25 Noyabr 2024

Bazar ertəsi, 21:31

POS-TERMİNALLAR HAQQINDA POSTSKRİPTUM

Azərbaycan hökumətinin nağdsız hesablaşmaları populyarlaşdırmaq səyləri nə vaxt uğur qazanacaq

Müəllif:

01.03.2011

Dünya iqtisadiyyatına inteqrasiya cəhdlərində Azərbaycan rastlaşdığı  maneə və problemlərin öhdəsindən yetərincə gəlib. Ölkə, iqtisadiyyatın bazar tənzimlənməsi prinsiplərinə keçid dövrünün başa çatdığını elan edib, dünya böhranı fonunda onun maliyyə sistemi kənardan təlatümlərə dayanıqlılığı ilə müsbət reytinqini daha da möhkəmləndirib. Ancaq bütün problemli məqamların tam həlli barədə danışmaq hələ tezdir. Bu kontekstdə bildirmək olar ki, bugünün ən önəmli məsələsi neftdənkənar bölmənin gücləndirilməsi, onun büdcədə payının artırılmasıdır. 

Bu istiqamətdə durumun yaxşılaşdırılması ilə bağlı, demək olar ki, hər il cəhdlər göstərilməsinə, Vergi Məcəlləsinə düzəlişlər edilməsinə, biznes subyektlərinin qeydiyyatı və nəzarətdə saxlanması sisteminin təkmilləşdirilməsinə və s.-yə baxmayaraq, yenə də əvvəlki kimi, kiçik və orta biznes təmsilçiləri tərəfindən vergidənyayınma hallarının səviyyəsi yüksək olaraq qalır. İqtisadiyyatın neftdəkanar bölməsinin əsas sahələrindən biri olan ticarət sistemində qarşılıqlı hesablaşmalar üzərində nəzarətin aşağı olması da az rol oynamır. Amma hələ beş il qabaq Azərbaycanda total şəkildə xidmət və əmtəə ödənişlərinin nağdsız formasına total keçidə başlanmışdı ki, bu da yuxarıda göstərilən problemlərin hərtərəfli həlli ola bilərdi. 

 

Hər şey əvvəlki kimi qalıb?

24 noyabr 2005-ci ildə Azərbaycan Prezidenti «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Sərəncam verib. Həmçinin, 2005-2007-ci illər üzrə təsdiq edilmiş Dövlət Proqramına əsasən, mağaza və ticarət obyektlərində POS-terminallar quraşdırılmalı idi. Həmçinin, Nazirlər Kabinetinin 3 fevral  2006-cı il tarixli Sərəncamı ilə onların quraşdırılma meyarları, eləcə də  2006-2007-ci illərdə bu terminalların ərazilər üzrə mərhələli yerləşdirilmə qrafiki müəyyən edilmişdi. 

Bu qərarların nə səviyyədə uğurla yerinə yetirildiyini onunla müəyyən etmək olar ki, 2011-ci ilin yanvar ayında dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetindəki çıxışında sözügedən məsələyə bir daha qayıtmağa məcbur oldu: «Elə etmək lazımdır ki, ticarət, məişət və ictimai iaşə obyektlərində nağd ödənişlər minimuma ensin. Kredit kartları artıq var, bizim əhalinin önəmli hissəsində kredit kartları var. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartları, ödəniş kartları işləməlidir. Belə olan halda, vergi bazası elə də böyük səy göstərilmədən avtomatik olaraq artacaq. Azərbaycanda bu sahədə vəziyyət inkişaf etmiş ölkələrdən heç nə ilə fərqlənməməlidir. Gözləyirəm ki, 2011-ci ildə bu sahədə köklü və əsaslı tədbirlər görüləcək».

Amma bu sahədə vəziyyət hazırda doğrudan da çox fərqlənir. Hökumətin bu sahəni stimullaşdırma  səylərinə baxmayaraq, sahibkarlarda buna ciddi istək müşahidə olunmayıb və yoxdur. Demək olar ki, bütün dövlət qurumlarında və bir çox özəl qurumlarda işçilərin pulunu bank kartları ilə verirlər,  Azərbaycanın az qala butün pensiyaçıları öz pensiyalarını bankomatlar vasitəsilə alır, stipendiyaların, sosial müavinətlərin verilməsində də bu sistemdən istifadə edilir. Amma!  Bütün bunlar dövlət tərəfindən atılan addımlardır. Biznes tərəfdən buna cavab isə minimaldır. 

Bu gün, sözün gerçək mənasında, bank kartları ilə ticarət kiçik brend dükanlarda, pis halda isə böyük supermarketlərdə müm-kündür, amma onda da satıcıların narazı sifətləri ilə rastlaşmalı olursan. Və məsələ təkcə onların POS-terminal istifadəsi üzrə təcrübələrinin az olması ilə bağlı deyil. Bir qayda olaraq, bu məsələnin maliyyə tərəfi var, yəni nağdsız əməliyyatlar onlar üçün əlverişsizdir. Çünki burada həm yüksək bank tarifləri, həm də 18 faizlik əlavə dəyər vergisi (ƏDV) verilməlidir. Bütün bunlar pərakəndə satış ticarəti, məişət və s. xidmət obyektlərinin yiyələri üçün nağdsız ödənişləri maraqsız edir. 

Əlqərəz, əhalinin bu ödəniş vasitəsinin üstünlükləri və rahatlığı barədə xəbərsiz olması da sistemin inkişafını əngəlləyir. Halbuki hazırda bank ödənişləri vasitəsilə, demək olar ki, evdən çıxmadan bütün kommunal xərcləri ödəmək mümkündür, amma bununla belə, azərbaycanlıların çoxu yenə də  banklarda növbəyə duraraq, pulu əldən-ələ verir, əvəzində qəbz almağa tələsirlər. 

Və bunlar mövcud problemlərin yalnız bir neçəsidir. Keçən beş il göstərdi ki, Azərbaycanda nağdsız ödənişlərin populyarlaşdırılması üçün bütün ticarət obyektlərində POS-terminallar quraşdırmaqdansa, daha təsirli tədbirlər lazımdır. Bununla yanaşı, hökumətdə, daha doğrusu, Mərkəzi Bankla birgə problemi  tənzimləyən Vergilər Nazirliyində bu üsulun aşağı populyarlıq dərəcəsinin səbəblərindən daha birinin biznes təmsilçiləri ilə bağlı olduğunu bildirirlər; Çünki sözügedən üsul vergi ödənişindən yayınma üçün fırıldaq etməyə yetərincə maneə yaradır. Vergilər naziri Fazil Məmmədov bildirir ki, «Nağdsız ödəniş aparılan sahələrdə  vergidənyayınma halları minimuma enir». 

Yeri gəlmişkən, kiçik və orta sahibkarlığı təmsil edənlərin  nağdsız ödənişdən istifadə etmək istəməməsi üzündən ölkə üzrə POS-terminalların sayı da azalır. «Milli Kart»ın icraçı-direktoru Cəlal Orucov bildirir ki,  Azərbaycanda bu xidmətə tələbin azlığı üzündən, kiçik ticarət məntəqələrində POS-terminallardan istifadədən imtina faktları müşahidə edilir. Belə ki, 2010-cu ildə  prosessinq mərkəzi tərəfindən xidmət göstərilən POS-terminalların sayı 2500-dən 1200-ə enib. 

 

İkinci nəfəs 

Yuxarıda deyildiyi kimi, bu məsələyə  Prezident İlham Əliyev bir daha diqqət yetirməyə məcbur olandan sonra, hökumətdən də bu il ciddi dəyişikliklər olacağına vəd verdilər. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə nağdsız hesablaşmaları stimullaşdırmaq üçün Vergilər Nazirliyi ilə birlikdə işçi qrup yaradılıb. 

«Onların iqtisadi əsaslar üzrə stimullaşdırılması üçün keçirilən tədbirlər öyrənilir, ilk növbədə, bu, biznes qurumları ilə aktiv dialoqdur. Bu onların həmin sistemdən gözləntilərini öyrənməyə imkan verər və maraqlarını artırmağa yardımçı olar. İkincisi, bu istiqamətdə xərclərin, o cümlədən, bankomatlar və  POS-terminallar vasitəsilə əməliyyat keçirməyin tariflərinin və dəyərin aşağı salınmasıdır», - deyə o vurğulayıb. Rüstəmovun sözlərinə görə, nağdsız əməliyyatlara keçiddə onların marağının artırılması üçün AMB biznes qurumları ilə dialoqu da vacib sayır. 

Dialoqla yanaşı, bu problemə marağın artırılması üzrə stimullaşdırmaya yönəlmiş bir sıra konkret tədbirlər də planlaşdırılır. E.Rüstəmov düşünür ki, həmçinin, inzibati üsullardan da istifadə etmək lazımdır ki, qoy hamı qanunvericiliyin pozulmasına görə məsuliyyət daşmasının vacib olduğunu anlasın. «Ölkə üzrə nağdsız ödənişlərin stimullaşdırılması ciddi işdir və AMB qarşısında duran əsas məsələlərdəndir», -  deyə o vurğulayır.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, «Hazırda komitə ölkənin Vergi Məcəlləsinə düzəlişlər və əlavələr üzərində fəal iştirak edir ki, bu, sahibkarlığa yardım, vergi siyasətinin effektivliyinin artırılması, vergi mədəniyyətinin yüksəldilməsi məqsədi daşıyır ».  Deputatın sözlərinə görə,  ölkədə ödəniş kartlarının istifadəsinin genişləndirilməsi düşünülür ki, bununla da pozuntulara görə cərimə sanksiyaları artırılacaq. «Bütünlükdə, bu il ərzində sözügedən sahədə böyük dəyişikliklər gözlənilir və AMB tərəfindən ciddi iş aparılır», - deyə Səmədzadə bildirir. 

Vergi güzəştlərinə gəldikdə isə, nağdsız hesablaşmaların stimullaşdırılması üzrə tədbirlər çərçivəsində hazırda ƏDV üzrə differensiallaşmış dərəcələrə keçid imkanları müzakirə edilir. Vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, kart vasitəsilə ödənişlər zamanı ƏDV dərəcələrinin aşağı salınması məqsədəuyğun sayılır. Əhalinin və sahibkarların nağdsız ödənişlər aparılmasına  marağının stimullaşdırılması üçün ƏDV-ni iki dəfə, yəni 9%-ə qədər azaltmaq planları var. 

Fazil Məmmədovun sözlərinə görə, hazırda Vergilər Nazirliyində stimullaşdırma üzrə əlavə tədbirlərin gerçəkləşdirilməsi üçün müxtəlif Şərqi və Qərbi Avropa, Baltikyanı ölkələrin və Braziliyanın təcrübəsi öyrənilir. 

"Bütövlükdə, banklar tərəfindən ticarət obyektlərində POS-terminallar quraşdırılmalı, rabitə və sistem məsələləri həll edilməli, plastik kartlardan istifadə tariflərinə yenidən baxılmalıdır. Hazırda nazirlik AMB ilə birlikdə  qanunvericilik aktında lazımi dəyişikliklərin hazırlanması üzrə işlər aparır", - deyə o vurğulayıb.

Bununla belə, Azərbaycan Banklar Assosiasiyasının  (ABA) başçısı Eldar İsmayılov hesab edir ki, banklar öz fəaliyyətlərini ölkə üzrə nağdsız hesablaşmaların stimullaşdırılması əsasında qurmalıdırlar: "Bu, fundamental məsələdir. Biz əvvəllər də bazarın bu seqmentinin stimullaşdırılması məsələsini müzakirə eləmişik, amma indi yanaşma tamamilə dəyişməlidir. Hər bir şəxs necə və nə zaman tədbir görəcəyini bilməlidir, bazarın bütün iştirakçıları da bu istiqamətdə fəaliyyətlərini əlaqələndirməlidirlər".

Onun fikrincə, AMB və kommersiya bankları infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə fəal iş görməlidirlər, çünki bu, vergi bazasının genişlənməsinə, bank bölməsinin investisiya potensialının artmasına şərait yaradacaq, əhali üçün təhlükəsiz və əlverişli ödəniş imkanı yaradacaq. Banklar stimullaşdırıcı tədbirlərin keçirilməsinə başlamalıdırlar, daha əlverişli qiymətlərlə əqdlər bağlamalıdırlar və texnoloji infrastrukturu genişləndirməlidirlər.

Ümumiyyətlə, Elman Rüstəmovun sözlərinə görə, bu gün AMB dünyanın ən qabaqcıl texnologiyalarını öyrənərək, artıq milli elektron ödəniş infrastrukturu yaradıb. O, tamamilə beynəlxalq standartlara uyğun gəlir və hazırda dünyanın 10-dan çox ölkəsinin mütəxəssisləri bu sistemlə tanış olmaq, ölkənin təcrübəsini mənimsəmək üçün Azərbaycana baş çəkiblər. 

Ölkə üzrə ikinci prosessinq mərkəzi olan «AzeriCard»ın başçısı Cahangir Məmmədov qeyd edir ki, banklar və «AzeriCard» imkan daxilində bu sahədə çağdaş texnologiyalardan yararlanmaq  və əhaliyə təklif olunmaq  üçün hazırdır. 

«Hazırda bazarda plastik kartların istifadə edilməsi üzrə «Mobil Bank», «SMS-Notification», «e-commerce», «Internet Banking» kimi yeni xidmətlər tətbiq edilir. Banklar simsiz GPRS POS-terminallar quraşdırmaq istəyir ki, onlar transaksiyanı adilərlə müqayisədə on dəfələrlə sürətli emal edir. Onlar, həmçinin, əlverişlidir və müştərilərin mütləq kassaya getməsi vacib deyil", - deyə o vurğulayıb.

Şəksiz ki, problemin həlli üçün güclü stimul rolunu ölkə prezidentinin yol polisi, gömrük və s. işçilərinin sosial müdafiəsinə yönəlmiş fərmanları oynayacaq. Həmin fərmanlarda indən belə cərimələrin yalnız plastik kart vasitəsilə tutulması nəzərdə tutulur. Artıq yol polisinin avtomobillərinin çoxu, gömrük məntəqələri POS-terminallarla təmin edilib və qanun pozucuları tərəfindən nağd ödəniş dayandırılıb. Təbii ki, bütün bunlar bu sahədə korrupsiya və fırıldıqçılığın  qarşısını alan güclü maneə rolunu oynayacaq. 

Göründüyü kimi, nağdsız ödənişlərin populyarlaşdırılması iqtisadiyyata və cəmiyyətə yalnız müsbət meyillər bəxş edir. AMB başçısı bildirib ki, «Məsələ bundadır ki, hesablamalar bank bölməsi vasitəsilə nə qədər çox ödənərsə, bir o qədər vəsait bank bölməsində qalar və onlar yalnız hesablama əməliyyatlarının aparılması üzrə deyil, həm də kreditləşdirmə və yığım üçün də istifadə oluna bilər. Bu isə iqtisadiyyata kapital qoyuluşu deməkdir. Ölkə iqtisadiyyatı güclənir və onun maliyyə potensialı da genişlənir". 


MƏSLƏHƏT GÖR:

482