14 Mart 2025

Cümə, 21:40

ÇADRADAN-FIRÇAYA

Bakıda Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin sərgisi açılıb

Müəllif:

15.03.2011

Martın 11-də «Xalq Bank» ASC-nin təşəbbüsü və maddi dəstəyi ilə gerçəkləşdirilən «Xalq sərvəti» mədəniyyət layihəsi çərçivəsində Dövlət Mükafatı laureatı, «Şöhrət» ordeni kavaleri, xalq rəssamı, Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin sərgisinin açılışı və bədii albomunun təqdimatı olub. 

Rəssamın  ekspozisiyada təqdim olunmuş gözoxşayan əsərləri istedadın çoxtərəfliliyi ilə seyrçiləri heyran qoyur: peyzajlar, qrafiki işlər, linoqravürlər, akvarellər, portretlər, mənzərələr... Maral xanımın bütün əsərlərini qəlboxşayan bir səmimilik birləşdirir. Onların hər birində Vətən sevgisi ilə dolmuş  qeyri-adi energetika duyulur. Ustad qrafik Maral Rəhmanzadə bir şair kimi öz işlərində Azərbaycanın  möcüzəli təbiət gözəlliyini vəsf edib. Gözəl illüstrasiyaçı olan rəssam milli folklorun bütün müdrikliyini və dərinliyini hiss edə bilib. Tamamilə maraqlı həyat yaşamış rəssam sadəcə Azərbaycanın ilk peşəkar qadın rəssamı olmaqla qalmayıb, həm də təvsiri incəsənətə yeni mövzular gətirib, illərlə formalaşmış mövzulara yeni nüanslar bəxş edib. 

Dünyaya 1916-cı il iyulun 23-də gəlmiş Maral Rəhmanzadənin həyatında ilk baxışdan çox paradokslar var. Abşeronun Mərdəkan kəndindən olan şüşəçinin nəvəsi, hətta altıncı sinfə kimi məktəbə çadrada gedib. Amma on ildən sonra məhz o, ilk azərbaycanlı qadını kimi,  V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib və ilk peşəkar azərbaycanlı rəssam qadın olub. 

Onun Azərbaycan qadınlarına həsr edilmiş ilk diplom işini  Surikov məktəbinin ondakı rektoru, tanınmış rəssam və sənətşünas İqor Qrabar çox yüksək qiymətləndirib və bununla da ümumi məzun kütləsindən Maral Rəhmanzadəni ayırıb. Gənc mütəxəssis və ümid verən kitab illüstratoru kimi məktəbi bitirəndən sonra Maral  Rəhmanzadəni paytaxt Moskvadakı bədii ədəbiyyat nəşriyyatına göndəriblər. Amma hamı üçün gözlənilməz halda Maral bu cür uğurla başlayan karyerasını dayandırıb və doğma Bakıya qayıdıb. 

 

Cəbhə, arxa cəbhə və  Neft Daşları 

Bundan az sonra Böyük Vətən müharibəsi başlayıb və gənc rəssam öz istedadının bütün gücünü hərbi vətənpərvərlik mövzusuna verib. Yorulmadan təbliğat-təşviqat plakatları buraxıblar, «Cəbhədə və arxada» seriya rəsmləri çəkiblər. O, yorulmadan öz gələcək həmkarlarını hazırlamağa, Bakı Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. Müharibədən sonrakı illərdə bu kövrək, zərif və yaraşıqlı qadın gözlənilmədən, öz sözləri ilə desək, «dəniz nefti», «dəniz neftçiləri» ilə maraqlanmağa başlayıb. Özü də heç də həmin dövrlərdə rəssamların hamısının başına gəldiyi kimi, «partiyanın göstərişi» ilə deyil, öz qəlbinin səsi ilə bu işi görməyə başlayıb. Maral Rəhmanzadə Neft Daşlarında işləməyə qərar vermiş ilk qadın olub. O, adi şəraitdə belə işləri çox çətin olan cürətli insanların qəzəbli və coşğun Xəzərin qoynunda necə yaşadıqlarını öz gözləri ilə görmək istəyirdi. O, günlərlə estakadalarda qalaraq buruq quraşdırıcılarının, neft kəşfiyyatçılarının, qazmaçıların, quyuların yeraltı təmir operatorlarının, neft hasilatçılarının iş saatlarını və özünə məxsus məişətini müşahidə edib. 

Bəlkə də buna görədir ki, onun Neft Daşlarından işlədiyi çoxsaylı, işlənmə texnikasına görə müxtəlif olan natura etüdləri, rəsmləri, iriformatlı akvarel peyzajları səmimi, ifadəli, real olmaqla yanaşı, həm də şairanə alınıblar. Daha sonra bu işlər iki ay Bakıda Respublika İncəsənət Muzeyində fəaliyyət göstərən sərgidə, sonra da Neft Daşlarının özündə nümayiş etdirilib. Orada rəssam qadını özlərininki sayıblar və «daimi qeydiyyata» götürüblər. Şahidlər xatırlayırlar: O, gözlənilməz uğur qazanmışdı, sadəcə çox böyük uğur idi. Rəy kitabını dəyişdirməyə məcbur olublar, tamaşaçıları onu çox tezliklə təşəkkür məktubları ilə doldurublar. 

Tezliklə bu uğur Moskvada, SSRİ Rəssamlar İttifaqının Kuzentsk körpüsündəki sərgi zalında təkrarlanıb,  orada Rəhmanzadənin 70-dən çox rəsmi, akvareli və litoqrafiyası  nümayiş etdirilib. Sonra isə Londonda - Kral Rəssamlıq Akademiyasının qalereyasında keçirilən sovet qrafikası sərgisində öz müəllimi Favorski,  həmçinin Nisski, Vereyski ilə birgə çıxış edən Rəhmanzadə  Neft Daşları barədə bir neçə iş nümayiş etdirib. Sərgiyə Britaniya qəzetləri diqqət yetirməklə yanaşı, onun barəsində kitab da buraxıblar və orada Maral Rəhmanzadəyə ayrıca məqalə həsr ediblər. Moskvada onun «Bizim Xəzərdə» albomu buraxılıb və  dərhal biblioqrafik inciyə çevrilib. Alboma daxil olan işlərin çoxu hazırda Tretyakov qalereyasındadır. Onların ən yaxşısı rəngli avtolitoqrafiya «Yeddi gəmi adası»dır. 

 

Gen səviyyəsində 

Amma sənətşünaslar haqlı olaraq deyirlər ki, Maral Rəhmanzadənin həyatında parodaksal heç nə yoxdur, hər şeydə bir qanunauyğunluq var. Axı Maral xanım dünyaya Mərdəkanda göz açıb, oranın havasından da yaradıcılıq yağır. Ətraf kəndlər  milli memarlıq və dekorativ-tətbiqi incəsənət nümunələri ilə doludur. Maral şüşəçinin nəvəsi olmaqla yanaşı, həm də filiqrani, yəni qızıl saplardan hörmə texnikası ilə işləyən zərgərin qızıdır (atasının əllərindən çıxmış gümüş və qızıl sırğalar, boyunbağları, qolbağlar Şərq qadınlarının böyük marağına səbəb olurdu). Onun nənəsi bütün çevrədə tanınan xalça ustası, dayısı daş oymaçısı olub (dayısının daşlarda açdığı naxışlar hələ də Mərdəkan evlərini bəzəyir). 

Yəni Maralın, həm də sonradan memar olmuş kiçik bacısına və iki memar qardaşına sənət sevgisi,  necə deyərlər, gen səviyyəsində verilib. Maral uşaq yaşlarından şəkil çəkməyə başlayıb və 7-ci sinfi bitirən kimi Bakı Rəssamlıq Texnikumuna daxil olub. Maral texnikumu vaxtından əvvəl - üç ilə  bitirib və bir neçə istedadlı tələbə ilə birlikdə Moskvaya ən perstijli Surikov İnstitutuna göndərilib, onun müəlləimləri sırasında böyük qrafika ustaları Vladimir Favorski, Aleksey Kravçenko, Dmitri Moor (Orlov) və başqaları olublar. Beləliklə, onun kiməsə arxalanaraq öz istedadını inkişaf etdirmək üçün imkanı var idi. 

Bütün bunlar əbəs keçmədi: zaman ötvü və Maral Yusif qızı Rəhmanzadə Azərbaycan qrafikasının layiqli ustasına çevrildi. Öz vaxtında sənətşünaslıq doktoru,  professor Nurəddin Həbibov bildirib: «...Rəhmanzadənin bir çox  dəzgah rəsmləri, linoqravürləri, litoqrafiyalar, ofortları, akvarelləri, illüstrasiyaları bu gün önəmli sayılır, müəyyən mənada çağdaş Azərbaycan qrafikasının mərhələ uğurlarıdır". Bu hər şeydən öncə, onun «Bizim Xəzərdə», «Azərbaycan qadınları», «Mənim Vətənim», «Mənim bacılarım», «Mənim müasirlərim», "Sumqayıt - Rustavi" tsiklindən olan olan işləri, həmçinin, Azərbaycan təbiətinin heyrətamiz guşələrinə, pambıq, üzüm, çay plantasiyalarının, meyvə bağlarının işçilərinə, həmçinin,  neftçilərə  həsr edilmiş maraqlı poetik və lirik rəsm vərəqləri var. 

Onun kitab illüstrasiyaları zövqünün zərifliyi, fantaziya zənginliyi ilə fərqlənir. 1950-ci ildə o, C.Cabbarlının əsərlərinin ikicildliyinin tərtibatını verib. Həmin ildə M.F.Axundovun «Aldanmış kəvakib» tarixi romanı Maral Rəhmanzadənin illüstrasiyaları ilə çap edilib. Bundan başqa, Maral Rəhmanzadə tərcümə ədəbiyyatına da illüstrasiya çəkib. A.S. Puşkinin  «Yevgeni Onegin», M.Y.Lermontovun «Zəmanəmizin qəhrəmanı» əsərlərinə də tərtibat verib. 1956-cı ildə M.S.Ordubadinin «Qılınc və qələm» tarixi romanı M.Rəhmanzadənin illüstrasiyaları ilə çap edilb. 1963-cü ildə o, «Azərbaycan nağılları» akademik nəşri üçün illüstarsiyalar  yerinə yetirib. 

 

«Mənim Vətənim»

50-ci illərin sonlarında M.Rəhmanzadə «Bakı» rəngli avtolitoqrafiyalar seriyası üzərində işləyir və onlar ilk dəfə 1959-cu ildə Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ilə bağlı sərgidə göstərilir. Həmin vaxtlar Rəhmanzadə Çexoslovakiyaya, sonra isə  Türkiyəyə, İspaniyaya, Mərakeşə, Əlcəzairə, Tunisə, İtaliyaya, Yunanıstana,  Kubaya həsr olunmuş avtolitoqrafiyalar üzərində işləyir. Sonrakı illərdə M.Rəhmanzadə linoqravür texnikası ilə işləyir. Bu texnika ilə işlədiyi ilk əsərlərini o, iki gənc şəhərin - Sumqayıt və Rustavinin nəhəng zavodlarına həsr edib. 

60-cı illərdə rəssam qadın Azərbaycanın ayrı-ayrı rayonlarında olub. Bu səfərlərin nəticəsi kimi, yeni seriya rəngli linoqravürlər -  «Mənim Vətənim» və «Azərbaycan» seriyaları ortaya çıxır. Xalq rəssamı adını layiqincə almış peyzaj ustası olan rəssam qadın uzaq xaricin tamaşaçısına Azərbaycan təbiətinin müxtəlif gözəlliklərini -  Naxçıvanın əzəmətli bağlarını, Qubanın, Lənkəranın qədim meşələrini, Xınalıq kəndinin dağlar qoynunda gizlənmiş unikal dünyasını  və çox şeyləri təqdim edir. 

Maral Rəhmanzadənin parlaq və çoxşaxəli yaradıcılığı Azərbaycandan və MDB-nin başqa ölkələrindən kənarda da populyarlıq qazanıb. Onun işləri dünyanın bir çox məşhur muzeylərini bəzəyir, ən gurultulu və nüfuzlu sərgilərdə önəmli uğurlar qazanıb (o, 50-dən çox ölkənin sərgilərində iştirak edib). Maral xanımın müasiri, SSRİ xalq rəssamı, akademik Mikayıl Abdullayev bildirir ki, o, istər cavan olsun, istər qoca, respublika daxilində və xaricində Maral xanım qədər səyahət etmiş ikinci adam tanımır.

Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov sərginin açılışında çıxış edərək bildirib ki, rəssam qadına  «Maral» adı həddindən artıq uyğun gəlirmiş: «Maral Rəhmanzadə qeyri-adi boy-buxunu, heyranedici təmiz qəlbi və heyrətamiz iradə gücü ilə seçilirdi. O, əsl  «Maral» - gözəl, zərif, cazibədar idi, həm də heyranedici möhkəm iradəyə və danılmaz istedada malik idi». 

Təqdimat mərasimində Azərbaycanın xalq rəssamı, AR Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da çıxış edib və «Xalq sərvəti»  layihəsinin önəminə toxunub. Həmçinin qeyd edib ki, Azərbaycanın ilk peşəkar qadın rəssamı Maral Rəhmanzadənin sərgisinin təşkili üçün əsl məqamdır. Sərgi martın 11-də başlayıb və iyunun 12-nə kimi çəkəcək.



MƏSLƏHƏT GÖR:

545