Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Tezliklə bizim ölkənin xarici ticarət fəaliyyəti sahəsində ciddi dəyişikliklər baş verəcək: təxminən, cari ilin 1 iyul tarixindən Azərbaycanın yeni Gömrük Məcəlləsi qüvvəyə minməlidir. Fevralın sonunda sənəd Milli Məclisdə müzakirə edilib və birinci oxunuşda qəbul olunub. Parlamentin yaz sessiyasının sonuna isə onun yekun təsdiqinin başa çatdırılması düşünülür.
Yeni reallıqlar üçün yeni məcəllə
Yeni Gömrük Məcəlləsinin hazırlanmasına 2005-ci ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının (UNDP) texniki yardımı ilə gerçəkləşdirilən «Azərbaycanın gömrük sisteminin təkmilləşdirilməsi» layihəsi çərçivəsində başlanıb. Yeni məcəllənin maddələrinin işlənməsi zamanı tam mənada beynəlxalq təcrübə istifadə edilib - Avstraliya, Yeni Zelandiya, Kanada və Türkiyədən geniş heyətdə mütəxəssislər, həmçinin bir sıra yerli, müstəqil ekspertlər cəlb edilib, Avropa ölkələrinin, o cümlədən Estoniya və İsveçin gömrük qanunvericiliyi öyrənilib. Gömrük məcəlləsinin ilkin variantı Brüsseldə Avropa Komissiyasının ekspertizasından keçirilib, sonra isə bizim ölkənin tərəfdaşı olan iyirmi dörd dövlətin ekspertləri tərəfindən baxılıb və bütün müvafiq beynəlxalq tələblərə uyğun sayılıb.
«Gömrük sahəsində normativ-hüquqi sənədlərin müasirləşdirilməsinin vacibliyi onunla bağlı idi ki, 1997-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan Gömrük Məcəlləsi dəyişmiş gerçəkliklərə tam uyğun gəlmir. Keçən on bir il ərzində yerli iqtisadiyyatın inkişaf səviyyəsi yetərincə yüksəlib, bizim ölkə gömrük sahəsində çoxsaylı konvensiyalara qoşulub, onun bütün sistemini modernləşdirib. Bütün bu dəyişikliklər qanunvericilik bazasının kökündən təkmilləşdirilməsini tələb edirdi», - deyə bu yaxınlarda Milli Məclisin komitə iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Yeni Gömrük Məcəlləsinin məzmunu və əsas prinsipləri on beş il qabaq qəbul edilmiş əvvəlki sənəddən yetərincə fərqlənir. Onun əsasında 1998-ci ildə qəbul edilmiş «Gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi haqqında» beynəlxalq konvensiyanın, yəni Kioto gömrük konvensiyasının prinsipləri durur. Bu beynəlxalq sənəd bizim ölkə tərəfindən 2004-cü ildə ratifikasiya edilib və ona qol çəkilməsində məqsəd milli gömrük qanunvericiliyinin çağdaş beynəlxalq ticarət qaydalarına - Ümumdünya Ticarət Təşkilatının (ÜTT) prinsiplərinə uyğunlaşdırmaq olub. Sənəddə yüklərin keçidinin sənədləşdirilməsi və nəzarəti zamanı informasiya texnologiyalarından geniş istifadəsi, həmçinin gömrük prosedurlarının standartlaşdırılması və sadələşdirilməsi nəzərdə tutulur.
Yeni məcəllənin maddələri daha şəffaf və sadələşdirilmişdir ki, bu da malların sərhəddən keçməsi prosesini sürətləndirməyə, bürokratik əngəlləri minimuma endirməyə, sahibkarların işini asanlaşdırmağa imkan verir. Yeniləşdirilmiş məcəllənin bəndləri qaçaqmalla, saxta məhsulla, terrorizm və sərhədyanı cinayətkarlıqla daha səmərəli mübarizə aparmağa imkan verir.
Yeni məcəllə gömrük sisteminin baza əsaslarının təkmilləşdirilməsi məqsədi daşıyır və iki hissədən (ümumi və xüsusi hissələrdən) ibarətdir, 68 fəsli və 358 maddəsi var. Ümumi hissədə gömrük orqanlarının hüquqları və vəzifələri ilə bağlı məsələlər yer alıb. Xüsusi hissə isə gömrük prosedurlarına, nəzarətə, tariflərə, risklərin təhlilinə, valyuta nəzarətinin gerçəkləşdirilməsinə, gömrük bəyannaməsinə, gömrük ekspertizasına, gömrük statistikasının aparılmasına həsr edilib.
Layihəyə azad iqtisadi zonalar üçün nəzərdə tutulmuş yüklərin ölkənin gömrük sərhədlərindən keçməsini tənzimləyən maddələr də daxil edilib. Başqa sözlə, bu məsələdə yeni Gömrük Məcəlləsi 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul edilmiş «Xüsusi iqtisadi zonalar haqqında» qanunu daha da dolğunlaşdıracaq. Nəticədə fiskal preferensiyaları və sadələşdirilmiş gömrük rejimini tənzimləyən bir sıra normativ sənədlər qəbul edilib.
Belə ki, 2009-cu ilin dekabr ayında Nazirlər Kabineti tərəfindən fəaliyyətdə olan azad iqtisadi zonalarda gömrük tənzimlənməsi qaydaları təsdiq edilib. Buraya gömrük nəzarəti, gömrük postlarının fəaliyyəti, malların gömrük rəsmiləşdirilməsi, nəqliyyat vasitələrinin və fiziki şəxslərin zona sərhədlərinə buraxılması üzrə sadələşdirilmiş rejim qaydaları daxildir. Həmçinin, Dövlət Gömrük Komitəsi azad iqtisadi zonalar üçün xüsusi gömrük statistikası tətbiq edə bilər, bundan ötrü xüsusi hesabat forması tətbiq ediləcək. Bütün bu normativ sənədlər də yeni məcəllənin maddələrində əks etdirilib.
Başqa şeylərlə yanaşı, yeni gömrük qanunu sahibkarlıq subyektlərinə bəyannaməni təqdim edəcəyi gömrük orqanını müstəqil seçmək imkanı verilir. Başqa sözlə, gələcəkdə o, bunu hüquqi şəxsin qeydiyyatda olduğu yerdən kənarda da edə bilər. Bundan başqa, xarici ticarət fəaliyyətinin subyektləri yükün gəlməsinə qədər bəyannaməni və müşayiət sənədlərini qeydiyyat üçün təqdim edə bilər və gömrük orqanları bunu qəbul edə bilərlər. Malın sənədləri əvvəlcədən təqdim edilir və bununla da gömrük nəzarətindən keçirlər və ya xarici iqtisadi müqavilənin qeydə alınma faktı gerçəkləşir.
Bu, bir tərəfdən malların anbarlarda saxlanmasına ehtiyac yaratmır, həmçinin vaxta və vəsaitlərə qənaət etmək imkanı yaradır. Konvensiya tütün və alkoqollu içkilər də daxil bütün malları açıqtipli anbarlarda saxlamağa imkan verir. Həmçinin, layihəyə görə, Azərbaycanda gömrük anbarında malların saxlanması müddəti üç ilə qədər uzadılıb. Sərhəddən keçən malların təkrar yüklənmə prosedurları da qaydaya salınacaq: yenidən yüklənmə məlumatlandırıldıqdan sonra gerçəkləşdirilə bilər.
Sürətli modernləşdirmə
Yeni Gömrük Məcələlsinin qəbul edilməsi gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, gömrük infrastrukturunun tam avtomatlaşmış idarəetmə sisteminə keçməklə çağdaş tələblərə uyğun qurulması üçün şərait yaradacaq. Gömrük nəzarətinin effektivliyi yüksəldiləcək, ölkənin iqtisadi təhlükəsizliyndə gömrük xidmətinin rolu yüksəldiləcək və bu sahədə qanun pozuntuları ilə mübarizə gücləndiriləcək.
Gömrük tarif siyasətinin təkmilləşdirilməsi və inkişafı hesabına, həmçinin, gömrük nəzarəti vəsaitlərinin beynəlxalq qaydalara uyğun hala gətirilməsinin yardımı ilə idxal-ixrac əməliyyatlarının rəmsiləşdirilməsi prosedurlarını sadələşdirməyə və bununla da ticari-iqtisadi münasibətləri genişləndirmyə imkan verəcək. Bu isə ticarət dövriyyəsinin və dövlət büdcəsi gəlirlərinin artımına səbəb olur ki, bu da DGK-nin fəaliyyətinin başlıca məqsədlərindəndir.
Yeni Gömrük Məcəlləsinin layihəsi Azərbaycan Prezidenti Administrasiyasından uğurla keçib və Milli Məclisi deputatlarının fikrincə, birinci oxunuşda qəbul edilmiş sənəd Kioto konvensiyasının əsas pinsiplərinə və Avropa Birliyi (AB) standartlarına tam uyğun gəlir. «Bizim ölkə 2013-cü ilə kimi bütün iqtisadi qanunvericiliyi AB standartlarına uyğunlaşdırmağı qərara alıb və yeni Gömrük Məcəlləsi də AB standartları ilə işlənmiş ilk sənədlərdən biridir», - deyə Milli Məclisin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirir.
Onun qəbul edilməsi ölkənin neftdənkənar bölməsinin dünya bazarına inteqrasiyası prosesinə yetərincə təsir göstərəcək və Azərbaycanın ÜTT-yə qəbul edilməsi prosedurunu sürətləndirəcək ki, bundan da ölkənin işgüzar dairələri yetərincə yararlanacaqlar.
Müzakirələrin gedişinədə deputatlar vurğulayıblar ki, yeni məcəllə vətəndaşlara və sahibkarlara yaranmış problemlərlə bağlı yuxarı instasiyalara - DGK və ya məhkəməyə müaciət etmək imkanı verir. Özü də parlamentarilər şikayətlərə baxılan zaman ərizəçinin və ya onun nümayəndəsinin şikayətə baxılma prosesində iştirakını təmin etməyi, həmçinin, şikayətlərə baxılma müddətinin otuz günə qədər azaldılmasını təklif ediblər.
Qanun layihəsinin müzakirəsi zamanı gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı maarifçilik işinin genişləndirilməsi qərara alınıb. Belə ki, iqtisadi siyasət üzrə parlament komitəsinin və DGK-nin təşəbbüsü ilə ixrac-idxal əməliyyatlrı ilə məşğul olan sahibkarlar üçün xüsusi seminarlar keçiriləcək.
Parlament komitəsinin başçısı Ziyad Səmədzadənin fikrincə, bu tədbirdə məqsəd əhalinin və işgüzar dairələrin qanunvericilikdə baş verən dəyişikliklər barədə maarifləndirilməsdir ki, bu da gömrükdə qanun pozuntularını azaltmalıdır.
Yeni məcəlləyə xarici investorlar da maraq göstərir, çünki bir qayda olaraq onlar ölkəyə sərmayə yatırmazdan öncə vergi və gömrük qanunvericiliyi ilə tanış olurlar. Yeni məcəllənin müfəssəl öyrənilməsi vacibdir, çünki bu gün gömrük orqanları on mindən artıq müəyyən normativ aktlara bağlı mal mövqeyi üzrə hesablamalar aparırlar. DGK sədri A.Əliyevin sözlərinə görə, yeni redaksiyada Gömrük Məcəlləsinin qəbulu ilə ölkədə əsasən iqtisadi sahəni tənzimləyən normativ hüquqi aktların 70%-i təkmilləşdiriləcək.
«Hazırda Azərbaycanda tətbiq edilən gömrük idarəetməsi sistemi dünya üzrə ən qabaqcıllardan biri sayılır, yeni Gömrük Məcəlləsi çağdaşlaşdırmanı daha da sürətləndirəcək və ölkənin xarici ticarət sisteminin işini yaxşılaşdıracaq. Yeni məcəllə IT-texnologiyalarından geniş istifadəni nəzərdə tutur və Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkə qısa müddət ərzində sənəd işlənməsnin sürətini və miqdarını artıra bilər ki, bu da birmənalı şəkildə ticarət dövriyyəsinin artması deməkdir», - deyə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri hesab edir. Ümidvarıq ki, deputatlar bu sənədin yaz sessiyasının sonuna kimi qəbul edilməsi üçün maksimum səy göstərəcəklər.
MƏSLƏHƏT GÖR: