15 Mart 2025

Şənbə, 04:24

ONUN ADI NİZAMİDİR

2011-ci ildə böyük Azərbaycan şairi, dahi fikir adamı, bütün zamanların və xalqların filosofu Nizami Gəncəvinin anadan olmasının 870 illiyi tamam olur

Müəllif:

15.02.2011

Adama elə gəlir ki, elm və texnologiya, nanotexnologiya və digər kəşflər, tapıntılar əsrində bəşər övladını artıq heç nə ilə heyrətlənmək olmaz. Hər hansısa  bir  məişət  cihazında  lazım olan proqramları seçirik; maşınlar bizim dildə danışırlar; kitabları isə artıq  noutbuklar, netbuklar və iPad-lar vasitəsilə oxuyuruq.  

Biz, demək olar ki, kabel televiziyası, İnternet ərköyününə çevrilmişik və onlar bizi toplam əyləncələr sənayesinə cəlb edir;  özümüz üçün başqa real həyat təsəvvür edə bilmirik, ümumiyyətlə, başqa həyatın olduğunu da düşünə bilmirik. O isə var. Allahın insanlara bəxş etdiyi sevgi, ədalət, humanizm hisslərini, istedadı vəsf edən, öz yaradıcılığı ilə büsbütün dünya açan, sözlə möcüzə yaradan  real insanlar var. Və nə yaxşı ki, belə şəxsiyyətlərin adları   Ulu Azərbaycan torpağının hüdudlarını çoxdan aşaraq, bəşəri olub  və onların yubileyini unutmaq olmaz. Nə qədər ki, onlar var, əbədiyyət də  var.

"Var", - deyə  Krasnodarda yaşayan bir qadın bildirib.  "Ədəbiyyət var - bu, Allah və Nizamidir».  Sürpriz və şok, bax, budur. 

Qara dəniz sahilində səslənən bu sözlər tamamilə gözlənilməz oldu. Azərbaycanlı rəfiqəsi bir dəfə ona "Dünya ədəbiyyatı klassikləri" kitabını veribmiş. Və orada  Nizaminin "Leyli və Məcnun" poeması olub.  Və elə həmin gündəncə bu  qadın üçün sözləri belə məharətlə «ruha düzən» ikinci  başqa bir filosof, şair və mütəfəkkir demək olar ki, yoxdur. Onun etirafına görə, Nizami onun bütün həyatını  və dünyabaxışını dəyişib. 

İngilis dili müəllimi başa düşə bilməyib ki, məktəb tədris proqramında Nizaminin poemaları niyə yoxdur, niyə uşaqlara mütəfəkkirin vəsf etdiyi bu cür yüksək mənəvi və ibrətamiz fikirlər tədris olunmur, niyə uşaqlara bu cür dəyərlərlə təmas imkanları verilmir? Elə buna görə də o, "Leyli və Məcnun"dan ingilis dilinə bir neçə misra çevirərək, öz fərdi tədris materialını yaradıb. Nəticə özünü çox gözlətməyib. Əvvəllər uşaqlara aylarla öyrədilməsi müşkül olan məsələlər Nizaminin poeziyası ilə, təxminən, bir-iki dərsə mənimsənilib.  

Yeddinci sinif şagirdləri üçün çox maraqlı olub və onlar davamını tələb ediblər. Nəticədə, demək olar, bütün "Leyli və Məcnun" poeması onun tərəfindən ingilis dilinə tərcümə edilib. Artıq pensiyaya çıxmış bu qadının vaxtıilə işlədiyi məktəbdə indiyə kimi ingilis dilinin tədrisi zamanı onun Nizamidən yaratdığı tədris-didaktika materialları istifadə edilir. «Siz bilirsinizmi ki, 2011-ci ildə onun 870 illiyi tamam olur? Elə də çox yaşamayıb, 70-dən o tərəfə keçməyib, amma dünya ədəbiyyatına necə töhfələr verib! Mən onu bütün çağların və xalqların dahisi sayıram.

 

Nizami

Böyük şair haqqında nə bilirik? Demək olar ki, heç nə. Çünki o, saray şairi olmaqdan imtina edib, buna görə də həyatı haqqında çox az məlumat günümüzə gəlib çatıb. Onda insan həyatının dolğun salnaməsi yalnız saraya yaxın olduğu hallarda yazılırdı. Böyük Azərbaycan şairi, fikir adamı, filosofu farsca yazıb. Nizami Gəncəvinin gerçək adı Əbu Məhəmməd İlyas ibn Yusif olub. Nizami, ya da ki «sözləri nizama düzən» XII yüzillikdə Qafqazda - Gəncə şəhərində yaşayıb və yaradıb, Gəncəvi təxəllüsü də buradan qaynaqlanır. Böyük İpək yolunun üstündə olan bu şəhər, böyük şairinin anadan olmasından 100 il qabaq Gəncəyə baş çəkmiş ərəb səyyahı ibn Əzrəkinin yazdığına görə, «türklərin böyük paytaxtı» olub, burada başqa bir məşhur tarixçi - Nəsəvinin qeyd etdiyi kimi, «Türklərin qarışqa kimi sayının bəlli olmadığı» Arranın paytaxtı  nəzərdə tutulur. 

Nizami Gəncəvi Şərq poeziyasının klassikidir, orta yüzililk Şərqinin böyük yaradıcılarından biridir, Şərq epik poeziyasına danışıq dili və realist üslubu gətirmiş görkəmli romantik şairdir. Nizami  orta yüzillik Şərqinin aparıcı şairlərindən biri kimi tanınıb, qələm qardaşları arasından yüksələrək, mistisizmi, romantikanı  əhatə edib. 

Nizaminin romantik qəhrəmanlıq poeziyası bütün farsdilli dünyaya təsir göstərib, yalnız Qafqazda deyil, Osmanlıdan tutmuş, Muğal dünyasına qədər hər yerdə   - çağdaş Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Əfqanıstan, Özbəkistan, Tacikistan, Pakistan və Hindistanda - onun yolu ilə getməyə can atan gənc şairləri, yazıçıları və dramaturqları həvəsləndirib.  Onun yaradıcılığı Hafiz, Rumi və Sədi kimi şairlərə də təsir göstərib. Onun beş məsnəvisi - «Xəmsə» müxtəlif bilik sahələrindən çeşidli mövzuların sirlərini açır və böyük şöhrət qazanıb. 

Onun poemalarının qəhrəmanları   - Xosrov və Şirin, Leyli və Məcnun, İsgəndər indiyə kimi də bütün İslam dünyasında, eləcə də başqa ölkələrdə hər kəs tərəfindən tanınır. 1996-cı il YUNESKO tərəfindən şairin anadan olmasının 850 illiyi münasibətilə Nizami ili adlandırılmışdı. Nizaminin «Yeddi gözəl» poemasının süjeti Cakomo Puççininin «Turandot» operasının yazılmasına səbəb olub ki, bu da Nizaminin farsca yazmasına baxmayaraq, adının geniş yayılmasının sübutudur. 

 

Həyatı və təhsili 

Nizami Gəncəvi 1141-ci ildə ilahiyyatçı alim  ailəsində anadan olub və əsərlərinin məzmunundan da görünür ki, hərtərəfli fəlsəfə və filologiya təhsili alıb. Doğma Azərbayan dili ilə yanaşı o, elm və din dili olan ərəb dilini, şeir dili olan fars dilini bilib, həmçinin, riyaziyyatı, cəbri, həndəsəni, astronomiyanı, tibbi, məntiqi və tarixi öyrənib. «Qısa ömrü boyunca Saturun halqasındən Yerə qədər bütün elmi keçib və bütün fənlər üzrə bilik dəryasına çevrilib» və ya özü bunu şeirlə ifadə edib: «Ustadların bütün kitablarını mən özüm oxumuşam, irəli getmişəm, sözlərim kəsərli olub». 

Nizaminin həyatı haqqında az bilirik, amma burası dəqiq bəllidir ki, o, saray şairi olmayıb. Çünki belə bir vəziyyətdə azadlığını itirməkdən qorxub, yaradıcılığı üçün müstəqilliyə böyük ehtiyac duyub. Əgər o, saray şairi olsaydı, bizə onun tərcümeyi-halı barədə daha çox məlumat qalardı, çünki fars saray şairləri haqqında yetərincə çox biblioqrafik məlumat qalıb. Bununla yanaşı, ənənəyə sadiq qalaraq, Nizami öz əsərlərini müxtəlif sülalələrdən oan hökmdarlara həsr edib. Məsələn, «Leyli və Məcnun» əsərini Nizami Şirvanşahlara, «Yeddi gözəl»i isə Eldəgizlərin rəqibi olan Marağa Atabəylərindən Əla əd-Dinə həsr edib.  

Bildirildiyi kimi, Nizami həmişə Gəncədə yaşayıb, üç dəfə evlənib. İlk və sevimli arvadı Afaq adlı kəniz olub, ona çoxlu şeirlər yazıb, «gözəl, ağıllı» adlandırıb. Afaqı ona Dərbənd hökmdarı Dara Müzəffər əd-Din 1170-ci ildə bağışlayıb. Nizami Afaqı azad edərək, onunla evlənib. Təxminən, 1174-cü ildə onların oğlu olub və onu Məhəmməd adlandırıblar. 1178-ci və ya 1179-cu ildə Nizami «Xosrov və Şirin» poemasını qurtaranda arvadı Afaq ölüb. Onda oğlu Məhəmmədin yeddi yaşı varmış. Nizaminin iki başqa arvadı da vaxtından tez dünyasını dəyişib, özü də hər dəfə arvadının ölümü Nizaminin hansısa epik əsərinin başa çatması ilə üst-üstə düşürmüş. Bununla bağlı şair yazıb: «Tanrım, nədən hər bir poemanın ardınca mən arvadımı qurban verməliyəm!». 

Dövlətşah Səmərqəndi (1494-1495) öz məşhur «Təzkirət oş-şoara» («Şairlər haqqında qeydlər») əsərində Nizaminin şair olan qardaşından bəhs edir. Onun sözlərinə görə, onu Qivami Mütərrizi adlandırırmışlar. Nizami Gəncəvi 1202-ci ildə dünyasını dəyişib. Onun  yaxınlarından biri, bəlkə də onun oğlu şairin ölümünü təsvir edib və bu sətirləri «İsgəndərnamə»nin ikinci kitabında antik filosoflar - Əflatun, Sokrat və Ərəstunun ölümünə həsr edilmiş fəslə daxil edib. Orada «İsgəndərnamə» müəllifinin yaşı qey edilib:

 

Onun altmış və üç yaşı vardı, 

Altı ay da yaşayıb, qaranlığa qovuşdu, 

Hamıya bilik verib, gözlərinə nur saçan 

Ərləri vəsf edərək, onların ardınca getdi. 

 

Poeziyaya töhfəsi 

Nizaminin o dövrdə tanınmış janr olan qəsidələrinin birində o, özünün poeziyaya verdiyi töhfələrdən danışır: «Mən müdrik fikirlər dövlətinin şahənşahı oldum...  Məkanın padşahı, zamanın şahı oldum. İlahi nəğmələr dövlətində hökmümü paylaşmaram». 

Özünə bu cür yanaşma Nizaminin çoxtərəfli, parlaq, gerçəkdən böyük ədəbi irsi ilə təsdiqlənir. O, tarixə Şərq poeziyasının bütün janrlarında çox sayda şeirlərin, «Xəmsə»yə daxil olan beş poemanın - «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və Makedoniyalı İsgəndər haqqında iki kitab şəklində yazdığı «İsgəndərnamə»nin müəllifi kimi daxil olub. Onun az sayda rübailəri XIII yüzillikdə fars şairi Camal əl-Din Xəlil Şirvani  tərəfindən tərtib edilmiş «Nouzhat əl- Məcales» antalogiyasına daxil edilib.  Şairin «Xəmsə»yə daxil olan epik poemaları daha populyardır və bütünlüklə qorunub. 

Nizaminin əsərləri ümumi «Pənc Gənc» adı altında birləşib ki, farscadan bu ad «Beş daş-qaş» kimi  tərcümə edilir. Beş poemanın beşi də məsnəvi formasında yazılıb və Nizami bu janrın parlaq ustadıdır.

İlk poeması olan «Sirlər xəzinəsi» («Məxzan-ul-Əsrar») Sənainin (1131-ci ildə ölüb) möhtəşəm «Həqiqət bağı» əsərinin təsiri altında yazılıb. «Xosrov və Şirin», «Yeddi gözəl» («Həft peykər») və «İsgəndərnamə» əsərlərinin kökündə orta yüzilliklərin cəngavər əhvalatları durur. Xosrov və Şirin, Bəhrami-Gur və Böyük İsgəndər Firdovsinin «Şahnamə» əsərinin də ayrı-ayrı yerlərində peyda olur, Nizaminin əsərində isə onlar mərkəzə gətirilərək, əsas  qəhrəmana çevriliblər.  «Leyli və Məcnun» poeması ərəb əfsanələri əsasında yazılıb. Bütün beş əsərinin beşində də Nizami mənbə materiallarını çox inkişaf etdirib. 

Qeyd etmək lazımdır ki, Nizaminin poemalarında unikal tarixlər yer alır ki, bizim günlərə bu barədə məlumat məhz Nizaminin əsərləri hesabına gəlib çatıb. Məsələn, «Xəmsə»nin heyranlıq yaradan məsələlərindən biri musiqiçilərin müfəssəl təsviridir ki, bu da Nizaminin əsərlərini XII yüzilliyin Şərq musiqi yaradıcılığı və musiqi alətləri barədə əsas mənbəyə çevirir. Nizaminin adi insanlara daha çox maraq göstərməsinə baxmayaraq, o, monarxiya üsul-idarəsi əleyhinə getməyib və hesab edib ki, bu, Şərq həyat tərzinin ayrılmaz ruhu və müqəddəs hissəsidir. Amma  Nizami saray həyatında yaşamaqdan imtina edib, buna baxmayaraq, hər bir poemasını ayrıca bir hökmdara həsr edib, çünki bu, həmin dövrlərdə çox geniş yayılmış ənənə idi. 

1177-ci ildə yazdığı ilk poeması iyirmi qısa petik başlıqdan və ya «xitab»dan ibarətdir ki, o da başqa poemaları kimi məsnəvi formasında yazılıb. Əsərdə müəllif  sevgisini  mövcudluğun ilk səbəbkarına, yaradıcılığın ilhamvericisinə, insanı yüksəldən və xeyirxah əməllərə yönəldənə yönləndirib, taleyin döngələrindən, hakimiyyətdən və zülmdən bəhs edib. 

O, hökmdara öyüd verir, ədalətdən və təbəələrinə xeyirxah  münasibətdən danışır («Süleyman və kəndlinin əhvalatı»). Səma və yer dünyasının  ahəngindən bəhs edir («Yalnız göylərdə deyil, yer üzündə də cənnətdəsən» deyir). Ceyranı qoruyarkən nitqini itirmiş ovçu padşahın əhvalatında təbiət dünyası ilə ahəngdən danışır. Həmçinin, kərpickəsən qoca dastanında əqldən və ruhdan, insanın yaradıcı əməllərindən danışır. Kitabında İsa, Quran və peyğəmbərlər haqqında, o cümlədən, Məhəmmədin Meracı, onun Yaradanla görüşü barədə təsviri də var, Meracın təsviri onun beş poemasından üçündə yer alır. Şərqin ədəbi ənənələrinə riayət edən Nizami öz poemalarını, o cümlədən, «Sirlər xəzinəsi»ni Yaradanın və Məhəmməd Peyğəmbərin vəsfi ilə, Yaradandan bağışlanmaq və rəhm olunmaq diləyən dualarla, lazımi şəkildə nizamlanmış sözün üstünlüyü barədə fikirlərlə başlayır.  Süjet zənginliyi və obrazlarının parlaqlığı ilə seçilən «Sirlər xəzinəsi» müəllifini şöhrətləndirib. Uğurdan ilhamlanan şairin bu əsəri vaxtsız dünyasını dəyişmiş arvadı Afaqa həsr etdiyi ilk və son poeması olub. O sonradan da sevgi poemaları yaradıb və nizamişünasların fikrincə, Afaq onun yaratdığı qadın obrazlarının prototipi olub.

 

Yaradıcılığının önəmi 

Nizaminin əsərləri,  hətta XX yüzilliyə qədər Şərq və dünya ədəbiyyatının sonrakı inkişafıına təsir göstərib. Nizaminin əsərlərinə XIII yüzillikdən yazılmağa başlayan onlarca nəzirə mövcuddur ki, müəlliflərin sırasında Əlişir Nəvaini və hind-fars şairi Əmir Xosrov Dəhləvini də göstərmək olar. Onun yolu ilə getmək istəyən, amma yaradıcılq səviyyəsinə görə müqayisəyə gələ bilməyən şairlərin içində türklər də, farslar da, hindlər də olub. Fars alimi Hekmet «Leyli və Məcnun» poemasının 40 dəfə farsca və 30 dəfə də türkcə versiyasının olduğunu sadalayıb. 

Azərbaycanda və İranda Nizaminin yaradıcılığı indiyə kimi populyardır. Şairin poeziyası üzrə xüsusi bəlağət müsabiqəsi var ki, «Müşareh» adlanır. Nizaminin yaradıcılığı və onun canlı sözü bu qədim ənənənin mənbəyi və rəmzidir. Nizami Gəncəvinin dövrünün humanist, ümumbəşəri, ictimai-siyasi, sosial və mənəvi-əxlaq dəyərlərini əks etdirən əsərləri Şərq İntibahının zirvəsi olub. 

İnsanın daxili dünyasının, onun fikir və düşüncələrinin əks etdirilməsi, öz qəhrəmanlarının inkişaf dinamikasının təsviri Nizami irsinin əsas bədii məzmunudur. Yaxın Şərq ədəbiyyatında sevgi və ümumbəşəri idealların geniş yayılması məhz onun poemalarının xidmətidir. Sevgini fəlsəfi bucaq altında ilk dəfə təsvir edən Nizami zərif sevgi konsepsiyasının yaradıcısıdır və onu söz və vicdan azadlığı ilə əlaqələndirib. 

Nizami Gəncəvi Şərq ədəbiyyatında  yeni istiqamət açıb və Yaxın Şərqdə humanizm ideyalarının inkişafına əvəzsiz xidmət göstərib. Şair öz əsərlərində əsas  mövzu kimi öz dövrünün problemlərini götürsə də, onun əsərləri bugünün gerçəkliklərini də əks etdirir. Öz xalqının arzu və diləklərini yalnız özünəməxsus şəkildə birləşdirən Nizami Gəncəvi böyük əsərlər yaradıb. 

Həmin dövrdə  Nizami ilk dəfə olaraq, qadını dərin təfəkkürə malik bir obraz kimi təsvir edib. O, alicənab, müdrik, cəsarətli və müxtəlif sahələrdə kişilərlə birgə çalışmağı bacaran qadın obrazlarını bu keyfiyyətlərin olduğu bir sıra kişilərlə müqayisə də edir. 

O, ilk dəfə olaraq göstərir ki, məhz əmək insanı başqa varlıqlardan fərqləndirir. Nizaminin əsərlərində təbiət gözəllikləri təsvir edilir. Əfsanələr, miflər, şifahi Azərbaycan ədəbiyyatının deyimləri və misalları onun yaradıcılığı vasitəsilə canlanır. 

Nizami Gəncəvinin süjetləri Azərbaycan folklorunun inkişafına güclü təsir göstərib. Əsərləri dünyanın bir çox xalqlarının dillərinə çevrilib. Onun qiymətli əlyazmaları Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və dünyanın bir çox başqa şəhərlərinin muzey və kitabxanalarında saxlanır. Nizaminin yaradıcılığı Şərq incəsənətinin inkişafında böyük rol oynayır və yəqin ki, biz azərbaycanlıların bəxti onda gətirib ki, bütün zamanların və xalqların böyük şairi məhz Azərbaycan torpağında dünyaya gəlib. Biz adı Nizami olan bu cür zəngin irsin varisləriyik. 

 

Qayğı içindəyəm ki, bu asan bir iş deyil -

Adımı əsrlərboyu yaşatmaq istəyirəm.  

Ey mehriban yoldaşım! Sözlərimi xatırla

Əgər qəbrim üstünə gəlmək istəyərsənsə, 

Külək sovuracaq külümü dünyaboyu, 

Heç kim adımı mənim bir daha tutmayacaq. 

Başdaşımın üstünə ovcunla toxunaraq

Sən mənim ürəyimin alovunu xatırla, 

Qəbrimin üzərində göz yaşı axıdanda 

Sönməyən işığımı səninçün yollayaram.

Sənin salamını salamla qaytararam, 

Gəlsən, zirvələrimdən ayağına enərəm. 

Nə istəyirsən dilə, duan çin çıxacaqdır, 

İnan, yol tapacaqdır Tanrının dərgahına.


MƏSLƏHƏT GÖR:

591