25 Noyabr 2024

Bazar ertəsi, 22:48

TRANZİT MARŞRUTU

2010-cu ildə Azərbaycanda yükdaşımaların toplam həcmi 3,1% artıb

Müəllif:

01.02.2011

Böhran əlamətləri altında keçən iki ildən çox müddətin ən çox hissedilən nəticələrindən biri də dünya ticarətinin həcmlərinin azalmasıdır. Bu da öz növbəsində qlobal nəqliyyat sisteminin əsas seqmentlərinin göstəricilərinə yetərincə mənfi təsir göstərib. O cümlədən, demək olar ki, bütün MDB ölkələrində daxili və tranzit sərnişin və yük axınının azalması müşahidə edilib. Amma bunların fonunda 2009-cu ildə öz dayanıqlığını qorumuş Azərbaycan nəqliyyat sektoru 2010-cu ildə yükdaşımalarının həcmində bütün müstəqillik dövrü üçün ən yüksək artım əldə edib. 

 

İnvestisiyalar nəticə verir 

Ümumiyyətlə, bu, təəccüblü deyil. Son illərdə ölkənin avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafına on milyardlarla manat sərmayə yatırılıb. Nəqliyat sektoruna yatırımların artımı keçən il də müşahidə edilib. Son illərdə yatırılmış sərmayələr imkan verib ki, bu gün ölkənin nəqliyyat infrastrukturunun böyük bölümü beynəlxalq standartlara uyğun gəlir, həmçinin, regional inkişafda, ən başlıcası, Şimal-Cənub və  TRACECA nəqliyyat dəhlizlərində daxili və tranzit yük  axınının artmasında önəmli rol oynayır. 

«Bu işlər davam edir, yeni avtomobil yolları tikilir, «Polad» yollar müasirləşdirilir, yeni sərnişin təyyarələri, tankerlər və quru yük gəmiləri alınır. Ötən il Ələtdə regionun ən iri dəniz ticarət limanının özülü qoyulub, biz həmçinin, gəmiqayırma zavodunun tikintisinə başlamışıq və tezliklə bizim ölkə müxtəliftipli gəmilər düzəldəcək və ixrac edəcək. Cari ildə Bakı - Tbilisi - Qars dəmir yolunun tikintisi də sürətləndiriləcək və onun istifadəsi ilə Avropa - Asiya arasında yeni, çox əlverişli quru marşrutu yaranacaq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.  Bütün bu layihələr iri sərmayələr tələb edir və prezidentin sözlərinə görə, dövlət onları cəlb edir ki,  gələcəkdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın coğrafi yerləşməsinin bütün üstünlüyündən itstifadə etməyə imkan verən çağdaş və güclü nəqliyyat infrastrukturu qurula  bilsin. 

Bununla yanaşı, artıq bu gün ölkədə yaradılmış nəqliyyat infrastrukturu yükdaşımalarının həcminin artırılması üçün geniş imkanlar təqdim edir. Bütövlükdə, qlobal iqtisadi böhrandan əvvəlki beş il ərzində Azərbaycanda yükdaşımaların  həcminin illik artım templəri 10-12% səviyyəsində olub. 2009-cu il böhranın zirvəsi olsa da, bizim nəqliyyat bölməsi əvvəlki illərlə müqayisədə öz artım tempini cüzi azaldıb.  

Ötən il isə Azərbaycan  yükdaşıyıcıları yük axınının həcminin artımı üzrə müstəqillik illəri üçün ən yüksək göstəriciyə nail olublar. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycanın bütün nəqliyyat növləri ilə ümumi həcmi 196,3 mln ton yük daşınıb ki,  bu da 2009-cu ilin uyğun göstəricisi ilə müqayisədə 3,1% çoxdur. 

 

Seqmentlər üzrə artım 

2010-cu ildə son zamanlarda olduğu kimi, lider mövqeni avtomobil nəqliyyatı qazanıb - ölkənin toplam yükdaşınmasında  həcmin yarıdan çoxu onun payfına düşüb: 99,9 mln ton yük və 1,2 mlrd sərnişin daşınıb ki, bu, 2009-cu ilin göstəriciləri ilə müqayisədə uyğun olaraq 6 və 7,7%  çoxdur.  Avtomobil daşımalarının böyük bölümü, ənənəvi olaraq, daxili trafikin payına düşür. Belə ki, müşahidə edilən artım keçən il ölkədə iqtisadi və sosial aktivliyin güclənməsinin bariz təsdiqidir. Bir faktı qeyd etmək yerinə düşər ki, böhrandan sonrakı dövrlərdə avtomobil parkının yeniləşdirilməsi templərinin aşağı düşməsinə baxmayaraq, keçən il bizim ölkədə əlavə olaraq, 56,7 min avtmobil nəqliyyatı vasitəsi alınıb və onların ümumi sayı hazırda 983 min ədədi keçir. 

Nəqliyyat infrastrukturunda ikinci yeri, ənənəvi olaraq, boru kəməri seqmenti tutur - ümumi yük həcminin, təxminən, üçdəbiri onların payına düşür. Belə ki, keçən ilin 12 ayı ərzində bütün magistral neft kəmərləri ilə 50 mln ton neft ötürülüb ki, bunun 76,6%-i və ya 38,3 mln tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixarc boru kəmərinin payına düşür. 2009-cu ilin uyğun dövründə BTC ilə 38,2 mln ton neft ötürülmüşdü. Maraqlıdır ki, keçən ilin əvvəlində  bizim boru kəmərləri ilə ötürmələrin həcmində bir qədər azalma müşahidə edilirdi. Bu, Qazaxıstanın  «Tengiz» yatağını istismar edən «Tengizchevroil» şirkətinin qrafiklərin  razılaşdırılmaması üzündən öz neftini BTC ilə ötürməkdən imtina etməsi ilə bağlı olub. Vəziyyəti yalnız 2010-cu ilin iyul ayından BTC-yə türkmən neftini vurmaqla düzəltmək mümkün olub -  «Dragon Oil» (BƏƏ) şirkəti tərəfindən istismar edilən «Çeleken» dəniz blokundan 1,3 mln tona yaxın neft daşınıb.  

Magistral qaz kəmərləri ilə ötürmələrə gəldikdə isə artım demək olar ki, 33%-ə qədər müşahidə edilib. Bu cür artımın əsas səbəbi bu ilin iyun ayında Türkiyə ilə qaz sazişinin bağlanması və Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) marşrutu ilə ixracın artırılması olub. 

Öz önəmliliyi ilə üçüncü yeri dəmir yolu nəqliyyatı tutur. Yükdaşınmasının, təxminən,  12%-i onun payına düşür. Keçən il «polad» magistral ilə 22,2 mln ton yük daşınıb ki, bununla da 6,6%-li artım təmin edilib,  bu artım da  daha öncəki ildə müşahidə edilmiş nəzərəçarpacaq azalmadan sonra müşahidə edilib. Təbii ki, keçən ilin nəticələri böhrandan əvvəlki 2008-ci ilin səviyyəsini əldə etməyə imkan verməyib, onda magistral yollarla 25,3 mln ton yük daşınıb. Ümumiyyətlə, bu, tamamilə qanunauyğundur. Çünki dəmir yolu sahəsi beynəlxalq tranzitlə güclü bağlıdır və qlobal ticarətin azalmasından ən yüksək dərəcədə zərər görən sahədir. 

Dəniz nəqliyyatı ilə kommersiya daşımalarının həcmi bir qədər aşağı düşüb - ölkənin toplam yük axınında onun payı 7,1%-dən  5,9%-ə düşüb. Keçən ilin 12 ayı ərzində bizim tankerlər və quru yük gəmiləri cəmi 11,7 mln ton yük daşıyıb ki, bu da 2009-cu il göstəricisindən 11,2% azdır. Sonuncu, həm də daha çox «Tengizchevroil»un öz neftini BTC ilə ötürmək istəməməsi ilə bağlıdır. Bu səbəb üzündən, karbohidrogen xammalı ilə quru yüklərin daşınması arasında olan mütənasiblik də dəyişib: əgər 2009-cu ildə ölkə üzrə dəniz daşımalarında neft və neft məhsullarının payına  75% dşürdüsə, 2010-cu ildə    66%-dən çox olmayıb. Keçən ilin uğurları sırasına Azərbaycan gəmilərinin və liman infrastrukturunun  beynəlxalq tranzitdə istifadə edilməsinin 22,6% artmasını göstərmək olar. 

Bizim aviadaşıyıcıların - həm dövlət, həm də özəl şirkətlərin - vəziyyəti sabitləşib və müəyyən qədər artım da müşahidə edilir. Hesabat dövründə onlar tərəfindən bir milyona yaxın sərnişin daşınıb, 2009-cu ildə isə bu, 941,2 min olmuşdu. Keçən il bizim yük aviasiyası tərəfindən 40 mln tona yaxın yük daşınıb ki, bu da daha öncəki ilin göstəricilərindən çoxdur. Təbii ki, bu gün böhrandanöncəki 2008-ci ilin 1,3 milyon sərnişinə bərabər olan göstəricisinə çatmaqdan söhbət getmir. Bu da təəccüblü deyil, çünki bütün dünyanın aviadaşıyıcıları artıq iki ildən çoxdur, çətin çağlar keçirir - qlobal iqtisadi böhran turizm fəallığını nəzərəçarpacaq dərəcədə aşağı salır, həmçinin şirkətləri və təşkilatları beynəlxalq işgüzar səfərlərə xərcləri xeyli azaltmağa məcbur edib. 

 

İpək yolu 

TRACEKA beynəlxalq Avrasiya dəhlizi üzrə yükdaşımaların həcminin artımı xüsusi diqqətə layiqdir. 2010-cu ilin on bir ayının nəticələrinə görə,  bu dəhlizin Azərbaycan seqmenti üzrə 47,2 mln yük və 205,2 mln sərnişin daşınıb ki, bu da uyğun olaraq bütün 2009-cu ildəkindən 8,8% və 8,2% çoxdur. Keçən ilin dekabr ayının yükləri də nəzərə alındıqda «İpək» yolu ilə daşımalar böhrandan əvvəlki ilin göstəricisinə yaxınlaşır, həmin il 48,7 mln ton yük daşınmışdı. Bundan başqa, tranzit komponentdə  12,4 faiz artım müşahilə edilib. Maraqlıdır ki, tranzit yüklərin toplam həcmini dəniz, dəmir yolu və boru kəməri kimi nəqliyyat növləri bərabər şəkildə öz aralarında bölüblər (bunlar əsasən, karbohidrogen xammal və onun emalı məhsullarıdır).  

Bununla yanaşı, karbohidrogen xammal tranzitinin azalmasına baxmayaraq, TRACECA nəqliyyat dəhlizi çevik diversifikasiya qabiliyyəti nümayiş etdirib və yük axınının tərkibində quru və konteyner yüklərinin payı, həmçinin, sərnişindaşımalarının həcmi artıb. Bu artımın əsasında dəmir yolu və avtomobil nəqliyyatı durur. Ötən ilin daha bir fərqli məqamı konteyner yüklərinin ötürülməsinin, demək olar ki, yeddi dəfəyə qədər artması ilə bağlıdır. Bunun əsasında 2009-cu ilin mart ayından Əfqanıstana humanitar yardım konteynerlərinin daşınmasına başlanması durur. Özü də əgər 2009-cu ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından  (BBDTL)  240 min ton quru yük, o cümlədən, 2000 konteyner keçibsə, 2010-cu ilin yalnız on ayı ərzində quru yüklərin toplam həcmi 700 min  tona çatıb, konteynerlər isə çox artaraq 13700 ədəd olub. 

Emal olunmuş quru yüklərin böyük bölümü İrandan idxal olunan sement klinkerləri olub. Konteyner daşınmalarına gəldikdə isə, onlar  əsasən əvvəlki kimi Avropadan Aktau limanı istiqamətində gələn və daha sonra Mərkəzi Asiyaya yönələn humanitar yüklər - dərmanlar, tikinti materialları və ərzaq məhsullarıdır. Diqqətəlayiqdir ki, keçən ilin yanvar-oktyabr aylarında  BBDTL-dən 2,27 mln ton bərə yükü keçib ki (bunlar əsasən quru yüklü vaqonlar olub), bu da 2009-cu ilin analoji dövrünün uyğun göstəricisi ilə 1,92 mln ton çox olmuşdu. 

Quru yüklərin artmasına daha çox Azərbaycan, Türkmənistan və Qazaxıstan nəqliyyat idarələrinin əlaqələndirilmiş siyasəti imkan verib. Onlar dəniz yük daşımalarının, xüsusilə onların multimodal (neftdənkənar) seqmentinin artırılması məqsədi ilə çox sayda görüşlər keçiriblər. TRACECA-nın işçi qrupunun iclasının gedişində əsas diqqət dəhlizin Xəzəryanı seqmentində yeni tarif siyasətinin işlənməsinə, quru və konteyner yükləri üçün ucuzlaşmaları və güzəştli əmsalların tətbiqi məsələsinə yönəldilib. 

Keçən il Avropa - Qafqaz - Asiya dəhlizinin iştirakçısı olan ölkələrin keçirdiyi, demək olar ki, bütün müxtəlif iclas və görüşlərin leytmotivi region ölkələrinin yük daşınması həcmlərinin artırılması üsullarının müzakirəsi, ticari imkanların daha rasional istifadəsi, Avropa və Asiya arasında tranzit yük dahımalarının regional inteqrasiyasının sürətləndirilməsi olub. 

Sadələşdirilmiş transsərhəd prosedurlarının qəbulu və sərnişin-yük daşımalarının fasiləsizliyinə nail olunması, həmçinin,  regionun avtomobil, dəniz, aviasiya və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi hesabına buna nail olmaq düşünülür.  Tarif-prosedur məqamlarının optimallaşdırılmasının, həmçinin yerli infrastrukturun modernləşdirilməsinin son məqsədi Transavropa nəqliyyat sisteminə çıxmaqdır. Burada söhbət Qara dəniz - Xəzər bölgəsinin dövlətlərinin cənub-şərq xəttinin yaradılması və multimodal daşımalarının həcminin artırılması ilə Transavropa nəqliyyat şəbəkəsinə inteqrasiyasından söhbət gedir. 

2010-cu ilə yekun vuraraq qeyd etmək olar ki, bizim nəqliyyat sektoru bütünlükdə müsbət inkişaf dinamikasını qoruyub. İnfrastrukturun inkişafına qoyulmuş milyardlarla manat investisiya və yeni beynəlxalq nəqliyyat dəhlizlərinin açılması nəzərə alınarsa, yaxın zamanlarda ölkədə yük daşımalarının nəzərəçarpacaq dərəcədə artımının təmin ediləcəyinə inam böyükdür. 


MƏSLƏHƏT GÖR:

504