Müəllif: Orxan SƏTTAROV Bakı
Azərbaycanın orta məktəblərində müsəlman qadınların başörtüyü - hicab geyinilməsi məsələsi 2011-ci ilin əvvəlində ölkənin ictimai-siyasi həyatında ən «səs-küylü» məsələ oldu. Bu, KİV-də və ümumilikdə cəmiyyətdə fəal müzakirələrə yol açıb. İnsanların məsələ ilə bağlı vətəndaş mövqeyini fəal şəkildə ifadə etməsi faktının özü, əlbəttə ki, sevindiricidir. Çünki yerli KİV-in analizi zamanı belə fikir yaranır ki, son zamanlar Azərbaycanda «Avrovizion» mahnı müsabiqəsinin milli seçim turundan ciddi problem yoxdur.
Xatırladaq ki, hicabla bağlı fəal müzakirələr təhsil naziri Misir Mərdanovun bu haqda açıqlamasından sonra başlayıb. Jurnalistin sualına cavab olaraq, nazir orta məktəblərdə həddi-büluğa çatmamış qız uşaqlarının bu baş geyimindən istifadəsini pisləyərək, orta məktəblərdə vahid məktəbli geyiminin tətbiq olunduğunu xatırladıb. Necə deyərlər, qanun sərtdir, amma qanundur və ondakı məntiq çox asanlıqla dərk olunur. Bir tərəfdən, Azərbaycan dünyəvi dövlətdir və burada dini kanonlara hörmət edilsə də, qanunlar daha prioritet əhəmiyyət daşıyır. «Təhsil haqqında» (təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri haqqında) qanunun III maddəsinin 4-cü bəndində əsas prinsiplərdən biri kimi dünyəvilik (milli və ümumbəşəri dəyərlərin müdafiəsinin təmini, onların dünyəvi təhsil və inkişaf sistemi əsasında dialektik birliyi) prinsipi göstərilir.
Digər yandan, qız uşaqlarının bu baş örtüyünü ailədəki tələblər əsasında deyil, öz istəklərinə uyğun olaraq geyindiklərinə heç bir zəmanət yoxdur. Dekabrın 10-da Təhsil Nazirliyinin binası qarşısında, bəzi mənbələrə görə, 1000-dək insanın iştirak etdiyi etiraz aksiyası da, dolayısı ilə bunun təsdiqidir. Çünki bu etiraz aksiyasına çıxanlar başörtüyü geyinən qız uşaqları deyil, onların son dərəcə aqressiv əhvalda olan ataları, qardaşları və kişi cinsindən olan digər «qəzəblilər» idilər.
Etiraz aksiyasına münasibət bildirən təhsil naziri onun təşkilində xarici qüvvələri günahlandırıb. Onun bu fikrinin əsassız olmadığı şübhə doğurmur. Azərbaycanın «klassik müxalifəti» artıq illərdir ki, bu qədər insanın iştirak etdiyi etiraz aksiyası təşkil edə bilmir. Həmin gün isə bir anın içində sanksiyasız və kifayət qədər uzun çəkən aksiya keçirildi. Orada iştirak edənlərin bir-birləri ilə valideyn iclaslarında tanış olduqlarına inanmaq çətindir. Burada söhbət, güman ki, xariclə əlaqəsi olan dini özəklərin təşkil edilmiş fəaliyyətindən gedir. Bu işdə konkret ölkələri ittiham etmək istəməzdik. Amma İran Parlamentində son zamanlar səsləndirilən kifayət qədər sərt bəyanatlar, heç bir halda bu məsələdə konstruktiv dialoqa xidmət etmir.
Beləliklə, ağırlaşan durum açıq-aydın kimin-kim olduğunu göstərir. Kimin problemin sakit şəkildə həllində, kiminsə bütün doğru və yalanlarla özünə siyasi dividend qazanmaqda maraqlı olduğu açıq şəkildə görünür. Qeydiyyatı hələ 90-cı illərin ortalarında ləğv olunmuş Azərbaycan İslam Partiyası yaşananlardan kənarda qalmamağa və yaranmış durumdan maksimum yararlanmağa çalışır. Partiyanın dövlət çevrilişinə açıq çağırışları hüquq-mühafizə orqanlarının onun «funksionerləri» və «sədri»nin fəaliyyətini araşdırmasına rəvac verib və nəticədə, onlarda kifayət qədər böyük silah arsenalı tapılıb.
Müxalifət mətbuatı hökumətin «dini siyasət»ini tənqid atəşinə tutur. Hökumət isə əksinə, məsələnin siyasiləşdirilməsinə qarşıdır. Çünki burada söhbət dindən deyil, bütün məktəblər üçün məcburi olan vahid məktəbli geyimindən gedir. Bu baxımdan, «Turan» agentliyinin saytındakı onlayn səsvermənin nəticəsi də maraqlıdır. Hakimiyyətə simpatiya ilə yanaşmadığı şübhə doğurmayan bu agentliyin saytında keçirilmiş sorğu göstərib ki, 200-dək səs vermiş şəxsin 60%-i məktəblərdə hicabın qadağan olunmasını dəstəkləyir. Bu göstərir ki, siyasi düşüncəsi və meylindən asılı olmayaraq, əksər insanlar üçün dünyəvi dəyərlər daha əsasdır.
Azərbaycanlı ilahiyyatçılar də problemə layiqli və sivil yanaşma ortaya qoyub. Bu mövzuda tənqidi mövqeləri ilə fərqlənmələrinə baxmayaraq, onlar da vətəndaş mövqeyi göstərərək, cəmiyyətdəki ehtirasları «soyutmağa» çalışıb. İlahiyyatçılar dindarları matəm günü olan Aşurada etiraz aksiyalarından çəkinməyə çağırıb. Elə həmin qrup yanvarın 12-nə Təzəpir məscidinə təyin olunmuş «hicaba dəstək aksiyası»nı təxirə salıb. Qrupun bəyanatında bildirilirdi ki, hicab probleminin həllində müşahidə olunan müsbət irəliləyiş aksiyanın təxirə salınmasına imkan yaradıb.
Biz də ümid edirik ki, məktəblərdə hicabdan istifadə ilə bağlı vəziyyət tam aydınlaşacaq, özlərini sıxışdırılmış sayan dindarlarla kompromis əldə olunacaq.
Vacib olanı Azərbaycana qarşı bədxah fikirdə olan qüvvələrin onun vətəndaşlarının dini hissləri ilə oynamasına imkan verməməkdir.
MƏSLƏHƏT GÖR: