Müəllif: İrina XALTURİNA Bakı
2011-ci ilin əvvəli qorxulu gəldi - Moskvanın «Domodedovo» aeroportunda dəhşətli terror aktı, bir çox ərəb ölkələrini bürümüş xalq üsyanları, Liviyada vətəndaş müharibəsi, Yeni Zelandiyanın Kraystçerç şəhərinə ciddi ziyan vuran zəlzələ, Avstraliyanı dağıdan qorxunc «Yasi» siklonu - burada küləyin sürəti hətta saatda 300 kilometrə çatırdı. Və nəhayət, martın 11-də bütün dünyanın diqqəti Yaponiyaya yönəldi. Gündoğar ölkədə baş vermiş 8,9 bal gücündə zəlzələ Yaponiyanın müasir tarixində qeydə alınmış ən güclü yeraltı təkandır. Onun episentri Miyaqi prefekturasının 130 kilometrliyində olub.
Bundan dərhal sonra Yaponiyanın şimal-şərq sahillərini nəhəng sunami dalğaları vurdu. Bəzi yerlərdə (məsələn, Senday şəhər limanında) dalğaların hündürlüyü 10 metrə çatıb. O, 5 kilometrədək şəhərin içinə gedib. Həmin gün fəlakətin əsas səbəbkarı da zəlzələ yox, məhz sunami idi. Okeana yaxın ərazidə yerləşən yaşayış məntəqələri, demək olar ki, tamamilə suyun altında qalıb.
Yəqin ki, dünya belə hadisəyə ilk dəfə şahidlik edirdi. 2004-cü ilin dekabrında İndoneziyada baş vermiş dağıdıcı zəlzələ və sunaminin görüntüləri bir müddət sonra yayılmışdısa, Yaponiya ərazisini vuran nəhəng dalğaların törətdiyi faciə küçələrdə quraşdırılan saysız-hesabsız kameraların hesabına bir sıra telekanallarla canlı yayımlanırdı.
Bu görüntülər xüsusilə bədbin ruhlu insanlarda əsl apokalipsis əhvalı yaratdı. Üstəlik, hazırda internetdə Yaponiyadakı zəlzələ ilə Günəşdə baş vermiş partlayışlar və həmçinin, martın 19-da Yerə ən yaxın məsafədə olacağı barədə faktlar arasında əlaqə geniş müzakirə olunur. Bundan başqa, ekspertlərin sözlərinə görə, Yaponiya sahillərində baş vermiş zəlzələ Yerin oxunu 15 santimetr dəyişməsinə, hətta sutkanın 1,6 mikrosaniyə qısalmasına səbəb olub.
Həqiqətən də, baş verənlər dünyanın sonu ilə bağlı Hollivud filmini xatırladır - kökündən çıxmış ağaclar və dağılmış evlər, okeandan sahilə atılmış nəhəng gəmilər, oyuncaqları xatırladan əzilmiş saysız-hesabsız avtomobillər, dağılmış körpülər və estakadalar, qabarmış yollar.
Təbii fəlakət nəhəng ərazidə elektrik enerjisinin kəsilməsinə, su və qaz verilişinin dayanmasına, neft emalı ilə məşğul olan müəssisələr də daxil olmaqla, bir çox yerlərdə çoxsaylı yanğınlara səbəb olub. Ölkənin bir çox ərazisində nəqliyyatın hərəkəti tam kəsilib.
Fəlakət qurbanlarının və yaralıların sayı hələ dəqiqləşdirilir. Lakin ilkin hesablamalara görə, yalnız Minamisanriku liman şəhərində 9,5 min insan itkin düşüb.
Alimlər bildirir ki, 7 baldan güclü zəlzələlər hələ 1 ay ərzində Honsyu adasında təkrarlanacaq.
Təbii fəlakətdən sonrakı ilk saatlarda Yaponiya hökumətini maddi zərər və ya xilasetmə prosesinin gedişi yox, zəlzələ və sunaminin yerli AES-in fəaliyyətinə təsiri daha çox narahat etməyə başlayıb. Təbii fəlakətdən sonra ölkədə fəaliyyət göstərən 54 reaktordan 10-nun işi dayanıb. Martın 12-də isə Tokionun 250 kilometr şimal-şərqində yerləşən və reaktorun avtomatik soyudulması sisteminin sıradan çıxdığı «Fukusima-1» AES-də partlayış baş verib. Xoşbəxtlikdən bu, reaktora təsir etməyib və ən qorxulu ssenaridən qaçmaq mümkün olub. Amma radiasiya sızmasının qarşısı tam alınmayıb. Nəticədə, baş nazir Natoto Kan AES-in 20 kilometrliyində yaşayan əhalinin evakuasiyasına tapşırıq verib. Şəhərin digər sakinlərinə evlərini tərk etməmələri, kondisionerləri söndürmələri, krandan su içməmələri tövsiyə olunub.
Martın 13-ü səhər saatlarında artıq 6 reaktorun soyutma sisteminin sıradan çıxdığı elan olunub: bunlar «Fukusima-1» AES-in 1-ci, 2-ci və 3-cü reaktorları, «Fukusima-2» AES-in isə 1, 2 və 4-cü reaktorlarıdır. İndi reaktorları dəniz suyu vasitəsilə soyutmağa çalışırlar. Bundan başqa, Miyaqi prefekturasındakı «Onahava» AES-də fövqəladə vəziyyət elan edilib.Beləliklə, Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom zərbəsi endirilməsindən, təxminən, 70 il sonra Gündoğar ölkə yenidən radioaktiv zəhərlənmə təhlükəsi ilə üz-üzə qalıb.
Bunun fonunda bütün dünyada nüvə enerjisindən dinc istifadəyə inam nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Fəlakətdən sonrakı ilk saatlarda Yaponiyaya dəymiş maddi zərərin 10 milyardlarla dollara çatacağı aydın idi. Yaponiyanın baş naziri Kanın sözlərinə görə, onun ölkəsi İkinci dünya müharibəsindən sonra ən ciddi böhranla üzləşib. Bir faktı xatırlatmaq kifayətdir ki, sözügedən AES Yaponiyada enerji tələbatının, təxminən, 30%-ni təmin edir. Təbii fəlakətin ölkənin balıqçılıq təsərrüfatına da ciddi zərbə vurduğu aydındır.
«Nissan», «Toyota» kimi avtomobil istehsalçıları Yaponiya ərazisində istehsalı dayandırdıqlarını elan ediblər.
Siyahını xeyli uzatmaq da mümkündür.
Baş verənlərin Yaponiya iqtisadiyyatına nə qədər təsir edəcəyini dəqiq söyləmək hələ ki çətindir. Amma nikbinlik üçün əsaslar əlbəttə ki, çox azdır. Xüsusilə nəzərə alsaq ki, ölkənin təbii fəlakətədək də iqtisadi problemləri az deyildi, məsələn yığılan böyük məbləğdə xarici borc, üstəlik, ölkədə siyasi böhran öz həllini gözləyirdi. İndi isə Yaponiyada istehlakçıların fəallığı da xeyli zəifləyəcək, sığorta şirkətləri milyonlarla ödəniş etmək öhdəliyi qarşısında qalacaq.
Dünya iqtisadiyyatından da yaxşı nəsə gözləmək olmaz. Çünki Yaponiya dünyada iqtisadiyyatının həcminə görə, 3-cü ölkədir. Üstəlik, Yaxın Şərqdəki təlatümlər də bu baxımdan mənfi faktor sayıla bilər.
İndi bizi sunamiyə bərabər ikinci zərbə - yeni qlobal iqtisadi böhran gözləyə bilər.
Yaponiyada zəlzələ, kompyuterlər və digər texnologiyaların yaranmasına baxmayaraq, bəşəriyyətin yüzilliklər əvvəl olduğu kimi, indi də təbii fəlakətlər qarşısında hələ aciz qaldığını sübut etdi. Dünyanın yüksək texnologiyaların ən sürətli inkişaf etdiyi ölkələrindən biri, iqtisadiyyatının həcminə görə 3-cü yerdə olan dövlət öz müdafiəsi üçün heç nə edə bilmədi.
Üstəlik, təəssüflə qeyd olunmalıdır ki, dünyada Yaponiya kimi dövlətlər o qədər də çox deyil.
Odur ki, bu hadisənin istənilən az inkişaf etmiş ölkədə baş verməsi daha ciddi fəlakətlərə səbəb olardı. Gündoğar ölkədə dünyanın ən seysmik davamlı binaları tikilir. Son hadisə zamanı bu, bütün dünyaya bir daha sübut olundu - Tokiodakı evlərin əksəriyyəti, həmçinin, göydələnlər zəlzələ nəticəsində dağılmadı. Yaponlara daim belə hallarda necə davranmalarına dair keçilən təlimlər də neçə-neçə insan həyatını xilas etdi.
Amma fəlakət yenə də hamıdan güclü çıxdı.
Bütün bunlarla yanaşı, yaxşılara ümid edək - birincisi, təbiətin mərhəmətinə, ikincisi, Yaponiyanın hər şeyi geridə qoya biləcəyinə. Axı, bu ölkənin sakinləri mətanət və əməksevərliyi ilə indiyədək dəfələrlə möcüzələr yaradıblar.
MƏSLƏHƏT GÖR: