Müəllif: Alyona MOROZ Bakı
Belə fikir var ki, insan ömrünün üçdəbirini yuxuda keçirir.. Başqa bir üçdəbir hissə isə işin payına düşür. Yuxu zamanı insanın təhlükəsizliyini təmin etmək öz əlindədirsə, yəni rahat yataqla, səs-küyün azaldılması ilə bunu özü edə bilirsə, əmək zamanı bu çox çətindir. Əsrlərboyu insanlıq özü üçün rahat əmək şəraiti yaratmağa çalışır, bunun nəticəsi kimi biz bu gün rahat avtomobillərə, yüksəksürətli liftlərə, həddindən çağdaş kompüterlərə malikik. Tərəqqi davam edir, onu saxlamaq mümkün deyil. Amma insan heç də hər zaman qalib kimi görünmür. Məsələn, bizim hansımız işdə fövqəladə vəziyyətdən, tutaq ki, başımıza düşə bilən dəmir beton parçasından və ya qırılan trossdan sığortalanmışıq?.. Amma! İstənilən halda, bundan sığortalanmaq mümkündür.
"Siz tikintidə bədbəxt hadisə ilə rastlaşmısınızmı?"
Ondan başlayaq ki, istehsalatda bədbəxt hadisələr dünyanın ən inkişaf etmiş ölkələrində belə geniş yayılıb. Məsələn, götürək inşaat sektorunu. Hətta işə götürənlər tərəfindən əmək təhlükəziliyi normalarına əməl edildikdə, yəni kaska, sığorta və s.-lə təmin olunduqda belə, binaların tikilməsi, özü də yüksək binaların inşaatı zamanı şikəstlik və ya ölüm halları ehtimalını sıfıra endirmək mümkün deyil. Buna işçinin ən sadə diqqətsizliyi və ya əgər işlər açıq havada gedirsə, kəskin dəyişən hava şəraiti - güclü külək dalğası, ildırım və s. səbəb ola bilər.
Göründüyü kimi, istehsalatda bədbəxt hadisə hallarından heç kim sığotalanmayıb. Şokedici statistika da bundan yaranır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin başçısının müavini Məhərrəm Məhərov bildirir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, hər il dünya üzrə istehsalat başında 2,3 mln adam həlak olur. Şikəst olanların sayı isə 2-3 dəfə çoxdur.
Əgər Azərbaycan üzrə statistika götürülərsə, onda ƏƏSMN-nin məlumatına görə, 2010-cu ilin yanvar-oktyabr aylarında ölkə üzrə istehsalat zamanı 196 bədbəxt hadisə baş verib, bunun nəticəsində 55 adam dünyasını dəyişib. Onların 25-i tikinti sektorunda çalışıb. 167 adam isə zədə alıb və bunun 37-si inşaatçıdır. Bütünlükdə, tikinti sektorunda 51 bədbəxt hadisə baş verib. Yəni hər dörd qəza halından biri bu sektorun payına düşür.
2009-cu ildə Azərbaycanda istehsalatda 250 bədbəxt hadisə baş vermişdi və bunun da 65-i tikinti sahəsinin payına düşmüşdü, 69 ölüm halı qeydə alınmışdı, o cümlədən iki xarici vətəndaş həlak olmuşdu. 218 adam müxtəlif ağırlıqlı istehsalat zədəsi almışdı. Bu zaman tikinti işlərini yerinə yetirərkən, 32 nəfər həlak olmuşdu və 48 nəfər zədə almışdı. Həmçinin 2009-cu ildə istehsalatda qrup xarakterli 25 bədbəxt hadisə qeydə alınıb ki, bunun da 10-u tikinti sektorunun payına düşür. 34 halda günahkar kimi müəssisələr, 109 halda isə zərərçəkmiş insanların özləri sayılıb. 74 halda isə həm müəssisə, həm də zərərçəkmiş şəxsin özü günahkar hesab edilib, 33 bədbəxt hadisə isə kənardan təsir nəticəsində baş verib. Tikinti sektorunda 13 halda günahkar kimi müəssisə, 23 halda isə zərərçəkən insanların özləri, 17 halda isə müəssisələr və zərərçəkənlər günahkar sayılıblar. 12 bədbəxt hadisə isə kənardan təsir nəticəsində baş verib.
Göründüyü kimi, ildən-ilə istehsalatda bədbəxt hadisələrin azalmasına baxmayaraq, bu problem hələ də öz həllini tapmır. ƏƏSMN Dövlət Əmək Müfəttişliyinin başçısı Nəbi Şükürlünün sözlərinə görə, bədbəxt hadisələrin çoxu əmək təhlükəsizliyi qaydalarının yerinə yetirilməməsi, istehsalatda texniki təhlükəsizliyin təmini üçün işçilərin ləvazimatının (təhlükəsizlik kəmərləri və kaskalar) olmaması və ya onlardan istifadə edilməməsidir. Daha bir səbəb isə potensial təhlükəli sahələrin - lift şaxtalarının, məhərrəcsiz yüksək balkonların və s.-in olmasıdır.
Avropanın ardınca
Göstərilən statistika, sadəcə, çılpaq rəqəmlər deyil. İstər ölüm olsun, istərsə də şikəstlik, hər bir göstərilən halın dalında insan taleyi, onun ailəsi, qohumları, dostları durur. Hətta məsələnin mənəvi tərəfindən yan keçilsə də, istənilən halda dəyən zərərin ödənilməsi, işçilərə bədbəxt hadisələr zamanı onun özünün və ya qohumlarının uzana bilən müalicə xərcləri də daxil, hər hansı kompensasiya ala biləcəyinə inamının olması ilə bağlı problem yaranır.
Bəzən elə durum yaranır ki, insan aldığı zədələr nəticəsində öz əmək fəaliyyətini davam etdirə bilmir. Buna görə də belə insanlar üçün "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun adındakı ikinci hissə xüsusi önəm kəsb edir. Yeri gəlmişkən, Azərbaycanda bu qanunvericilik bazasının mövcudluğu BƏT-in 1964-cü il iyulun 8-də Cenevrədə qəbul edilmiş "İstehsalatda zədəalma hallarında müavinətlər haqqında" 121 saylı konvensiyasına uyğun gəlir. Yəni gerçəklikdə Azərbaycan artıq ümumi qəbul edilmiş normalara yaxınlaşır.
Böyük müsbət hal kimi qiymətləndirilə biləcək daha bir önəmli cəhət də var: iş adamları müəssisələrdə bütün təhlükəsizlik tələblərinn yerinə yetirilməsini fəal təbliğ edəcəklər. Bunun həm də çevik iş qrafikinə, öhdəliklərin rasional paylanmasına; insan üçün hər hansı bir təhlükə yaranarkən, məsələn, havanın temperaturu 40 dərəcəni keçərkən və ya anomal istilər zamanı işin dayandırılmasına; sağlamlıq durumu iş şəraitinə uyğun gəlməyən və ya işlə məşğul olan, amma iş öhdəliklərini yerinə yetirmək durumunda olmayan insanların işə cəlbedilmə faktlarına yol verməmək hallarına da dəxli var.
Bizə ən çox zədə vuran tikinti bölməsini xatırladıq və bu baxımdan qanunvericilikdə dəyişikliklər yerinə düşür. Əgər bu məsələyə geniş baxılsa, belə qərara gəlmək olar ki, sosial sığorta sahəsində yeni qanun mövcud durumu kökündən müsbətə doğru dəyişməyə qadirdir. Bu həm "işçi-işəgötürən" münasibətləri baxımından müəssisələrdə sağlam mühit yaradacaq (biz işçi sözünü təsadüfən birinci yazmadıq), həm də əmək üçün normal şərait formalaşdıracaq. Nəticədə əmək, işçilərin gələcəkdə peşəkarlıqlarını artırmaları üçün daha böyük stimul meydana gələcək. Gec-tez bu, müəssisələrin fəaliyyətinə müsbət təkan verəcək və həm də ölkədə özəl bölmənin inkişafına yaxşı təsir göstərəcək.
Amma çox vaxt praktikada rast gəlindiyi kimi, qanunun olması hələ o demək deyil ki, Azərbaycanın bütün iş adamları onu real həyatda da tətbiq edəcəklər. Amma istənilən halda elə bir durum yaranır ki, əməyi sağlamlığını və hətta həyatını onsuz da risk altında qoyan çoxsaylı işçi ordusu real olaraq risklərin sığortalanmasına ümid edə bilirlər.
Parlamentin sosial siyasət komissiyasının başçısı Hadı Rəcəblinin sözlərinə görə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi ölkə iqtisadiyyatının keçid dövrü üçün ən önəmli qanunudır.
"Ölkə iqtisadiyyatının, özəl bölmənin fəal inkişafı, iqtisadiyyatın liberallaşması dövründə işəgötürənlər daha çox sayda işçilər cəlb etməyə başlayıblar, amma effektiv əmək şəraiti yaratmayıblar. Elə bu səbəbdən də istehsalatda daim bədbəxt hadisələr baş verib, işəgötürənlər isə vurulmuş zərərin əvəzində kompensasiya ödəməyiblər. İndiyə kimi bu cür işəgötürənlərin cəzalandırılması, məsuliyyətə cəlb edilməsi ilə bağlı hüquqi baza yox idi. Bu qanun ən yaxşı sosial müdafiədir", - deyə deputat bildirib.
Bu mütləqdir!
Maliyyə Nazirliyinin sığorta nəzarəti üzrə dövlət xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun qəbul edilməsi sosial inkişaf və rifah üçün böyük önəm daşıyır". O qeyd edib ki, qanun həmçinin istehsalatda bədbəxt hadisələrlə bağlı məhkəmə araşdırmalarının sayının azalmasına imkan verəcək. Qanuna görə, bütün işəgötürənlər məcburi qaydada öz işçilərini sığortalamalı olacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi başçısının müavini Məhərrəm Məhərov isə öz növbəsində bildirib ki, 1999-cu ildə qəbul edilmiş Azərbaycan Əmək Məcəlləsində işəgötürənləri öz işçilərini sığortalatmağa məcbur edən bənd var, amma indiyə kimi bu prosesi tənzimləyən ayrıca qanun yox idi. "Mən hesab edirəm, hazırda bu qanunun qəbul edilməsi istehsalat zədələnmələrini, onların səbəblərini aradan qaldırmağa yardım edər və bütün işçilərin müvafiq sığorta ilə təmin edilməsinə səbəb olar", - deyə o bildirib; həmçinin, Dövlət Statistika Komitəsinə istinadən deyib ki, hazırda Azərbaycanda 400 min işəgötürən var.
ƏƏSMN, eləcə də Səhiyyə Nazirliyinə və hüquq-mühafizə qurumlarına müraciət edib ki, onlar istehsalatda bədbəxt hadisələr zamanı xəbər versinlər. Bu, məlumatların əldə edilməsi və xəbərdaredici tədbirlərin görülməsi baxımından çox önəmlidir.
Qanun pozanlarla isə sərt davranılacaq. M. Məhərovun sözlərinə görə, qanunun tələblərini qulaqardına vuran, o cümlədən, sığorta haqqında müqavilə imzalamayan işəgötürənlərə qarşı 1,5-3 min manat həcmində cərimə kəsiləcək. Sığorta sazişlərinin bağlanması ilə bağlı mümkün təxirəsalmalar barədə danışarkən o bildirib ki, "Qanun artıq qüvvədədir və bütün işəgötürənlər onun tələblərini yerinə yetirməlidirlər".
Qanunun tələblərinə bütün işəgötürənlər tərəfindən riayət olunmasına nəzarət etmək ilkin mərhələdə mümkün deyil. Buna görə də bəzilərinə 1-2 ay möhlət verilə bilər. Bu müddət ərzində nazirlik təbliğat və izahetmə işləri aparacaq, qanunun tələblərinə riayət etməyən işəgötürənlərə qarşı cərimə sanksiyaları kəsiləcək. "Dövlət Əmək Müfəttişliyinin əsas məqsədi cərimələr deyil, biz belə daxilolmalardan asılı deyilik. Bizim məqsədimiz işçilər üçün normal şərait yaradılmasının təminidir", - deyə M. Məhərov bildirib.
Hər şey sığorta üçün
İndi isə daha bir önəmli cəhət - ölkənin sığorta bazarının yaranmasına diqqət yetirək. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bazarın imkanlarını $1 mlrd səviyyəsində qiymətləndirir. ASA başçısı Azər Əliyevin sözlərinə görə, əgər bütün mövcud potensial işə salınarsa, bu, mümkündür.
Bununla yanaşı, ASA iki il ərzində ölkənin sığorta bazarının həcminin iki ilə $400 mln.-a qədər qaldırmağa yardım etmək niyyətindədir. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün üçün ASA daha öncə qəbul elədiyi ikiillik strategiyanı gerçəkləşdirmək niyyətindədir. Onların sırasında sığortaçılaırn təhsil səviyyəsinin qaldırılması və ölkədə sığortanın təbliğ edilməsi üzrə işlər də var.
Bazarın yeni, inqilabi inkişaf mərhələsinə məhz hansı parametrlər hesabına çıxarılması düşünülür? Azərbaycanın sığorta bazarının peşəkar iştirakçılarının fikrincə, bizdə icbari sığorta, icbari tibbi sığorta və həyatın sığortası kimi seqmentlər tam ölçüdə işə salınmamış olaraq qalır. Birinci seqment üzrə artıq müəyyən inkişaf var.
İqtisadi siyasət üzrə parlament komitəsinin rəhbəri Ziyad Səmədzadənin sözlərinə görə, cağdaş tələblərə uyğun olaraq, cəmiyyətdə "İcbari sığorta haqqında" qanuna normal maliyyə münasibətlərinin formalaşdırılmasının gərək olduğu vaxt çatıb. Qanun layihəsi Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirə ediləcək. Yeniliyə uyğun olaraq, sığorta polisi üzrə ödəniş limitlərinin yetərincə artırılması və sığorta ödənişlərinin artırılması gözlənilir ki, bu da icbari sığorta bazarı həcmlərinin artmasına səbəb olacaq.
Bu məsələ üzrə böyük rolu "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun qəbul edilməsi və tətbiqi oynayır. Namiq Xəlilovun sözlərinə görə, bu gün sığortaçıların yığımlarının artacağı barədə hansısa proqnoz vermək çox erkəndir, çünki bazarı ancaq qanunun tam keyfiyyətli tətbiqindən müəyyən müddət keçdikdən sonra qiymətləndirmək mümkündür. İlkin hesablamalara görə, bu sığorta növü sığortaçılar üçün hər il 30-40 mln manat daxilolma təmin edə bilər.
Yeri gəlmişkən, 2009-cu ilin nəticələrinə görə, ölkə üzrə sığorta mükafatlarının toplam həcmi 160 mln manat ($200 mln.-a yaxın) təşkil edib, 2010-cu ildə isə bu, 155,59 mln manata ($194 mln) düşüb. Şərhə ehtiyac yoxdur.
N. Xəlilov, həmçinin, əlavə edib ki, işəgötürənər sığortaçı seçməkdə sərbəstdirlər. Amma bu gün seçim də elə böyük deyil, Azərbaycanda həyatın sığortası ilə məşğul olan cəmi iki sığorta şirkəti var, bunlar "Ateshgah Hayat" və "Gala Hayat" şirkətləridir.
N.Xəlilov bildirir ki, bu cür sığorta növünün peyda olması "həyatın sığortası ilə məşğul olan şirkətlərin sayını artıracaq", çünki yeni məcburi sığorta növləri üzrə sazişlər müddətsiz dövr üçün bağlanır. Belə ki, "Pasha Sigorta" şirkəti də yaxın zamanlarda müvafiq sığorta növü ilə məşğul olmaq üçün lisenziya almağa niyyətlidir, "Standard Insurance" və "AtaSigorta" şirkətləri isə həyatın sığortası üzrə lisenziyalar almağa ümid edirlər ki, bu da ekspertin fikrini təsdiqləyir.
Yeri gəlmişkən, Azərbaycanın 2011-ci il dövlət büdcəsində istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri zamanı peşəkar əmək qabiliyyətinin itirilməsi üzrə məcburi sığortanın büdcə təşkilatlarında tətbiqi üçün 10 mln manat ayrılıb. Ümid edək ki, bütünlükdə, bu cür icbari sığorta növünün tətbiqi üzrə proses indən belə yalnız sürətlənəcək.
MƏSLƏHƏT GÖR: