Müəllif: Nurlanə QULİYEVA Bakı
Ənənəvi olaraq Azərbaycanda ötən ilin sosial-iqtisadi nəticələrinə parlamentarilər baş nazirin təqdimatında hökumətin hesabatını dinləməklə yekun vururlar. Bu il Milli Məclisin deputatları səs çoxluğu ilə Nazirlər Kabinetinin 2010-cu il üzrə fəaliyyətini bəyəniblər. Ötən il dünya üzrə böhrandansonrakı təlatümlər fonunda Azərbaycanın bütün sahələrdə sosial-iqtisadi inkişafının müsbət dinamikası nəzərə alınarsa, bu, təsadüfi deyil. "2010-cu ildə ümumi daxili məhsulun (ÜDM) real artımı 5% olub, neftdənkənar bölmədə isə artım tempi 7,9%-ə çatıb. Beləliklə, ÜDM artım templərinə görə, Azərbaycan MDB məkanında birinci yeri tutub", - deyə müzakirələrin gedişində Parlamentin spikeri Oqtay Əsədov bildirib və əlavə edib ki, beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan sərmayəçilər üçün cəlbedici ölkədir. Keçən il bütün mənbələrdən ölkəyə 13,9 mlrd manat sərmayə yatırılıb ki, bu da ondanqabaqkı ilə baxanda 32,4% artım deməkdir. Baş nazir tərəfindən səsləndirilən rəqəmlər isə ölkədəki iqtisadi duruma daha gur işıq salıb.
Sabitlik ili
Baş nazir Artur Rasizadənin sözlərinə görə, bu cür əlverişli göstəricilərə nail olunması onunla bağlıdır ki, keçən il Nazirlər Kabineti əsas diqqəti makroiqtisadi sabitliyin qorunmasına, neftdənkənar bölməyə çox sayda sərmayələrin cəlbi nəticəsində bu sahədə diversifikasiya əldə edilməsinə, çağdaş texnologiyaların tətbiqi hesabına istehsal səviyyəsinin artırılmasına yönəldib. Hökumət, həmçinin, sosial məsələlərin həllini, regionların balanslaşdırılmış inkişafını, sahibkarların iş fəallığının artırılmasını, işsizliyin azaldılmasını daim nəzarətdə saxlayıb.
Artıq qeyd edildiyi kimi, keçən il dünyanın, tədricən, qlobal iqtisadi böhranın dağıdıcı dalğasının nəticələrinin aradan qaldırılmağa başlandığını nəzərə alaraq, qeyd etmək olar ki, Azərbaycan hökuməti də təbii ki, 2010-cu ildə öz siyasətini qlobal böhranın təsirini neytrallaşdırmağa və iqtisadi sabitliyin təmin olunmasına yönəldib. Gerçəkləşdirilən pul siyasəti manatın sabitliyinə və inflyasiyanı aşağı səviyyədə saxlamağa imkan yaradıb. Digər tərəfdən, ölkənin strateji valyuta ehtiyatları sürətlə inkişaf edir və təxminən, $30 milyarda qədər qalxıb.
Başqa tərəfdən, xüsusi diqqət güclü sahibkar təbəqəsinin formalaşdırılmasına, onların maliyyə dəstəyinin artırılmasına verilir. Bu məqsədlə Sahibkarlara Milli Kömək Fondunun xətti ilə 1430 sahibkarlıq subyektinə 115 mln manatlıq güzəştli kredit verilib. Ölkədə ümumi iqtisadi duruma aid rəqəmlərlə yanaşı, bu dəfə baş nazir ayrı-ayrı istehsal sahələri, hətta konkret iri müəssisələr üzrə uğurları deputatların diqqətinə çatdırıb. Belə ki, onun sözlərinə görə, struktur islahatları aparandan sonra, "Azərikimya" İstehsalat Birliyində (İB) texniki yenidənqurma üzrə işlər görülüb. Nəticədə, məhsulun 85%-nin ixraca getməsi səbəbindən İB-nin hesabına daxil olan vəsaitlər bir il əvvələ nisbətən $40 mln çox olub. Bu, həmçinin, hökumət zəmanəti altında buxar-generator qurğusunun tikintisi üçün alınmış kreditin sonuncu hissəsinin ödənilməsinə imkan verib.
A.Rasizadə, həmçinin bildirib ki, 2010-cu ildə metallurgiya sənayesində istahsal həcmi ondanqabaqkı ilə nisbətən 44,6% artıb.
"Daşkəsənfilizsaflaşdırma" Səhmdar Cəmiyyətində dəmir konsentrat istehsalına başlanılıb. Gəncə Alüminium Zavodunun istehsal gücü ildə 100 min ton olan birinci növbəsinin tikintisində tamamlanma işləri gedir. Qiymətli metallar istehsalında ciddi artım əldə edilib, ölkə üçün bu yeni iqtisadiyyat seqmentində bütünlükdə 2058 kiloqram qızıl əldə edilib.
Maşınqayırma sənayesinin istehsal səviyyəsi qabaqkı illə müqayisədə 2,5 dəfə artıb.
Baş nazir keyfiyyətcə tam yeni universal istehsalat kompleksi olan Sumqayıt texnoparkındakı durum üzərində xüsusi dayanıb. Bütünlükdə, 16 zavoddan ibarət olacaq kompleksin artıq 5 müəssisəsi fəaliyyət göstərir. Çağdaş texnologiyalar əsasında burada ölkə iqtisadiyyatı üçün böyük önəm daşıyan və böyük ixrac potensialına malik məhsullar istehsal edilir.
Əgər yeni istehsal sahələrindən danışılarsa, onda etiraf etmək lazımdır ki, müharibə şəraitində olan dövlətin diqqəti son illərdə müdafiə sənayesinə yönəlib. Müəyyən səbəblər üzündən bu sahədə əldə edilən uğurlar elə də təbliğ edilməyib, amma yalnız bir faktı demək olar ki, keçən il hərbi-sənaye kompleksində 350 adda xüsusitəyinatlı məhsul istehsal edilib ki, onların toplam həcmi 2,5 dəfə artıb. Bu isə sözügedən sahənin nəinki strateji önəmindən, həm də iqtisadi perspektivliliyindən xəbər verir. Yada salaq ki, bütünlükdə 2010-cu ildə müdafiə tədbirlərinin gerçəkləşdirilməsinə $3 mlrd.-lıq vəsait ayrılıb ki, bu da əvvəlki ilə baxanda 40% çoxdur.
Büdcəyə yenidən baxılması
Beləliklə, hökumətin keçən il işin öhdəsindən gəldiyini demək olar. Əlbəttə, burada neft gəlirlərinin önəmli yardımı olub, amma hələ ki bunlarsız mümkün deyil. Ümumiyyətlə, parlamentarilər, hətta bu fikirdədirlər ki, Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər praktikası yaxın 20-15 il müddətinə qorunmalıdır.
"ARDNF-dən dövlət büdcəsinə transfertlərdən utanmaq lazım deyil. Mənə elə gəlir ki, 20-15 il ərzində biz onların istifadəsi siyasətini davam etdirməliyik. Bizim neftimiz var və bu gəlirləri niyə istifadə etməli deyilik?" - deyə Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanın Dövlət Büdcəsinə ARDNF-dən transferlər 5 mlrd 915 mln manat və ya keçənilki bütün büdcə gəlirlərinin 51,9%-i qədər olub.
Belə olan vəziyyətdə il ərzində dövlət büdcəsi göstəricilərini dəyişməyə dəyərmi? Amma bu, son illərdə ənənəvi praktikaya çevrilib. Bu məsələdə ekspertlərin mövqeləri fərqlənir. Bəzi ekspertlər bu fikirdədirlər ki, yalnız dünyada və ölkə daxilində durumun yetərincə dəyişməsi zamanı proqnozlaşdırılan göstəricilərdə nəzərəçarpacaq səviyyədə dəyişikliklər olan zaman, büdcə parametrlərinə yenidən baxmaq olar.
Hökumətdə isə bu fikirdədirlər ki, ilin ortalarında büdcəyə yenidən baxmaq yararlıdır. Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun sözlərinə görə, bu, cari ildə də baş verəcək, çünki qlobal neft qiymətləri, yəqin ki, bu il də hökumətin proqnozlaşdırdığı qiymətlərdən yüksək olacaq. "Biz hesab edirik ki, ilin sonuna neftin qiyməti indikindən aşağı, amma bizim ilin əvvəlinə proqnozlaşdırdığımızdan yüksək olacaq", - deyə E.Rüstəmov "Reuters" agentliyinə müsahibəsində bildirib.
Yada salaq ki, Azərbaycan büdcəsində neftin qiyməti barrelə görə $60-dan götürülüb, amma keçən 3 ay ərzində "Brent" markalı neftin barreli $110-dan satılıb. Məlumat üçün aşağıdakı statistikanı təqdim edirik: 2010-cu ildə Azərbaycanda neft hasilatı, demək olar ki, 51 mln tona çatıb və bunun böyük hissəsi ixrac edilib. Elman Rüstəmovun sözlərinə görə, yalnız neft satışından hökumət $47 mlrd qazanıb ki, bunun 50%-i gələcək nəsillər üçün fondda saxlanılıb, qalanları isə hökumət tərəfindən cari ehtiyaclar üçün işlədilib.
Bununla yanaşı, büdcədə düzəlişlər və neftin qiymətinin qalxması ölkədə inflyasiya proseslərinin sürətlənməsinə gətirə bilər ki, bu da əhali üçün, həm də hökumət üçün həddindən problemlidir. Amma AMB sədri əmin edir ki, hökumət inflyasiya səviyyəsini birrəqəmli həddə saxlamağa imkan verən tədbirlər gerçəkləşdirir. Rüstəmovun sözlərinə görə, ərzaq məhsullarının qiymətinin yüksək olması üzündən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə, yəqin ki, 2010-cu ilin Dövlət Büdcəsinə yenidən baxılacaq.
Qeyd edək ki, 2011-ci ilin fevral ayında Azərbaycanda istehlak mallarının qiyməti və tariflə, yanvar ayına baxanda 2,2%, yanvar-fevral aylarında isə 2010-cu ilin uyğun dövrünə baxanda 8,9% artıb. "Mən inanmıram ki, önəmli düzəlişə ehtiyac var, büdcə yetərincə yaxşı balanslaşdırılıb, biz isə makroiqtisadi idarə və dayanıqlı inkişaf problemlərini diqqətə götürməliyik. Bununla da neftin qiymətinin və xarici təlatümlərin dəyişkənliyi büdcəyə ötürülməli deyil",- deyə E.Rüstəmov vurğulayıb.
Məqsədli dövlət xərclənmələrinin dəyişdirilməsi neft qiymətlərinin dəyişməsi ilə birbaşa bağlı deyil və hökumətin infrastrukturu çağdaşlaşdırma planları ilə müəyyən edilir: "Məhz ölkənin infrastrukturu modernləşdirmə və təkmilləşdirmə mərhələsində olduğuna görə, bir sıra iri layihələr əlavə vəsait tələb edə bilər", - deyə AMB sədri əlavə edib.
Başqa sözlə, bu il hökumət hər şeydən öncə, iqtisadiyyatda sabitliyi qorumağa istiqamətlənib. İstisna deyil ki, büdcəyə düzəlişlər əhalinin müəyyən təbəqələrinin rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək, o cümlədən, büdcə işçilərinin maaşlarının, pensiya və müavinətlərin artırılmasını gözləmək olar, adətən, büdcənin xərc hissəsinin bəndlərinə yenidən baxanda bu, belə olurdu.
Amma etiraf etmək lazımdır ki, inflyasiya proseslərinə təkan verməmək üçün fərq məbləği kiçik olacaq. E.Rüstəmov bildirir ki, hökumət inflyasiyanı, demək olar ki, heç arzulamır. Bununla yanaşı, bizim qeyri-sabit dünyada sabitliyə can atılması artıq müsbət amildir. Buna görə də ehtimal etmək olar ki, hökumətin növbəti hesabatı da parlamentarilər tərəfindən indiki kimi, fikir yekdilliyi ilə qəbul ediləcək.
MƏSLƏHƏT GÖR: