
«TƏHLÜKƏSİZLİK DAVOSU»
Kibertəhlükəsizlikdən multikulturalizmədək: Münhendən hansı küləklər əsdi?
Müəllif: Eldar PAŞAYEV Bakı
Münhendə fevralın 4-6-da keçirilmiş növbəti, sayca 47-ci təhlükəsizlik konfransı beynəlxalq münasibətlərdə heç də asan olmayan vaxta təsadüf etdi. Bir çox dövlətlərdə büdcə kəsrləri ilə mübarizə, artmaqda olan ərzaq böhranı, hələ də davam edən İran və Yaxın Şərq problemi, Rusiyada bir müddət əvvəl baş vermiş qanlı terror, nəhayət, etiraz «xəstəliyinə» «yoluxmuş» ərəb dövlətləri.
Nəzərə alsaq ki, Münhen forumu təhlükəsizlik siyasətinin müzakirə olunduğu əsas meydan sayılır, demək olar ki, oraya toplaşmış dünya liderlərinin danışacaqları çox şey var idi.
Həm də «Təhlükəsizlik Davosu» (Davosda keçirilən iqtisadi foruma bənzədilir) adlandırılan konfransda aparılan açıq söhbətlər, mübahisələr onun birmənalı olaraq məşvərətçi xarakter daşımasını göstərir. Onun iştirakçıları hansısa qərar qəbul etməli, bir-biri ilə söhbətləşən zaman ifadə və sözlərini hamarlamalı olmurlar. Odur ki, burada ən müxtəlif və daha açıq fikirlər eşitmək şansı olur.
Forumun digər cəlbediciliyi qeyri-formal müzakirələr imkanının yaranmasıdır.
Təbii ki, danışıqların əksər nəticələri dövlət liderlərinin öz aralarında, başqa sözlə, «kadr arxasında» qalır. Jurnalistlərin və geniş ictimaiyyətin diqqətinə isə ya artıq qəbul edilmiş faktlar, ya rəsmi mövqeyə yaxın fikirlər, ya da artıq KİV-dən gizlədilməsi mümkün və arzulanan olmayan tendensiyalara edilmiş işarələr çatır.
Bu dəfə Münhenə 50 ölkədən 350 təmsilçi gəlmişdi. Onların arasında Almaniya kansleri Angela Merkel və bu ölkənin əksər nazirləri, Avropa İttifaqından Herman vann Rompey, Böyük Britaniyanın baş naziri Devid Kemeron, BMT-nin baş katibi Pan Gi Mun, NATO-nun baş katibi Anders foq Rasmussen, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, ABŞ-ın dövlət katibi Hillari Klinton da var idi.
Azərbaycanı konfransda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edirdi.
KİV-in yazdığına görə, Rusiya prezidenti Dmitri Medvedev Gürcüstan lideri Mixail Saakaşvilinin orada iştirak edəcəyi üçün tədbirə qatılmaqdan imtina etmişdi. Nəticədə, Moskvanı tədbirdə baş nazirin müavini Serey İvanov ilə xarici işlər naziri Sergey Lavrov təmsil edirdi.
Belarusun xarici işlər naziri Sergey Martınovu isə Münhenə sadəcə forumun təşkilatçıları buraxmamışdı. ABŞ və Avropa İttifaqının Belarusda 2010-cu il dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra yaşananlarla əlaqədar Minskə tətbiq etdiyi sanksiyalardan sonra Martınovun dəvəti ləğv olunmuşdu.
Qeyd edək ki, Vaşinqtonla Brüssel rəsmi Minski müxalifəti boğmaqda, insan haqlarını pozmaqda günahlandırır. Minsk isə öz növbəsində Almaniya ilə Polşanı Belarusda dövlət çevrilişinə cəhddə ittiham edir.
Münhen forumunun sədri Volfqanq İşingerin sözlərinə görə, Belarusda baş verənlərdən sonra «özünü sanki heç nə olmamış kimi aparmaq olmaz».
Konfrans iştirakçıları qlobal maliyyə böhranının sabitlik və beynəlxalq təhlükəsizliyə təsiri, Avropanın təhlükəsizliyinin möhkəmlənməsi, nüvə silahının yayılmaması, tərksilah və digər məsələləri müzakirə edib. Son zamanlar, adəti üzrə, nəhəng forumlarda olduğu kimi, kibertəhlükəsizlik məsələsi də bu tədbirdə diqqət mərkəzində idi. Çünki bu sahədə bir qayda olaraq, beynəlxalq xarakter daşıyan cinayətlərin sayı (dələduzluq, uşaq pornoqrafiyasının yayılması, zorakılığa çağırış və s.) durmadan artır. İnformasiya təhlükəsizliyi problemi WikiLeaks resursunun Amerika diplomatiyasına aid gizli sənədləri dərc etməsindən sonra daha da aktuallaşıb. Amma hələ də virtual məkanı hansı vasitələrlə tənzimləməyin mümkünlüyü məlum deyil.
Konfransda, təbii ki, NATO və Avroatlantik məkanın üzvləri üçün əsas problem olan Əfqanıstan da diqqətdən kənarda qalmayıb. Bu il foruma yenidən bu öklənin başçısı Həmid Kərzai də qatılmışdı. NATO-nun bu ölkədəki hərbi kontingentini artıq bu il çıxartmağa başlayacağı haqda çox danışılıb. Bildirilir ki, ölkədə təhzlükəsizliyə nəzarətin Qərb koalisiyasından Əfqanıstan ordusu və hüquq-mühafizə orqanlarına keçidi çətin durum nəzərə alınmaqla, tədricən baş verəcək.
Amma hələ ki Əfqanıstanda hansısa ciddi irəliləyişlərin olduğunu söyləmək olmaz. Bu fikri narkotik bitkilərin becərilməsi və yayılması haqda da söyləmək mümkündür. Regiondakı bəzi müşahidəçilər isə ümumiyyətlə hesab edir ki, Mərkəzi Asiyanın bu ölkəsində işlər nəinki plan üzrə getmir, ümumiyyətlə, pis gedir.
Kərzai öz çıxışında bildirib ki, ABŞ Əfqanıstanda qoşunlarını saxlamaq üçün ildə təxminən 100 milyard dollar xərcləyir. Əfqanıstanın təhlükəsizlik qüvvələrinə isə ildə 8 milyard dollar xərclənir. Əfqanıstan prezidenti bir daha bildirib ki, onun ölkəsi dünyanın ən yoxsul ölkələrindəndir və investisiyalara ehtiyac duyur.
Münhen konfransında Misir və ümumilikdə ərəb dünyasındakı vəziyyətə ayrıca sessiya həsr olunub. Bundan başqa, Rusiyanın təşəbbüsü ilə forumda Yaxın Şərq «dördlüyü»nün (Sergey Lavrov, Hillari Klinton, Pan Gi Mun və Ketrin Eşton) görüşü də olub.
Ərəb-İsrail probleminin həlli yenidən yerində sayır. Buna əsas maneələrdən biri İsrailin Fələstin ərazilərində yaşayış məntəqələrinin tikintisini dayandırmaqdan imtinasıdır. Bundan başqa, Misir və digər ərəb ölkələrində baş verən son hadisələr onsuz da kifayət qədər qarışıq olan bu prosesə yeni məqamlar əlavə edir.
Amma dünya liderlərini öz problemlərin daha çox narahat etməsi şübhə doğurmur. Məsələn, Aİ ölkələri hazırda avroməkanın sabitliyinin təmini ilə məşğuldur. Bu məkan Aİ-yə daxil olan bir sıra dövlətlərdəki büdcə kəsrilə əlaqədar olaraq, təhlükə qarşısındadır. Bunun fonunda Fransanın xarici işlər naziri Mişel Alo-Mari Aİ-yə «strateji əhəmiyyətin itirilməsi»lə bağlı xəbərdarlıq edib. Almanyanın vitse-kansleri və xarici işlər naziri Qido Vestervelle isə «Sueddeutsche Zeitung» qəzetində dərc olunmuş məqaləsində açıq şəkildə bildirib ki, «Avropa qlobal oyunçular sırasında qalmaq istəyirsə, öz potensialını xərcləməməlidir».
Vestervelle bildirir ki, «Avropa ölkələrinin heç biri özü-özlüyündə dünyanın gələcək kursuna davamlı təsir göstərmək üçün kifayət qədər siyasi və iqtsiadi imkanlara malik deyil». Onun fikrincə, Avropa inteqrasiyası bu üzdən vacibdir: «Bununla yanaşı, yalnız sabit daxili bazara malik Avropa İttifaqı beynəlxalq arenada inamlı oyunçu kimi çıxış edə bilər».
Münhen konfransı çərçivəsində əksər müşahidəçilərin heç bir şişirtməsiz «tarixi hadisə» adlandırdığı beynəlxalq hadisə də baş verib. Fevralın 5-də Rusiyanın xarici işlər naziri S.Lavrov ilə ABŞ-ın dövlət katibi H.Klinton Strateji hücum silahlarının məhdudlaşdırılması müqaviləsinin (SHS-3) ratifikasiya olunmuş fərmanlarını bir-biri ilə dəyişiblər. Rusiya və ABŞ 45 gün ərzində öz nüvə arsenalları və obyektləri haqda bütün informasiyaları bölüşməli, 60 gün ərzində isə təftiş işlərini bərpa etməlidir.
Dövlət Departamenti bəyan edib ki, «2 nəhəng nüvə fövqəldövləti arasında arsenalın ixtisarı, strateji sabitliyin dəstəklənməsi işində əməkdaşlıq qlobal təhlükəsizliyin təmini baxımından çox vacibdir».
S.Lavrov öz növbəsində bildirib ki, Rusiya ilə ABŞ arasındakı yeni SHS müqaviləsi məhz iki ölkə prezidentinin imzaladığı şəikldə qüvvəyə minəcək. Onun sözlərinə görə, sənəd «Şübhəsiz, Rusiya ilə ABŞ-ın milli maraqlarına uyğundur, dinc yolla tərksilah olunmaya xidmət edir».
Bununla yanaşı, Kreml əvvəlkitək SHS-3-ü Avropada raketdən müdafiə sisteminin qurulması ilə əlaqələndirir.
Maraqlıdır ki, ABŞ-da və Rusiyada bu iki məsələnin bir-birilə əlaqələndirilməsinə fərqli yanaşırlar. Özü də həm Moskvada, həm də Vaşinqtonda bunu çox yaxşı dərk edirlər, sadəcə, özlərini görməzliyə vurmağa üstünlük verirlər. Amerikalı konqresmenlər hesab edir ki, ABŞ SHS-3 Birləşmiş Ştatların Avropada öz raketdən müdafiə sistemlərini yerləşdirməsinə heç bir məhdudiyyət qoymur. Rusiya isə bildirir ki, Birləşmiş Ştatların həmin sistemiləri onların milli təhlükəsizliyi üçün problem yaradarsa, Moskva razılaşmadan çıxmaq hüququnu özündə saxlayır.
Münhendəki açıqlamasında Lavrov bildirib ki, Avropanın raketdən müdafiə sistemi haqda dialoqdan Amerika-NATO HHM sistemindən nəzərin yayındırılması üçün istifadə olunmamalıdır. Lavrovun sözlərinə görə, NATO-nun Lissabon sammitində səsləndirilmiş bəyanatlara baxmayaraq, Moskva layihəyə bərabər səviyyədə buraxılmır.
H.Klinton öz növbəsində bildirib ki, HHM sisteminin yaradılmasında ilk mərhələyə artıq bu il başlanılacaq və Amerika administrasiyası bu sistemi inkişaf etdirməsinə yaradılacaq heç bir maneəyə dözməyəcək.
Nüvə tərksilahı sahəsində bundan irəli getmək perspektivi hələ ki, xəyal kimi görünür. Rusiya baş nazirinin müavini Sergey İvanovun bildirdiyi kimi, «Nüvə silahının ləğvi yalnız o zaman effektiv olacaq ki, bütün dövlətlər üçün təhlükəsizliyə zəmanət verilsin».
«Dəfələrlə digər nüvə dövlətlərini bizim nümunəmizdən istifadəyə - taktiki nüvə silahlarını yalnız öz ərazisində yerləşdirməyə çağırmışıq», - deyə İvanov bildirib və onun bununla kimin bostanına daş atdığı hər kəsə aydındır.
Münhen konfransından cəmi bir neçə gün sonra dərc olunmuş ABŞ-ın Milli Hərbi Strategiyasında isə bu fikirlər yer alıb: «Nə qədər ki, nüvə silahı mövcuddur, ABŞ-ın nüvə silahları ona, müttəfiqlərinə və tərəfdaşlarına mümkün nüvə hücumlarının qarşısının alınmasında əsas rol oynayacaq. Prezidentin fikrinə əsasən, biz nüvə silahlarımızın sayını azaldacağıq. Raket hücumlarının qarşısını almaq üçün HHM sahəsində imkanlarımızın təkmilləşdirilməsini davam etdirəcək, bu məqsədlə müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığa çalışacağıq».
Bütün bunların fonunda WikiLeaks saytında yer almış növbəti materiallar kifayət qədər intriqalı təsir bağışlayır. «Telegraph» qəzetinin yazdığına görə, Vaşinqton SHS ilə bağlı danışıqlarda uğur əldə etmək xatirinə Moskaya Trident seriyalı raketlər verməyə belə razılaşıb. Qeyd edək ki, Amerika bu raketləri Britaniyaya verirdi və Trident ingilislərin nüvə sahəsində yeganə komponentidir. İndi isə iddia olunur ki, Rusiya seriya nömrələrinə əsasən, gizli məlumatları müəyyənləşdirə bilər.
Moskva isə Avropanın təhlükəsizlik sisteminin necə qurulmalı olduğuna dair öz mövqeyinin piarını davam etdirir. Hazırda Rusiyanın layihəsi Avropa İttifaqı, ATƏT və NATO-nun müzakirəsindədir. Amma hazırki beynəlxalq təhlükəsizlik arxitekturasının saxlanılmasına çalışan ABŞ bu layihənin irəliləməsinə mane olur.
Münhen konfransının daha bir əhəmiyyətli məqamı şübhəsiz ki, Böyük Britaniyanın baş naziri Devid Kemeronun etirafıdır. Söhbət onun Qərbi Avropanın yürütdüyü multikulturalizm siyasətinin faktik olaraq iflasa uğradığına dair fikrindən gedir. Qərb dəyərlərini qəbul etməyənlərin işlərinə qarışmamasına əsaslanan tolerantlıq özünü doğrultmayıb. Kemeron bildirib ki, indi Avropa ölkələri təcrid durumda, Britaniya cəmiyyətinə inteqrasiya olmaqdan imtina edən milli icmalarla üz-üzə qalıb.
Kemeronun sözlərinə görə, passiv tolerantlıq əvəzinə, «əzələli liberalizm”ə keçilməlidir. O hesab edir ki, məhz bu halda milli eynilik demokratiya, bərabər hüquqlar, qanunun aliliyi və söz azadlığı əsasında formalaşır.
Kemeronun Münhendəki çıxışının dərhal geniş tənqidlərə yol açması təəccüblü deyil. Bu çıxışdan sonra bəziləri baş naziri ultrasağçı təşkilatlara yol açmaqda günahlandırıb. Bu sözlərin təsdiqi kimi, Britaniyanın Luton şəhərində 3 minədək insanın iştirakı ilə keçirilən mitinqdə antiislam şüarları səsləndirilib. Antifaşist təşkilatlarının nümayəndələri hesab edir ki, bu, ultrasağçıların hökumətin onların mövqeyini müdafiə etdiyini hiss etmələri üzündən baş verib. Lakin Kemeronun mətbuat xidməti bildirib ki, baş nazirin çıxışı antiislam mitinqindən xeyli əvvəl hazırlanıb və o, səsləndirdiyi fikirlərə görə, üzr istəmək niyyətində deyil.
Maraqlıdır ki, bir neçə ay əvvəl eyni şeyi Almaniya kansleri A.Merkel də bəyan etmişdi. Xristian-Demokrat İttifaqının gənclər təşkilatının Potsdamda keçirilən toplantısında çıxış edən kansler də multikulturalizm modelinin iflasa uğradığını bildirmiş, miqrantlardan alman dilini öylənmələrini, alman cəmiyyətinə inteqrasiya olunmalarını istəmişdi. Merkel bildirmişdi ki, immiqrantlara yalnız Almaniya vətəndaşlarının ixtisasının artırılması və işə düzəlmələri sahəsində bütün lazımi tədbirlərin görülməsindən sonra müraciət olunmalıdır.
Bu məsələdə kansleri Almaniyanın bir çox nüfuzlu siyasətçiləri də dəstəkləyir.
Kemeronun sözləri həqiqətən də əlamətdar və dönüş nöqtəsi sayılacaq fikirlərdir. Hələ onların hansı dəyişimkliklərə aparıb çıxara biləcəyi də tam məlum deyil. Məsələn, Britaniyada müsəlman təşkilatlarının maliyyələşdirilməsinin nəzərəçarpacaq dərəcədə zəifləməsini gözləmək olar. Bunun bütün Avropada müşahidə olunması mümkündür. Əmək miqrasiyası sahəsində dövlət siyasətinə də yenidən baxılacaq.
Britaniya hökuməti ictimaiyyətin milliyyətindən, mənsubiyyəti və dini baxışından asılı olmayaraq, bütün üzvlərinin bölüşdüyü dəyərlərin inkişaf etdirilməsi ilə məşğul olacaq. Amma bunu eyni zamanda tolerantlıq və şəxsiyyət azadlığına riayətlə eyni zamanda necə etmək olar?
Yeri gəlmişkən, bu problem yalnız Britaniyada yox, bir çox digər ölkələrdə də var. «Londonda ingilisdən başqa kimi istəsən görmək olar» fikri çoxdan məşhurdur. Burada yerli sakinlər üçün dövlət dili olan ingilis dilindən sonra ən populyar dil ərəb dilidir. Müsəlman əhali isə Britaniyanın ən sürətlə artan əhalisidir.
Fransada gənc ərəblərin qiyamını da hər kəs xatırlayır.
Elə Rusiyanın özündə də cəmiyyətin müxtəlif təbəqələri ölkədəki bütün millətləri «rusiyalı» adlandırmağın yolları üzərində baş sındırır.
Beləliklə, Münhen konfransı növbəti dəfə dünyanın siyasi və təhlilçi elitasının diskussiya meydanı kimi təyinatını təsdiqlədi. Bu dialoqun dünyamızı az da olsa yaxşılaşdırmağa kömək edib-etməyəcəyi isə başqa söhbətin mövzusudur...
MƏSLƏHƏT GÖR: