25 Noyabr 2024

Bazar ertəsi, 21:25

«SABİT»dən «POZİTİV»ə

Reytinq proqnozunun yüksəlməsi Azərbaycanın xarici sərmayə bazarlarına çıxış imkanlarının genişlənməsinə səbəb olacaq

Müəllif:

15.03.2011

Hamıya bəllidir ki, bütün dünyada investorlar siyasi və iqtisadi sabit ölkələrə sərmayə yatırırlar. Azərbaycanda bu iki amilin olmasına hazırda heç kimin artıq şübhəsi yoxdur və bu da xarici sərmayəçilər üçün zəmanətdir. Bu bizim ölkənin dünya iqtisadi toplumuna inteqrasiyasının ən önəmli komponentidir. 

Yalnız Azərbaycanın qlobal iqtisadi böhran şəraitində və böhrandan sonrakı dövrdə öz investisiya reytinqini qoruyub-saxlaması artıq iqtisadiyyatın sabitliyi barədə ən parlaq sübutdur. Bir çox ölkələr böhran dövründə reytinq göstərcilərinin azalması problemi ilə üzləşmişdilər.  Həm də «Moody's Investors Service» martın 8-də neftin qiymətinin artması ilə bağlı ölkənin maliyyə durumunun yaxşılaşmasını və neft gəlirlərindən prusendal istifadəni əsas götürərək, Azərbaycanın reytinq göstəricisi "Ba1"ı «sabit»dən «pozitiv»ə dəyişib. 

Qeyd edək ki, reytinqin qiymətləndirilməsində ölkənin əsas üstünlükləri kimi, faydalı qazıntılar  ehtiyatının yetərincə olması, dövlət və xarici borcların səviyyəsinin aşağılılığı  göstərilir. Reytinq göstəricisinin yaxşılaşdırılmasına hökumətin neftdənkənar bölməyə yatırılmlar üzrə səylərinin davam etməsi də yardım edib. Maliyyə Nazirliyinin fikrincə, reytinq göstəricsinin artırılması ölkənin xarici kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsinə səbəb olacaq. 

Son hesabda bütün bunlar, şəksiz ki, ölkənin investisiya cazibədarlığının gücləndirilməsinə davamlı təsir göstərir ki, bu da sonrakı davamlı inkişafı təmin edir. Martda dünyanın bir çox ölkələrini təmsil edən iri biznes təmsilçiləri Azərbaycana əlavə kapital qoyuluşları barədə konkret sualları müzakirə ediblər. 

 

Konkret layihələr 

Beləliklə, yazın əvvəlində Bakıda keçirilən ikigünlük investisiya sammitinə qatılmaq üçün Almaniya, İspaniya, Fransa, BƏƏ, Böyük Britaniya, Honkonq kimi ölkələrdən 50 xarici sərmayəçi gəlmişdi. Azərbaycan İxracın və Sərmayələrin  Təşviqi Fondunun  (AZPROMO )  prezidenti Adil Məmmədovun sözlərinə görə, bu sübut edir ki, ölkədə xarici investorların fəaliyyəti üçün bütün şərait yaradılıb. 

Sammitin gedişində geniş tərkibdə məsələlərə baxılıb. Cənubi Qafqazda və Xəzər bölgəsində investisiya və biznes imkanlarından tutmuş, bank  və maliyyə xidmətlərinə, alternativ energetika bazarlarına, kənd təsərrüfatında əsas biznes imkanlarına, ərzaq məhsulları istehsalının inkişafına, telekommunikasiya və informasiya texnologiyaları sahəsinə birbaşa investisiyaların cəlb edilməsinə, Azərbaycanın infrastruktur «bum»unun maliyyələşdirilməsinə və sərmayələşdirilməsinə qədər məsələlərə toxunulub. 

Azərbaycanda intensiv inkişafın davam etdiyi nəzərə alındıqda, hökumətin prioritetləri sırasına Azərbaycanın enerji təchizatçısı kimi rolunun daha da  yüksəldilməsi, infrastrukturun möhkəmləndirilməsi, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın neftdəkənar bölmələrinin inkişafı, həmçinin, bölgədə sabitliyin və çiçəklənmənin saxlanması daxildir. Bu cür inkişaf və belə siyasət xarici investisiyalar üçün yeni imkanlar yaradır və regiona marağı artırır. 

Müzakirələrin yekununa görə, xarici investorların, əsasən, kənd təsərrüfatına, yeyinti, tikinti və maliyyə bölmələrinə, alternativ energetika imkanlarına böyük marağı qeydə alınıb. 

O cümlədən, Almaniya xarici əməkdaşlıq bürosu GIZ-in Azərbaycan üzrə direktor müavini Mark Bekmann xarici sərmayəçilərə Azərbaycanın aqrar bölməsindəki investisiya imkanlarına baxmağı təklif eləyib. 

Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı yaxşı templərlə inkişaf edir. Son illərdə illik 4% səviyyəsində sabit artım var. GIZ təmsilçisi sanır ki,  Azərbaycanın böyük investisiya imkanları mövcuddur, xarici borcun səviyyəsi aşağıdır və strateji valyuta ehtiyatlarının səviyyəsi yüksəkdir ki, bu da ölkənin makroiqtisadi sabitliyinə imkan yaradır. Bu da öz növbəsində onun investisiya cazibəsinə təsir göstərir. 

Sammitin başqa iştirakçısı - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAID-ın yerli əlaqələndiricisi Keyt Simmons isə hesab edir ki, xarici sərmayəçilər üçün iqtisadiyyatın ən perspektivli bölmələrindən biri südçülük istehsalıdır. Hazırda yerli tələbatın 20%-i idxal məhsullarının hesabına təmin edilir. 

«Orta hesabla, ölkədə bir inək  ildə 1154 litr süd verir ki, bu da Avropa ölkələri ilə müqayisədə həddindən aşağı göstəricidir. Məsələn, Hollandiyada bir inəkdən ildə 8 min litr süd alınır. Bunun üzərinə yerli istehsal südünün və süd məhsullarının Avropa Birliyi ölkələrinə və ABŞ-a ixrac imkanları nəzərə alınarsa, aydın olur ki, bu bölgə böyük inkişaf potensialına malikdir və xarici sərmayəçilər üçün cəlbedicidir. Südçülük-heyvandarlıq bölməsində məhsuldarlığın artması yemin keyfiyyətinin yaxşılaşdırılması, südün keyfiyyəti üzərində daha sərt nəzarətin gücləndirilməsi, ölkəyə süni yetişdirilmiş yüksək məhsuldarlıqlı mal-qara cinslərinin gətirilməsi və fermaların idarəetməsinin səviyyəsinin yüksəldilməsi hesabına mümkündür. Bundan başqa, südün emalı bölməsinin də investisiyalara ehtiyacı var», - deyə K.Simmons vurğulayır.

Sammitin gedişində böyük maraq bərpaolunan enerji mənbələrinə göstərilib. Avstriya-Azərbaycan Ticarət Palatasının vitse-prezidenti Qabriel Lanski bildirib ki, «Hazırda biz Avstriya biznesinin Azərbaycanın bərpa olunan enerji sektorunun  inkişafı ilə bağlı danışıqlar aparırıq». Hazırda Avstriyada istehsal edilən enerjinin 30%-i alternativ və bərpa olunan enerjinin payına düşür. Avstriya şirkətləri əmindirlər ki, onların ölkəsinin bu sahədə topladığı təcrübə Azərbaycan üçün də çox yararlı və qiymətli olacaq. 

Bu gün Azərbaycan alternativ enerji mənbələrinin inkişafı üzrə böyük potensiala malikdir,  çünki ölkədə günəş, külək, geotermal sular kimi bərpaolunan enerji resursları yetərincədir.  Bu sahənin inkişafının təmini üçün Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən bu bölməyə xarici sərmayələrin cəlb edilməsi üçün bir neçə pilot layihəyə başlanılıb. Sammitin gedişində agentliyin başçısının müavini Cəmil Məlikov ümid etdiyini bildirib ki, agentliyin vasitəsi ilə elektron kadastr yaradılacaq. «Külək enerjisinin emalı başqa mənbələrə baxanda daha ucuz başa gəlir, buna görə də yaxın beş ildə Azərbaycanda bu sahə böyük inkişaf qazanacaq», -  deyə agentliyin rəis müavini bildirir. İlkin hesablamalara görə beş il ərzində Azərbaycanda 100 alternativ elektirk enerjisi mənbəyinin yaradılması düşünülür. 

«Üçüncü Roma» investisiya şirkəti də Azərbaycana böyük maraq göstərir. «Üçüncü Roma»nın böyük əməkdaşı Yevgeni Koqan hesab edir ki, Azərbaycan investisiya baxımından daha böyük maraq kəsb edir və ölkə riskləri baxımından daha etibarlıdır, çünki müəyyən bazaya malikdir. 

Şirkət ölkənin müxtəlif maliyyə alətlərinin tətbiqi üzrə ölkənin fond bazarı üçün böyük perspektivlər görür. «Yaxın zamanlarda burada Rusiyada və ya Londonda olduğu kimi hər hansı bir ciddi fondun yaranacağına ümid etmirəm,  - bu sadəcə uzun yoldur, amma şübhəsiz, buradakı müəssisələr xarici investisiyalara ehtiyac duyurlar və onlar borc öhdəlikləri üzrə yetərincə yaxşı ödənişlər edə bilərlər. Azərbaycan müəssisələrinin səhmlərinə və ya inkişaf etmiş maliyyə bazarlarında konvertə olunmuş istiqrazlara maliyyə yatırmaq mümkündür - bunlar gələcəkdə də mümkün olacaq və buraya investisiyalar cəlb oluna bilər», - deyə Y.Koqan vurğulayıb. 

 

Cazibədar şərtlər 

Göründüyü kimi, Azərbaycana investorların cəlb edilməsi üçün yetərincə müxtəlif profilli layihələr var. Bu gün respublika Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq ərəfəsindədir və ölkənin bu quruma üzv olması xarici sərmayəçilər üçün daha yeni imkanlar açacaq, həmçinin, ölkənin beynəlxalq inteqrasiyası üçün də şərait yaradacaq. 

Halbuki hazırda Azərbaycan dünya iqtisadiyyatına yetərincə inteqrasiya edib. AZPROMO prezidenti Adil Məmmədov bildirir ki, buna sübut kimi, son 15 ildə Azərbaycan iqtisadiyyatına $95 mlrd sərmayə qoyulmasını göstərmək olar ki, bunun $52 mlrd.-ı xarici sərmayələrin payına düşür. Bu zaman, 36% -dən artıq sərmayə birbaşa yatırılıb ki, bu da ölkədə sərmayələr üçün əlverişli investisiya mühiti olmasına sübutdur. 

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov hesab edir ki, Azərbaycan investisiya sammiti kimi tədbirlər ölkədə əlverişli investisiya mühitinin olmasına bir növ sübutdar və tədbirdə iştirak edən investorların ölkə iqtisadiyyatının inkişafı barədə məlumatlandırılmasında böyük rol oynayır. 

«Azərbaycan hökuməti hazırda ölkədəki iqtisadi durum, onun üstünlükləri və ölkənin əlverişli tərəfdaşa çevrilməsi baxımından imkanları  barədə dünya ictimaiyyətinə geniş məlumat vermək üçün böyük iş görür. Dünya Bankının proqnozlarına görə, artıq ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Valyuta ehtiyatları xarici borc göstəricisini üç dəfə üstələyir və bu, ölkənin qlobal böhran baxımından makroiqtisadi sabitliyinin əsas sübutlarından biridir», - deyə nazir müavini vurğulayıb. 

Onun sözlərinə görə, beynəlxalq miqyasda Azərbaycan keyfiyyətcə yeni status qazanıb və aşağıgəlirli ölkələr sırasından ortagəlirli ölkələr sırasına çıxıb. 

Ölkənin strateji valyuta rezervləri xarici borcu üç dəfə üstələyir ki, bu da  qlobal böhranın sonucları baxımından makroiqtisadi sabitliyinin əsas göstəricilərindən biridir. Bütün bunlar təbii ki, ölkəyə investisiya yatırımlarını artıracaq və dövlətin iqtisadi gücünü yüksəldəcək. 


MƏSLƏHƏT GÖR:

525