişdirilməsinə üstünlük verir. Adları dəyişdirilən kəndlərin əhalisinə isə bu haqda xəbər verilmir və yalnız bir müddət keçdikdən sonra camaat fakt qarşısında qalır.
Bu arada bizim apardığımız araşdırma göstərdi ki, Gürcüstan rəsmiləri baş verənləri izah etməyə hazır deyilmiş. Onlardan bəziləri Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsi xəbərinin yalan olduğunu iddia edir, digərləri MRMG-in hesabatında əks olunmuş bu xəritələri öz gözləri ilə gördükdən sonra təəccüblərini gizlətmir və bunu "anlaşılmazlıq" adlandırırdılar. Məsələn, bu fakt Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin nümayəndəsi Georgi Dolidzenin təəccübünə səbəb olub (onunla müsahibəni 20-ci səhifədə oxuya bilərsiniz). Dolidzenin sözlərinə görə, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məhz onun təmsil etdiyi qurumda aparılır. Yuxarıda qeyd olunan dəyişikliklər isə bu nazirlikdə edilməyib. G.Dolidze baş verənləri araşdıracağını vəd edib və deyəsən, artıq araşdırıb da.
Bir gün sonra isə (14 aprel) "R+"la söhbətində Gürcüstan İctimai Reyestr Agentliyinin rəhbəri Serqo Tsikarişvili etiraf edib ki, agentliyin saytında yanlışlığa yol verilib. Onun sözlərinə görə, qurum nümayəndələri həmin yanlışlıqlardan elə bu günlərdə xəbər tutub: "Şübhəsiz, türk toponimlərinin gürcü adları ilə əvəzlənməsindən söhbət belə gedə bilməz".
Sözügedən xəritənin Reyestrin saytında peyda olmasına gəlincə, Tsikarişvili həmin sənədin heç bir hüquqi qüvvəsinin olmadığını söyləyib. Onun sözlərinə görə, bu adlar Sovetlər dövründə qəbul edilib və indi ölkənin ərazi sahələrinin kadastr qeydiyyatını aparan özəl şirkət, səhvən, köhnə adlardan istifadə edib: "Məsələ ondadır ki, həmin şirkət digər kadastr xəritələrinin olduğunu bilməyib və işində köhnə xəritələrdən istifadə edib".
Tsikarişvili bildirib ki, Gürcüstanın dövlət qurumlarında azərbaycanlıların yaşadığı kəndlərin adlarının dəyişdirilməsi haqqında heç bir qərar qəbul edilməyib: "Bu anlaşılmazlıqdır. Bizim diqqətsizliyimiz ondan ibarətdir ki, sayta yerləşdirilən informasiyanı yoxlamamışıq. Artıq bələdiyyə başçıları ilə əlaqə yaradaraq onlar tərəfindən kəndlərin adlarının dəyişdirilməsi təşəbbüsünün irəli sürülüb-sürülmədiyi ilə maraqlanmışıq. Onlar belə təşəbbüsün olmadığını bildirdilər. Düşünürəm, artıq bu gün əməkdaşlarımız saytdakı bu biabırçı yanlışlığı aradan qaldıracaq. Biz hətta həmin sovet xəritələrində yanlış göstərilmiş gürcü adlarına da rast gəlmişik. Gürcü dilində onlar başqa cür yazılır və başqa cür səslənir. Bir daha deyirəm ki, baş verənlər sırf anlaşılmazlıqdır".
Amma əlimizdə Gürcüstanın 1982-ci ilə (yəni SSRİ dövrünə) məxsus xəritəsi, həmçinin, 2005-ci ilin etnik xəritəsi var. Onlar göstərir ki, dövlət reyestrində adları dəyişdirilmiş kəndlərin əksəriyyəti müstəqillik illərində olduğu kimi, sovet dövründə də türk toponimlərini daşıyırdı.
Odur ki, agentlik rəhbərinin fikirləri bir qədər təzadlı görünür. Belə çıxır ki, ya kimsə onu pis vəziyyətdə qoyub, ya da o, özü kimisə pis vəziyyətə salıb.
Digər yandan, necə olur ki, əsas fəaliyyəti biləvasitə xəritəçəkmə ilə bağlı olan İctimai Reyestr Agentliyi podratçıdan bu cür qüsurlu xəritələri qəbul edir? Axı bu, xəritəçəkmədən uzaq olan bir təşkilatın reklam bukleti deyil ki, oradakı səhv bağışlanası olsun?
Nəhayət, necə ola bilər ki, "yanlış xəritə"də, məsələn, erməni kəndlərinin adları ilə bağlı bir dənə də olsun, "xəlvəti xəta"ya rast gəlinmir və 30-dan artıq yanlışlıq yalnız azərbaycanlıların yaşadığı kəndlərə aid olur?
Bu, erməni dəst-xəttini çox xatırladır. Məhz ermənilər hər dəfə tarixi faktları və xəritələri saxtalaşdırmaq cəhdləri ortaya çıxan zaman günahı "texniki yanlışlıq"ın üzərinə atmaqla canlarını qurtarırlar. İndiyədək rəsmi Bakının Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərmiş bir sıra KİV-ə, həmçinin, Rusiyanın ORT, RTR telekanallarına müraciət etməsi ilə bağlı 100-dən artıq fakt var. Hər dəfə də qarşı tərəf üzr istəyərək, "anlaşılmazlıq olub", "kiçik bir xəta üz verib", "məşğul olacağıq" və s. kimi cavablar verir.
Ehtimal nəzəriyyəsinə görə, heç olmasa, bir dəfə də hazırkı Ermənistan ərazisində yerləşən Zəngəzur, elə həmin "kiçik texniki yanlışlıq" üzündən Azərbaycan ərazisi kimi göstərilə bilərdi. Lakin indiyədək belə fakta rast gəlinməyib.
Deməli, bu dəfə də söhbətin erməni təxribatından getməsi mümkündür. Hər halda, Azərbaycanla Gürcüstan arasında olan isti münasibətlər, iqtisadi kooperasiya, həmçinin, Gürcüstan prezidenti Mixail Saakaşvilinin bu ölkənin azərbaycanlı əhalisi tərəfindən dəstəklənməsi Ermənistanı və separatçı Gürcüstan ermənilərini qıcıqlandırır. Üstəlik, 2013-cü ildə Gürcüstanda prezident seçkisi keçiriləcək - hazırki dövlət başçısı ilə fəal azərbaycanlı elektoratı arasında nifaq salmaq üçün bundan yaxşı vaxt?
Xatırladaq ki, 2008-ci ilin yanvarında Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər göstərirdi ki, Saakaşvili ən çox səsi (87%-dən artıq) məhz azərbaycanlıların sıx yaşadığı Marneulidən yığıb.
Yeri gəlmişkən, maraqlıdır ki, toponimlərin dəyişdirilməsi birmənalı olaraq azərbaycanlıların yaşadığı regionlarda baş verib. MRMG tərəfindən aparılmış tədqiqat göstərib ki, məsələn, Cavaxetiyadakı erməni toponimləri olduğu kimi qalır. Baxmayaraq ki Ermənistandan dəstək alan Cavaxetiya erməniləri Tbilisiyə qarşı separatçı tələblər irəli sürdüyü halda, azərbaycanlılar bunu etmir; Gürcüstan dövlətinə, yaşadıqları dövlətin qanunlarına hörmətlə yanaşır, gürcü ictimaiyyətinə inteqrasiya olunmağa çalışır.
Biz isə hələ ötən saylarımızın birində yazmışdıq ki, Gürcüstanda kəndlərin adlarının dəyişdirilməsi siyasəti aparıcı beynəlxalq təşkilatlar tərəfindən də tənqid olunur. Onlar hələ bir müddət əvvəl rəsmi Tbilisiyə bu sahədə vəziyyəti düzəltməyi tövsiyə etmişdi. Məsələn, Avropa Şurasının Milli Azlıqların Hüquqlarının Qorunması üzrə Çərçivə Konvensiyasının Məsləhətçi Komitəsinin tövsiyyəsində deyilir: "Məsləhətçi Komitə təəssüflə qeyd edir ki, 1990-cı illərdən milli azlıqların sıx yaşadığı ərazilərdə ənənəvi adların dəyişdirilməsi ilə bağlı yaranmış vəziyyətin qaydaya salınması üçün heç bir iş görülməyib və görülməsi də planlaşdırılmır. Bu sırada azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsinin 1990-1991-ci illərdə adları dəyişdirilmiş Azərbaycan kəndlərini göstərmək olar. Bu vəziyyət Çərçivə Konvensiyasının 11-ci maddəsinin prinsipləri ilə bir araya sığmır. Məsləhətçi Komitə hökumətə milli azlıqların nümayəndələri ilə birlikdə bu coğrafi kəndlərə, həmçinin, onların ayrılmaz hissəsi olan digər ərazilərə ənənəvi adların qaytarılması mexanizmlərinin müəyyənləşdirilməsini tövsiyə edir".
Amma görünən odur ki, Gürcüstan rəhbərliyindəki bəzi dairələr nəinki bu tövsiyələri nəzərə almır, əksinə, yerdə qalan Azərbaycan-türk toponimlərinin də dəyişdirilməsini davam etdirir.
Bu siyasət elə M.Saakaşvilinin özü tərəfindən də bəyan edilmiş prinsiplərə ziddir. "Siz dövlətimizin bir hissəsisiniz və mən şadam ki, getdikcə daha çox azərbaycanlı gürcü dilini öyrənir, vahid cəmiyyətə inteqrasiya olunur, bu zaman vahid mədəniyyətimizin bir hissəsi olan orijinallıqlarını, mədəniyyətini itirmir", - deyə M.Saakaşvili bu ilin martında Novruz Bayramı münasibətilə Gürcüstan azərbaycanlılarına ünvanladığı təbrikdə demişdi.
Belə olan təqdirdə, Gürcüstan prezidentinin "öz ölkəsinin mədəniyyətinin bir hissəsi" saydığı Azərbaycan toponimlərini dəyişdirmək kimə gərəkdir? M.Saakaşvilinin özünün də etiraf etdiyi kimi, Azərbaycan Gürcüstanın enerji müstəqilliyinin qarantıdırsa, onda, bu qeyri-adekvat addımların kökündə nə dayanır? Axı Azərbaycanın vaxtilə hətta qonşu Rusiya ilə münasibətlərinin belə ziddinə gedərək, Gürcüstanın qışın şaxtasında donmasına imkan verməmişdi və bu fakt hələ də yaddaşlardan silinməyib. Bunu mütəmadi olaraq Gürcüstan prezidentinin özü də minnətdarlıqla xatırlayır.
"İlham Əliyev həmişə sözünün sahibidir. O, daim böhranlı vəziyyətlərdə bizi dəstəkləyib. Bugünkü tədbir buna nümunədir. Gürcü xalqı bunu unutmayacaq", - deyə M.Saakaşvili 2009-cu ildə Qərbi Gürcüstanda yerləşən Zuqdidi rayonunun qazlaşdırılmasına həsr olunmuş təntənəli mərasimdə bildirmişdi.
Odur ki, Azərbaycanla Gürcüstan arasında strateji münasibətləridən heç kəs imtina etməyib. Elə Saakaşvilinin özünün etiraf etdiyi kimi, iki dövlət arasında "praktik olaraq, qeyri-formal konfederasiya qurulub". O, hesab edir ki, "Gürcüstan-Azərbaycan münasibətləri yalnız arzularla deyil, konkret planlar və onların reallaşdırılması ilə xarakterizə olunur".
İkitərəfli münasibətlərə Azərbaycan rəhbərliyi də eyni cür qiymət verir. Dəfələrlə ən yüksək səviyyələrdə səsləndirilmiş bəyanatlar bunun göstəricisidir. Beləliklə, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq dönməz xarakter alıb. Məsələyə qarşılıqlı faydalı regional əməkdaşlıq nöqteyi-nəzərindən yanaşsaq, Azərbaycan üçün Gürcüstan, ilk növbədə, yeganə olmasa da, əhəmiyyətli nəqliyyat dəhlizidir. Azərbaycan isə artıq qeyd etdiyimiz kimi, faktik olaraq, Gürcüstanın enerji təhlükəsizliyinin qarantıdır.
Bundan başqa, Azərbaycan neft və qazının Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə nəqlindən də qonşu ölkə böyük qazanc götürür. Üstəlik, Azərbaycan regional Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi üçün bu ölkəyə güzəştli şərtlərlə kredit verir. Son illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan iqtisadiyyatına qoyduğu birbaşa sərmayələrin həcmi də nəzərəçarpacaq dərəcədə artıb.
Digər tərəfdən, həm Azərbaycan, həm də Gürcüstan separatçılıqdan, ərazi münaqişələrindən əziyyət çəkir. Bu isə onların beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin razılaşdırılmasını şərtləndirir.
İki ölkə arasında qeyri-rəsmi konfederativ münasibətin əsasını da elə bunlar təşkil edir.
Amma tərəflər öz vədlərinə əməl edərlərsə, qarşılıqlı əlaqələrdə sözdə yox, əməldə ardıcıl olarlarsa, bu münasibətlər daha da möhkəmlənə bilər.
Ümid edək ki, Gürcüstan hökuməti bu məsələni öz nəzarətinə götürəcək, "təxribatlar"da, "anlaşılmazlıqlar"da və ya "kiçik texniki xətalar"da günahı olanları cəzalandıracaq, Tbilisinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, milli azlıqların hüquqlarının pozulmasına imkan verməyəcək.
Aydındır ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyənlər kifayət qədərdir. Amma adətən, belə təxribatların izləri silinir. Bu halda isə baş verənlərə görə sorğu-sual edilməli olanlar ortadadır - konkret soyadlar, dövlət strukturları və şirkətlər var. Elə isə cavab niyə sorulmasın?
Biz isə öz növbəmizdə vəziyyəti diqqətlə izləməkdə davam edəcəyik.
MƏSLƏHƏT GÖR: