
LİVİYA VƏTƏNDAŞ MÜHARİBƏSİ BURULĞANINDA
Yaxın və ön Şərqdə Geosiyasi durumu dəyişəcək Ərəb inqilabının sonuna hələ çox var
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Liviyada hadisələr iki istiqamətdə inkişafını davam etdirir. Müəmmar Qəddafi beynəlxalq legitimliyini getdikcə daha çox itirir və dünya ictimaiyyətinin gözündə qanunsuz rejimə çevrilir. Ona artıq ərəb dünyasında da belə yanaşırlar.
Bununla yanaşı, Qəddafi qiyamçıların xeyli zəiflədilməsinə, Liviyanın böyük hissəsində öz nəzarətini bərpa etməyə nail olub. Amma bu heç də o demək deyil ki, «Liviya inqilabının lideri» uğur qazanacaq. Liviyada vətəndaş müharibəsi davam edir və onun sonunu proqnozlaşdırmaq mümkün deyil.
Qəddafi: qəzəbli və rədd edilmiş
Martın ortalarında Qəddafiyə sadiq olan hökumət qüvvələri bir sıra böyük qələbələrə imza atdı. Əvvəlcə ölkənin qərbində - Əz-Zaviyə şəhərində müxalifətin müqaviməti qırıldı. Daha sonra Qəddafini dəstəkləyən qüvvələr Liviyanın şərqindəki Misrat, Bobruk şəhərlərinə, həmçinin, Ras-Lanuf neft limanına nəzarəti ələ aldılar. Bunun ardınca Qəddafi Liviyanın neft sənayesində daha bir vacib obyekt olan Marsa-əl-Brequ şəhərində nəzarəti ələ keçirdi. Bu, hökumət qüvvələri üçün Benqaziyə yolun açılması demək idi. Müxalifət qüvvələrinin əsas mövqeyi isə məhz Benqazidir. Müvəqqəti Hökumət - Liviya Milli Şurası da elə ölkənin şərqində yerləşən bu şəhərdə qurulub. Xatırladaq ki, bu Şura özünü ölkənin ali hakimiyyəti elan edib.
Odur ki, yəqin ki, Liviyada vətəndaş müharibəsinin sonrakı gedişi və polkovnik Qəddafi rejiminin taleyi Benqazidəki döyüşün nəticəsindən asılı olacaq.
Dünya ictimaiyyəti isə artıq Liviya hakimiyyəti ilə bağlı siyasi hökmünü çıxarır. Qəddafi Qərbi məğlub olacağı təqdirdə, Liviyanın və bütünlükdə Şimali Afrikanın «Əl-Qaidə» terrorçularının əlinə keçəcəyinə inandırmağa çalışsa da, beynəlxalq arenada onun mövqeyi hər ötən gün bir az da zəifləyir.
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron birlikdə Qəddafinin istefasına nail olmaq, Liviyada zorakılığa son qoymaq qərarına gəliblər. «Liviyada zorakılığın dərhal dayandırılması, mümkün qədər tez vaxtda Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması birgə məqsəd olmalıdır. Hakimiyyət Liviya xalqının gözləntilərinə cavab verən, azad hökumətə ötürülməlidir», - deyə Ağ evin mətbuat xidmətinin Obama-Kemeron görüşündən sonra açıqladığı bəyanatda bildirilir.
Avropa İttifaqı, öz növbəsində, Liviyanın Mərkəzi Bankı, İnvestisiya İdarəsi və daha 3 maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib. Söhbət xüsusilə Liviya İnvestisiya İdarəsinin Avropadakı aktivlərinə həbsin qoyulmasından gedir. Onun bu aktivləri 70 milyard dollardır (bu qurum İtaliyanın «Yuventus» futbol klubunun səhmlərinin bir hissəsinə, «Fiat» avtomobil istehsalçısı, İtaliyanın müdafiə sektorunda fəaliyyət göstərən «Finmeccanica SpA», həmçinin, Britaniyanın «Pearson» nəşriyyat evinin paylarına sahibdir).
Avropanın Liviyadaxili münaqişə ilə bağlı siyasi mövqeyi əvvəlcə Fransanın müxalifətçi Milli Şuranı tanıması ilə özünü göstərib. Paris artıq bu qurumu Liviyanın qanuni hökuməti saydığını bəyan edib. Daha sonra Avropa İttifaqı Qəddafi rejimini Liviyanın qanuni hakimiyyəti saymadığını açıqlayıb. Bu qərar qurumun fövqəladə toplantısında qəbul edilib. İclasda Avropa dövlətlərinin liderləri Qəddafini təcili olaraq hakimiyyətdən getməyə çağırıb.
Amma Qəddafi rejiminə qarşı kampaniya yalnız Qərblə məhdudlaşmır. Rusiya prezidenti Dmitri Medvedev BMT Təhlükəsizlik Şurasının Liviyaya sanksiyaları nəzərdə tutan qətnaməsinə əməl edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam xüsusilə Rusiyadan Liviyaya bütün növ silah-sursatın, hərbi texnikanın satışını qadağan edir. Bundan başqa, Liviyaya hərbi xarakterli yardım və xidmətlərin göstərilməsi də qadağan olunub. Rusiya ərazisində Liviyaya aparılan və Liviyadan gətirilən bütün mallar yoxlanılacaq. Təbii ki, onların hərbi xarakterli olduğuna dair məlumat əldə edildiyi halda.
Ən vacibi isə ərəb dövlətləri liderlərinin də Qəddafiyə qarşı çıxmalarıdır. Fars körfəzi ölkələri Liviyanın hakim rejimini qeyri-qanuni elan edib. «Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Liviyanın hazırkı rejimini qanunsuz sayır və Milli Şura ilə münasibətlərin qurulmasını vacib hesab edir», - deyə regional qurumun XİN başçılarının bəyanatında bildirilir.
Qeyd edək ki, bu təşkilata Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxildir.
Bundan bir qədər sonra Liviya Milli Şurasını tanımaq və onunla münasibət qurmaq qərarı Ərəb Dövlətləri Liqasında (ƏDL) da qəbul edilib. Quruma üzv dövlətlərin XİN başçıları səviyyəsində Qətərdə keçirilmiş fövqəladə toplantıda Qəddafi rejiminin legitimliyini itirdiyi elan olunub. Buna səbəb kimi onun öz xalqına qarşı yol verdiyi cinayətlər göstərilib.
Ərəb inqilabı davam edir
Amma Qəddafinin tezliklə hakimiyyətdən getməsi tələbini irəli sürən beynəlxalq güclərin heç biri hazırkı rejimin devrilməsindən sonra bu ölkədə yarana biləcək vəziyyəti tam təsəvvür etmir. Görəsən, Qəddafi rejiminin devrilməsindən sonra Liviya xaos və vətəndaş qarşıdurmasının çoxdan adi həyat tərzinə çevrildiyi Əfqanıstan, yaxud Somali olmayacaq ki? Bəlkə Liviya neftinin gələcək nəqli perspektivlərindən narahat olan Qərbin istədiyi də elə məhz budur?
Digər yandan, Liviyada hakimiyyətə Qərbin maraqlarına tam zidd olan qüvvələr - radikal islamçılar gəlməyəcək ki? Üstəlik, Qəddafi özü də ölkəsində baş verənlərdə Üsəma bin Ladenin əlinin olması haqda bəyanatlar səsləndirməkdən yorulmur.
Bütün bu məqamlara baxmayaraq, bir məsələ aydındır: Qərb Qəddafi ilə bütün dialoq körpülərini yandırıb. Fransa prezidenti Nikola Sarkozi, hətta Liviyanın Qəddafinin nəzarətində olan hissələrinə dəqiq aviasiya zərbələrinin endirilməsini təklif edir. ABŞ və Böyük Britaniya liderləri öz növbələrində Liviyada baş verənlərin qarşısını almaq üçün bütün mümkün variantların nəzərdən keçirilməsinin mümkünlüyünü bildirir. Burada söhbət həm də NATO qüvvələrindən istifadədən gedir.
Amma söhbət hələ ki Liviyanın hava məkanında hərbi aviasiyanın uçuşu üçün qadağan olunmuş zonanın yaradılmasından o tərəfə keçmir. Yeri gəlmişkən, bu təklifə ƏDL də razılıq verib. Amma Liviya üzərində uçuş üçün qadağan olunmuş zonanın elan edilməsinə yalnız BMT TŞ qərar verə bilər. Burada isə Liviyada baş verənlərə kənar müdaxiləni yersiz sayan Rusiya ilə Çinin əsas maneəyə çevrilə biləcəyi də mümkündür.
Qərb KİV-də Vaşinqtonun Liviya müxalifətinin silahlandırılmasına dair gizli plan hazırlaması haqda xəbərlər yayılıb. Qəddafini dəstəkləyən qüvvələrin müxalifətin mövqelərinə hücumlarının Birləşmiş Ştatları daha fəal olmağa sövq edə biləcəyini ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper də Senatdakı dinləmələr zamanı etiraf edib. Onun sözlərinə görə, Amerika xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq, belə qənaətə gəlmək olar ki, hazırda Liviyada tərəflər arasında qarşıdurmada «heç-heçə»dirsə, daha uzaq perspektivdə Qəddafi rejimi qələbə qazanacaq.
Amerikanın Liviya hökumətinə yardım layihəsi sonuncunun silahlandırılmasını - Benqaziyə tankəleyhinə raketlərin, minaatanların, həmçinin, hökumətin zirehli maşınları və HHQ-nin aviazərbələrini zərərsizləşdirmək üçün «yer-hava» tipli raketlərin verilməsini nəzərdə tutur. Bunun Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Lakin Ər-Riyada olan ümidlər özünü doğrultmaya da bilər. Məsələ yalnız ABŞ-ın Fars körfəzindəki ən yaxın müttəfiqinin Liviyada baş verənlərə müdaxilə etmək istəməməsində deyil. Məsələ ondadır ki, hazırda Səudiyyə Ərəbistanının özündə də tam sakitlik hökm sürmür. Bir tərəfdən, Bəhreyndə baş verənlərdən ruhlanmış şiə azlıq Səudiyyə rəhbərliyindən narazılığını getdikcə daha açıq şəkildə ortaya qoyur. Digər yandan, onlar sosial şəbəkələrdə ölkənin məhdudiyyətsiz monarxiyadan konstitusion monarxiyaya çevirmək haqda çağırışlar etməyə başlayıb.
Odur ki, Yaxın və Ön Şərqdə geosiyasi durumu dəyişəcək ərəb inqilabının sonuna, yəqin ki, hələ çox var.
MƏSLƏHƏT GÖR: