MUĞAM BİRLƏŞDİRİR
Bakıda ıı beynəlxalq «muğam dünyası» festivalı başa çatıb
Müəllif: Ayan ƏMİROVA Bakı
Novruz Bayramı ərəfəsində Bakıda II Beynəlxalq «Muğam dünyası» festivalı keçirilib. Bir həftə ərzində şəhərimiz bu gözəl və qədim musiqinin dünya paytaxtına çevrildi. Muğam Azərbaycanın özünəməxsus «vizit kartı»dır, bütöv bir millətin milli sərvətidir. Bu əbədi musiqini bütün dünyada layiqincə qiymətləndiriblər. Azərbaycanın muğam incəsənəti YUNESKO-nun ümumdünya qeyri-maddi mədəniyyət irsi siyahısına salınıb və bu, muğam mədəniyyətinin yalnız bizim xalqın deyil, bütün bəşəriyyətin sərvəti olduğunu açıqca göstərir.
Festivalın təntənəli açılış mərasimi martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qeyd edib ki, Novruz Bayramı ərəfəsində muğam festivalının keçirilməsi heç də təsadüfi deyil.
Muğam və Novruzu birləşdirən çox amil var. Onun hər ikisi qədim tarixə malikdir. Hər ikisi özündə ənənəni və yeniliyi birləşdirir. Muğam da təbiət kimi həmişə təkrarsız şəkildə canlanır, o, heç bir çərçivəyə sığmayan azad və özünəməxsus incəsənətdir. Festivalda ABŞ-dan, Türkiyədən, Çindən, İrandan, Özbəkistandan, İraqdan, İordaniyadan, Küveytdən, Mərakeşdən və başqa ölkələrdən musiqiçilər iştirak ediblər. İlk tədbirlərdən biri Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və özbək ustalarının konserti olub. Onu əməkdar artist Təyyar Bayramov «Şur» muğamı ilə açıb, özbək müğənnisi Yulduz Turdiyevanın ifasında isə «Şaşmakom» muğamı səslənib. Yada salaq ki, Turdıyeva Bakıda 2009-cu ildə Beynəlxalq Muğam Festivalında birinci yer tutmuş ifaçıdır.
Ertəsi gün Azərbaycan və Türkiyə müğənniləri çıxış ediblər. Konsert Azərbaycanın əməkdar artisti Cabir Abdullayevin ifasında «Segah» muğam dəstgahı ilə açılıb. Azərbaycan xanəndəsinin orijinal çıxışı dinləyicilər tərəfindən uzunsürən alqışlarla qarşılanıb.
Türkiyəli musiqiçi Salih Turanın ifasında səslənən «Uzun hava» kompozisiyası da zalda gur alqışlara səbəb olub. Festival proqramının davamına Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində İraq türkman musiqiçilərinin («Ənqam Əl Rafidan») konserti olub. İraq musiqisi, milli mahnılar - xoyratlar, türkman ləhcəsi ilə Qarabağ haqqında mahnı, «Nahamat» muğamı, həmçinin, ərəb dilində «Bağdad» muğamı səslənib. Həmin gün martın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında «Zərb muğamdan mahnıya qədər» adı altında konsert keçirilib. İzləyicilər gənc ifaçıların - İlkin Əhmədovun, Qoçaq Əsgərovun, Vəfa Orucovanın, Səbuhi İbayevin, Zakir Əliyevin və Rəşid Sadıqovun Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə gözəl ifasını layiqincə qiymətləndiriblər.
Festival çərçivəsində Bakı Caz Mərkəzində keçirilmiş konsert muğam və cazın sintezinin gerçək sərraflarının sevincinə səbəb olub. Tamaşaçıların qarşısında Salman Qəmbərov (fortepiano) və Fəxrəddin Dadaşov (kamança) çıxış ediblər. Bir gün sonra isə orada prezident təqaüdçüsü, pianoçu İsfar Sarabski çıxış edib. Sarabskinin rəhbərliyi altında ansamblın repertuarında Azərbaycanın tanınmış caz ustaları ilə yanaşı, dünya klassiklərinin əsərləri, həmçinin onun öz kompozisiyaları da var idi.
Festivalda, həmçinin, muğamın klassik musiqi ilə sintezi də təqdim edilib. Filarmoniyada dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Simfonik Orkestrin «Tar, kamança, tellər...» adlı konserti olub. Əməkdar artist Zabit Nəbizadə Sərdar Fərəcovun «Şah Xətai» simfoniya-dastanını ifa edib. Həmçinin, Mirxəlil Mahmudov və Azər Dadaşovun simfoniyaları da səslənib.
Janr müxtəlifliyini opera da dəstəkləyib. Festival çərçivəsində Akademik Opera və Balet Teatrının səhnəsində ilk təqdimat - «Leyli və Məcnun»dan sonra Fikrət Əmirovun görkəmli dramaturq Cəfər Cabbarlının eyniadlı dramı əsasında yaradılmış «Sevil» operası göstərilib. Operanın «Muğam dünyası» festivalının proqramına daxil edilməsi onun qonaqları və iştirakçıları üçün böyük hədiyyə olub.
Bununla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix Muzeyində YUNESKO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) «Azərbaycan muğamı və Orta Şərq musiqisi» mövzusunda 7-ci beynəlxalq simpozium keçirilib. Azərbaycandan, ABŞ-dan, Rusiyadan, Türkiyədən, İrandan olan alimlərin məruzələri dinlənib. YUNESKO təmsilçisi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dörinq «Qafqaz və İran mühitində Azərbaycan muğamlarının yeri» məruzəsi ilə çıxış edib.
Artıq formalaşmış ənənəyə əsasən, ifaçıların müsabiqəsi keçirilib və oraya Azərbaycandan, Türkiyədən, Özbəkistandan, Çindən, Hindistandan, İordaniyadan, İrandan, Küveytdən və Mərakeşdən gəlmiş 16 xanəndə qatılıb. Münsiflər heyətinin tərkibinə Azərbaycanın xalq artistləri Arif Babayev və Ramiz Zöhrabov, YUNESKO təmsilçisi, Paris Elmi-Təqdiqat Mərkəzinin professoru Jan Dürinq, Türkiyə musiqiçisi, bəstəkar Ozan Örman, Amerika alimi Yulian Samts və İran bəstəkarı, musiqçi Ehsan Hezroulu kimi tanınmış mütəxəssis və ustalar qatılıblar.
Dinləmələrin və müzakirələrin nəticəsinə görə münsiflər heyətinin üzvləri qərara alıblar ki, Qran-pri heç kimə verilməsin. Birinci yer isə Azərbaycan xanənədəsi Ehtiram Hüseynov ilə İranın «Sepehr» ansamblı arasında bölünüb. Onlara festivalın diplomu və 15 min avroya bərabər pul mükafatı verilib.
İkinci yer və 10 min avro məbləğində pul mükafatına isə Çin Xalq Respublikasının Urumçi şəhərindən gəlmiş musiqi qrupu layiq görülüb. Üçüncü yer Mərakeşdən gəlmiş «Makam» qrupuna və İordaniyanın «Şarq-bend» ansamblına verilib, onların hər birinə həm də 5 min avro verilib. ««Qarabağ şikəstəsi»nin ən yaxşı ifaçısı» nominasiyası üzrə mükafatı Mədəniyyət və Turizm Nazirliyi türkiyəli müğənni Yesim Köksala verib, Milli Konservatoriyanın mükafatı isə Özbəkistandan Cəmaləddin Əvəzovun ailə ansamblına çatıb.
Qeyd edək ki, II Beynəlxalq «Muğam dünyası» festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil edilmişdi.
MƏSLƏHƏT GÖR:

632

