14 Mart 2025

Cümə, 20:52

ÇÖZÜM SÜLHLƏ BİTƏCƏKMİ?

İstənilən halda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi bu ilin gündəmində olacaq

Müəllif:

15.03.2011

Martın 5-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dalandan çıxış yollarının axtarıldığı üçtərəfli görüş keçirildi. Bu, son illər ərzində eyni formatda baş tutan sayca 8-ci görüş idi. Görüşün sonunda qəbul olunan birgə bəyanatda deyilir: «Prezidentlər 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüş zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakrə edərək, həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəliblər:

1. Qısa müddətdə hərbi girovların dəyişdirilməsini başa çatdırmaq.

2. Bütün məsələləri sülh yolu ilə çözmək, qoşunların təmas xəttində mümkün insidentlərin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin himayəsi ilə tədqiqi.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mütəmadi əlaqələrinin vacibliyini qeyd edərək, onu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən əlavə, bu formatda da davam etdirmək haqda razılığa gəliblər».

Görüşün rəsmi hissəsi çox uzun çəkib. Prezidentlərin xizək gəzintisi və işgüzar nahar zamanı apardıqları qeyri-formal söhbət daha vacib və səmərəli keçib. Azərbaycan və Ermənistan prezidentlərinin yüksək səviyyədə keçirdikləri  danışıqlarla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşlər də keçirib.

Rusiya prezidenti Dmitri Medvedev həmkarları ilə ikitərəfli formatda yalnız Qarabağ münaqişəsindən yox, digər problemlərdən də danışıb. Ermənistan prezidenti Serj Sarqsyanla onun bir müddət əvvəl Sankt-Peterburqda bir araya gəldiyini nəzərə alsaq, Dmitri Medvedevin azərbaycanlı həmkarı İlham Əliyevlə söhbəti daha uzun çəkib.

Soçidə qəbul edilmiş sənədi nə qədər istəsək də, dolğun adlandırmaq çətindir. Amma görünür, görüş zamanı aparılmış fikir mübadiləsi münaqişə tərəflərinin mövqelərinin yaxınlaşmasının mümkünlüyü baxımdan müəyyən nikbinlik yaradıb. Ermənistan və Azərbaycanın yüksəkvəzifəli nümayəndələrinin açıqlamaları belə düşünməyə əsas verir.

«Novosti-Armeniya»nın məlumatına görə, S.Sarqsyan martın 10-da Riqada erməni diasporu nümayəndələri ilə görüşdə deyib: «Cəmi 1 həftə əvvəl mən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı nəticənin, müsbət meyillərin olduğunu  deyə bilməzdim. Lakin martın 5-də Soçidə keçirilmiş görüşdən sonra, demək olar ki, Azərbaycan tərəfinin mövqeyində müəyyən irəliləyiş var».

Bakıda da müsbət bəyanatlar səsləndirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi mətbuat konfransında bildirib ki, Soçi görüşündə kostruktiv məqamlar qeyd olunub və tərəflər həmin məqamlarla bağlı danışıqları davam etdirəcək: «Prezidentlərin tapşırığı ilə tezliklə xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri  martın 15-də Bakıya gələcək, buradan da Yerevana yollanacaq».

Bu, vacib məqamdır. Çünki Qarabağ probleminin həlli baxımdan ötən ilin yekunları nikbinliyə əsas vermirdi. Xatırladaq ki, ATƏT-in Astana sammitində Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətləri birgə bəyanat qəbul etsə də (prezidentlər İlham Əliyevlə Serj Sarqsyan da ona qoşulmuşdular), danışıqlarda irəliləyişə nail olunmamışdı.

Hərbi hazırlığın güclənməsi və hərbi ritorikanın artması belə düşünməyə əsas verirdi ki, yaxın vaxtlarda yüksək səviyyədə görüş baş tutmayacaq.  Azərbaycan tərəfi birmənalı şəkildə bildirirdi ki, danışıqlar xətrinə danışıqlara, yaxud dialoq imitasiyasına getməyəcək.

Qoşunların təmas xəttində insidentlərin sayı artır, hərbçilər və dinc sakinlər arasında ölüm halları baş verirdi. Nüfuzlu xarici KİV, analitik mərkəzlər, diplomatlar bildirirdi ki, danışıqlar prosesi dalana dirənərsə, hərbi əməliyyatların bərpa ehtimalı artacaq. Rusiya prezidentinin Ermənistan və Azərbaycanın dövlət başçıları arasında Soçi görüşünün keçirilməsi təşəbbüsü də çoxları tərəfindən məhz hadisələrin mənfi istiqamətdə getməsini, hərbi riskləri önləmək istəyi kimi şərh olunub. Erməni analitiklər və onların bəzi rus «züy tutanları» bundan səhv nəticə çıxararaq belə fikir söyləyirlər ki, hərbi əməliyyatların qarşısının alınması mövcud status-kvonun möhkəmlənməsi, başqa sözlə, Ermənistanın Azərbaycan torpaqlarını işğalını sonsuzluğadək qoruyub-saxlamaq anlamına gəlir. Məsələn, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan Soçi bəyanatını, az qala, «hücum etməmək haqda kvazipakt»» kimi qiymətləndirib. «Regnum» agentliyinin məlumatına görə, o, bunun həm Minsk qrupunun həmsədri olan ölkələrin mövqelərini razılaşdırması, həm də Rusiya liderinin prosesə bilavasitə təsiri ilə mümkün olduğu qənaətindədir.

Amma bu, reallıqdan daha çox erməni düşüncəsidir. Azərbaycanın Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Trend»ə müsahibəsində deyib: «Bəyanatda Azərbaycanın sülh zəmanəti ilə bağlı heç bir öhdəlik yoxdur və ola da bilməz. Hərbi variantdan imtina, yəni sülh zəmanəti yalnız işğaldakı torpaqlarımızın tam azad olunmasından sonra mümkündür. Hesab edirəm, Azərbaycan prezidentinin qəti mövqeyi də bundan ibarətdir».

Hazırkı şəraitdə nəinki uzunmüddətli sülhü, hətta müvəqqəti barışığı da qoruyub-saxlamaq çətindir. Tərəflərin atəşkəs rejimini möhkəmləndirmək niyyətlərini bildirdikləri Soçi bəyanatının altındakı  imzaların mürəkkəbi qurumamış, erməni tərəfi martın 8-də Azərbaycanın işğal altındakı Şıxlar kəndi ərazisindən snayper atəşiylə Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu başından yaralayaraq öldürdü. Cavab özünü çox gözlətmədi. Martın 10-da cəbhə xəttindəki atışmada erməni əsgər Artur Aqababyan öldü. 

Bu məyusedici faktlar açıq şəkildə göstərir ki, sülh prosesində ciddi irəliləyişlər olmadan, Azərbaycan ərazilərinin işğaldan azad olunması prosesinə başlanılmadan qəbul edilmiş aralıq bəyanatları möhkəm sülh və təhlükəsizliyə zəmanət ola bilməz.

Ermənilərin bunu arzulamaması, BMT TŞ-nin məlum qətnamələrinə əməl olunmamasının davamı,  Azərbaycanı problemin həllini  öz haqqı olan güc müstəvisinə çıxarmaq məcburiyyətində qoyur.

Bakının hərbi hazırlıqları diqqətdənkənar qalmasa da, ermənilərin iddia etdiyi kimi,  beynəlxalq ictimaiyyət tərəfindən konkret müqavimət də göstərilmir. Moskva, Brüssel və Vaşinqton Azərbaycanla hərbi sahədə əməkdaşlığı davam etdirir. Silah satmaq istəyənlər kifayət qədərdir və bu, Ermənistanla müttəfiq olan Rusiya və Belarusa da aiddir.

Bəzi KİV hələ bir müddət əvvəl Bakının Rusiyadan müasir «C-300» hava hücumundan müdafiə sistemləri aldığını yazıb. Məlumata görə, sistemlər artıq Azərbaycana gətirilib, onlara xidmət edəcək personal isə Rusiyada təlimləri başa çatdırır. Hərbi dairələrə yaxın mənbələrdən gələn xəbərlərə görə, hazırda Azərbaycanda Rusiyanın müasir «Tiqr» zirehli maşınlarının yığılması, 24 çoxhədəfli hərbi vertolyotların alınması, həmçinin, hərbi-texniki sahədə digər əməkdaşlıq məsələləri də müzakirə olunmaqdadır.

Ermənistanın maddi-iqtisadi vəziyyəti onun hərbi sahədə Azərbaycanla çəkişməsinə imkan vermir. Bu ölkənin ümumi daxili məhsulu, hətta builki müəyyən artımdan sonra 2008-ci il böhranınadək olan dövrdəkinin yalnız 80%-ni təşkil edir. BMT-nin Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvarında Ermənistanda inflyasiya 2,8% təşkil edib. Bu, postsovet məkanında ən yüksək göstəricidir. 

Ermənistan qeydiyyatdan keçmiş işsizlərin sayına görə də «lider»dir. 2010-cu ildə bu ölkənin ticarət balansında mənfi saldo 1,8 milyard dolları ötüb. Bu, MDB-də Belarusdan sonra ikinci göstəricidir. 

Amma xarici ticarət dövriyyəsini nəzərə alsaq, Ermənistanın göstəricisi Birlik ölkələri arasında ən mənfi göstəricidir.

Ermənistanın təcrübəli ekspertlərinin fikrincə, Serj Sarqsyan hakimiyyətinin vəziyyətdən çıxış yolu yoxdur. Büdcəni doldurmaq üçün vəsait tapılmır. Hazırkı rejimin dayağı olan yarımkriminal oliqarxlara toxunmaq, onların monopolist mövqelərindən istifadə hökuməti qorxudur.

Moskva meri Yuri Lujkovun istefaya göndərilməsi də Yerevanın iqtisadi durumuna təsirsiz ötüş-məyib: Lujkovun dönəmində Moskva meriyası yüz milyonlarla korrupsiya gəlirlərini «yumaq» üçün məhz Yerevana göndərirdi və sonradan bu vəsait elitar evlər, ticarət və ofis obyektlərinin inşasına sərf olunurdu.

Üstəlik, ABŞ-da erməni kriminal qrupun həbsi amerikalı vergi ödəyicilərindən oğurlanmış pulların da Ermənistana axınının qarşısını alıb. Ermənistan rəhbərliyinin bu halların qarşısını nəinki almaması, hətta cinayətkar qrupun oğurladığı pullardan paya sahib olması Vaşinqtonun Yerevana yardımını azaltmasına da səbəb olub.

Sarqsyan-Köçəryan cütlüyü zən-gin erməni diasporu arasındakı inamını da itirir. 93 yaşlı amerikalı multimilyarder Kirk Krikoryanın sahibi olduğu «Linsi» fondunu bağlaması və 200 milyon dollarlıq varidatını Los-Anceles Universitetinə hədiyyə etməsi simtomatik haldır. Bu amilin əhəmiyyətini göstərmək üçün 1 fakta nəzər salmaq kifayətdir: bu fond mövcud olduğu 22 il ərzində Ermənistana 1 milyard dollardan artıq təmənnasız yardım edib.

Ermənistanda ağır sosial-iqtisadi durum yeni emiqrasiya dalğasının əsasını qoyub. Ötən il ölkəni 60 min insan tərk edib. Bu ilin əvvəlindən isə onların sırasına daha 10 min erməni qoşulub. Onlar xoşbəxliyi «çox sevdikləri» vətənlərindən uzaqlarda axtarmağa başlayıblar. Bütün bunlar yoxsulluqdan, hakim elitanın kriminal özbaşınalığından bezmiş kütlədə etiraz əhvalını daha da artırır. Müxalifətin Yerevanda başladığı kütləvi mitinqlər də bunun göstəricisidir.

Rusiyanın maddi, siyasi və hərbi dəstəyinə olan bitib-tükənməyən ümidlər də artıq özünü doğrultmur. Moskva öz maraqlarını, Azərbaycanda, həmçinin, regiondakı qazanclarını ermənilərin hədsiz iddialarına qurban verməyə o qədər də həvəsli deyil. Üstəlik, ermənilərin qeyri-konstruktiv davranışı yalnız Azərbaycanla Rusiya arasındakı qarşılıqlı səmərəli, uğurla inkişaf edən münasibətləri risk qarşısına qoymur. O, Türkiyə-Rusiya münasibətləri üçün də problemlər vəd edir.

Martın 10-da Türkiyə Böyük Millət Məclisində Azərbaycanla Türkiyə arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım üzrə müqavilənin ratifikasiya olunması Ankara ilə Bakı arasında parçalanma yaratmağa çalışan qüvvələrə yaxşı cavab oldu.

Bütün qeyd olunanları ümumiləşdirərək demək olar ki, danışıqların imitasiyası, Azərbaycanı əvvəllər razılaşdırılmış məqamların yenidən müzakirəsinə cəlb etmək, kompromisə hazır olduğunu göstərmək, lakin sonradan geri addım atmaq, bununla da status-kvonun qorunub-saxlanmasına hesablanan cəhdlər səmərəli taktika deyil. Azərbaycan hərbi potensialının artırılmasına yönəlmiş fövqəladə proqramından imtina etmir, bunun üçün hələ ötən ilin büdcəsində əlavə vəsait ayırmışdı. Bu işlər heç də kimlərəsə nəsə nümayiş etdirmək niyyəti ilə görülmür. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması bu ilin gündəliyindədir. Sadəcə, yaxşı olardı ki, hər şey sülhlə həll olunsun.



MƏSLƏHƏT GÖR:

353