Müəllif: Zərifə BABAYEVA Bakı
Aprelin 7-də ənənəyə görə, dünya birliyi Ümumdünya sağlamlıq gününü bayram edir. Bu tarix 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı günlə bağlıdır. Həmin zamandan keçən müddət ərzində dünyanın 190-dan çox ölkəsi, o cümlədən, Azərbaycan da bu quruma üzv seçilib. Hər il sağlamlıq gününün bayram edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Bunun qeyd olunması insanlara sağlamlığın dəyərini və bütün dünyada insanların sağlamlığının yaxşılaşdırılması üçün hansı işlərin görülməsinin vacibliyini başa salmaq üçün gərəkdir. Hər il Ümumdünya sağlamlıq günü planetin qarşısında duran qlobal problemlərə həsr edilir və müxtəlif devizlər altında keçirilir. Bu ilin devizi isə aşağıdakı kimi olacaq: «Mikrobəleyhinə preparatlara qarşı dayanıqlıq: əgər bu gün tədbir görməsək, sabah dərmansız qalacağıq».
Dərmanların effektivliyi
Qeyd edək ki, mikrobəleyhinə dərmanlara dayanıqlılıq heç də yeni problem deyil, amma gündən-günə daha da aktuallaşır. Artıq bir sıra ölkələr «antibiotiklərə qədərki dövrə» qayıtmamaq üçün tədbirlər görür; amma təcili birgə səylərə ehtiyac var. 2011-ci ilin Ümumdünya sağlamlıq günündə ÜST bütün ölkələrdə artıq mikrobəleyhinə dayanıqlılıqla mübarizə üzrə siyasi tədbirlər kompleksini həyata keçirməyə çağırır. Etiraf etmək lazımdır ki, biz antibiotiklərdən və başqa mikrobəleyhinə preparatlardan asılı olaraq, ölümə səbəb olan halların müalicə edildiyi dövrdə yaşayırıq və hətta bir neçə il qabaq İİV/QİÇS də ölümcül sayılırdı. Mikrobəleyhinə preparatlara dayanıqlılıq yaranan zaman onlar effektlərini itirir.
2011-ci ildə Ümumdünya sağlamlıq günündə ÜST bu dərmanların səmərəli istifadəsinə çağıracaq ki, onlara dayanıqlılığın yaranması həmin preparatların effektivliyinin itməsinə gətirməsin. Təşkilatın ekspertlərinin fikrincə, mikrobəleyhinə preparatlara dayanıqlılığın qlobal səviyyədə yayılması gələcək nəsillər üçün təhlükə törədə bilər. Və bu gün dünya səhiyyəsi infeksion xəstəliklərin müalicəsində istifadə edilən bu dərmanların effektiv qalması üçün hər şeyi etməlidir.
Qeyd etmək lazımdır ki, mikrobəleyhinə preparatlara dayanıqlılıq o zaman yaranır ki, bakteriyalar, viruslar, göbələklər və parazitlər şəkillərini elə dəyişir ki, onların törətdiyi infeksiyaların müalicəsində işlədilən dərmanlar artıq təsirsiz olur. Mikrobəleyhinə preparatların çoxuna qarşı dayanıqlı olan mikroorqanizmləri «ifrat infektlər» adlandırırlar. Əsas problem onlardan qaynaqlanır, çünki bu cür dayanıqlı infeksiyalar ölümə gətirə bilər, bir insandan digərlərinə ötürülə, ayrı-ayrı insanlar və bütövlükdə toplum üçün böyük vəsaitlərin xərclənməsinə səbəb ola bilər. Mikrobəleyhinə preparatlara qarşı dayanıqlılığın inkişafına dərmanların gərək olduğu kimi istifadə edilməməsi, məsələn, düzgün olmayan dozalarda qəbul edilməsi və ya təyin olunmuş kursun vaxtından əvvəl kəsilməsi səbəb ola bilər. Pis keyfiyyətli dərmanlar, düzgün olmayan təyinat, səmərəsiz profilaktika və mübarizə də dərmanlara qarşı dayanıqlılığın inkişafına və yayılmasına səbəb olur. Hökumətlərin bu problemə yetərincə fikir verməməsi, epidemiya nəzarətinin pisliyi, diaqnostika, müalicə və profilaktika vəsaitlərinin azalması isə öz növbəsində dərmanlara qarşı dayanıqlılıqla mübarizəyə mane olur.
Doğru təyinat uğrunda
Bununla yanaşı, bu və ya başqa xəstəliyə qarşı həkimlər tərəfindən doğru və səmərəli antibiotik təyinatı ilə bağlı problem Azərbaycan üçün də yad deyil. Axı mikrobəleyhinə prepartalara qarşı dayanıqlılığın yaranmasına imkan yaradan səbəblərdən biri dərmanların gərəksiz istifadəsidir.
Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının professoru, ATU-nun tədris-terapiya klinikasının direktoru, tibb elmləri doktoru, Azərbaycanın əməkdar həkimi Surxay Musayev «Region plus»la söhbətində bildirib ki, pasientlərə, xüsusilə də uşaqlara qarşı əsassız şəkildə antibiotiklərin təyin edilməsinə qarşı mübarizə bütün dünya üzrə aparılır.
«Tibbin bu sahəsi üzrə ekspertlər soyuqdəymələr zamanı antibiotiklərin qəbulunu məhdudlaşdırmağı məsləhət görürlər. Amma həkimlər öz müştərilərinə xoş gəlmək üçün bu dərmanları yazaraq günah işlədirlər. Pasient həkimin yanına gəlir və sağalmağa ümid edir, narahat olur, həkim də xəstələrin çox sevdiyi antibiotikləri ona yazır! Problemin əsas məğzi məhz bundadır», - deyə o vurğulayır. Amma işlərin belə getməsi yaxşı heç nə vəd etmir. Antibiotiklərdən həddindən çox istifadə edilməsi mikroorqanizmlərin təkamülünə səbəb olub və onlar indi bir çox standart preparatlara qarşı dayanıqlıdır. Həyatında bir dəfə antibiotik qəbul etmiş istənilən kəs dayanıqlı ştammlara yoluxmaq risqi altına düşür.
Dünya statistikasına görə, 1995-ci ildə həkimlər tərəfindən təyin edilmiş antibiotiklərin 40%-i virus infeksiyalarında istifadə edilib ki, bu da tibbin əsas qaydalarına ziddir - antibiotiklər bakteriyaları öldürür. Bu preparatlar viruslara qarşı, o cümlədən, soyuqdəymə törədicilərinə qarşı təsirsizdir. Virusların çoxuna qarşı dərman yoxdur və infeksiya müəyyən müddətdən sonra geri çəkilir. Bütün bunlara baxmayaraq çox insan açıq-aydın virus infeksiyalarına tutulduqları zaman gözləyirlər ki, həkim onlara antibiotik yazacaq və hətta bunu tələb də edirlər. Həkimlər isə çox vaxt onlara tabe olmağı xəstə ilə mübahisə etməkdən daha rahat sayırlar.
Amma antibiotik hər şeyi sağaldan kimyagər məlhəmi deyil. Həkimin fikrincə, onu yalnız istisna hallarda təyin etmək lazımdır. Musayev bildirir ki, Azərbaycanın pediatriya praktikasında antibiotiklərdən istifadə, təxminən, 98%-dir. Uşaqlara bu cür kütləvi antibiotik yazılması yalnız Çində müşahidə edilir. Fransada bunun səviyyəsi 24, ABŞ-da isə 25%-dir.
Musayevin sözlərinə görə, Azərbaycanda, hətta uşaqlara qarşı ehtiyat silsilədən olan antibiotiklərin yazılmasına da təsadüf edilir ki, bu, hətta yetkin insanın da sağlamlığına zərər vura bilir.
Bununla belə, nəfəs orqanları infeksiyaları, yuxarı nəfəs yollarının virus etiologiyası, rotavirus infeksiyaları zamanı antibiotiklər yazmaq lazımdır ki, bu da bir sıra hallarda disbakterioza, immunitetin zəifləməsinə səbəb ola bilər. Hətta aqressiv taktika da istifadə edilir - körpənin həyatının ilk günlərindən ona qarşı ehtiyat silsilədən olan antibiotiklər təyin edilir.
«Biz körpəyə antibiotik təyin etməyimizin səbəblərini anlamalıyıq. Lazım olmayan yerdə onların ən sadəsinin istifadəsi belə heç bir effekt verməyəcək. Etiraf etmək lazımdır ki, hazırda bizim ən böyük bədbəxtçiliyimiz antibiotiklərlə zəhərlənmədir. Öz uşaqlarımız üzərində nə eksperimentləri aparırıq? Ən pisi də odur ki, bəzən bu antibiotikləri həkim yox, uşağın valideynləri təyin edirlər. Özü də bunu qonşunun, qohumun və başqa xeyirxahların məsləhəti ilə edirlər. Belə şeylər bizdə tez-tez rast gəlinir. Bu, məhvedici sonuclara gətirir», - deyə Musayev vurğulayıb.
Ekspert sanır ki, həkimlər antibiotik olmayan, amma yumşaq antibakterial təsir göstərən əvəzedici əczaçılıq vasitələrinə diqqət yetirməlidirlər. Musayevin sözlərinə görə, uşaq ölümlərinin əsas səbəblərindən biri antibiotiklərin əsassız təyin edilməsi ola bilər. Statistika belədir: hər il dünya üzrə 10 mln uşaq doğulandan sonra beşinci günü görə bilmir. Bu uşaqların, təxminən, 6 mln.-u müalicə oluna bilən xəstəlikdən dünyasını dəyişir, halbuki təhlükəsiz, effektiv və qiymətinə görə əlverişli dərmanlarla təmin etməklə onları xilas etmək mümkün olardı.
Bu göstəricilərə görə, təkcə pnevmaniiya hər il yaşı 5-ə qədər olan 2 mln uşağın dünyasını dəyişir, hər il 15 yaşına qədər olan 330 min uşaq isə İİV-dən öür. Bu xəstəlikləri müalicə etmək mümkündür. Amma uşaqların çoxu məhrumdur; ya onların yaşına uyğun dərman yoxdur, ya da həddindən baha olduğuna görə əlçatmazdır. Bəzən yaşlılar üçün nəzərdə tutulandan üç dəfəyə qədər baha ola bilər.
Dərmanlara əlçatarlılıq
Bununla yanaşı, ÜST dəfələrlə bütün ölkələrin hökumətlərini uşaqların dərmanlara daha yaxşı çıxışını təmin edən elmi araşdırmaları və tədqiqatları gücləndirməyə çağırıb. ÜST vərəmə və malyariyaya, İİV/QİÇS-ə qarşı kombinə edilmiş preparatlar, həmçinin, artıq öhdəsindən gəlindiyi sanılan bir sıra tropik xəstəliklər üzrə uşaq terapevtik vasitələri layihələndirməyə çağırır. Bütünlükdə, həkimlər bakterial təbiətli olmayan respirator xəstəliklərin müalicəsi zamanı antibiotiklərin həddindən artıq təyin edilməsi barədə məqalələrə müsbət reaksiya verirlər.
Amma bununla yanaşı, göstərilən hallarda antibiotik təyini səviyyəsi hələ də yetərincə yüksəkdir və bu istiqamətdə işlərin davamını vacib edir. Bu araşdırmalar mikrobəleyhinə preparatlara dayanıqlılıq risqini azaltmaq üçün aparılır. Tədqiqatçıların fikrincə, antibiotiklərin əsassız tətbiqinin azalmasında önəmli addım kimi, həkimlərin müxtəlif törədicilərin antibiotik rezistentliyi barədə lokal məlumatlardan xəbərdar olması və antibiotik seçiminə savadlı yanaşmasıdır. Həkimlərin və səhiyyə qurumlarının işinin birgə əlaqələndirilməsinin, antibiotiklərin təyin edilməsi tezliyi barədə epidemioloji məlumatların əldə edilməsinin də önəmi yüksəkdir.
MƏSLƏHƏT GÖR: