24 Noyabr 2024

Bazar, 03:34

BAKI QIŞA HAZIRDIRMI?

Şəhər rəhbərliyi əsas diqqəti hansı problemlərin həllinə yönəltməlidir?

Müəllif:

09.12.2014

Qış Azərbaycanda öz gəlişini kifayət qədər aqressiv şəkildə nümayiş etdirdi - havalar qəflətən soyudu. Hidrometeoroloqlar artıq bizi çox şaxtalı qışın gözlədiyini deyirlər - qar, yağış, çovğun. Bu xəbərdarlıq bizə 3 il əvvəlki qışı xatırladır. O zaman da "gözlənilmədən" gələn və bizim üçün nadir sayılacaq qar şəhərin küçələrində hərəkəti faktiki olaraq iflic etmiş, kilometrlərlə uzanan tıxaclar yaranmış, bədbəxt hadisələrə yol açmışdır. Sürüşmənin qarşısının alınması məqsədilə bir sıra küçələrə qum səpilməsinə rəğmən, sürücülər buz bağlamış küçələrdə avtomobillərin idarə edilməsində çətinliklərlə üzləşmişdilər.

 

Problemlərə diqqət

Amma qarlı yollar qışın yeganə çətinliyi deyil. Son illər şəhərin mərkəzi rayonlarında elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlər müşahidə olunmasa da, istiliklə bağlı heç də hər şey qaydasında deyil. İstilik mövsümünün başlanmasından yarım ay vaxt keçsə də, buna görə borclarını vaxtlı-vaxtında ödəmiş bir çox sakin hələ də mənzillərindəki batereyaların soyuq olmasından şikayətlənirlər. Paytaxt sakinləri şəhər səkilərinin, məhəllədaxili yolların acınacaqlı vəziyyətindən şikayətçidirlər. Bir çox ərazilərdə ənənəvi mənzərə müşahidə olunur: yolun asfalt örtüyündə təmir işləri aparıldıqda səkilər pis vəziyyətə salınır, asfalt çəkilən zaman çıxan artıq tullantılar səkilərə yığılır. Səkidə qalan həmin tullantılar bərkiyir və oranı piyadalar üçün keçilməz edir. Bu da onsuz yaxşı vəziyyətdə olmayan piyada səkisindəki vəziyyəti daha pisləşdirir.

Problemi daha da ağırlaşdıran bir məqam var: səkilərin haşiyələrini əvvəlkindən daha hündür olan mərmər bordürlarla əvəzləyən tikinti işçiləri sonda səkini bordürla eyni səviyyəyə gətirmirlər. Nəticədə, onu adlayan piyadanın ayağı "boşluq"a düşür. İndi qarlı havada qocaların, uşaqların, körpə uşaqla gedən qadınların, əlillərin vəziyyətini təsəvvür edin. Yeri gəlmişkən, bu cür ekstremal səkiyə parlaq nümunə kimi, B.Sərdarov küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığındakı səkini göstərmək olar. Hələ bu, şəhərin mərkəzidir. Paytaxtda panduslarla təmin olunmuş çox sayda səkinin olması ayrıca bir problemdir. Beləliklə, onsuz da pis vəziyyətdə olan piyada yolu, üstəlik, qarla da örtülübsə, nələr olacaq, təsəvvür etmək çətin deyil...

Məhəllədaxili yolların vəziyyəti də yaxşı deyil. Əksər hallarda sürücülərdə belə təəssürat yaranır ki, şəhər rəhbərliyi daim eyni yolları təmir edir, yardımçı küçələrin yol örtüyü isə illərdir, acınacaqlı vəziyyətdədir.

Yağış yağan zaman daha ağır mənzərə ortaya çıxır. Hamı bilir ki, Bakıya leysan yağıbsa, o zaman küçələrdən sel axır, üstəlik yollarda kilometrlərlə uzanan tıxaclar yaranır. Yağış suları şəhərətrafı ərazilərdəki özəl evlərin , eyni zamanda, paytaxtın mərkəzindəki yaşayış binalarının zirzəmilərinə dolur. Bakıda qış çox qarlı keçmirsə belə, onun yağışlı olduğu məlumdur. Bu səbəbdən, kommunal xidmətlər ilk olaraq paytaxtın drenaj sisteminə diqqət yetirməlidirlər.

 

Xidməti hazırlıq

Bütün bu nöqsanlar, əlbəttə ki, Bakının qış həyatının "canlanması"na öz təsirini göstərir. Bəs müvafiq strukturlar ötən illərin nöqsanlarını nəzərə alıblarmı və ölkə sərt qışa hazırdırmı? "R+" bu sualla müvafiq qurumlara müraciət edib.

"Azəryolservis" ASC mətbuat xidmətindən bildiriblər ki, onların nəzarətində olan küçələr qışa hazırdır. "Biz qışa hazırlıq işlərinə hələ avqust-sentyabr aylarında başlamışıq. Bütünlükdə yol-istismar xidmətlərinə yönəlmiş müvafiq göstərişlər verilib", - deyə mətbuat xidmətindən bildiriblər. Göstərişlərə əsasən, bütün bu xidmətlərdə sutkalıq fəaliyyət göstərən briqadalar yaradılıb. Onlar təbii kataklizmlər nəticəsində meydana çıxan bütün çatışmazlıqları həll etməlidirlər. Müvafiq xidmətlərdə qumun, texniki duzun, yanacağın olub-olmadığı yoxlanılıb, sutkalıq növbətçi xidmətləri yaradılıb. Ümumilikdə, qurumdan bildirirlər ki, "Azəryolservis"ə aid küçələrdə hər şey qaydasındadır, yaranacaq problemlərin aradan qaldırılması üçün isə işçi qüvvəsi, lazımi maddi-texniki baza var.

Bakı Şəhər İcra Hakimiyyətindən də qışın gəlişinə lazımi səviyyədə hazırlaşdıqlarını deyirlər - qartəmizləyici texnika hazırdır, qum, duz ehtiyatı var, bir sıra kənar yollar təmir olunub. "Təmir işlərinin daim eyni yollarda aparılması fikri yanlışdır. Ətraf yollara mərkəzi küçələr qədər diqqət ayrılır. Səkilərdə də təmir işləri aparılır", - deyə paytaxt meriyasından bildiriblər. "Azəryolservis" ASC-də isə yüksək bordürlərin beynəlxalq standartlara uyğun olduğunu deyirlər. Onların həddindən artıq hündür olması avtomobillərin səkilərdə saxlanılmasını əngəlləmək məqsədi güdür.

Yol polisi tərəfindən pis hava şəraiti ilə bağlı xəbərdarlıqlar gəlir, qurum yol qəzalarının əngəllənməsi üçün profilaktik tədbirlərin görüldüyünü bildirir. Əlbəttə ki, rəsmi mövqeyə görə, ən yaxşı profilaktika şəxsi avtomobillərdən istifadə edilməməsidir. Bəs uzaqda yaşayanlar nə etsinlər? İlk növbədə, avtomobilin vəziyyətinə diqqət yetirilməli, təkərlər vaxtında dəyişdirilməlidir. Yol polisi təkərlərin müəyyən olunmuş standartlara cavab verməsinin vacibliyini də bildirir: adi avtomobillər üçün onun qalınlığı 1,6 millimetr, yük maşınları üçün 1, avtobuslar üçün isə 2 millimetr olmalıdır.

"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən hər şeyin qaydasında olduğunu bildirirlər: qış mövsümündə paytaxt sakinlərinə elektrik enerjisinin verilməsində problemlər gözlənilmir; xətlər təmir edilib, bir neçə yeni yarımstansiya tikilib, yeni elektrikötürücü şəbəkələr qurulub. Qurumdan verilən məlumata görə, bu işlər o dərəcədə etibarlı şəkildə görülüb ki, güclü külək nəinki paytaxtın mərkəzində, şəhərətrafı qəsəbələrdə belə, problem yaratmayacaq.

"Bakıelektrikşəbəkə" tərəfindən köhnə transformatorların yeniləri ilə əvəzlənməsi həyata keçirilir. 2006-cı ildən bu günədək 110 kilovatlıq 23, 35 kilovatlıq 62 yeni yarımstansiya tikilib. Nəticədə, Bakının enerji sisteminin gücü 2 dəfə artıb. Bundan başqa, kabellər izolyasiyalı kabellərlə əvəzlənib. Köhnələrindən fərqli olaraq, bu kabellər ən şaxtalı havaya, küləyə davamlıdır. "Bakıelektrikşəbəkə" əhaliyə yeganə xahişini də çatdırıb - istifadə olunmuş elektrik enerjisinə görə borcların vaxtında ödənməsi. Bundan başqa, bu ildən şəbəkəyə yeni texnika qoşulub və sakinlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem yaranarsa, onlar "qaynar xətt"ə (199) zəng edə bilərlər. Növbətçi briqada sutka ərzində fəaliyyətdədir və istənilən an istənilən çatışmazlığı aradan qaldırmaq iqtidarındadır.

"Azəriqaz"dan qışa hazırlıq işlərinə vaxtında başladıqlarını bildirirlər. Hələ apreldə 347 maddədən ibarət hazırlıq tədbirləri siyahısı hazırlanıb. Qurum 30 min metrdən artıq qaz xəttinin təmiri və dəyişdirilməsini planlaşdırıb. "Azəriqaz"ın 1 milyon 700 mindən artıq abunəçisi var və qurum qaz təchizatında mümkün problemlərin olmaması üçün ciddi tədbirlər görüb.

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev ASC-nin balansında olan bütün binalara istiliyin veriləcəyini söyləyib. Onun sözlərinə görə, bu il ərzində 265 bina istilik sisteminə qoşulub, 37 yeni istilikxana istismara verilib. 275 məktəb, 156 uşaq bağçası, 147 tibb ocağı və digər sosial obyektlər artıq istiliklə təmin olunub. Bundan başqa, R.Əliyev paytaxt sakinlərindən mənzillərindəki istilik batereyalarının vəziyyətinin əvvəlcədən yoxlamalarını xahiş edir. "Bəzən insanların alternativ isitmə vasitələrindən istifadə etmələri üzündən biz istiliyi buraxa bilmirik. Bəzən isə mənzillərin birində batereyanın pis vəziyyətdə olması bütünlükdə blokun istiliksiz qalması ilə nəticələnir", - deyə o, bildirib.

Azərbaycanın milli su operatoru olan "Azərsu" ASC paytaxt küçələrində yağış sularının yığılıb-qalmasının əngəllənməsi üçün ciddi tədbirlər görüb. Bakıda 80 məntəqədə tikinti-montaj işləri aparılıb. Buraya paytaxtın bütün prospekt və küçələrində drenaj sisteminin yaradılmasının layihələndirilməsi, yağış sularının axıb-getməsi üçün barmaqlıqların qurulması daxildir. Bakının su təchizatı sahəsində çox iş görülüb.

Əlbəttə, kommunal xidmətlər və müvafiq strukturlar bizi Bakının qışa hazır olduğuna əmin edirlər. Amma çox istərdk ki, bu vədlər söz olaraq, qərarlar isə kağız üzərində qalmasın.... 


MƏSLƏHƏT GÖR:

537