14 Mart 2025

Cümə, 00:05

CƏNUBİ KURİL: «ODU KÖRÜKLƏMƏK» NƏYƏ GƏRƏKDİR?

İndi mübahisəli adalarlarla bağlı «söz savaşı» həm Rusiyaya, həm də Yaponiyaya sərf edir

Müəllif:

01.03.2011

Moskvada, yaxud Rusiyanın Avropada yerləşən digər şəhərlərində yaşayan sakinlər üçün Yaponiyanın nə qədər uzaq olduğunu təsəvvür etmək çətin deyil. Hərçənd, bu ölkə Rusiyanın yaxın qonşusudur. Kuril adaları isə bu insanlar üçün daha da uzaqdadır. Tez-tez belə bir fikir səslənir ki, Moskvanı Cənubi Kuril adalarından yalnız minlərlə kilometr deyil, həm də tam bir onillik ayırır. Kimdənsə həmin yerlər haqda təsəvvürünü soruşduqda isə adətən «uzaq», «soyuq», «Allahın da yadından çıxardığı yer» ifadələri eşidilir.

Allahın bu yeri  yaddan çıxarıb-çıxarmadığını söyləmək bəlkə də olar, amma RF prezidentinin Kuril adalarını çox yaxşı xatırladığı isə göz qabağındadır. Son hadisələrsə göstərir ki, Kreml sahibi yaxın gələcəkdə bu adaları unutmağı ağlından belə keçirmir.

Hələlik belə fikir yaranır ki, Moskva ilə Tokionun, həmçinin, digərlərinin fəaliyyəti köhnə mübahisədə məqsədli şəkildə «odun üzərinə yağ tökməyə» yönəlib. Rusiya ilə Yaponiya arasında Kuril adaları ilə bağlı mübahisə yenidən KİV-in ilk səhifələrinə çıxıb və bu, Rusiya prezidenti D.Medvedev də daxil olmaqla, ölkənin bir sıra yüksəkrütbəli məmurlarının adaya səfərlərindən sonra baş verib.

Xatırladaq ki, Medvedev özünün də dediyi kimi, «Rusiyanın çox vacib regionu”na» ötən ilin noyabrında səfər etmişdi. Buna qədər müasir Rusiya prezidentlərindən heç biri Cənubi Kuril adalarında olmamışdı.

Medvedev səfəri zamanı Yaponiya ilə aralarındakı mübahisəyə, ümumiyyətlə, toxunmadı, siyasətdənsə sosial-iqtisadi inkişafa diqqət yetirməyi lazım bildi. O, ada sakinlərinə Mərkəzi Rusiyadakı (!) kimi həyat səviyyəsi vəd etdi. Medvedev adadakı ağır demoqrafik durumun yaxşılaşdırılmasının mümkünlüyünü də bildirdi: «İnsanlar buraya, əlbəttə ki, geləcəklər. Bəziləri istirahətə, bəziləri isə qalmağa».

Amma adada yaşayış səviyyəsi hələ ki olduqca aşağıdır. Burada mütəxəssis, həmçinin, həkim çatışmazlığı yaşanır, evlər köhnə və bərbad haldadır, ümumiyyətlə, xoşbəxt həyat perspektivi çox azdır.

Səfər zamanı Medvedev uşaq bağçasına baş çəkib, Cənubi Kuril buxtası akvatoriyasındakı kompleksə baxıb, Cənubi Kuril balıq kombinatında olub. Bu kombinatda, o, qırmızı kürünün dadına da  baxıb, müəssisə rəhbəri Konstantin Korobkovun məhsulun çatdırılmasındakı problemlər, həmçinin, bürokratiya haqda şikayətlərini dinləyib.

Nəhayət, Medvedev «Primorye» adlı yerli ərzaq mağazasında da olub. «10 yumurtanın 80 rubla satıldığı» mağazaya baş çəkən prezident nikbin ruhda deyib: «Əvəzində balıq özünüzünküdür». O, mağazadan özünə paltus və «koryuşka» da alıb.

Görünürdü ki, həmin gün prezidentin nikbin əhval-ruhiyyəsini heç nə ilə pozmaq olmaz.

Saxalin vilayətinin qubernatoru Aleksandr Xoroşavin Kuril adalarının inkişafına dair federal proqram çərçivəsində regiona göstərilən dəstəyə görə, Medvedevə minnətdarlığını bildirib. Qeyd edək ki, bu proqramın icrasına 18 milyard rubl ayrılıb.

Medvedevin ardınca Kurilə müdafiə naziri Anatoli Serdyukov da səfər edib. O, yerli hərbi qarnizonun yenidən silahlandırılması niyyətində olduqlarını açıqlayıb. Kurildəki hərbi hissələrin adaların təhlükəsizliyini təmin edə biləcək müasir silahlarla təchizatı haqda göstərişi isə şəxsən Medvedev verib.

Bəzi rusiyalı ekspertlər Dmitri Medvedevin Kurilə şəxsən baş çəkməsini yanlış sayır. Onların fikrincə, bu, Rusiyanın Uşaq Şərq qonşusunu əməlli-başlı silkələyən lazımsız və son dərəcə açıq «mesaj» oldu.

Yaponiya, əlbəttə ki, Kremlin planlarını əsəbiliklə qarşılayıb. Yaponiyanın baş naziri Naoto Kan Medvedevin Kurilə səfərini «yolverilməz kobudluq» adlandırıb və bildirib ki, «SSRİ-nin 1945-ci il avqustun 15-dən sonra gəldiyi bu yerlər Yaponiya ərazisidir». «Biz qəti şəkildə bu mövqedəyik və həmin ərazilərin geri qaytarılmasını tələb edirik», - deyə Kan qeyd edib.

Onun bu mövqeyini Yaponiya parlamentində təmsil olunan bütün partiyalar dəstəkləyib. «Məlumdur ki, bu bizim tarixi torpaqlarımızdır. Rusiya prezidentinin oraya səfər etməsi xalqımızı mənəvi tərəfədən yaralayır, bizdə ciddi təəssüf hissi yaradır», - deyə baş nazirin mövqeyini xarici işlər naziri Seydzi Maexara da təsdiqləyib.

Bunun nəticəsi olaraq, fevralın 7-də - Yaponiyada Şimal ərazilər günü qeyd olunarkən ölkənin ultrasağçı qüvvələri Rusiyanın Tokiodakı səfirliyi qarşısında nəinki etiraz aksiyası keçirib, hətta Rusiya bayrağını təhqir də ediblər.

Son zamanlar yaponlar «şimal əraziləri»nə müntəzəm olaraq havadan nəzarət edirlər. Məsələn, ötən ilin dekabrında - Medvedevin Kurilə səfərindən bir qədər sonra Seydzi Maexara vertolyotla Cənubi Kuril həndəvərində dolaşıb. Bundan sonra, fevralın 19-da isə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yukio Edano Kuril adaları ətrafına baş çəkib. Qeyd edək ki, o, həm də ərazi problemləri üzrə dövlət naziri səlahiyyətlərini icra edir. Edano bu səfərində əsas məqsədin Yapon cəmiyyətində Cənubi Kuril problemlərinin dərk edilməsi səviyyəsinin yüksəldilməsi olduğunu söyləyib. Edanonun fikrincə, «şimal əraziləri məsələsi yalnız adanın keçmiş sakinlərinin yox, bütünlükdə Yaponiya xalqının qayğısıdır».

Edano Cənubi Kurilə 2 dəfə nəzər salıb - sahil mühafizəsi təyyarəsinin göyərtəsindən və Hokkaydo adasının ən şimal nöqtəsi olan Nemuro şəhərindən. Qeyd edək ki, bu şəhər Cənubi Kuril silsiləsinin cəmi 7 kilometrliyində yerləşir. Yeri gəlmişkən, Nesuroda Cənubi Kurilin keçmiş sakinləri yaşayır. Onlar Yaponiyaya bu ərazilərə SSRİ qoşunlarının girməsindən dərhal sonra deportasiya olunub.

«Hətta Rusiya liderləri adanı ziyarət edirsə belə, bu, bizim haqlı və tarixi mövqeyimizi dəyişməyəcək», - deyə Yukio Edano bildirib. O, eyni zamanda bu məsələdə «Rusiya ilə sakit və konstruktiv dialoqun aparılmasını» lazım bilir.

Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində, baş verənləri diqqətdənkənar qoymayıb. «Yaponiya ictimaiyyətinin «ərazi məsələsi» ilə bağlı «daha hündürdən» danışmağa çağırılması cənab Edanonun sakit xarakterli dialoq tezisinə ziddir», - deyə Rusiya XİN-dən bildiriblər.

«Yaponiya siyasətçilərinin Rusiyanın qeyri-adi peyzajına öz ərazilərindən baxaraq zövq almasına» isə Moskvanın heç bir etirazı yoxdur.

Təbii ki, amerikalılar da bu mübahisədən kənarda qala bilməzdilər. ABŞ xarici siyasət idarəsinin mətbuat xidmətinin təmsilçisi Coan Mur Kurilin kimə məxsus olması ilə bağlı Dövlət Departamentinin mövqeyini açıqlamaq qərarına gəlib. Onun sözlərindən bəlli olub ki, ABŞ Yaponiyanı dəstəkləyir və onun Cənubi Kuril adaları üzərindəki suverenliyini tanıyır. Mur bildirib ki, Vaşinqton «Yaponiya və Rusiya hökumətlərinin vaxtı çoxdan çatmış sülh razılaşmasının əldə edilməsinə etdiyi cəhdləri, həmçinin, ümumilikdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə yönəlmiş səyləri də eyni dərəcədə dəstəkləyir».

Rusiya KİV-in yazdığına görə, rəsmi Moskva ABŞ-ın bu ölkədəki səfirliyinə müraciət edərək, Vaşinqtonun Rusiya ilə Yaponiya arasındakı ərazi mübahisəsilə bağlı mövqeyinə aydınlıq gətirilməsini istəyib. Oradan bildiriblər ki, Coan Murun sözləri, əslində, 2010-cu ilin noyabrında Dövlət Departamentinin rəsmi nümayədəsi Filipp Kroulinin səsləndirdiyi açıqlamanın təkrarıdır. 

Fevralın 21-də ABŞ-ın Rusiyadakı səfiri Con Bayerli Dövlət Departamentinin bəyanatı ilə əlaqədar Rusiya XİN-ə dəvət olunub. RİA «Novosti» xəbər verir ki, Rusiyanın Kuril adaları silsiləsindən olan, Yaponiyanın iddia etdiyi 4 adanı öz ərazisi saydığı səfirin diqqətinə çatdırılıb. Nazirlikdə səfirə bildiriblər ki, Moskvanın bu mövqeyi gələcəkdə də dəyişməyəcək.

Bəzi rusiyalı ekspertlər isə bildirir ki, ABŞ əslində bu məsələnin qəlizləşməsində heç də maraqlı deyil. Vaşinqtonun tərəfləri tez-tez dialoqa çağırması da bununla əlaqələndirilir.

Yeri gəlmişkən, «Rossiyskaya qazeta» ABŞ Dövlət Departamentinin mətbuat katibi səlahiyyətlərini icra edən Mark Tonerin Kuril mövzusunda son çıxışının stenoqramını dərc edib. Toner açıq şəkildə bildirir ki, Ağ evin «şimal əraziləri ilə bağlı mövqeyi tam aydındır»: «Biz tərəfləri dialoqa çağırırıq. Çünki regional sabitliyə ehtiyacımız var».

Digər yandan, Rusiyada bir məqamı da xatırladırlar ki, «soyuq müharibə»nin qızğın vaxtında Yaponiya keçmiş düşməndən müttəfiqə çevrilən zaman adalar uğrunda SSRİ-Yaponiya mübahisəsi ABŞ-a sərf edirdi. O zaman Vaşinqton SSRİ-nin daha bir «zəif nöqtəsindən» tutaraq, Tokioya əlavə təzyiq rıçaqı əldə etmişdi.

Bununla yanaşı, Rusiyada onu da bildirirlər ki, Vaşinqtonun Yaponiyaya dəstək bəyanatını Ağ evin İkinci Dünya müharibəsinin nəticələriinə yenidən baxılmasına sükutla verdiyi razılıq kimi qəbul etmək olar: ən azı, Asiya regionunda.

Yeri gəlmişkən, Rusiya-Yaponiya mübahisəsinin qızışdığı vaxtda gözlənilmədən, lakin tam məntiqi olaraq, Gürcüstan da özünü oyuna atıb: Tbilisi Tokioya «işğal olunmuş ərazilər problemi»nə yanaşmada Gürcüstanın istifadə etdiyi metoddan yararlanmağı təklif edir.

Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının sədri Şota Malaşxiya bildirib ki, Gürcüstan parlamenti yaxın vaxtlarda Kuril adalarının işğal olunduğuna dair qətnamə qəbul edə bilər. Tbilisidə ümid edirlər ki, bunun əvəzində Yaponiya parlamentariləri Abxaziya və Cənubi Osetiyanın işğal olunduğunu əksi etdirən qətnaməyə səs verəcəklər.

«Novosti-Qruziya» agentliyinin məlumatına görə, Malaşxiya bu məsələni artıq Yaponiyanın Tbilisidəki səfiri Masayosi Komohara ilə müzakirə edib. Deputatın sözlərinə görə, səfir Tokionun bu layihədə iştirakını istisna etməyib. Malaşxiyanın sözlərinə görə, «rus işğalçılar» haqda qətnamə bunadək Avropanın bir sıra ölkələrində Abxaziya və Cənubi Osetiyaya dair qəbul edilmiş, ABŞ Konqresində isə qəbulu gözlənilən sənədin bənzəri olacaq.

Moskva isə şübhəsiz ki, Kuril adalarının kimə məxsus olması haqda məsələni ümumiyyətlə, müzakirə belə etmək niyyətində deyil. Onun üçün hər şey tam aydındır. Rusiya XİN rəsmisi Aleksandr Lukaşeviç bildirib ki, Yaponiya ilə ərazi məsələsinə dair müzakirələrdən «söhbət belə gedə bilməz, çünki tərəflərin mövqeləri bir-birindən radikal şəkildə fərqlənir».

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko isə deyib ki (Yaponiyanın XİN başçısı Seydzi Maexaranın Moskvada səfərdə olduğu vaxt), «Rusiya Federasiyasının Kuril adaları üzərindəki suverenliyi nə bu gün, nə də sabah müzakirə obyekti ola bilər».

Moskva hesab edir ki, Kuril adaları İkinci Dünya müharibəsinin nəticələrinə əsasən, onun ərazisidir. 1945-ci il sentyabrın 2-də Amerikanın «Missuri» gəmisinin göyərtəsində Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası haqda akt imzalanıb. Sonradan SSRİ ilə sülh müqaviləsinin yoxluğuna baxmayaraq, Yaponiya BMT-yə qəbul olunub. Bu isə həmin vaxt üçün quruma qəbul edilən ölkənin heç bir BMT üzvü ilə ərazi mübahisəsi olmadığı anlamına gəlirdi.

1956-cı il oktyabrın 19-da SSRİ və Yaponiya birgə Bəyannamə qəbul edib. Sənədə əsasən, müharibə şəraiti aradan qaldırılıb, iki ölkə arasında diplomatik əlaqələr bərpa olunub.

Yaponiya isə daha əvvəl - hələ Rusiya İmperiyası dövründə əldə edilmiş razılaşmanın demarkasiyasını vacib sayır.

Maraqlıdır ki, Moskva tərəflər arasında mübahisənin qızışmasını «hakimiyyətdən getməkdə olan Naoto Kan kabinetinin konvulsiyası» kimi qiymətləndirir. Qeyd edək ki, çoxları Yaponiyanın hazırki hökumətinin yaxın zamanlarda hakimiyyətdən gedəcəyini düşünür.

«Məlumatlı mənbələr» «Kommersant» qəzetinə açıqlamasında vəziyyəti məhz belə şərh edib. Bildirilir ki, Yaponiyanın hazırkı hökuməti 2011-ci ilin dövlət büdcəsi layihəsini heç cür parlamentdən keçirə bilmir. Yaponiyada isə maliyyə ili aprelin 1-dən başlayır. 

Üstəlik, sorğular göstərir ki, Yaponiyanın əksər siyasətçiləri və vətəndaşları Kanın baş nazir postunu tərk etməsinin daha məqsədəuyğun olduğunu düşünür.

Rusiya XİN-nin rəsmisi Aleksandr Lukaşeviç Yaponiyada «radikal fikirlərin səsləndirilməsindən, bunun dövlət xadimləri, hətta baş nazirin açıqlamalarında da müşahidə olunmasından təəssüfləndiklərini» söyləyib. O hesab edir ki, «rəsmi Tokionun Kuril mövzusundan daxili siyasi məqsədlərinə çatmaq üçün istifadə etdiyi şəraitdə dialoq mənasını itirir».

Maraqlıdır ki, bu söz savaşının fonunda Rusiya bloqerləri Yaponiyanın onların ölkəsinə qarşı müharibəyə başlayacağı təqdirdə rusların döyüşə gedib-getməyəcəklərini müzakirə etməyə başlayıb. Bloqlarda aparılan sorğu  onu göstərib ki, müharibənin başlanacağı təqdirdə, Rusiyadakı internet istifadəçilərinin 28%-i «dərhal hərbi komissarlıqlara yollanacaq», 40% isə Avropa və ya ABŞ-dan siyasi sığınacaq istəyəcək.

 

Belə-belə işlər

Kuril adalarının ən radikal müdafiəçiləri isə Rusiyadakı çoxsaylı suşi-barları boykot etməyə çağırır, baxmayaraq ki onların əksəriyyətinin Yaponiya ilə bağlılığı, yalnız menyudakı  adlardır.

Ekspertlər isə bütün bu söhbətlərin «səfehlikdən başqa bir şey olmadığını» bildirir. Politoloqlar əmindir ki, Rusiya ilə Yaponiya arasında Kuril adalarıyla  bağlı mübahisə həmişəki kimi, uzun müddət gah qızışacaq, gah da sakitləşəcək. Silaha əl atmaq haqda isə heç bir tərəf düşünmür.

Üstəlik bir-birinə qarşı təbliğat müharibəsinin aparılması həm Rusiyaya, həm də Yaponiyaya səfr edir. Rusiya bu yolla fikri bezdirici «Qafqaz istiqaməti»ndən və digər «vacib problemlər»dən yayındırır.

Yeri gəlmişkən, Moskva üçün bu, bir daha öz ərazisinin miqyasını xatırlamaq üçün şansdır. Yaponiyadan fərqli olaraq, Rusiyanın ərazisi və resursları çoxdur, amma bax, bu ərazidə yaşayanların çox olduğunu deyə bilmərik. Yaponiya üçün isə Rusiya ilə kiçik qalmaqal, ilk növbədə, hazırkı hökumətin reytinqinin çox aşağı olması, iqtisadi göstəricilərinin isə pisliyi ucbatından lazımdır.



MƏSLƏHƏT GÖR:

471