25 Noyabr 2024

Bazar ertəsi, 21:34

YOLUN YARISI

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramının yerinə yetirilməsinin iki ilinə yekun vurulub

Müəllif:

15.03.2011

İqtisadiyyatın neftdənkənar bölməsinin həcmini və inkişaf səviyyəsini ölkənin neft bölməsinin göstəricilərinə yaxınlaşdırmaq üçün Azərbaycan dövləti və hökuməti artıq neçə illərdir, həm coğrafi miqyaslı, həm də maliyyə və strateji xüsusiyyətli çox sayda proqram layihələri gerçəkləşdirir. Misal kimi, dövlətin ən yuxarı səviyyələrində təsdiq edilmiş  və iqtisadiyyatın hər bir sahəsinin, ölkənin hər bir ayrıca götürülmüş regionunun inkişafını əhatə edən fəaliyyət planlarını, sahədaxili inkişaf proqramlarını göstərmək olar. Bütün sadalanan proqramların lokomotivi kimi isə əslində, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramını saymaq olar - bu müfəssəl sənəd, demək olar ki, ölkənin sosial və iqtisadi həyatının bütün sahələrini əhatə edir. 

İlk bu cür proqram 2004-cü ildə qəbul edilib və dörd ildən sonra başa çatıb, onu tərtib edənlərin və gerçəkləşdirənlərin bütün ümidlərini doğruldub.  Yekun o qədər uğurlu olub ki,  dərhal növbəti 4 ili nəzərdə tutan ikinci fəaliyyət planı da təsdiq edilib. Artıq yolun yarısı gedilib və əldə olunan nəticələr həm proqramın gerçəkləşdirilməsinin gedişini real olaraq təhlil etməyə, həm də gələcək üçün bəzi planlara düzəlişlər verməyə  imkan yaradır. Prezident İlham Əliyevin də qatıldığı xüsusi çağırılmış konfrans iştirakçıları məhz bununla məşğul olublar. 

 

Keçilmiş mərhələ 

Əlbəttə, regionların social-iqtisadi inkişafı üzrə yuxarıda bəhs edilən  Dövlət Proqramının və dövlətin iqtisadi siyasətinin əsas nailiyyəti kimi son iki il ərzində ölkə iqtisadiyyatının 15% artmasını göstərmək olar. Və bu, tüğyan edən dünya maliyyə və iqtisadi böhranının fonunda baş verib.  Dövlət büdcəsi də bu cür diqqətçəkən templərlə inkişaf edir, onun həcmi 2004-cü il səviyyəsinə baxanda 12 dəfə yüksəlib. 

İqtisadi inkişaf naziri Şahin Musayevin sözlərinə görə, keçən iki il ərzində hər bir iqtisadi rayonun potensialı təhlil edilib, nisbətən prioritet sahələr müəyyənləşdirilib. Bunun əsasında iqtisadi rayonların pasportları hazırlanıb - dövlət dəstəyi üzrə tədbirlər hər bir regionun spesifik xüsusiyyətləri nəzərə alınmaqla və çağdaş texnologiyalar tətbiq etdilməklə gerçəkləşdirilir. 

Yetərincə diqqəti cəlb edən statistik göstəricilərlə təsvir edilən effektiv nəticələr də məhz bununla izah edilir. Belə ki, yalnız keçən il 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət obyektləri istismara verilib. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərindən istifadə edilir. Bütövlükdə, il ərzində 1430 investisiya layihəsi maliyyələşdirilir ki, bunun da demək olar ki, hamısı regionlarda gerçəkləşdilirir, 115 mln manat məbləğində güzəştli kreditlər ayrılıb. Özü də qeyd etmək lazımdır ki, güzəştli kreditlər hesabına, bir tərəfdən, həm regionların iqtisadi inkişafı üçün həddindən vacib, digər tərəfdən isə bir sıra obyektiv-subyektiv səbəblər üzündən kommersiya kreditləri üçün cəlbedici olmayan layihələr maliyyələşdirilib. Məsələn, bu sırada 14 çağdaş quşçuluq kompleksini, ildə 51 min tona yaxın istehsal gücünə malik beş süd zavodunu və 5150 baş südlük mal-qaranın saxlanıldığı beş heyvandarlıq kompleksini göstərmək olar. 

Bununla yanaşı, sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın dəstəklənməsi tədbirləri çərçivəsində  il ərzində 1374 kiçik sahibkara ümumi dəyəri 20 mln manat olan güzəştli kreditlər verilib, 195-2 nömrəli telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılıb, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi üçün 10 vergi terminalı tikilib. 

Bütünlükdə dövlət tərəfindən gerçəkləşdirilən dövlət proqramları çərçivəsində 2010-cu ildə 4300-ə yaxın yeni müəssisə yaradılıb, 73 min yeni iş yeri, o cümlədən, 52 700 daimi iş yeri açılıb. Keçən müddətdə görülmüş işlər, o cümlədən, regionların sosial-iqtisadi inkişaf çərçivəsində reallaşdırılan tədbirlər sayəsində yoxsulluq səviyyəsi 9%-ə qədər düşüb. Bütün bunların nəticəsində, 2000-2010-cu illər ərzində bizim ölkə insanın inkişaf indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yer tutub və «orta insan inkişafı» qrupundan «yüksək insan inkişafı» qrupuna keçib. 

İkiillik işin yalnız bir sıra nəticələrini əks etdirən rəqəmlərin arxasında bütünlükdə ölkə iqtisadiyyatının inkişafına yönəlmiş böyük öhdəliklər durur.  Axı hər yeni yaradılmış müəssisə, hətta kiçik olsa da belə, ölkədə özəl bölmənin inkişafında iştirakın genişlənməsidir və bu bölmə hazırda Azərbaycan iqtisadiyyatının 80%-dən çoxunu formalaşdırır. 

Maraqlıdır ki, əsasən, bu göstəricinin artımı kiçik və orta sahibkarlıq subyektlərinin artması ilə əldə edilir ki, bu da ölkənin iqtisadi sabitliyinin özəyini təşkil edir. 

Qeyd edildiyi kimi, hökumət də bu sahəni maliyyə ilə dəstəkləməkdə davam edir - 2004-2010-cu illərdə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF ) xətti ilə toplam həcmi 700 mln manat olan güzəştli kreditlər verilib. Ən başlıcası, bu pullar SKMF-nin təzəcə fəaliyyətə başladığı zaman, çoxlarının ehtimal etdiyi kimi, dövlətin hədiyyəsi deyil. Onda ekspertlərin əksəriyyəti fondun effektiv işləyəcəyinə tamamilə skeptik yanaşırdılar və kreditlərin geri qaytarılmaması ilə bağlı mövcud riskləri nəzərə alırdılar.  Bu gün isə həmin fikirlərin yanlışlığı göz qabağındadır, SKMF-nin ildən-ilə artımı müəyyən qədər də geri qaytarılan kreditlər hesabına gerçəkləşdirilir ki, son illərdə ümumi kredit çantasının səviyyəsi 125 mln manata qədər qalxıb. 

Bununla yanaşı, dövlətin özəl sektorun kreditləşdirilməsində iştirakı həm də ona görə həddindən vacibdir ki, çağdaş texnologiyaların istifadə edildiyi və dünya standartlarına uyğun məhsul buraxıldığı layihələrin  maliyyələşdirilməsi ilə bütövlükdə bütün istehsal sahəsi üzrə canlı rəqabət mühiti yaradılsın. 

Əlbəttə ki, bu gün dövlətin əsas öhdəlikləri sırasında ölkənin ərzaq təhlükəsizliyinin tam təmini, neftin qiymətinin xüsusilə qalxdığı bir məqamda mənfi təsirləri daha çox hiss edilən idxaldan asılılığın azaldılması dayanır, amma növbəti addım məhsulun beynəlxalq bazarlara daha geniş şəkildə çıxarılmasının təmin edilməsi olmalıdır. 

 

Gələcək planlar  

Ümumiyyətlə, əgər gələcək məqsədlərdən danışırlarsa, onlar yetərincədir. Regionların inkişafı üzrə Dövlət Proqramının gerçəkləşdirilməsinə həsr edilmiş konfransda çıxış edən Prezident İlham Əliyev öz nitqində bildirib ki, bu proqram tam həcmi ilə gerçəkləşdiriləcək. Yəni ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər köklü şəkildə həll ediləcək. 

Amma Azərbaycan üçün neft-qaz sahəsindən sonra həmişə prioritet olmuş aqrar sahənin inkişafı üçün hələ çox işlər görülməlidir. Məhz yaxın illərin əsas vəzifəsinin - ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin yerinə yetirilməsi bu bölmənin payına düşür. 

Bəli, bu gün  kənd təsərrüfatının inkişafı üzrə kompleks tədbirlər görülür: texnika alınaraq lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə, yanacaq və s. verilir. 

Amma bu gün kənd təsərrüfatında gözləmədən həllini tələb edən ciddi problemlərin olmasını da heç kim inkar etmir, buna görə də burada məsələnin həllinə kompleks yanaşma ilə birgə sahə daxili məsələlərin həlli, mövcud problemlərə  diqqət yetirilməsi və boşluqlara xüsusi yanaşma çox önəmlidir.

İlk növbədə, dövlət başçısının söylədiyi kimi, yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi vacibdir və bunun üçün iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması önəmlidir. «Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edir. Mən düşünürəm ki, bütün infrastruktur yaradılmalıdır. Hər şeydən öncə, suvarma və başqa infrastruktur layihələri gerçəkləşdirilməli, texnika, gübrə və toxum təmin edilməlidir. Beləliklə, biz ərzaq təhlükəsizliyimizin əsası olan taxılçılığı inkişaf etdirəcəyik ki, bu da təminatda çox böyük rol oynayır», -  deyə İ.Əliyev vurğulayıb. 

Bununla yanaşı, dövlət başçısının sözlərinə görə, ölkədə toxumçuluğun inkişafına böyük diqqət yetirmək lazımdır. Prezidentə təqdim edilmiş məlumata görə, hazırda ölkə özünü toxumla, təxminən, 30% təmin edə bilir. Dövlət başçısı bunu 100% səviyyəsinə qaldırmağa çağırıb. Bunun üçün mövcud güclər genişləndiriləcək, yeni zavodlar tikiləcək. 

Ölkə üçün yararlı ola biləcək daha bir müəssisə isə gübrə zavodu ola bilər və dövlət başçısının sərəncamına əsasən, onun tikintisinə artıq bu ildən başlanmalıdır. Bütövlükdə, bu müəssisələr yalnız taxılçılığın deyil, pambıqçılığın, üzümçülüyün, həm də hökumtə və özəl bölmənin diqqətinin artırılmasını tələb edən başqa bitkiçilik sahələrinin də inkişafında çox önəmli rol oynayacaq. 

Bu işdə əsas məsələdə sahibkarları maraqlandırmaq, öz bizneslərini genişləndirmək  və keyfiyyətli məhsul istehsalını stimullaşdırmaq üçün onların qarşısında istehsal edilən məhsulun əlverişli satış imkanlarını açmaqdır. Azərbaycan bütün vaxtlarda öz kənd təsərrüfatı məhsulları ilə tanınıb, onu həvəslə alıblar və demək olar ki, bütün qonşu ölkələrə ixrac  etməkdə davam edir, amma bu gün ixracın coğrafiyasını genişləndirmək tamamilə realdır. 

Axı dünyada «ekoloji təmiz məhsul» artıq delikates kimi bir şey sayılır, təbii məhsullara tələb həddindən yüksəkdir. «Xaricdən gələnlər Bakıda bizim meyvə və tərəvəzi yeyərkən anlayırlar ki, gerçək meyvə və tərəvəz necə olmalıdır. Bu bizim böyük üstünlüyümüzdür və bütün dünyaya ekoloji təmiz məhsullar sata bilərik. Sadəcə, emal müəssisələri, qablaşdırma və çağdaş yanaşma olmalıdır. Bu bizim böyük zənginliyimizdir və ondan səmərəli istifadə etməliyik», - deyə bu barədə İlham Əliyev bildirib. 

Əgər məhsul olarsa, dünyada mövcud informasiya imkanlarını da  nəzərə alaraq demək olar ki, onu təbliğ etmək elə də çətin bir iş deyil. Ümumiyyətlə, artıq xarici ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması barədə söhbətlər getməkdədir. 

«Sanıram ki, bu məsələdə əsas rolu Dövlət Neft Fondunun vəsaitləri oynamalıdır. Yəni vəsaitlər Neft Fondundan daxil ola bilər və inkişaf etmiş ölkələrin aparıcı şəhərlərində Azərbaycan ticarət və  mədəniyyət evlərinin  yaradılmasına başlamaq olar. Mən sanıram ki, biz artıq bu il işə başlamalıyıq», - deyə prezident vurğulayıb. Yəni Azərbaycan məhsullarının dövlət səviyyəsində təbliğatına artıq  start verilib. 

Bu bizim gələcək üçün hədəfimizdir. Bu gün isə təcili şəkildə biznesin inkişafına əngəl törədən bir sıra məsələləri həll etmək  lazımdır - bu, korrupsiya, əsassız yoxlamalar, inhisarçılıq, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin özbaşınalığı və s.-dir. Sadalanan bəndlərin hər biri yeni başlayan sahibkar üçün böyük problemə çevrilir və istənilən proqressiv bir işi başlamaq həvəsini öldürür. 

«Korrupsiya və rüşvətxorluq - bizim üçün bədbəxtlik, böyük yara və böyük ləkədir. Biz bütün sahələrdə şəffaflığı təmin etmək üçün əlimizdən gələni etməliyik. Burada əlbəttə ki, inzibati tədbirlər görülür və görülməkdədir.  Cəzalar verilir və veriləcək. Eyni zamanda, biz struktur islahatları da aparmalıyıq ki, korrupsiya və rüşvətxorluğu tam aradan qaldıra bilək. Son vaxtlar imzaladağım sərəncamların hamısının əsas hədəfi məhz budur», - deyə prezident yuxarıda sadalanan ağrılı problemlərdən birinə toxunarkən bildirib. 

O qeyd edib ki, kənd təsərrüfatı üçün yararlı torpaqlar öz təyinatı üzrə istifadə edilməlidir, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən bu, təmin edilməlidir; halbuki çox vaxt onların bu məsələdə tamamilə əksinə iştirakı müşahidə edilir. Ola bilər ki, dövlət başçısı tərəfindən edilən xəbərdarlıqdan sonar, bu sahədə qanun pozuculuğuna yol vermiş şəxslər ciddi cəzalandırılacaq və vəziyyət yaxşılığa doğru dəyişəcək. 

 «Kənd təsərrüfatı istehsalını stimullaşdırmaq üçün subsidiyalar verilir və bu prosedur sadələşdirilməlidir. İnhisarçılıqla daha ciddi mübarizə aparmaq lazımdır və indiki vəziyyətdə o, lazımi səviyyədə deyil», - bunları da öz nitqində prezident İlham Əliyev vurğulayıb. 

 «Mənə təqdim edilən rəqəmlərdən görünür ki, bəzi məhsullar üzrə biz özümüzü tam təmin edirik, bəziləri üzrə isə idxaldan asılı oluruq. Məsələn, istehlak etdiyimiz ətin 93%-i Azərbaycanda istehsal edilir, burada vəziyyət, demək olar ki, yaxşıdır. Quş əti istehsalı da artıb və hazırda özümüzü 80% səviyyəsində təmin edirik. Südün və süd məhsullarının  85% -i Azərbaycanda istehsal edilir. Şəkərlə özümüzü 150% təmin edirik və hətta onu ixrac da edirik. Buna görə də idxaldan asılı olduğumuz bu sahələrdə süni şəkildə qiymət artımına yol vermək olmaz», - deyə prezident bildirib. 

Bununla yanaşı, Azərbaycanda biznes mühitinin inkişafına mane olan bəlli və dəqiq problemlərin sırasında təşkilati məsələlər bir qədər arxa plana keçir, halbuki iqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu məsələ öncül yerlərdə gedir. Məsələn, ölkədə müəssisələrin işini dünya standartlarına uyğun şəkildə təşkil və idarə etməyi bacaran  savadlı menecerlərin yetərincə olmamasını göstərmək olar. 

Amma yaxşı rəhbərlik olmadan heç bir layihə tam dolğunluğu ilə gerçəkləşdirilə bilməz. Təəssüf ki, bu məsələdə və bizim təhsil sistemində olan yanlışlıqlar göz qabağındadır. Təhsil sistemi konkret menecerlik bacarığı olan peşəkar kadrların hazırlığı üzrə səylərini artırmalıdır.  Prezident İ. Əliyev bununla bağlı olaraq texniki-peşə məktəblərinin yaradılması prosesini sürətləndirməyi və onları çağdaş tələblərə uyğunlaşdırmağı, həmçinin, texniki mütəxəssislərin və menecerlərin hazırlığı üzrə xüsusi kurslar təşkil etməyi tövsiyə edib. 

«Dünya təcrübəsi göstərir ki, aparıcı transmilli şikrətlərdə bu gün neft şirkətinə rəhbərlik edən insan sabah telekommunikasiya şirkətinə başçılıq edir, bir az keçmir ki, iri qida məhsulları istehsalçısını idarə edir. Bizdə də belə olmalıdır. Buna görə də biz peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirməliyik», - deyə dövlət başçısı vurğulayıb. 

Göründüyü kimi, nəzərdə tutulan məsələlərin dairəsi yetərincə genişdir. Qarşıya qoyulan öhdəliklərin hamısına iki il ərzində çatmaq mümkün olacaqmı?  Bu suala şübhə ilə cavab vermək üçün bu gün heç bir əsas yoxdur - çünki Azərbaycan islahatların davam etdirilməsi üçün yetərincə maliyyə resurslarına və insan potensialına malikdir. Buna görə də gözləmək olar ki, regionların inkişafı üzrə ikinci dövlət proqramının gedişatının ikinci yarısı bütün ölkənin sosial-iqtisadi inkişafı üçün böyük fayda ilə gerçəkləşdiriləcək.


MƏSLƏHƏT GÖR:

529