13 Mart 2025

Cümə axşamı, 02:26

ŞƏRQ QONŞULUĞUNDAN ŞƏRQİ AVROPAYA

Avropa Şurasının eksperti hesab edir ki, Azərbaycanın Avropa ittifaqına üzvlük qərarına ilk dəstək polşadan gələcək

Müəllif:

15.03.2011

Polşalı ekspert, siyasət və diplomatiya sahəsində mütəxəssis olan Katarjina Pisarska «R+» jurnalına müsahibəsində Varşavanın «Şərq tərəfdaşlığı» proqramına münasibəti, ölkəsinin postsovet ölkələri, xüsusilə Cənubi Qafqaz dövlətləri ilə bağlı siyasəti, Azərbaycanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivi, həmçinin, Rusiya-Polşa münasibətləri haqda danışıb.

- Söhbətimizin əvvəlində sizin Avropanın böyük dövlətlərindən olan Polşanın xarici siyasi prioritetlərinə verdiyiniz qiymətlə tanış olmaq istərdik.

- Uzun illər ərzində Polşanın xarici siyasətində əsas prioritet NATO və Avropa İttifaqına üzvlük olub. Bu məqsədə çatdıqdan sonra (Polşa 1999-cu ildə NATO-ya, 2004-cü ildə isə Aİ-yə qəbul edilib), Polşanın əsas hədəfi bu təşkilatlarla əməkdaşlığın gücləndirilməsidir. Varşava qonşu ölkələrdə Avropa İttifaqının mövcudluğunun genişləndirilməsinə çalışır. Bu, xüsusilə Şərqə aiddir. Bu səbəbdən də Polşa İsveçlə birlikdə «Şərq tərəfdaşlığı» təşəbbüsü ilə çıxış edib. Burada məqsəd viza razılaşmaları, azad ticarət, strateji tərəfdaşlığa dair razılaşmaların müzakirəsi üçün institutlaşdırılmış forumun yaradılmasıdır. Söhbət Avropa İttifaqının şərq qonşularından, həmçinin, Cənubi Qafqazdan gedir. Hesab edirik ki, Avropa İttifaqı ilə daha geniş inteqrasiya hamı üçün sabitlik, təhlükəsizlik və çiçəklənməyə zəmanətdir.

Polşanın digər xarici siyasi prioritetləri arasında Aİ-nin vahid enerji siyasətinə əməl olunmasını, daxili bazarın genişləndirilməsini, ümumi təhlükəsizlik və müdafiə siyasətinin gücləndirilməsini göstərmək olar. Əlbəttə ki, bütün bunlar NATO ilə rəqabət şəraitində yox, əməkdaşlıq vasitəsilə reallaşdırılmalıdır. Məhz bu qurumun kollektiv müdafiə prinsipi Polşanın təhlükəsizliyinin əsasını təşki edir.

- Polşadan söhbət gedən zaman istər-istəməz Smolensk üzərində prezident Lex Kaçinski və digər vəzifəli şəxslərin ölümü ilə nəticələnmiş təyyarə qəzası yada düşür. Faciədən dərhal sonra çoxları Rusiya-Polşa münasibətlərində yeni gərginlikdən danışmağa başlamışdı. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvili bu məsələdə Rusiyanın rolunun olduğunu bildirib. Polşanın sabiq prezidenti Lex Valensa da texniki problemlərdən söhbət getmədiyini söyləyib. Bu məsələyə sizin yanaşmanız nədən ibarətdir?

- Smolensk yaxınlığında baş vermiş faciə kimi miqyaslı hadisə zamanı həmişə sui-qəsd versiyası da irəli sürülür. Bu, xüsusilə söhbət rəmzi gündə baş verdikdə aktual olur: Polşa prezidenti Stalin dövrünün ən dəhşətli kütləvi qırğın nəticəsində öldürülmüş 22 min polşalı əsgərin xatirəsini yad etmək üçün Smolenskə Rusiya istehsalı olan  təyyarədə uçurdu. Bir məqamı açıq demək lazımdır: Smolensk üzərindəki faciəyə səbəb olacaq hər hansı hücum və ya təxribata dair bir dənə də sübut yoxdur. Həm Rusiya, həm də Polşa istintaqçıları bildirir ki, qəza səhlənkarlıqdan yol verilmiş bir sıra yanlışlıqlar üzündən baş verib. Polşa və Rusiya ekspertlərinin fikrinin haçalandığı yeganə məqam üzə çıxmış yanlışlıqlarda kimin günahkar olması ilə bağlıdır.

Qeyd olunmalıdır ki, Polşa Rusiyanın rəhbərlik etdiyi Dövlətlərarası Aviasiya Komitəsinin ilkin hesabatını rədd edib (hadisə Rusiya ərazisində baş verdiyindən təhqiqatın aparılması, faciə ilə bağlı rəsmi hesabatın hazırlanması ona tapşırılıb). Rusiya tərəfi qəzanın birmənalı olaraq polşalı pilotların təqsirindən baş verdiyini elan edib. Onlar rusiyalı aviadispetçerlərinin heç bir günahının olmadığını bəyan edib. Polşalı istintaqçılar isə müəyyənləşdirib ki, günahın bir qismi Smolenskdəki əyalət aerodromunun rus dispetçerlərindədir. Polşa hökuməti hesab edir ki, həmin reysin təhlükəsiz şəkildə uçuşunun təmininə nə Polşa, nə də Rusiya tərəfi hazır olub. Odur ki, uçuşa məsul olan hər bir şəxs məsuliyyəti üzərinə götürməlidir - həm ruslar, həm də polyaklar. Çünki yalnız faciə ilə bağlı bütün həqiqətin üzə çıxması Polşa ilə Rusiya arasında uzunmüddətli yaxınlaşmanı təmin edə bilər.

- Amma Rusiya-Polşa münasibətlərindəki sərinlik bu gün və ya dünən başlamayıb...

- Polşa-Rusiya münasibətləri obyektiv olaraq, hələ də tarixi keçmişlə müəyyənləşir. Yalnız ötən yüzillikdə Rusiya Polşaya 2 dəfə hücum edib - biri uğursuz (1922) olsa da, ikinci hücum Polşanın Hitlerlə Stalin arasında bölüşdürülməsi ilə nəticələnib (1939-1945). Yalta razılaşması əsasında Polşa SSRİ-nin nəzarətinə verilib və 40 ildən artıq müddətdə əlaltı dövlət kimi yaşayıb. Kommunizm zorla qəbul etdirilib və polyaklar arasında ciddi müqavimətlə üzləşib. «Həmrəylik» həmkarlar ittifaqı təşkilatı sosialist düşərgəsində ən nəhəng müxalifət hərəkatı olub və 1989-cu ildə kommunist rejiminin çökməsində böyük rol oynayıb. 

Bir sözlə, 1989-cu ilədək böyük qonşumuz polyaklara az əzab verməyib. Katındakı faciəni, yüz minlərlə polyakın Sibir və Qazaxıstana sürgününü, 1945-ci ildən sonra müxalifət liderlərinin həbsi və qətlini unutmaq mümkün deyil.

Yalnız 1989-cu ildə Polşa müstəqilliyini və suverenliyini bərpa edərək, geosiyasi baxımdan «Rusiyanın təsir əhatəsin»dən kənarlaşıb. Qərbin institusional sistemlərinə (Aİ və NATO) qoşulma hesabına Polşada siyasi və iqtisadi yenidənqurma gedib. Bu gün Polşa dünyanın ən inkişaf etmiş, demokratik və zəngin 30 ölkəsi sırasına daxildir. Bu bizim uğurumuzdur. Amma yenə də xarici siyasətdə əsas çağırışlardan biri hələ də imperiya kimi xatırlanan Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılmasıdır. Bu gün normal münasibətlərin qurulması çətindir. Çünki Rusiya hələ də regionda sabitliyi pozan qüvvə olaraq qalır (Rusiya-Gürcüstan müharibəsi, Çeçenistan savaşı,, digər dövlətləri şantaj etmək üçün enerji resurslarından istifadə). Polşa Şərqi Avropa və Cənubi Qafqazı dinc, sülh şəraitində yaşayan firavan region kimi görmək istəyir. Buradakı müstəqil dövlətlərin müstəqil qərarlar qəbul edə bilməsini arzulayır. Rusiyaya etibar etmək üçünsə bu istiqamətdə onlarla birgə fəaliyyət göstərdiyimizə əmin olmalıyıq.

- Polşanın sabiq prezidenti Lex Kaçinski 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə gedən zaman Tbilisini dəstəkləmişdi. Daha sonra o, Polşada ABŞ-a məxsus hava hücumundan müdafiə sisteminin yerləşdirilməsinə razılıq vermişdi. Varşava üçün Avropanın Rusiyanın təsirindən qorunması məqsəddirmi?

- Nə qədər ki, Rusiya ritorikasında dəyişiklik etməyib, Polşa, təbii ki, Qərbdən olan müttəfiqlərinə arxalanacaq, təhlükəsizliyinin, həmçinin, regionda demokratiyanın yayılmasının təminində buna əsaslanacaq. Polşa ümumi dəyərlərə əsaslanan təhlükəsizliyə üstünlük verir. Kommunizm rejimində yaşamış cəmmiyyətlər üçün azadlıq çox vacibdir. Çünki onlar uzun illər belə azadlıqdan məhrum olub. Beləliklə, Polşa bütün dünyada azadlıq uğrunda mübarizə aparan hərəkatlara, idealları praqmatik hesablamalardan yuxarıda saxlamağa daha meyillidir.

- Polşanın Gürcüstanın NATO-ya qəbuluna xüsusi maraq göstərməsi nə ilə bağlıdır?

- Polşa hesab edir ki, NATO-ya üzv olmağı arzulayan, ümumi təhlükəsizliyə töhfə verməyə çalışan istənilən dövlətə bu hüquq verilməlidir. Bu, Cənubi Qafqaz ölkələri də daxil olmaqla, bütün dövlətlərə aiddir. Gürcüstanın bu məsələdə tam aydın mövqeyi var və o, dəfələrlə NATO-ya üzv olmaq istədiyini bəyan edib. Nə vaxt ki üzvlüyə hazır olacaq, ona bu imkan yaradılmalıdır.

- Və sonda, Azərbaycanla Polşa arasında münasibətlərin öz tarixi var. Polşa Avropa İttifaqının ən fəal üzvlərindəndir. O, Azərbaycanın Avropa İttifaqına sıx inteqrasiyası cəhdlərini necə dəstəkləyir?

- Avropa İttifaqına üzvlük hər bir dövlətin yaxşı düşünülmüş, yaxşı anlayışla verdiyi qərar olmalıdır. Bu, ərizə ilə müraciət edən dövlətdən böyük hazırlıq işləri tələb edir. Üzvlük uzun və çətin prosesdir. Polşa bu işə 10 il vaxt sərf edib. Azərbaycan Avropa İttifaqına üzv olmaq qərarı qəbul edərsə, hazırlıq prosesinə başlayarsa, Polşa onun bu qərarını dəstəkləyən ilk dövlət olacaq. Amma əvvəlcə Azərbaycan özü Avropa İttifaqına üzvlüyün nə demək olduğunu, ərizə ilə müraciət etmiş dövlətdən nələrin tələb edildiyini anlamalıdır.

Polşa «Şərq tərəfdaşlığı»nın yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Bu proqram Cənubi Qafqaz ölkələrinə də aiddir. O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin möhkəmlənməsi və dərinləşməsi üçün yaxşı əsasdır.


MƏSLƏHƏT GÖR:

553