Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son illərdə Azərbaycan bir sıra göstəricilərinə görə yüksəktexnoloji iqtisadiyyatı və informasiya cəmiyyətinin hərtərəfli inkişafına xas olan postsənaye ölkələrin inkişaf səviyyəsinə yaxınlaşıb. Yerli İT sahəsinin daha əyani əsas istiqamətləri "BakuTel-2014" iyirminci yubiley beynəlxalq telekommunikasiya sərgisində nümayiş olunub.
"Baku Expo Center" beynəlxalq sərgi kompleksində keçən "BakuTel-2014" sərgisi ekspozisiyanın vüsəti və müxtəlifliyi, ən əsası isə profilli beynəlxalq strukturların və İT sənayesinin nəhənglərinin bura olan diqqəti ilə yadda qaldı. Builki sərgidə dünyanın 23 dövlətindən 250 şirkət təmsil olunurdu. Onların 40%-ı isə sərginin daimi iştirakçılarıdır. Bu il Böyük Britaniya, İsrail, İran, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra ölkələr ziyarətçilərə təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzəryanı region üçün yeni olan innovasiyalı proqramların nümayişi, habelə İKT sahəsində eksklüziv məhsullar və xidmətlər təqdim ediblər.
Ənənəvi olaraq bu beynəlxalq forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. "Ötən on il müddətində Azərbaycan İKT sahəsini son dərəcə yüksək səviyyəyə qaldıra bilib", - deyə Azərbaycan Prezidenti İlham Əliyev "BakuTel-2014"ün iştirakçılarına müraciətində qeyd edib. - "Belə ki, indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir. Ölkə orbitə "Azərspace-1" ilk milli telekommunikasiya peykini çıxarıb və beynəlxalq kosmik xidmətlər sahəsinə fəal şəkildə yiyələnir, BMT-nin qətnamələri ilə dəstəklənən "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi reallaşdırılır".
Bakıda telekommunikasiya forumlarının keçirilməsinə dair çoxillik təcrübənin göstərdiyi kimi, işgüzar əlaqələrin bu formatı tam həcmində bütün gözləntiləri doğruldur. Axı 20 il müddətində "BakuTel"in işində dünyanın 50 dövlətindən 2 mindən artıq şirkət iştirak edib, bütün regiondan isə İT-yeniliklər və xidmətlərlə yüz mindən artıq ziyarətçi tanış olub. Xeyli sayda yerli şirkətlərin öz innovasiya məhsullarını nümayiş etdirdikləri builki sərgi də istisna olmadı: onların arasında ziyarətçilərə bir neçə dəqiqə ərzində öz saytını yaratmağa imkan verən Azərbaycan dilində universal platforma, istənilən növ qurğular üçün universal onlayn - TV, hətta zəif internet olduğu halda, TV kanallara baxmağa imkan verən mobil telefonlar üçün əlavələr, art-instalyasiyalar nümayiş etdirən LED videodivarlar, avtomobilin izlənilməsi və avtoparkın idarə edilməsi və avtomobilin izlənməsi üzrə GPS sisteminin yeni texnologiyaları, "Mobil pul kisəsi" adlı həll variantları kimi məhsullar təklif edilib.
"Elektron hökumət" portalının stendində son dərəcə perspektivli layihə nümayiş olunub: söhbət bir neçə saniyə ərzində elektron rekvizitlərlə (ştrix-kod və QR-kod) təsdiq edilmiş müxtəlif sənədləri, şəhadətnamələri, arayış və s. surətlərini çap etməyə imkan verən "elektron arayış" terminalından gedir.
Forumda xüsusi yer startup-layihələrə, həmçinin ölkədə yaradılan yüksək texnologiyalar parkına ayrılıb. İnteraktiv stenddə Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC-nin perspektiv planları nümayiş etdirilib. Təqdirəlayiqdir ki, sərginin açılışı çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthini məsafədən müşahidə peyki Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, "Azərkosmos" ASC-yə təhvil verilib. Müqavilənin imzalanma mərasimində Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı peykdən ilk simvolik görüntünü əldə etməklə "Azersky" peykinin kommersiya fəaliyyətinə start verib.
Azərbaycan aşağıorbitli peykin buraxılmasını həyata keçirmə üzrə dünyada 20-ci və MDB ikinci ölkə oldu. Ümumilikdə isə dünyada orbitə 50-dən çox olmayan bu tipli kosmik aparatlar çıxarılıb. "Azersky peyki müxtəlif obyektlərin monitorinqi üçün istifadə olunqcaq. Həmçinin fövqəladə hallar zamanı onun imkanlarından kənd təsərrüfatı, kommunikasiya, kartoqrafiyanın çəkilməsi, müdafiə, təbii sərvətlərin tədqiqi və s.üçün istifadə olunacaq", - deyə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib. Sevindiricidir ki, "Azərkosmos" gələn il üçün ümumi məbləği 14 mln. avro həcmində bir sıra müqavilələr bağlayıb. Bununla da optik peykin kommersiya istismarı yüksəkrentabelli olacaq".
Telekommunikasiya sərgisinin gedişində RYTN-nin rəhbərliyi daha bir mühüm layihənin başlanmasını elan edib: 2015-ci ildə Azərbaycan "Fiber to Home" proqramının reallaşdırılmasına başlayır. Proqram ölkənin bütün ərazisində genişzolaqlı internetə çıxışı nəzərdə tutur. RYTN-nin nazir müavini Elmir Vəlizadənin sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihə üç il müddətində mərhələli şəkildə icra olunacaq, bununla bərabər, xərclərin bir hissəsi reinvestisiya hesabına təmin olunacaq.
Layihənin əsas məqsədi 10-100 Mbit/s sürətlə genişzolaqlı internet ilə uzaq regionları təmin etmək və internetdən istifadə edən əhalinin, habelə ölkənin ən ucqar rayonlarını 85% internetlə təmin etməkdir.
Sözgəlişi "Fiber to Home layihəsi" RYTN-nin rabitə və şəbəkə infrastrukturu sisteminin təkmilləşdirilməsi üzrə çoxillik təşəbbüslərin məntiqi davamıdır. "Bu gün Azərbaycanın ərazisi tamamilə stasionar rabitə ilə əhatə olunub, ölkədə NGN (Next Generation Network) müasir rəqəmsal texnologiya əsasında telefon stansiyalarının tikintisi üzrə işlər davam edir. Bugünkü belə ATS-lərin payı 40%-ə çatır", - deyə rabnitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, ölkə əhalisinin 75%-i internet istifadəçisidir. Bununla bərabər, 65% dünya şəbəkəsinin genişzolaqlı girişinə çıxış əldə edib.
Telekommunikasiya forumu çərçivəsində səsləndirilən vacib xəbərlərdən biri də İT sənayesinin dünya nəhənglərinin Azərbaycanda kompüter texnikasının yerli istehsalını təşkil etməklə bağlı olub. Belə ki, məşhur Tayvan şirkəti "Acer" KUR Mingəçevir zavodunun istehsal obyektlərində kompüter texnikasının yığılmasını planlaşdırır. Öz növbəsində "İntel" korporasiyası ölkədə uşaq və məktəb auditoriyası üçün "Classmate PC" kompüterlərinin istehsalında iştirak edəcək.
Azərbaycanda İT-müəssisələr ilbəil elektron istehsalın istehsal həcmini genişləndirir. Əsasən, Sumqayıt texnoparklarında (STP) yerləşən müəssisələrin istehsal obyektlərində müxtəlif müşahidə kameralarının, feys-nəzarət, mühafizə və yanğından təhlükəsizlik üzrə kompüterləşdirilmiş sistemin buraxılması təşkil edilib - bütün bu məhsullar daxili bazardan başqa Gürcüstan və Qazaxıstana da ixrac edilir. Buradaca STP-də monitorların, o cümlədən müasir ödəniş terminallarının yığılması təşkil edilib. Sonuncuların istismarına ölkə banklarının bəziləri artıq başlayıb.
Təsbit edilmiş ənənələrə əsasən, sərginin təşkilatçıları bu hadisəyə bir sıra beynəlxalq konfranslar, xüsusən də RIGFAZ-2014 İnternetin idarəedilməsi üzrə II Regional forum, "eGov 3.0: İnkişaf meyilləri və yeni imkanlar" forumunun keçirilməsinə həsr ediblər. "Son illər Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı və "rəqəmsal" partlayışın qarşısının alınması sahəsində özünü lider olaraq göstərib. Əsasən, Azərbaycanda "Elektron portalı" yaradılıb. Burada 400 elektron xidmət təqdim olunur, e-imza sistemi tətbiq edilib, "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir. Sonuncu isə özündə əhalinin dövlət orqanlarının xidmətlərinə vahid şəkildə çıxışı əks etdirir. Bu mexanizmlər Azərbaycanda elektron hökumət sisteminin səmərəli inkişafının əyani nümunəsidir", - deyə Dünya Bankının Yaxın Şərq, Şimali Afrika və Avropa ölkələri üzrə regional koordinatoru, nəqliyyat və İKT sektoru üzrə Mərkəzi Asiyadakı nümayəndəsi Karlo Mario Rossoto bildirib.
Daha bir konfransın - "Əşyaların interneti: rabitədən də artıq" gedişi zamanı dünya şəbəkəsinin inqilabi inkişafının yeni mərhələsinin aspektlərinə toxunulub. Konfransın iştirakçılarına qeyd edildiyi kimi, İKT sahəsində fəal fəaliyyəti və inkişafına töhfəsinə görə Azərbaycan bu yaxınlarda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Bu şəkildə, keçirilən forum və nümayişlər bir daha göstərdi ki, Azərbaycanda telekommunikasiya əbəs yerə qeyri-neft sektorunun daha perspektivli sahələrindən deyil. Bu sahədən əldə olunan gəlir gələcəkdə ölkənin dövlət büdcəsinin əsas gəlir mənbəyinə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: