25 Noyabr 2024

Bazar ertəsi, 21:44

ZƏMANƏTLİ MƏHSUL

Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortası stimullaşdırılacaq

Müəllif:

01.03.2011

Bütün dünyada müşahidə edilən təbii fəlakətlər - daşqınlar, quraqlıqlar, yanğınlar və s. kənddə sığorta probleminin aktuallığını bir qədər də artırır. Yalnız keçən il Azərbaycanın Mərkəzi Aran bölgəsində baş vermiş təbii fəlakətlər nəticəsində 76 min hektardan çox sahə daşqınlar altında qaldı ki, bu da taxıl istehsalına mənfi təsir göstərdi. Ölkənin taxıla olan tələbatını ödəmək üçün idxalı artırmaq lazım gəldi. 

Bu cür təbii fəlakətlər həm kənd təsərrüfatı əkinlərinə, həm də kənd sakinlərinin əmlakına ziyan vurur. Azərbaycanda, əsasən, kəndlilərin əmlakı sığotalanmır və belə olan halda, onlar yalnız dövlət büdcəsindən olan yardımlara ümid edə bilirlər. Dövlət, həmçinin, kənd təsərrüfatına Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyi vasitəsilə aqrar sahəyə dəstək verir. 2007-ci ildən başlayaraq aqrar sektorun güzəştli kreditləşdirilməsi üçün bu quruma dövlət büdcəsindən vəsait göndərilir. 

Aqrar-sənaye kompleksi sektorunada yüksək risklər üzündən banklar bu bölmənin kreditləşdirilməsinə elə də həvəs göstərmir, buna görə də sözügedən sahəyə kredit qoyuluşlarının həcminin artımı cüzidir. Əgər 2009-cu ildə bankların ümumi kredit çantasında aqrar kreditlərin toplam payı 4,7% olubsa, 2010-cu ildə bu göstərici yalnız  4,8%-ə qədər artıb. 

Toplam ifadədə, yəni dövlət kreditləri ilə birlikdə aqrar sənaye kompleksinin kreditləşdirilməsi 11,8% artıb. Bu nəzərə alındıqda, gələcəkdə Azərbaycan hökumətinin fermerlərə subsidiyalar verilməsinin güzəştli kreditləşdirmə ilə əvəz edəcəyini düşünmək olar. 

Amma hazırda iqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələr aqrar sənaye kompleksinə subsidiyalar şəklində yardım göstərirlər. O cümlədən, Avropa Birliyi (AB) ölkələrində kənd təsərrüfatının subsidiyalaşdırılması ildə 50 milyard avroya qədər çatır. 2011-ci ildə  Azərbaycanda aqrar sənaye kompleksinə dövlət yardımı isə 500 mln manat səviyyəsində planlaşdırılıb. Buraya həm birbaşa, həm də dolayı xərclər daxildir. Bununla yanaşı, «Aqrolizinq» MMC-yə dövlət büdcəsindən 35 mln manat, KTN yanında Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinə isə  10 mln manat ayrılması düşünülür. Sahibkarlığa Kömək Milli Fondu üçün dövlət tərəfindən ayrılmış 34 mln manatın 48%-i kənd təsərrüfatı məhsullarının istehsalının və emalının maliyyələşdirilməsi üçün nəzərdə tutulur. 111,6 mln manatın isə 2016-cı ilə kimi ərzaq təhlükəsizliyinin uzunmüddətli dayanıqlılığı və təmin edilməsi üzrə Dövlət Proqramı üçün ayrılması nəzərdə tutulur. 220 mln manat isə meliorasiya və irriqasiya sisteminin çağdaşlaşdırılması üçün nəzərdə tutulur. 

Araşdırmalara görə, suvarma üçün işlədilən min kubmetr suyun dəyəri  hazırda 18,8 manat təşkil edir, amma o, kəndlilərə 0,5 manata, yəni 37 dəfə ucuz satılır. Bu isə dövlət tərəfindən hər hektar üçün 80 manat birbaşa subsidiya verilməsi deməkdir. 

2011-ci ildə ölkənin aqrar sektorunun dolayı subsidiyalaşdırılması həcminin 150 mln manat səviyyəsində olacağı gözlənilir. 2009-cu ildən başlayaraq yenə də ölkənin kənd təsərrüfatı istehsalçıları üçün beşillik müddətə vergi güzəştlərinin vaxtı uzadılıb və onlar torpaq vergisi istisna olaraq, qalan bütün vergilərdən də azaddır. 

 

Əlli əlliyə  

Bildirmək gərəkdir ki, bu gün kənd təsərrüfatı müəssisələrinin büdcə, kredit qurumları və sığorta şirkətləri ilə iqtisadi münasibətlərinin məntiqi modeli daha perspektivli görünür. Bu onlara sığorta  şirkəti vasitəsilə sığorta edilmiş  girov qarşılığında sığorta ödənişlərinin 70%-ə qədəri büdcədən subsidiyalaşdırılan kreditlər əldə etməyə imkan verər. 

Azərbaycanda hazırda kənd təsərrüfatı risklərinin sığortası zamanı sığorta polisinin yalnız 50%-i büdcə vəsaitləri hesabına örtülür. Qalan 50%-i isə sığorta şirkətləri öz üzərlərinə götürür.  Azərbaycanda kənd təsərrüfatı sığortasının orta tarifi ildə 1500 manat, yəni hektara 5%-dir. Bir hektardan orta gəlirlilik isə il üzrə 25 min manat qəbul edilir. 

O cümlədən aqrar-sənaye kompleksində büdcə vəsaitləri hesabına buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, göyərti istisna olmaqla, tərəvəz istehsalı büdcə vəsaitləri hesabına sığortalana bilər. Maliyyə Nazirliyinin hesablamasına görə, öz risklərini sığortalamaq imkanının olması fermerlərin kənd təsərrüfatı məhsulları istehsalını artırmasına, onların istehsalının rentabelliyini artırmağa imkan verər. 

Maliyyə Nazirliyinin (MN) Dövlət Sığorta Nəzarəti Xidmətinin başçısı Namiq Xəlilovun sözlərinə görə, hazırda Azərbaycanda kənd təsərrüfatında sığortanın stimullaşdırılması üçün lazımi qanunvericilik mövcuddur. Hər il dövlət büdcəsindən aqrar sektorda risklərin sığortası üçün müəyyən vəsait ayrılır, amma yerli fermerlər sahəyə maraq göstərmirlər və dövlət büdcəsindən ayrılmış vəsaitin yalnız 10%-i istifadə edilir.

Marağın artırılması üçün «Azərsığorta» Dövlət Sığorta Şirkəti əhali və fermerlər arasında sığorta xidmətləri barədə fəal məlumatlandırma işi aparır. Həmçinin,  KTN və MN  təmsilçilərinin iştirakı ilə bu sahədə beynəlxalq  təcrübənin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması üçün xüsusi işçi qrup da yaradılıb. 

KTN bitkiçilik məhsullarının istehsalına və emalına nəzarət şöbəsinin başçısı Sabir Vəliyevin sözlərinə görə, ölkə əhalisi arasında öz məhsulunun sığorta edilməsinin önəminin anlaşılması yetərincə deyil. KTN-in kənd əhalisini məsələ ilə xəbərdar etmək məqsədilə  xüsusi tədbirlər gerçəkləşdirməsinə baxmayaraq, fermerlər yenə də sığorta şirkətlərinin xidmətlərinə müraciət etmirlər. Sabir Vəliyevin sözlərinə görə, fermerlərin kənd təsərrüfatının sığortasından imtinasının əsas səbəbi sığorta şirkətlərinə etibar edilməməsi ilə bağlıdır. Hətta Nazirlər Kabinetinin qərarına görə, bu sığorta növü üzrə mükafatların 50%-nin dövlət büdcəsi hesabına ödənilməsi barədə qərarı da burada rol oynamır. 

 

«Fond lazımdır»

Bununla yanaşı, kənd yerlərində fəal kredit fəaliyyəti gerçəkləşdirən bank olmayan kredit qurumları da kənd təsərrüfatı kreditlərinin risklərinin zəmanətli sığortasında maraqlıdırlar. Bununla yanaşı, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası  aqrar sahədə sığortalanma mexanizmi üzrə araşdırma aparıb. Təhlil nəticəsində beynəlxalq təcrübə və Azərbaycandakı cari durum öyrənilib, bir sıra təkliflər hazırlanıb. 

Aqrar sənaye kompleksi sahəsində risklərin yüksək olması nəzərə alınmaqla və kənd əhalisinin büdcə vəsaitlərindən başqa da maliyyə qaynaqlarına çıxış imkanlarının yaxşılaşdırılması məqsədi ilə  Assosiasiya kənd təsərrüfatı sahəsində kreditlərin sığortası və zəmanəti fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüskarların fikrincə, bir tərəfdən, fond aqrar-sənaye kompleksi sahəsində risklərin sığortası məsələləri ilə məşğul olacaq, o biri tərəfdən isə aqrar sektorun kreditləşdirilməsi zamanı qarant rolunu oynayacaq. Assosiasiya öz təkliflərinə baxılmaq üçün hökumətə təqdim edib. Çünki dövlət belə bir fondun yaradılmasında və işində fəal iştirak etməlidir. Bildirmək gərəkdir ki, rəyi soruşulmuş bütün dövlət qurumları  (MN, KTN, İqtisadi İnkişaf Nazirliyi (İİN), Mərkəzi Bank və «Azərsığorta» Dövlət Sığorta Şirkəti) kənd təsərrüfatı kreditləri üzrə zəmanət fondunun yaradılması ideyasını dəstəkləyirlər. 

Assosiasiyanın 25 fevral 2011-ci il tarixdə açıqladığı araşdırmaya görə, fond fermerlər və sığorta şirkətləri arasında vasitəçi rolunu oynayacaq.  Hazırda hər kəsin dəstəklədiyi konsepsiyaya görə, sığorta şirkəti fermerlərdən əldə etdiyi üzvlük haqlarını fonda keçirəcək və bundan komisyon faiz qazanacaq. Sığorta ödənişi halı baş verən zaman ödəniş birbaşa fond tərəfindən gerçəkləşdirilməlidir. Bu zaman bir sıra sığorta şirkətləri yetərincə vəsaitə malik olan halda riskləri təkrar sığorta edə bilər.

Assosiasiyanın araşdırma qrupunun rəhbəri Vaqif Rüstəmovun sözlərinə görə, hazırda aqrar sənaye komplesində risklərin sığortalanması üçün müəyyən problemlər var. Bu, o cümlədən, aqrar sahədə riskləri sığortalayan obyektlərin sayının az olması, həmçinin, sığorta halları zamanı sığorta ödənişi üçün şərtlərin məhdud olması ilə bağlıdır; adətən, bu hal kimi təbii fəlakət götürülür. Fondun layihəsinə görə, fond öz fəaliyyətində  prioritet istiqamətləri, sığorta və zəmanət üzrə maksimum limitləri müəyyən edə bilər; sığorta ödənişinin gerçəkləşdirilməsi üçün konkret halları müəyyənləşdirə; sığorta və zəmanət üçün  qiymətləndirmə meyarlarını təyin edə bilər. 

V.Rüstəmov hesab edir ki, fondun yaradılması üçün ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur. Çünki 1999-cu ildən Azərbaycanda «Kiçik sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi haqqında» qanun fəaliyyətdədir və onun  tərkibində «kiçik sahibkarlığa dövlət maliyyə dəstəyi» bəndi var. Bu bənd sahibkarlar üçün subsidiyaların, kompensasiyaların, güzəştli kreditlərin, qrantların, zəmanətlərin verilməsini, lizinqin və başqa xidmətlərin təşkilini nəzərdə tutur.

Bu, nəzərə alınmaqla, kənd təsərrüfatı kreditlərinin sığortası və zəmanəti fondu dövlət başçısının fərmanı ilə yaradıla bilər. Qurumun investorları kimi özəl bölmə və  beynəlxalq fondlar çıxış edə bilər ki, bu da kapitala çıxışı genişləndirər və mövcud təcrübəni qəbul etməyə imkan verər. Bununla yanaşı, assosiasiya fondu vergi ödənişindən azad etməyi təklif edir. 

Rüstəmovun fikrincə, sonrakı addımlar, ilk növbədə, fondun hüquqi bazasının yaradılmasına xidmət etməlidir. İlk öncə, müvafiq hüquqi-normativ akt layihələri işləmək, həmçinin, fondun fəaliyyət mexanizmini konkretləşdirmək, onun nizamnaməsini işləmək, layihədə maraqlı olan bütün tərəflərin qarşılıqlı münasibət mexanizmlərini müəyyən etmək lazımdır. 

Bununla yanaşı, Dövlət Sığorta Nəzarəti  Xidmətinin başçısı Namiq Xəlilov hesab edir ki, fondun yaradılması üzərində əlavə işlər görmək lazımdır, çünki bu ideya əmlakın, məhsulun və heyvandarlığın sığortasından  daha çox bank olmayan kredit qurumları tərəfindən kənd əhalisinə verilmiş kreditlərin geri qaytarılmaması risklərindən sığorta olunmasına  istiqamətlənib. 

Həmçinin, ekspertlərin fikrincə, sığorta sisteminin təkmilləşdirilməsi üçün kənd təsərrüfatı sahəsində kreditlərin sığortası və zəmanəti fondu ilə yanaşı, iri sığorta şirkəti yaratmaq və aqrar profilli şirkətlərin regional şəbəkəsini qurmaq lazımdır. 

Bundan başqa, əsas istehsal fondlarının itirliməsi zamanı dəyən zərərin kompensasiya edilməsi, sığorta ödənişləri ilə məhsul itkilərinin kompensasiya edilməsi, tarif siyasətinin təkmilləşdirilməsi (tariflərin differensasiya edilməsi, onların risklərin ölçüsünə uyğunlaşdırılması), sığorta ehtiyatlarının formalaşdırılması və istifadəsi də təklif edilir. 

Ümumiyyətlə, kənd təsərrüfatı kreditlərinin daha effektiv sığorta mexanizmi üçün yeni alətlər (bədbəxt hallardan zəmanət üçün istiqrazlar, əlverişsiz hava indeksinə əsaslanan sığorta sazişi, ərazi məhsulu indeksi üzrə sığorta sazişi), həmçinin, texnoloji innovasiyalar (peyk vasitəsilə havanın proqnozlaşdırılması, kosmik təsvirlər, erkən xəbərdarlıq sistemi), həm də özəl sığorta şirkətlərinin stimullaşdırılması (sığorta mükafatlarının və ödənişlərinin verilməsi zamanı güzəştlərin təqdimi, inzibati xərclər üçün subsidiyaların verilməsi, subsidiyaların təkrar sığortası) lazımdır. Bütün bunlar, əlbət ki, aqrar sektorun inkişafına, bu seqmentdə istehsal münasibətlərinin dünya standartlarına qaldırılmasına imkan yaradacaq ki, bu da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini, həmçinin, neftdənkənar bölmədən dövlət büdcəsinə sabit ödənişlərin təmin edilməsi üçün çox önəmlidir.


MƏSLƏHƏT GÖR:

544