14 Mart 2025

Cümə, 00:07

LİVİYA DRAMI

Ərəb dünyasının inqilab yürüşü davam edir

Müəllif:

01.03.2011

Ərəb inqilabı davam edir. Şimali Afrika və Fars körfəzinin bir sıra ölkələrini bürümüş və Tunislə Misirdəki uzun illərdir hakimiyyətdə olan avtoritar rejimlərin devrilməsi ilə nəticələnmiş xalq üsyanı Liviyada qanlı olaylara səbəb olub. 40 ildən artıqdır Müəmmər Qəddafi tərəfindən idarə olunan ölkə qardaş qırğınına səhnədir. Qeyri-rəsmi məlumatlara görə, Liviyada iğtişaşların başlandığı gündən indiyədək 2000-dən artıq insan həlak olub.

Liviyadan gələn son məlumatlarda bildirilir ki, Qəddafi artıq ölkənin böyük hissəsinə nəzarəti əldən verib. Onu yalnız özünün əl-qəddaf tayfası dəstəkləyir. Hələ bir neçə gün əvvəl Liviya 2 hissəyə parçalanmışdı: mərkəzi Benqazi olan şərq müxalifətin nəzarətində, Tripoli də daxil olmaqla, paytaxt isə Qəddafi tərəfdarlarında idi. Amma Qəddafinin nəzarətində olan ərazilər hər keçən gün kiçilir. Artıq Qəddafi tərəfdarları ilə müxalifətçilər arasında döyüşlər Tripoli ətrafında gedir.

Liviyanın böyüklüyünə görə ikinci şəhəri olan Benqazidə qurulmuş yeni hökumətin tərəfdarları ölkənin silahlı qüvvələrini Qəddafi əleyhinə inqilaba qoşulmağa çağırır. Onların əllərində yenidən Liviya Krallığı dövründəki qırmızı-qara-yaşıl rəngli bayraqlar dalğalanır. Yeri gəlmişkən, xatırladaq ki, krallığın tarixi 1969-cu ildə Qəddafi və tərəfdarlarının törətdiyi çevrilişlə bitmişdi.

İndi Benqazidə sabiq ədliyyə naziri Mustafa Abdel Halilin qurduğu yeni hökumət yerləşir. Uzun müddət Qəddafinin silahdaşı olmuş Liviyanın BMT-dəki nümayəndəsi Əli Aucali də yeni hökuməti dəstəkləyib. O, inqilabın başladığı ilk anlardan nümayişçilərin tərəfinə keçib.

Halilə gəlincə, o, "paytaxtı Tripoli olan müstəqil dövlətin birliyi"nə tərəfdardır. Bununla yanaşı, Müvəqqəti Hökumətin rəhbəri Liviyanın parçalana biləcəyinə dair kədərli proqnozlar da verir.

Dünya ictimaiyyəti Liviyada baş verənlərə sərt reaksiya göstərir. BMT-nin baş katibi Pan Gi Mun Qəddafinin dinc sakinlərə qarşı zorakılığa son qoyulması tələblərinə əməl etməməsini pisləyib. Liviya lideri ilə telefon söhbətində o, Qəddafini qan tökülməsinə son qoymağın vacibliyinə inandırmağa çalışıb. Lakin bundan bir qədər sonra Liviya prezidenti xalqa müraciət edib və əksinə, nümayişçilərə daha sərt divan tutulacağını deyib.

BMT Təhlükəsizlik Şurasının təcili toplantısında da Liviya rəhbərliyinin öz xalqına qarşı amansız əməlləri pislənib. Bundan başqa, BMT-nin İnkişaf Proqramı Liviya liderinin qızı Aişə Qəddafi ilə müqaviləni pozub və onun sülhməramlı səfir statusu ləğv edilib. Qeyd edək ki, xanım Qəddafi bu statusla qlobal təşkilatlarda bir sıra humanitar layihələrdə iştirak edirdi.

Nəhayət, BMT TŞ Qəddafi və onun ailə üzvlərinin xarici ölkələrə səfərlərini qadağan edən qətnamə də qəbul edib. Sanksiya prezident və ailəsinə məxsus xarici aktivlərin dondurulmasını da nəzərdə tutur. Qətnamədə Haaqa Beynəlxalq Məhkəməsindən Qəddafi rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı təcili tədbirlər görməsi istənilir.

Rəsmi Tripoliyə münasibətdə Avropa İttifaqı da mövqeyini nəzərəçarpacaq dərəcədə sərtləşdirib. Quruma üzv dövlətlərin hökumətləri Qəddafiyə qarşı sanksiyaların tətbiqinə dair razılığa gəlib. Sənədin Liviya rəhbərliyinə vizaların verilməsinə qadağa, aktivlərin dondurulması, bu ölkəyə silah satışına embarqonun qoyulması kimi məqamları özündə əks etdirəcəyi gözlənilir.

ABŞ isə artıq Tripoliyə qarşı birtərəfli sanksiyalar tətbiq edib. Qəddafi və ətrafının bank hesabları dondurulub, Liviya hökuməti ilə istənilən bank əməliyyatlarına, həmçinin, bu ölkəyə hərbitəyinatlı istənilən məhsulun satışına qadağa qoyulub.

Amerika prezidenti Barak Obama bildirib ki, sanksiyalar Liviya xalqına qarşı deyil, Qəddafi rejiminə qarşıdır. O, Liviya rəhbərliyini istefaya getməyə çağırıb: "Nə vaxt ki dövlət başçısı üçün yeganə yol öz xalqına qarşı zor tətbiq etməkdir, həmin andan o, öz legitimliyini itirir. Belə lider düzgün seçim etməli və istefa verməlidir".

Bundan başqa, Birləşmiş Ştatlar Liviyada baş verənlərə müdaxilə edə biləcəyini də birmənalı şəkildə ortaya qoyub. Dövlət katibi Hillari Klinton Vaşinqtonun Liviya şəhərlərində zorakılığa son qoymağa hazır olduğunu bildirib. Bu baxımdan Kuba lideri Fidel Kastronun bəyanatı maraqlıdır. O, hesab edir ki, yaxın vaxtlarda ABŞ Liviyanın neft yataqlarını ələ keçirmək üçün NATO-nun bu ölkəyə müdaxiləsinə yol açacaq. "Tamamilə aydındır ki, Amerika hökumətini Liviyada sülh qətiyyən maraqlandırmır və Vaşinqton bir anlığa belə tərəddüd etmədən, NATO-ya bu ölkəyə müdaxilə haqda göstəriş verəcək - bu, bir neçə saatın və uzaqbaşı, bir neçə günün işidir", - deyə komendante bildirib.

Bu arada İtaliyanın müdafiə naziri İnyasio La Russa Liviyadakı vətəndaşlarının oradan çıxarılması üçün bu ölkəyə qarşı hərbi əməliyyatlara  hazırlaşdıqlarını bəyan edib. "Bizə məruzə edirlər ki, Liviyanın cənub-şərqində  italiyalılar var və onların ərzaq ehtiyatı tükənir. Biz onları xilas edəcəyik", - deyə nazir qeyd edib.

Göründüyü kimi, Qərb fövqəldövlətləri Tunis və Misirdə baş verənlərdən xeyli fərqlənən bu ölkədəki hadisələrə müdaxilə etməyə hazırdır. Bunun izahı, ilk növbədə, Liviyanın zəngin enerji resursları ilə bağlıdır. Amma İtaliyanın müdafiə naziri bildirir ki, Liviyada hərbi əməliyyatlara başlanması üçün səbəb (əlbəttə ki, bunun Qərbin maraqları baxımdan vacib olacağı halda) heç də mütləq neft və ya digər strateji faktor olmaya bilər.

Bununla yanaşı, aydındır ki, Qərb üçün ərəb ölkələrində baş verənlərin fonunda çaşqınlıq içərisində olduğunu gizlətmək çətindir. Onilliklərdir ABŞ-ın regiondakı əsas müttəfiqi olmuş Misir diktatoru Hüsnü Mübarəkin devrilməsi Ağ Ev qarşısında Yaxın Şərq siyasətinə redaktələr etmək kimi bir vəzifə qoyub. Axı hələ də Tunis və Misirdə gedənləri kimin əvəzləyəcəyi tam aydın deyil.

Liviyadakı hadisələrlə bağlı isə ümumiyyətlə, proqnoz vermək mümkün deyil. Mübarəkdən və Tunis diktatoru Ben Əlidən fərqli olaraq, Qəddafi uzun illər antiamerika siyasəti yürüdüb. 

Amma Liviya liderinin gözlənilən gedişi Vaşinqtona sevinmək üçün birmənalı əsas verməyəcək. Maraqlıdır ki, Qəddafinin özü ölkəsində aranın qarışmasında ABŞ və bütünlükdə Qərbi günahlandırmır, amma bunu gözləmək olardı. O, günahı daha çox Liviyada islam dövləti qurmaq istəyənlərin üzərinə qoyur. Sanki Qəddafinin fikirlərinin təsdiqi kimi, "Əl-Qaidə"nin Niger, Mavritaniya və Malidə məskunlaşmış Şimali Afrika qanadı Qəddafiyə qarşı üsyanı dəstəkləyib. Qruplaşma Qəddafini "silahsız müsəlman qardaşlara qarşı kütləvi qırğın, qətliam törətməkdə" günahlandırıb.

Bir sözlə, ərəb düyasında cərəyan edənlər yalnız istefa verən diktatorlarla deyil, Qəddafi kimi, hakimiyyəti itirməmək naminə ölkəsini dağıdan və əhali arasında qırğın törədən diktatorlarla da yadda qalacaq.

Repressiv rejimlərə qarşı etirazlar heç də yalnız ərəb ölkələrini bürüməyib. Məğrib, Bəhreyn, Yəmən kimi ölkələrlə yanaşı, oxşar hadisələr İrana da gedib çıxıb. Lakin İran rəhbərliyi Tehran və digər şəhərlərdə başlanmış nümayişlərin qarşısını ala bilib. Amma "molla rejimi" xarici atributlarında Mübarək və  ya Qəddafi rejimləri ilə çox uyğunluq olmasa belə, hələ də rahat yata bilmir.

Diqqətçəkən məqamlardan biri amerikalı milyarder, "Açıq cəmiyyət institutu" ictimai təşkilatının rəhbəri Corc Sorosun İran rejiminin tezliklə çökəcəyinə dair verdiyi proqnozdur: "Nə vaxt ki xalq öz həyatına təhlükə hiss edir, mümkün olmayanlar mümkünə çevrilir. Mən mərcə girə bilərəm: İran rejimi bir ildən sonra çökəcək".

Amma Soros və onun kimi düşünənlərin nə düşünməsindən asılı olmayaraq, Yaxın Şərqdə bir sıra rejimlərin devrilməsi Qərb strateqlərini sevindirməyə də bilər. Ən azı ona görə ki, müsəlman dünyası hadisələrin istənilən formada inkişafı halında Qərbin ölçüləri ilə yaşamayacaq. Üstəlik, ərəb ölkələrində hakimiyyətə radikal islamçıların gəlmə ehtimalı da az deyil.

Proseslərdən ciddi geosiyasi dividendlər əldə edə biləcək dövlətlərə gəlincə, ilk növbədə, Türkiyənin adını çəkmək olar. Son illər ərzində Ankara islam dünyasındakı mövqelərini nəzərəçarpacaq dərəcədə artıra bilib və bu, ilk növbədə, Fələstinə münasibət və İsraillə münasibətlərin korlanması ilə baş verib. Amma Ankaranın nüfuzunun artması yalnz bununla yox, həm də ölkənin seçdiyi siyasi-iqtisadi inkişaf modeli lə bağlıdır. Türkiyənin NATO üzvü olmasına və Qərbin müttəfiqi kimi qalmasına baxmayaraq, Yaxın Şərqdə nümunəvi islahatçı obrazına malikdir. Üstəlik o, buna bir sıra ərəb dövlətlərindən fərqli olaraq, enerji resursları olmadan nail olub və bu, Yaxın Şərq ictimaiyyətinin gözündə Türkiyə modelinin effektivliyini daha da artırır.

Ankaranın ABŞ, Avropa və İsraillə münasibətdə müstəqillik nümayiş etdirməsinin də xüsusi effekti var. Ərəblərin məhz Türkiyəyə tərəf boylanması təəccüblü deyil. Bu, hazırkı vəziyyətdə daha böyük aktuallıq qazanır. Çünki müsəlman Şərqinin dövlətləri avtoritar diktaturadan xilas olmaqla bundan sonra hansı istiqamətdə irəliləmək haqda düşünür.

Tunisin "Əl-Nahha" islam hərəkatının lideri Rəşid əl-Qannuşinin ölkəsindəki son hadisələri şərh edən zaman səsləndirdiyi fikirlər maraqlıdır: "Əgər müsəlman ictimaiyyətinin əsl maraqlarına cavab verən hansısa siyasi hərəkat rezonas verə bilərsə Tunisin birpartiyalı erası başa çatacaq. Onun yerinə isə az-çox uyğun gələn Türkiyə modeli tutacaq".

Qeyd etmək lazımdır ki, Misirdə qurulacaq siyasi sistemdə ciddi yerlərdən birinə sahib ola biləcək "Müsəlman qardaşlar" təşkilatı da Türkiyə modelinə simpatiyasını gizlətmir.

Ərəb dünyasının Türkiyəyə belə münasibəti müsəlman dünyasında inteqrasiya proseslərinin lideri kimi çıxış etmək imkanı verir. Bu isə İranın Livanın "Hizbullah" və Fələstinin HƏMAS hərəkatları ilə sıx əlaqələrinə rəğmən, İranın iddialı planlarına ziddir. HƏMAS isə özünü "Müsəlman qardaşları"nın filialı kimi görür və ərəb ölkələrinin gələcək inkişaf modelini İran yox, məhz Türkiyə modelinə uyğun görür.



MƏSLƏHƏT GÖR:

516