Müəllif: Alyona MOROZ Bakı
2011-ci il Azərbaycanın informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı baxımından yaddaqalan olacağını vəd edir. Bu il üçün nəzərdə tutulmuş layihələr çoxdur, amma biz bunlardan yalnız birinə diqqət yetirəcəyik. Məhz 2011-ci ildə «elektron imza»nın işə salınması nəzərdə tutulur - bütün parametrləri ilə əzəmətli olan bu layihə internetin, «elektron sənəd dövriyyəsi”nin, bütünlükdə «elektron hökumət”in inkişafına böyük təkan verəcək ki, bu da dövlət orqanlarının fəaliyyətinə müsbət təsir göstərəcək və sadə vətəndaş olan bizlərin də həyatını yüngülləşdirəcək.
Dəyişiklik gözləntiləri
Elektron-rəqəmsal imzanın (ERİ) özü nədir? Vikipediyaya görə, bu, «elektron sənəd rekvizitidir və ERİ yaranmağa başlayan andan elektron sənəddə məlumat təhrifinin istisnasını təmin edir, imzanın ERİ açarı sertifikatının yiyəsinə məxsusluğunu yoxlamağa şərait yaradır. Rekvizitin mənası qapalı ERİ açarının istifadəsi ilə məlumatın kriptoqrafik dəyişməsi nəticəsində əldə edilir».
Daha bir izah isə aşağıdakı kimidir: «Elektron imza xüsusi proqram təminatı ilə əsas sənədin yaradılması hesabına əldə edilmiş rəmzlərin müəyyən ardıcıllığını nəzərdə tutur. Yollayış zamanı əsas sənədə rəqəmsal imza da əlavə edilir. Nəticədə, sənədin müəllifliyinin və göstəricilərinin dəyişməzliyi təmin edilir. E-imza əsas sənəddə istənilən dəyişiklik zamanı öz gücünü itirir. E-imzanı saxtalaşdırmaq mümkün deyil. Əllə imzalanmış və elektron imzalı sənədlər bərabər hüquqlu sayılır».
Razılaşaq ki, ERİ-nin bu cür izahı sadə vətəndaş üçün heç nə demir, çünki elektron imzanın adi analoq imzadan üstünlüyünün nə ilə bağlı olmasını dərk etmək üçün, öncə onun insan həyatını necə yüngülləşdirə bilməsinə diqqət yetirmək lazımdır.
ERİ-nin əsas üstünlüyü onunla bağlıdır ki, Azərbaycanda yaradılan elektron hökumətin əsasında məhz o, olacaq. Kağız sənədlər yavaş-yavaş elektron sənədlərlə əvəz ediləcək, bundan başqa, dövlət xidmətlərinin göstərilməsi üzrə bir xeyli yeni informasiya texnologiyaları da peyda olacaq. İdeal məqsəd vətəndaşların məmurlarla şəxsi görüşlərindən xilas edilməsidir.
Azərbaycanda ERİ-lərin istifadəsinə nümunələr artıq var. Belə ki, 2010-cu ilin mart ayında Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi «Microsoft» korporasiyasının istifadə edilən proqram təminatlarını tam lisenziyalaşdırıb. Sazişlə nəzərdə tutulan tədbir nazirlikdə e-idareətmə sisteminin tətbiq edilməsi çərçivəsində gerçəkləşdirilir, buraya «e-sənəd dövriyyəsi», kadrların idarəedilməsi, maliyyə və təchizat, dövlət sərmayələri və s. daxildir. Bu layihənin gerçəkləşdirilməsi ilə Azərbaycanda ilk dəfə olaraq naziriklərin korporativ informasiya sistemində e-imzanın istifadəsinə başlanılıb.
Daha bir nümunə isə vergi orqanlarından kod, şifrə və parol almış vergi ödəyicilərindən elektron vergi sənədlərinin qəbul edilməsidir.
Gözlənilir ki, analoji sistem yalnız Vergilər Nazirliyi tərəfindən deyil, həm də Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən tətbiq ediləcək. O cümlədən, artıq bu ilin ikinci rübündə fond biznes qurumlardan və özəl sahibkarlardan hesabatların avtomatlaşdırılmış sistem üzrə qəbuluna keçəcək. Doğrusu, elektron hesabatların necə təqdim ediləcəyi və bu zaman elektron imzadan istifadə edilib-edilməyəcyi hələ dəqiq bəlli deyil. Ehtimal olunur ki, fond hər bir sahibkara parol və giriş kodu verəcək, bunun vasitəsilə vergi ödəyiciləri Vergilər Nazirliyinin saytında olduğu kimi, öz akkauntlarına girə biləcəklər. Fondun əməkdaşları artıq hesabatları elektron formada generasiya edirlər, amma vergi ödəyiciləri hələ ki sistemə fərdi giriş imkanına malik deyillər.
Özü də e-imzalar olan zaman təşkilatların və özəl sahibkarların DSMF və Vergilər Nazirliyi orqanlarına qeydiyyat üçün şəxsən getməsinə ehtiyac da qalmır.
Ölkənin gömrük orqanları da dəyişikliklər ərəfəsindədir. O cümlədən, gələcəkdə Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) internetlə xidmət göstərəcək. DGK-dan bildirilir ki, hazırda «bu cür xidmətlərin tətbiqi informasiya təhlükəsizliyi baxımından ləngidilir». Bununla belə, artıq indidən DGK tərəfindən sərhəd-nəzarət məntəqələrindən keçən mallara və nəqliyyat vasitələrinin yoxlanması zamanı «vahid pəncərə» prinsipi istifadə edilir, yalnız gömrük brokerlərinin xidmətindən isitfadə edilən «elektron gömrük» sistemi tətbiq edilir. DGK elektron bəyannamə mexanizmini təkmilləşdirməyi, başqa sözlə, proqrama girişi genişləndirməyi planlaşdırır. Bu, ölkədə elektron imzanın geniş tətbiqinə başlanmasından sonra mümkün olacaq.
DGK sədri Aydın Əliyevin sözlərinə görə, e-imzaların tətbiqi «Elektron gömrük» layihəsinin tərkib hissəsidir. Onun sözlərinə görə, ERİ-nin tətbiqi yaxın illərə nəzərdə tutulub. Bütün gömrük sistemində isə elektron sənəd dövriyyəsinin tətbiqi isə cari ilin sonuna - gələn ilin əvvəlinə başa çatdırılmalıdır.
Bundan başqa, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən də «Abituriyentlərin elektron ərizəsi» sisteminin təkmilləşdirilməsi çərçivəsində e-imzalar tətbiq olunacaq. TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, «Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) e-imzanı tətbiq edən kimi TQDK onu «Abituriyentlərin elektron ərizəsi» sistemində işlətməyə başlayacaq».
«Elektron imza texnologiyasının istifadəsi hesabına abituriyent tərəfindən sənəd qəbulu komissiyasına təqdim ediləcək sənədlərə ehtiyac qalmır», - deyə M.Abbaszadə vur-ğulayıb.
Hazırda «Abituriyentlərin elektron ərizəsi» sistemi Daxili İşlər Nazirliyinin məlumat bazasından geniş istifadə edir. Şəxsiyyət vərəqəsinin məlumatları avtomatik olaraq ərizəyə daxil edilir. Gələcəkdə bu prinsip attestatlara da tətbiq ediləcək. «Təhsil Nazirliyi attestatlar üzrə məlumat bazası yaradan kimi biz onu öz sistemimizə daxil edəcəyik», - deyə TQDK başçısı bildirib.
İmza xalqa neçəyə başa gələcək?
Göründüyü kimi, nazirlik və başqa dövlət qurumları ERİ-nin tezliklə tətbiqində maraqlıdırlar, istənilən halda yenilik bütün dövlət idarəetməsi strukturunu əhatə edəcək. Özəl bölmə də kənarda qalmayacaq, çünki biznesin qeydiyyatı və vergi ödənişi də daxil olmaqla, onun idarə edilməsi prosesində işlərin sürətləndirilməsində daha maraqlıdır. Bundan başqa, e-imzanın tətbiqi korrupsiya ilə mübarizədə güclü yardım edəcək. Amma bir neçə sual yaranır: ilk e-imzalar nə vaxt veriləcək və o, neçəyə başa gələcək?
2008-ci ilin oktyabr ayında «Dövlət satınalmaları haqqında» qanuna uyğun olaraq RİTN İnformasiya-Hesablama Mərkəzi tərəfindən e-imzaların tətbiqi üçün açıq açarlar infrastrukturunun yaradılması üzrə tenderin nəticələri açıqlanıb. Tenderin qalibi «Ultra», «Azerin» və «Microsoft-Azerbaijan» şirkətlərindən ibarət konsorsium olub.
«Elektron imza və elektron sənəd haqqında» qanuna uyğun olaraq gerçəkləşdirilən «Elektron imza» layihəsinin pilot versiyası 2009-cu il aprelin 14-də təqdim edilib. Bu sistemin ilk imkanları, fiziki və hüquqi şəxslər üçün elektron-rəqəmsal imzalı kartların hazırlanması və istifadəsi qaydaları təqdim edilib, əyani nümayiş üçün ayrı-ayrı işçi ssenarilərdə kartların istifadəsinin imitasiyası təqdim edilib.
ERİ açarlarının sertifikatlarının verilməsi mərkəzinin yaradılması, sistemin testdən keçirilməsi də daxil olmaqla $3 mln həcmində qiymətləndirilir. Planlaşdırılır ki, rəqəmsal imzanın verilməsinə üç mərkəz cəlb ediləcək, onlardan ikisi dövlət və özəl qurumlara xidmət göstərəcək, biri isə baş mərkəz olacaq. «Microsoft-Azerbaijan»dan bildirilir ki, layihə başaçatma mərhələsindədir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, «2011-ci ilin ikinci yarısından layihə praktiki gerçəkləşdirmə mərhələsinə daxil olacaq».
Öz növbəsində RİTN strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İsfəndiyar Əliyev bildirib ki, ERİ-nin verilməsi üçün infrastruktur tam hazırdır, «normativ-hüquqi bazanın işlənməsi və elektron poçt sertifikatları verilməsi xidmətlərinin dəyərinin müəyyən edilməsi üzrə işlər hələ davam edir». Onun sözlərinə görə, sistemin kommersiya istismarına buraxılması bu ilin sentyabr ayına nəzərdə tutulur. İ.Əliyev həmçinin bildirib ki, rəqəmsal imzanın verilməsi «elektron hökumət portalının hazırlanmasından asılıdır, hazırda bu sahədə işlər davam etdirilir».
«Elektron hökumət”i layihəsi çərçivəsində məlumat mübadiləsinin gerçəkləşdirilməsi, ərizə və müraciətlərin təqdim edilməsi üçün əhaliyə ERİ açarları sertifikatı da təqdim ediləcək.
ERİ-nin qiyməti isə istifadəçi kateqoriyasından asılı olacaq, yəni əhali, özəl şirkətlər və dövlət qurumları üçün müxtəlif olacaq. Yeri gəlmişkən, qonşu Rusiya bazarında ERİ-nin qiyməti açara görə ildə 300-3000 rubl arasında ($10-dan $100-a qədər) dəyişir. Ən aşağı qiymət sıravi vətəndaşlar üçün nəzərdə tutulub. Azərbaycanda e-imzaların qiyməti barədə hələ heç kim şərh vermir, ya çox aşağı qiymət barədə danışırlar, ya da ki həddindən yüksək - sadə vətəndaşlar üçün 80 manata yaxın olan qiymətdən bəhs edirlər. Perspektivdə dünya praktikasına uyğun olaraq ERİ pulsuz olacaq.
Amma hətta müəyyən xərc çəkməklə də biz yetərincə hissolunacaq dividendlər əldə edirik. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, dünya praktikası göstərir ki, «elektron sənəd dövriyyəsi» yaratmaqla e-imza sisteminin tətbiqi əhalinin və özəl bölmənin sənəd dövriyyəsinə, yazışmalara, o cümlədən işgüzar yazışmalara çəkdiyi xərcləri, təxminən, 20-25% azaldacaq. Yəni e-imzaların tətbiqindən dövlət də, vətəndaşlar da qazanırlar.
Göründüyü kimi, ERİ-lərin üstünlüyü böyükdür. Perspektivdə sistem ölkədə elektron bankinqin inkişafına şərait yaradacaq, e-kommersiyanın inkişafı üçün zəminə çevriləcək. Bundan əlavə, e-imza 2012-ci ildə peyda olacaq biometrik pasportların verilməsi ilə də birbaşa bağlıdır.
ERİ layihəsinin gerçəkləşdirilməsinin müsbət tərəflərini durmadan sadalamaq olar. Yekunda qeyd etmək istərdik ki, bu gün Azərbaycanda istənilən dövlət qurumunun fəaliyyəti barədə internetlə məlumat almaq mümkündür. Ölkədə elektron yolla kommunal ödənişlərin, rabitə operatorlarının xidmətinin haqqının ödənilməsinin tətbiqi artır. «Elektron hökumət»in elementlərinin tətbiqinin müsbət örnəkləri yetərincədir. Amma fakt öz yerində qalır ki, Azərbaycanda ilk ERİ hələ 2009-cu ildə verilməli idi, sonra bu müddəti 2010-cu ilə keçirdilər. Bizdə layihənin gerçəkləşdirilməsi ləngidilir, halbuki MDB-nin bir sıra ölkələrində, o cümlədən, Rusiya, Ukrayna, Belarus və Özbəkistanda artıq ERİ tətbiq edilir.
Avropada əhalinin 70%-dən çoxu fəal şəkildə e-imzalardan istifadə edir. Neft gəlirləri olmayan Latviya və Estoniyada da ERİ, demək olar ki, hər yerdə tətbiq olunur. Buna görə də regionun neft-qaz sənayesi liderlərindən olan, yalnız energetika sahəsində deyil, həm də IT sahəsində transmilli layihələrin təşəbbüskarı kimi çıxış edən Azərbaycanın da imzaları bütün dünyada vərdiş edilmiş rəqəmsal qaydada gerçəkləşdirilən ölkələrin fəxri siyahısına daxil edilməsi şansı hələ də var. Bununla Azərbaycan İKT sahəsində mövqelərini daha da möhkəmləndirər, həmçinin, qlobal informasiya dünyasına inteqrasiyada böyük təkan qazanar.
MƏSLƏHƏT GÖR: