Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Qadınlar nə qədər müxtəlif olsalar da, hansı peşəyə yiyələnsələr də, həyatda hansı mövqelərə sahib olsalar da, onları ali bir məqam - analıq hissi birləşdirir. Bu, qadının həyatda ehtiyac duyduğu ən güclü hisslərdən biridir; buna görə də körpənin dünyaya gəlməsindən sonra, onun həyata münasibəti də tamamilə dəyişir. O öz həyatını uşağa həsr edir və vaxtının çoxunu körpəsinə, onun sağlamlığına, təhsilinə, gələcəyinə qayğı göstərməklə keçirir. 8 Mart öncəsi biz bu materialı bütün qadınlara - analara, bacılara, nənələrə, xalalara, bibilərə - onların asan olmayan talelərinə, problemlər, doğmaları haqqında qayğılarla dolu həyatlarına, arzularına həsr etmək istəyirik.
Qadın kənddə
Səhər saat 4-dür. Ayağa qalxaraq ev heyvanlarını yedizdirməyin vaxtıdır. Sonra isə saat 8:00-a qədər səhər yeməyi hazırlanmalıdır, ev əhlini qaldırıb yemək vermək və sonra axşama qədər durmadan işləmək lazımdır. Ev təsərrüfatı çox güc tələb edir. Bununla yanaşı, evi yığışdırmaq və uşaqların dərslərinə də yardım etmək lazımdır. Həm də bütün bunları axşam düşənə qədər çatdırmaq lazımdır. Bu, istirahət bilmədən hər gün davam edir. Kənd qadını evinə su da gətirir və çox vaxt bunun üçün çətin yollarla uzaqlara getməli olur. Paltarların təmizlənməsi, yeməyin hazırlanması, qab və döşəmələrin yuyulması, mənzilin yığışdırılması, bostanda əkin, alaqvurma, suvarma, gübrələmə, məhsulu yığmaq, mürəbbə bişirmək, qış üçün turşu və marinadların bağlanması, yağ və pendir tutmaq, ot yığmaq və s. bura daxildir. Əgər inəklər varsa, onları yemləmək və hər gün iki dəfə sağmaq lazımdır. Toyuqlar, qazlar və qoyunlar da istirahət günü bilmir, elə hey yemək istəyirlər.
Kənd qadınının gördüyü yuxarıda sadalanan işlər bitib-tükənmir. Əgər yalnız adıçəkilənlərin detallarına baxsaq, həyatın cəhənnəm kimi ağır olduğunu düşünmək olar. Heç təsadüfi deyil ki, kənd qadınlarının əksəriyyəti artıq 40 yaşlarında, öz şəhərli yaşıdlarından yetərincə yaşlı görü-nürlər.
Yaxşı ki, ev təsərrüfatında qadınlara uşaqlar da yardım edir. Oğullar ev təsərrüfatında 10 yaşlarından, yəni hətta bacılarından da erkən işləməyə başlayırlar. Nəticədə, qızlar 11-12 yaşa çatdıqdan sonra, mal-qaraya baxmaq və başqa ev işlərini görməyi öyrənirlər. Azərbaycanın bəzi kəndlərində qızlar erkən yaşlarından xalça toxumağa başlayırlar. Təbii ki, uşaqlar kənd qadınının həyatında daha çox yer tuturlar, axı ruhca və bədəncə sağlam uşaq böyütmək hər yerdə çətindir, özü də ki kənd yerlərində ailədə üç və daha çox uşaq olur. Kənd qadınlarının ən böyük arzusu uşaqlarının analarından daha da yaxşı yaşamasıdır. Buna görə də tez-tez öz oğullarına və qızlarına bildirirlər ki, yaxşı oxumaq lazımdır, hətta mal-qara otaranda da; gündüz və axşam işdən macal olmayan vaxtlarda isə gecələr dərsləri öyrənmək lazımdır.
Qadın evdə və işdə
Hər gün saat 6-dan yuxudan duran, işə getməzdən əvvəl onun kimi işə və ya uşaq bağçasına, məktəbə, instituta tələsən əri və uşaqları üçün yemək hazırlayan qadın, doğrudanmı, həm də işdə illik hesabat vermək, məqaləsini vaxtında yazıb-qurtarmaq və ya açıq dərs keçmək barədə düşünür? Mümkündür. Amma böyük ehtimalla başında yalnız bu fikirlər dolaşmır. Bütün bunlarla yanaşı, o öz gündəlik qrafikini elə tutmalıdır ki, axşam uşağı bağçadan və ya məktəbdən götürə bilsin, ərzaq alıb axşam saat 8-ə kimi yemək hazırlamağa çatdırsın.
Qadın ümid edir ki, axşam yemək masası arxasında ailə üzvləri ilə birgə bir xeyli xoş söhbət edib əylənə bilər, amma yenə də öz istəyi ilə yarım saatdan sonra yavaşca masanı yığışdırmağa və qabları yumağa başlayır. Sonra isə özünü qaydaya salmalı, paltarları yumalı, sabah üçün paltar hazırlamalı və uşaqları yatırmalıdır. Gecələr, əlbəttə ki, sevimli işlərlə məşğul olmaq mümkündür, amma göz qapaqları dönük çıxır və öz-özünə qapanmağa başlayır.
Ertəsi gün də, demək olar ki, bu təkrarlanacaq. Amma sabah mütləq məktəb direktoru ilə danışmaq və gələn il məktəbə gedəcək uşaq üçün yer müəyyən etmək, günün ikinci yarısında evin bir ildən sonra instituta girmək istəyən böyük oğlu üçün coğrafiya fənni üzrə repetitorla danışmaq lazımdır. Bunun üçünsə işdən icazə almağa ehtiyac var, yəqin ki, müdir vəziyyəti anlayacaq və icazə verəcək. Hətta onunla dil tapmaq çətin olduqda belə, qoxulu heç nə baş vermir, bir şey fikirləşmək olar. Axı qadının həyatında əsas məsələ uşaqların tərbiyəsi, onların təhsili və gələcəyidir. Axşam isə qadın yemək masasının arxasında məktəb direktoru və repetitorla söhbəti barədə ərinə danışır və sonra da yetərincə yorulmuş halda yatmağa gedir.
İmkanlı qadın
Qadın səhər saat 10-da ərinin sevgidolu öpüşləri ilə yuxudan qalxır. Ev qulluqçusu qəhvə, təzə sıxılmış şirə və kurasan gətirir. Daha sonra o, səndəlli gellə duş qəbul edir və tərəzi üzərinə qalxır, məlum olur ki, 2 kiloqram arıqlayıb. Özünü qaydaya saldıqdan sonra qadın bəzənir və gözəl geyimlərini geyinir ki, oğlunu yeni təhsil sistemli ən yaxşı məktəbə aparsın. O vaxta kimi isə dayə onun oğlunu yedizdirir və geyindirir. Vaxtı boş keçirmək istəməyən qadın mağazaları gəzir və yolüstü rəfiqələri ilə görüşür, restoranda nahar edib qeybət qırırlar. Yeməkdən sonra qadın gözəllik salonuna yola düşür - manikür, pedikür, masaj seansı və s. etdirir. İdman meydançasında yüngül məqşlər edir və oğlunun ardınca məktəbə gedir, onun üçün də sıx əyləncə qrafiki hazırdır.
Axşam yeməyinə evə qayıdırlar. Əri elə indilərdə gələcək. Axşam yeməyi də hazırdır. Söhbət çox canlı keçir, ər arvadına gül və oğluna isə oyuncaq alıb. Axşam yeməyindən sonra əri işdəki cari məsələlərdən, qadın oğlunun məktəbdəki uğurlarından və son dedi-qodulardan danışır, bütün ailə televizor arxasına keçərək son xəbərlərə, kinoya, futbola, hətta ərin etirazlarına baxmayaraq, moda nümayişinə baxır. Yatmazdan qabaq vanna, zərif öpüşlər və sevgi etirafları, oğlanı karate məşqlərinə, şahmat və rəqs dərslərinə yola salmaq barədə söhbətlər olur. Qadın ərindən xahiş edir ki, 7 yaşlı oğlunun istedadını vaxtında aşkarlayıb lazımi istiqamətə yönəltmək üçün təhsil və tərbiyə məsələlərinə ciddi yanaşsın. Bazar günü isə ərlə-arvad tanınmış rəssamın sərgisinə dəvət alıblar, axşam isə onları şam işığında romantik restoran yeməyi gözləyir.
Ananın məktubu
Ana olmaq qadının həyatını dəyişir. Nə bazar günləri rahat yata bilirsən, nə də məzuniyyətə bir yerə gedə bilirsən. Amma bunlar qadının bütün həyatıboyu öz övladına duyduğu hisslərin yanında heç nədir. Qadınlardan birinin ana olmağa hazırlaşan qızına yazdığı məktubda biz aşağıdakı sarsıdıcı sətirlərə rast gəldik. «Sən biləcəksən ki, doğuşun vurduğu fiziki yaralar çox tez sağalır, amma analıq elə bir qanlı emosional yara vurur ki, heç zaman qaysaqlanmır. Səni xəbərdar etmək istəyirəm ki, artıq sən qəzet oxuyanda belə özünə sual verəcəksən: «Görəsən, bu mənim uşağımla baş versəydi, nə edərdim?». Hər bir aviaqəza, yanğın və s. səni belə düşündürəcək. Sən acından ölən uşaqların şəkillərinə baxanda düşünəcəksən ki, dünyada doğma övladının ölümündən ağır itki yoxdur».
Ana qızının manikür edilmiş dırnaqlarına və stilli kostyumuna baxaraq düşünürdü ki, o nə qədər səliqəli olsa da, analıq onu ən primitiv səviyyəyə salaraq, öz balasını qoruyan ayıya bənzədəcək. Bir dənə həyəcanlı «Ana!» harayı ona ən şirin nemətdən ən gözəl dəbdəbəyə qədər dünyanın bütün naz-nemətini unutduracaq.
«Fikrimcə, sənə bildirməliyəm ki, öz işinə nə qədər vaxt sərf etsən də, uşağın doğulmasından sonra sənin karyerana yetərincə zərbə dəyəcək. Sən uşağa baxmaq üçün dayə də tuta bilərsən, amma bir dəfə vacib işgüzar görüşə gedəcəksən və daha çox uşaq saçlarının ətri barədə düşünəcəksən. Var-güclə çalışacaqsan ki, sadəcə, körpənin vəziyyətinin necə olmasını öyrənmək üçün evə qaçmayasan. İstəyirəm biləsən ki, boş gündəlik problemlər artıq sənin üçün boş şey sayılmayacaq. Beşyaşlı oğlunun "Makdonalds"ın kişi tualetinə getmək istəyi sənin üçün böyük çətinlik yaradacaq».
Öz gözəl qızına nəzər salan ana ona demək istəyib ki, o, hamiləlik vaxtı yığdığı kilolardan qurtula bilər, amma analığı heç zaman üstündən ataraq əvvəlki kimi ola bilməz. Yəni əvvəllər özü üçün çox vacib olan şəxsi həyatı artıq uşağın doğuşundan sonra o qədər önəmli ola bilməz. Öz körpəsini xilas etməyə çalışan andan qadın özü barədə unudur, öz istəklərinə yox deyir, uşaqları haqda şirin arzularla yaşayır.
«Mən istəyirəm sən biləsən ki, sənin ərinlə münasibətlərin heç də sən düşündüyün kimi dəyişməyəcək. İstəyirəm anlayasan ki, sən körpənin sağlamlığının qeydinə qalan və onunla oynamaqdan heç vaxt imtina etməyən kişini çox sevə bilərsən. Yəqin, sən düşünürsən ki, elə də romantik olmayan səbəblər üzündən yenidən necə sevmək olar?».
Qadın istəyirdi ki, onun qızı da, oğlu da ilk dəfə velosiped sürməyə başlayan ananın heyranlığını hiss edə bilsin. Ana istəyirdi ki, qızı ilk dəfə sevimli itin və ya pişiyin məxməri tüklərinə toxunan körpənin gülüşünü təsəvvür edə bilsin. Ana istəyirdi qızı anlasın ki, sevinc o qədər canlıdır ki, hətta ağrı da verə bilir. Ananın gözləri yaşla dolmuşdu.
«Amma bu sevincin gətirdiyi ağrıya görə heç vaxt təəssüf etməyəcəksən». Sonra ana ürəyində qızı üçün, özü üçün və fani dünyanın qismətinə bu möcüzəli vəzifə düşmüş bütün qadınları üçün dua edirdi.
Bayramınız mübarək, əziz qadınlar!
MƏSLƏHƏT GÖR: