MÜDDƏTSİZ DANIŞIQLAR
AI-yə üzvlük Priştina ilə Belqrada kompromıs üçün zəmin yarada biləcəkmi?
Müəllif: Eldar PAŞAYEV Bakı
Kosovonun 2008-ci il fevralın 17-də Qərbin aparıcı dövlətlərinin dəstəyi ilə Serbiyadan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan etməsindən 3 il keçir.
Amma müstəqilliyini ötən dövr ərzində BMT üzvündən yalnız 75 dövlətin tanıdığı bu kvazi-dövlətin növbəti «ad günü»nün sevinclə keçdiyini söyləmək çətindir. Yalnız ona görə yox ki, onun müstəqilliyinin tanınması prosesi dayanıb. Kosovoda iqtisadi vəziyyət son dərəcə ağırdır. Vəziyyət elədir ki, bir sıra Avropa KİV-in yazdığı kimi, «Avropanın ən gənc dövləti»nin əksər sakinləri Serbiya ilə çox arzulanan «boşanma»dan sonra, vəziyyətlərinin ağırlaşdığını düşünür - işsizliyin səviyyəsi 40%-ə, bəzi rəqəmlərə görə isə hətta 50%-ə çatır.
Belə görünür ki, Kosovoya ayrılan külli miqdarda vəsaitin hələ də bir nəticə verməməsi, bu yeni ölkənin avropalı qonşularını da narahat etməyə bilməz. Üstəlik, Kosovonun imici o qədər də müsbət deyil: bu ölkə Avropada cinayətkarlığın mərkəzi və Əfqanıstandan Avropa İttifaqına narkotrafik üçün əsas keçid ərazisi sayılır.
Bəzi avropalı siyasətçilər açıq şəkildə bildirir ki, Kosovoda hakimiyyət vaxtilə hərbi cinayətlər törətmiş şəxslərin əlindədir. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın eks-prokuroru Karla del Ponte Kosovonun hazırkı baş naziri Haşim Taçini insan orqanları ilə alverdə, 1998-1999-cu illərdə Kosovo ərazisində mütəşəkkil cinayətkarlıqda şübhəli bilir.
Eyni ittihamları bir müddət əvvəl isveçrəli parlamentari, insan haqları üzrə müvəkkil, AŞPA-nın xüsusi məruzəçisi Dik Marti də irəli sürüb. Onun ötən ilin dekabrında İnsan Haqları Komitəsinin toplantısında təqdim etdiyi məruzədə bildirilir ki, 1999-2000-ci illərdə Kosovonun Azadlıq Ordusu transplantantların alverinin aparıldığı «qara bazar»da yüzlərlə serbiyalı əsirin orqanları satılıb. Əsirlər isə məhz daxili orqanlarının çıxarılması nəticəsində ölüb. Bu yolla qazanılmış pullar silah-sursat alınmasına, həmçinin, Kosovonun Azadlıq Ordusunun səhra komandirlərinin varlanmasına xərclənib. Onlardan biri də şəxsən Haşim Taçi olub.
Amma o da var ki, Marti hələ də iddialarını sübut edəcək faktlar ortaya qoymayıb. Bütün bunlarla yanaşı, bir müddət əvvəl Kosovonun yeni prezidenti postunu olduqca mənfi imicli şəxs - İsveçrə və Kosovo vətəndaşlığı daşıyan sahibkar Becet Pakkoli tutub. O, dünyanın ən varlı albanıdır. Pakkoli kimilərlə bağlı kitablar yazılır. Kosovonun tanınmamış prezidenti İbahim Ruqova onun haqqında «tam bir müəmma» ifadəsini işlətmişdi. «Corriere della Sera» isə yazır ki, Balkanlarda onu «bizim Berluskoni» adlandırırlar. Yoxsul, çoxuşaqlı kəndli ailəsindən çıxmış Pakolli, təxminən, 20 yaşlarında Almaniyaya gedib və orada limanda yük boşaltmaqla məşğul olub. O, restoranlarda qabyuyan kimi də çalışıb. Bu onun iqtisadiyyat və ticarət üzrə diplom almasınadək davam edib. Pakkoli varidatını, əsasən, özünün yaratdığı «Mabetex» inşaat şirkəti vasitəsilə qazanıb. O, biznes üçün ən problemli ölkələr və regionlarda layihələr həyata keçirməklə məşğul olub. Şirkət, demək olar ki, bütün dünyada fəaliyyət göstərib - Avropada, Mərkəzi Amerikada, ABŞ-da və keçmiş SSRİ ölkələrində. «Mabetex» Rusiyadan xeyli sifariş alıb. Onların arasında ən məşhuru, yəqin ki, Moskvada Dövlət Dumasının binasının bərpası, Kremldə 200-dən artıq otağın təmiridir.
Lakin Pakkolinin maraq sahəsi tədricən dəyişib və o, siyasətə tərəf meyillənməyə başlayıb. 2006-cı ildə Pakkoli «Yeni Kosovo uğrunda alyans» partiyasını yaradıb və artıq 1 il sonra parlamentə düşməyə nail olub. Sahibkarın məqsədi prezident olmaq idi və o, bu istəyini reallaşdırdı. 2011-ci il fevralın 22-də səsvermənin üçüncü turunda (əsas müxalifət partiyaları səsvermədə iştirakdan imtina edib) Pakkoli 120 deputatdan 62-nin dəstəyini alıb və Kosovo prezidenti seçilib.
Məlumata görə, Pakkolinin prezident kürsüsünü tutmasına baş nazir Haşim Taçi ilə razılaşmaya getməsi kömək edib. Ötən ilin dekabrında növbədənkənar parlament seçkisi zamanı baş nazirin Kosovo Demokrat Partiyası (KDP) qələbə qazansa da, əldə edilmiş yerlər yeni hökumətin formalaşdırılması üçün kifayət etməyib. 3 aparıcı partiya Taçinin rəhbəri olacağı Nazirlər Kabinetində təmsil olunmaqdan imtina edib və nəticədə o, Pakkoli ilə razılaşıb. Həmin seçkidə sonuncunun «Yeni Kosovo uğrunda alyans» partiyası yalnız 5-ci yeri tutmuşdu. Amma hər şey gözlənildiyindən yaxşı alındı. Haşim Taçi baş nazir kürsüsündə qaldı, onun partiyası əksər nazir portfellərini əldə etdi, Pakkoli isə prezident oldu. Sonuncunun partiyası müdafiə, iqtisadiyyat və səhiyyə nazirliklərinə də sahib çıxdı. İddialara görə, bütün bunlar hələ əvvəldən həll olunubmuş. Guya növbədənkənar seçkiyə məhz Pakkolinin partiyası Taçi hökumətinə etimadsızlıq qərarı ilə nail olub. Beləliklə, Pakkoli baş nazirə ozamankı tərəfdaşı - Kosovo prezidenti Fatmir Seydiu ilə əməkdaşlığı pozmaq imkanı yaradıb, özü üçün isə prezidentliyə gedən yolu açıb. «Neue Zuercher Zeitung» yazır ki, Pakkoli «1 güllə ilə 2 dovşan vurub: Taçinin kürsüyə qayıtmasına kömək edib, özünün isə əsas arzusuna çatıb».
Nəticədə, Kosovo müxalifəti (ümumilikdə 53 deputat kürsüsü) bu dueti Kosovodakı hazırkı siyasi böhranı bilərəkdən yaratmaqda ittiham edir. Cütlük prezident seçkisi ilə bağlı həlledici səsvermə öncəsi deputatlara təzyiq göstərməkdə, onları ələ almaqda da günahlandırılır.
Həqiqətən, seçkinin ilk 2 raundunda Pakkoli lazımi səsi toplaya bilməyib (qalib gəlmək üçün səslərin üçdəikisinin qazanılması vacib olsa da, o, ilk turlarda 54 və 58 səs qazanıb). İndi müxalifətə kifayət qədər şübhəli gələn məqam üçüncü - həlledici səsvermə ərəfəsində KDP-nin təcili qaydada 5 dəqiqəlik fasilə tələb etməsidir. Parlamentin spikeri Yakup Krasniçi bununla reqlamentin pozulduğunu, başqa sözlə, deputatlara təsir göstərmək imkanının yarandığını bəyan etsə də, fasilə elan edilib və düz, 1 saat çəkib. Bundan sonra Pakkoli lazımi səsi toplayaraq prezident seçilib.Bundan başqa, yeni prezidentin Rusiya ilə çoxdankı və qəliz əlaqələrə malik olması, üstəlik, onun rus xanımla ailə qurması da müxalifətin xoşuna gəlmir. Hələ 1999-cu ildə keçmiş Yuqoslaviya üçün Haaqa Tribunalının sabiq prokuroru Karla del Ponte Pakkolini korrupsiyada, “çirkli pullar”ın yuyulmasında, həmin vaxt Rusiya prezidenti olan Boris Yeltsinə rüşvət verməkdə günahlandırırdı. Yeri gəlmişkən, 2000-ci ilin iyununda İsveçrədə Becet Pikkoliyə qarşı “çirkli pullar”ın yuyulması və rüşvətxorluqla bağlı ittiham da irəli sürülmüşdü.
Sonradan Yeltsin ailəsinin «Mabetex» şirkətinin kredit kartlarından istifadə etdiyi də məlum olub. Bu məsələ «Russiagate» adı ilə məşhurlaşmışdı. Karla del Ponte Pakkoli ilə Kremlin işlər idarəsinin rəhbəri Pavel Borodinin əlaqələrini də araşdırıb. Nəticədə, Borodin 2001-ci ildə İsveçrənin sorğusu əsasında Nyu-Yorkda həbs edilib, bir neçə ay Amerika və İsveçrə həbsxanalarında yatıb.
Amma «Russiagate» iştirakçılarının heç biri üçün ciddi xoşagəlməzliklər yaşanmayıb. Pakkoli isə ona ünvanlanmış ittihamları paxıllıq kimi qiymətləndirib.
2000-ci ilin dekabrında Rusiya məsələsi cinayət tərkibi olmadığı üçün bağlanıb. 2002-ci ilin martında isə İsveçrədə də iş qapadılıb.
Amma Pikkolinin Kosovodakı siyasi opponentləri hələ də hesab edir ki, yeni prezident Moskvanın «sağ əli» ola bilər. Onu Serbiyanın məxfi xidməti ilə əlaqədə də şübhəli bilirlər. Bu ittihamları nə sübut, nə də inkar etmək mümkündür. Rusiya artıq çoxdan ovaxtkı Rusiya deyil. Pakkolinin özü də bu gün Moskva üçün son dərəcə əhəmiyyətli olan «Cənub axını» qaz kəməri layihəsinin əleyhinə çıxış edir. Qeyd edək ki, bu kəmərin bir hissəsi Serbiyadan keçməlidir. Bununla yanaşı, Kosovonun yeni prezidenti qeyd olunan boru xəttinə alternativ sayılan «Nabucco» layihəsini fəal şəkildə dəstəkləyir.
Eyni zamanda, Pakkoli hələ də serblərlə dil tapa biləcək şəxs sayılır. Yeni prezidentin özü də deyəsən, bu fikri təsdiqləmək istəyindədir. O, parlamentdəki çıxışı zamanı Kosovoda yaşayan etnik serbləri onların doğma dilində salamlayıb və bildirib ki, «Etnik və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün kosovolularla işləyəcək».
Qeyd edək ki, Kosovo əhalisinin, təxminən, 5%-ni təşkil edən serb azlığın durumu ağır olaraq qalır. Onlar, əsasən, azsaylı anklavlarda yaşayırlar və daha çox Kosovonun şimal hissəsində məskunlaşıblar. Məhz burada tez-tez kiçikmiqyaslı millətlərarası toqquşmalar da baş verir.
«Mən təmiz əməyimlə uğur əldə etmişəm. Qərbdə qazanılmış uğurları Kosovoda təkrarlamaq istəyirəm. Qərb Kosovonun gedəcəyi istiqamətdir», - deyə Pakkoli bildirib.
Doğrudur, onun ABŞ-la da yaxşı əlaqələri var. Qərbi Avropa KİV yazır ki, o, vaxtilə «müstəqil Kosovo» ideyasını ortaya atanlardan biri olub. Yeri gəlmişkən, kosovolu biznesmenin «Qərb istiqaməti» də «qaranlıq məqamlar»la doludur. Əvvəllər belə fikirlər gəzirdi ki, Becet Pakkoli BMT baş katibinin Kosovo və Metoxiyanın gələcək statusu ilə bağlı danışıqlardakı xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti Marti Axtisaariyə rüşvət verib. Guya Axtisaari Kosovo albanlarının liderindən 42 milyon avro alıb və bunun əvəzində yekun hesabatında Kosovonun Serbiyadan ayrılmasını nəzərdə tutan fikirlərə yer ayıracağını vəd edib. Bəzi KİV yazırdı ki, bu faktı Almaniyanın xüsusi xidmət orqanları üzə çıxarıb. Lakin hadisə «şişmədi» və tezliklə unuduldu. Axtisaarinin özü də ittihamlara çox sakit yanaşdı. Daha dəqiq desək, ümumiyyətlə, reaksiya vermədi. Digər məlumatlara görə, həmin dövrlərdə Kosovonun maraqlarının lobbiçiliyini etmək üçün bəzi amerikalı siyasətçilər də Pakkolidən pul alıb.
Amma istənilən halda, bunların heç biri sübuta yetirilməyib və artıq keçmişdə qalıb.
Kosovolu biznesmenin «siyasi Olimpə» son sıçrayışına gəlincə, ABŞ və Avropa İttifaqı Kosovoda yeni hakimiyyət orqanlarının formalaşdırılmasını alqışlayıb. Onlar Kosovoya islahatların aparılması işində dəstək vəd ediblər. Kosovonun müxalifətçi deputatlarının Ağ ev tərəfindən ələ alınmasının mümkünlüyünə dair ittihamlarına isə heç bir şərh verilməyib.
Bütün bunlarla yanaşı, Taçi ilə Pakkolinin siyasi dostluğunun uzun sürəcəyinə inananlar da xeyli azdır.
Belqrada gəlincə, onun Kosovonun Serbiyadan ayrılmasına olan münasibəti son 3 ildə heç bir dəyişikliyə məruz qalmayıb. Belqrad Priştinanın birtərəfli qaydada müstəqilliyini elan etməsilə heç cür barışmır. Kosovo serblərinin də əksəriyyəti üçün Kosovo onların milli ləyaqətinin bir hissəsi olaraq qalır. Amma bununla yanaşı, Serbiya hökuməti bu gün əsas hədəflərinin Avropa İttifaqına üzvlük olduğunu da gizlətmir. Amma hazırda Aİ ilə Serbiya arasında assosiativ üzvlüklə bağlı razılaşmanın imzalanması «dondurulub». Brüssel hesab edir ki, Belqrad Yuqoslaviya üzrə Haaqa tribunalı ilə əməkdaşlıqda kifayət qədər səmimi deyil.
Serbiyanın baş naziri Bojidar Dyeliç «Berliner Zeitung» qəzetinə müsahibəsində Yuqoslaviya üzrə Beynəlxalq Tribunalı Serbiyaya qarşı törədilmiş hərbi cinayətləri araşdırmağa çağırıb. Amma bununla belə vurğulayıb ki, bu problem «Belqradla Priştina arasında danışıqlar üçün maneə olmayacaq».
Dyeliçin sözlərinə görə, Serbiya hökuməti Kosovo ilə dərhal dialoqa başlamağa hazırdır. Amma bu, ilk növbədə gündəlik həyati məsələlərə - nəqliyyat, telefon əlaqəsi, enerji təchizatına aid olmalıdır.
Martın 8-də son 3 ildə ilk dəfə olaraq Belqradla Priştina Brüsselin vasitəçiliyi ilə yüksək səviyyədə görüş keçirib. Müşahidəçilər hesab edir ki, bu dialoqun nəticəsi Kosovo ilə Serbiyanın Aİ perspektivi baxımından vacib əhəmiyyətə malikdir. Kosovo üçün iqtisadi problemlərin həlli çox vacibdir və Belqrad məhz bu məqama «oynaya» bilər. Görəsən, həqiqətənmi Aİ-yə üzvlük Priştina və Belqrad üçün hansısa komprmisə getmək üçün zəmin yarada bilər? Zaman göstərəcək. Axı danışıqların müddəti dəqiq müəyyənləşdirilməyib.
Danışıqlarda Serbiyanı XİN-in siyasi direktoru Borko Stefanoviç, Kosovonu isə baş nazirin müavini Edita Tahir təmsil edir. Avropa İttifaqı müzakirələrdə qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun xüsusi nümayəndəsi, diplomat Robert Kuperlə təmsil olunur. Bildirilir ki, lazım olarsa, danışıqlara digər tərəflər də qatıla bilər - BMT, ABŞ, Rusiya.
Stefanoviç bildirib ki, dialoqda məqsəd «Belqradla Priştina arasında mövcud olan bütün problemlərin müzakirəsidir». İlk növbədə gündəlikdə duran məsələlər «regionda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması, ümumilikdə Balkanlarda əməkdaşlığın gücləndirilməsi, həmçinin ümumi Avropa standartlarına yaxınlaşma» üçün vacib olan məqamlardır. Hələ ki, bunlar qanunun aliliyi, regional əməkdaşlıq və hərəkət azadlığıdır.
Daha bir məqam: martın 23-də Rusiyanın baş naziri Vladimir Putin Serbiyaya səfər etməlidir. Artıq məlumdur ki, səfər əsasən iqtisadi məsələlərə həsr olunacaq. Rusiya karbohidrogenlərinin tranziti məsələsinin prioritet olacağı şübhə doğurmur. Bununla yanaşı, məlum olduğu kimi, Moskva Priştina ilə danışıqlarda Belqradı dəstəkləyir. Bu dialoqda Rusiyanın öz maraqları var: regionda enerji layihələrinin reallaşdırılması.
MƏSLƏHƏT GÖR:





539

