14 Mart 2025

Cümə, 00:27

MAHNILARIMIZI KİMLƏR TƏQDİM EDİR?

Bəzən musiqimizın inciləri efir məkanını zəbt etmiş keyfiyyətsiz mahnıların burulğanında boğulur

Müəllif:

01.03.2011

Azərbaycan xalqının musiqi dünyasının bəzəyi, söz yox ki, xalq mahnılarıdır. Mahnı xalqımızın şeirə və muğamlarımızın ölməzliyinə söykənən  həyat rəmzidir. Mahnılarımız xalqımızın kədərli və şən günlərində  ona arxa duran, onu ovunduran və  işıqlı gələcəyə səsləyən  incəsənət növüdür. Axtarsaq da, musiqiyə biganə qalan, onu sevməyən adama rast gəlmək mümkün deyildir. Mahnını hamı sevir və özünəməxsus tərzdə qavrayır. Mahnı insana həyatverici qüvvə təsiri göstərir, xalqımıza əsrlərin yadigarı olan mahnıları qəlblərə sirayət edən  ruhverici təranələri ilə  sərhəd bilməyən zaman və məkan  anlamında həm də  insanı fəlsəfi düşüncələrə daldırır, son nəticədə onda  xoş ovqat yaranmasına yardımçı olur. Ötən dövrlərdə  xalqımızın əkinçi nəğmələri, cütçü nəğmələri, çoban nəğmələri, ovçu nəğmələri, ipəkçi nəğmələri, balıqçı nəğmələri, mövsüm nəğmələri, şirni, xonça və nişantaxtı nəğmələri, xınayaxdı və gəlinaparma nəğmələri, uşaq nəğmələri və s. dəbdə idi, onları müvafiq mərasimlərdə oxuyurdular.

Onlardan bəziləri bugünümüzə də gəlib-çatıb. Lakin radio və televiziya  kanallarında təşviş doğuran «şairlər” və “müğənnilər”  nəslinin «yaradıcılığına», səsdən məhrum ifaçılara geniş meydan verilməsi  əsl  Azərbaycan mahnılarını, az qala, aradan çıxarıb. 

Sovetlər vaxtında radio və televiziya kanallarının hər birinin bədii qiymətləndirmə komissiyası vardı. Həmin komissiyalar bu və ya digər əsəri hərtərəfli müzakirə etmədən ifasına icazə vermirdi. Bu səbəbdən, səsləri özlərinə xoş gələnlər teleekranlara yol tapmırdılar. Hərçənd, belə komissiyaların ziyanlı xüsusiyyətləri də vardı. Məsələn, ali konservatoriya təhsili olmayan böyük istedadlar üçün də istisna yox idi. Ələkbər Tağıyev, Bəhram Nəsibov kimi anadangəlmə bəstəkarlara “həvəskar bəstəkar” adı qoymuşdular, xalq arasında sevilə-sevilə dinlənilən «həvəskar bəstəkar» mahnıları teleradio efirində xalq mahnıları kimi təqdim olunurdu. Böyük xanəndə Cabbar Qaryağdıoğlunun, bənzərsiz səs sahibi Xan Şuşinskinin bəstələdikləri mahnılar da xalq mahnıları kimi təqdim olunurdu.

Məlumat xatirinə deyək ki, Xan əmi onlarca mahnı müəllifidir. «Alma-almaya bənzər», «Əlində sazın qurbanı», «Şuşanın dağları», «Ay gözəl», «Al yanağında», «Dağlarda çiçək», «Gözəl yarım», «Ay qəşəng ceyran», «Ölürəm, ay ceyran bala», «Qəmərim» mahnıları dediklərimizə misal göstərilə bilər.

Cabbar Qaryağdıoğlunun topladığı 300-dən artıq xalq mahnısı isə  Azərbaycanda musiqi ifaçılığının  inkişafında böyük rol oynamış, opera və operettalarda  yaradıcılıqla istifadə olunmuşdu. Onun özünün bəstələdiyi 30-dan artıq mahnı Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev və Səid Rüstəmov tərəfindən nota alınmışdı. 

Ölməz xanəndənin vaxtilə İrəvan toylarının birində bədahətən bəstələdiyi «İrəvanda xal qalmadı» mahnısı, çox şükürlər olsun, radio və televiziya dalğalarında onun əsl müəllifinin adı çəkilməklə ifa olunur. Sözləri də Cabbar Qaryağdıoğlunun olan bu mahnı İrəvanda toy zamanı gəlinin atasının təkidi ilə meydana gəlib.

Səs xəzinəmizin əvəzsiz  nümayəndəsi olan Xan Şuşinski də mahnı ifaçılığında   və mahnı bəstələçiyində önəmli yer tutan sənətkar idi. Dahi Üzeyir bəyin məhz onun səsinə yazdığı «Qara göz» mahnısı indiyədək konsert proqramlarının bəzəyi olaraq qalmaqdadır. Bu mahnının əvvəlinci və axırıncı kişi ifaçısı Xan Şuşinski özü olmuşdur. Qadına xitabən yazılmış  bu mahnı gözəl tembrli, ürəyəyatımlı,  çox geniş diapazonlu səs tələb etdiyindən kişi xanəndələr bu mahnını oxumağa meyil göstərməyiblər. Bu yükü öz boynuna unudulmaz Sara xanım Qədimova götürmüş və müəllifin yazdığı zil tonallıqda çox gözəl oxumuşdu. Bunu ancaq Sara xanım edə bilirdi. Ona görə ki, anadangəlmə mikrofonsuz və kompyutersiz səsi buna imkan verirdi. 

Konkret bir xanəndənin ifasında sevilən başqa mahnılarımız arasında Qədir Rüstəmovun ifasında yaddaşlara həkk olunan «Sona bülbüllər»i də göstərmək olar. Ona qədər çoxları «Sona bülbüllər» xalq mahnısını oxumuşdular, amma öz tonallığında oxumadıqlarından mahnının gözəl çağırışları  dinləyiciləri biganə qoymuşdu. Qədir Rüstəmovun mərhum tarzən Əhsən Dadaşovun ansamblının müşayiəti ilə oxuduğu  «Sona bülbüllər»  mahnısı və arada elədiyi muğamayağı  dinləyici qəlbinə dərhal yol tapdığından furor yaratdı. Ona görə ki, müğənni  bu mahnını böyük çılğınlıqla səsləndirirdi, ürək yanğısı ilə vurduğu qırıq-qırıq zən-gulələri  müğənninin iliklərinə işləyir, ah-naləsi dinləyicinin də ovqatına hakim kəsilirdi. 

İstedadlı ifaçılarımız sırasında Azərbaycan vokal sənətində özünün layiqli qiymətini almamış tibb xadimi  Zəhra xanım Rəhimovanın da adını çəkməmək olmaz. Onun  oxuyub qrammofon valına yazdırdığı  «Ölürəm, ay ceyran bala» mahnısı öz emosionallığı ilə yaddaşlarda yaxşı həkk olunmuşdu. Məlumat xatirinə deyək ki, Zəhra xanım Rəhimovanın ifa qabiliyyəti Üzeyir bəyin diqqətini çəkdiyindən, onun  konservatoriyanın  vokal sinfində oxumasını məsləht görmüşdü. Üzeyir bəyin düzgün seçimi sayəsində  dünya musiqi salonlarının bəzəyi ola biləcək qaltanlı, geniş diapazonlu və ifa qabiliyyətli metso-soprano xanım xalqın sevimlisinə çevrilmişdi. Üzeyir bəyin yazıb tamamlaya bilmədiyi  eyniadlı operadan «Firuzənin ariyasını» onun kimi möhtəşəmliklə oxuyan olmamışdır. Zəhra xanımın boğaz xırdalıqları ilə  gözəllik verdiyi mahnılar və romanslar Dövlət Radio-Televiziya Komitəsinin “Qızıl fond”unda qalmaqdadır. 

Azərbaycan sirayətedici mahnılar ölkəsidir. Bizim həmişəyaşar mahnılar qədimlərdən gələrək, daim mükəmməlləşən muğamlarımıza söykənir. Dahi Üzeyir bəyin əsasını qoyduğu professional milli musiqi məktəbinin istedadlı nümayəndələri - Asəf Zeynallı, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Hökumə Nəcəfova,Hacı Xanməmmədov və bir çox başqaları  Azərbaycanda mahnı və romans  canrının inkişafında böyük məharət göstərmişlər. Onların yazdıqları əsərlər  müasir ritmikanın və milli motivlərin uğurlu sintezinə  və ən başlıcası, muğam dəryasının böyük gücünə söykəndiyindən, dinləyicilərin musiqi aləminə  birdəfəlik daxil olmuşdur. Mahnılarımızın zəngin melodikası onları hər dəfə dinləyən  musiqisevərlərdə müsbət emosiyalar yaratmaqdadır. Bu səbəbdən, xalq mahnılarımız dünya musiqi meridianlarında  bütün möhtəşəmliyi ilə səslənməkdədir. Xalq artisti Səyavuş Kəriminin Norveçin xor kollektivləri ilə birlikdə Azərbaycan ifaçılarının xalq mahnılarımızı səsləndirmələri sahəsində əməyi yüksək qiymətləndirilməlidir. Xor ifaçılığının yüksək zirvədə dayandığı Norveçdə Azərbaycan melodiyaları indi də qəlblərə  sirayət edir. 

Təcrübə göstərir ki, muğamın sirlərinə bələd olmayanların ərsəyə gətirdikləri mahnılar qarmaqarışıq səs yığınından ibarət olur, mahnı təsiri bağışlamır və adamda ancaq etinasızlıq yaradır. Hazırda telekanalların demək olar ki, hamısında həndəsi silsilə ilə artan «bəstəkarların»  mahnıları  və səssiz «müğənnilərin» ifaları dinləyicini lap bezdirir. «Təzə» mahnılar dinləyicilərin, demək olar ki, çoxunu yorur. Hətta mahnının sözlərini düz oxumaq iqtidarında olmayan belələrini («Sev ki, sevən mərd olar, sevməyən namərd olar» sətrindəki «sev ki”, sözünü «sevgi sevən» kimi oxuyurlar) toylara dəvət edib, onları yarım saat fonoqrama ifasına görə külli miqdarda para ilə mükafatlandırılırlar.

Xalqımızın əsl sənətkar kəsləri təşəxxüslü olmamışlar. Onlar həmişə xalqın içində  püxtələşmişlər. Xalq artistimiz Əlibaba Məmmədov bənzərsiz ifaçı olduğu kimi, bənzərsiz də bəstəkardır. Əsl muğam ustadı olan bu ifaçının 100-dən artıq bəstəsi vardır və  bu bəstələr  dinləyicilərdə həmişə xoş ovqat yaradır. Ona görə ki, onun hər bir musiqi cümləsi muğamdan yaranıb. Vaxtilə bu iqtidar sənətkarın da bəstələri xalq mahnısı kimi təqdim olunurdu. Yuxarıda dediyim kimi, ali musiqi təhsili olmayanlara efir yasağı qoyulmuşdu. İndi, şükürlər olsun, əsl istedadların əsərləri onların öz adları ilə verilir. Amma onlar efirləri zəbt etmiş keyfiyyətsiz musiqi burulğanında boğulurlar.

Çox da qədim olmayan zamanlarda  unudulmaz sənətçilərimiz - Xan Şuşinski, Seyid Şuşinski, Əbülfət Əliyev, Şövkət xanım, Sara xanım, Tükəzban İsmayılova, Mütəllim Mütəllimov  və s. filarmoniya səhnəsində düzənlənən konsertlərdə mikrofonsuz-filansız oxuyurdular. Filarmoniyanın yay estradasında da mikrofon qoyulmurdu. Ona görə ki, onlar əsl ifaçılar idi, gözəl tembrli və geniş diapazonlu gur səsləri vardı. Azərbaycan Dövlət Filarmoniyasında hər axşam müğənnilərimizin konsertləri anşlaqla keçirdi. Muğam xiridarları və ümumiyyətlə, musiqi biliciləri  konsertdən sonra da indiki Filaromoniya bağında yığışıb aldıqları təəssüratı bir-birləri ilə bölüşürdülər. 

Hər bir sahədə olduğu kimi, musiqi yaradıcılığında da istedad böyük qüvvədir. Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqələrində  böyük istedadlar üzə çıxıb. Onların mahnı yaradıcılığında da öz sözlərini deyəcəkləri vaxt artıq yetişib. Bizi bu çox sevindirir. Çünki   möhkəm muğam dayaqları üstündə ucaldılmış  möhtəşəm mahnı qəsrimiz ölməzlik rəmzidir.



MƏSLƏHƏT GÖR:

664