25 Noyabr 2024

Bazar ertəsi, 22:42

ÇÖRƏK SINAĞI?

Dünya növbəti ərzaq böhranı qorxusu ilə üz-üzədir

Müəllif:

01.02.2011

Yeni il öz gəlişi ilə  dünyanın bir sıra ölkələrində ərzaq qiymətlərinin kəskin qalxması ilə narahatlıq doğurmağa başladı. Amma keçən ilin necə keçdiyini və nə səviyyədə məhsul yığıldığını xatırlasaq, bunu təəccüblü saymarıq. Rusiyada və başqa «taxıl» ölkələrində indiyə kimi görünməmiş istilər keçdi, Avstraliyada çoxillik quraqlıq yenə davam etdi və bunun üstünə Qərbi Avropadan da yan ötməyən  daşqınlar gəldi. Bu,  təbii ki, qiymətlərə təsir etməyə bilməzdi.  2010-cu il ərzində qarğıdalının qiyməti 63%, buğdanın qiyməti 84%, soyanınkı isə 24% artıb; şəkərin qiyməti isə 55% bahalaşıb. Həmin ilin payızında Keniya, Uqanda, Nigeriya, İndoneziya və Filippin hökumətləri 2011-ci ildə ərzaq çatışmazlığı olacağı barədə xəbərdarlıq ediblər. 

Nəticədə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) beynəlxalq ictimaiyyəti 2011-ci ildə mümkün ərzaq çətinliklərini diqqətlə nəzarətdə saxlamağa çağırıb. Ancaq ədalət naminə qeyd edək ki, təşkilat hələ ki, 2008-ci ildəki kimi  yeni ərzaq böhranının başlanması barədə bəyanat verməyə tələsmir, həmin il dünyanı «aclıq üsyanları» titrətmişdi və  hadisələrin təsiri hələ də özünü göstərir. 

 

FAO xəbərdarlıq edir 

Ekspertlərin əksəriyyətinin fikrincə, dünya ərzaq məhsulları bazarında tələb və təklifin balanslaşdırılmaması üzündən yeni ərzaq böhranı başlaya bilər. Bu sistemdə, hətta kiçik lokal pozuntunun dünya qiymətlərinə yetərincə ciddi təsir göstərməsi də mümkündür və bu da, bütün ərzaq zəncirinə təsirini göstərə bilər. Tələbin artması, əsasən, əhalinin çoxalmasından, rifahın yaxşılaşmasından, qaynaqlanır. Təklifin azalması isə torpağın erroziyası, su saxlayan təbəqənin tükənməsi və əkin sahələrinin qeyri-aqrar istiqamətlərində istifadəsi ilə bağlıdır. Həmçinin, suların şəhərlərə yönəldilməsini və iqlim dəyişməsi səbəbindən, istilərin məhsulu zay etməsi, dağ buzlaqlarının və buz çənbərlərin əriməsi üzündən, hətta inkişaf etmiş kənd təsərrüfatı ölkələrində məhsuldarlığın azaldılmasını da yada salmaq yerinə düşər. Bu cür iqlim tendensiyaları görünür, uzunmüddətli perspektivdə hələ böyük zərər vurmalıdır. 

Burada qeyd etmək lazımdır ki, FAO özünün dünya üzrə taxıl istehsalı proqnozlarına yenidən baxıb. Yeni qiymətləndirmələrə görə, bu il onun istehsal həcmi 2% azalacaq, halbuki daha əvvəl 1,2% artım proqnozlvşdırılmışdı. Mütəxəssislər yeni proqnozları havaların pis keçməsi ilə əlaqədar məhsulun azalması ilə əlaqələndirirlər. BMT agentliyi, həmçinin, taxıl ehtiyatlarının kəskin azalmasını proqnozlaşdırır, mövcud ehtiyatların təmin edilməsi üçün onların istehsalının artırılmasına çağırır. Qeyd edilir ki, yalnız düyü istehsalı artacaq, buna görə də daha çox buğda, qarğıdalı və soya becərilməsinə başlamaq lazımdır. Hesabatda bildirilir ki, dünyanın 80-dən artıq ölkəsi yoxsul sayılır və ərzaq kəsiri ilə üz-üzədirlər. FAO qeyd edir ki, qiymətlərin artması üzündən 2011-ci ildə dünya üzrə ərzaq idxalı trilyon dollara çatacaq. Özü də yoxsul ölkələrdə ərzaq məhsulları 11%, gəlirləri aşağı və ərzaq kəsiri olan ölkələrdə isə 20%  bahalaşacaq.

Bugünün əsas məsələsi 2011-2012-ci illər məhsulunun planlaşdırılmasıdır, çünki bazarın sabitliyi onun sabitliyindən asılıdır. Ancaq BMT- də hesab edirlər ki, qiymətlərin bahalaşmasının səbəb olduğu taxıl əkini artımı da bazarın sabitləşməsi üçün yetərli olmaya bilər. 

 

Taxıl yetərincədir 

BMT-nin Ümumdünya Ərzaq Proqramının təmsilçisi Liin Millerin fikrincə, ərzaq böhranı Azərbaycana da təsir göstərə bilər. Amma respublikanın Kənd Təsərrüfatı Nazirliyi  (KTN) bununla bağlı daha optimist proqnozlar verir. KTN bitkiçilik məhsullarının emalı və istehsalı, ərzaq ehtiyatlarının və dövlət tənzimlənməsi şöbəsinin müdir müavini Hikmət Kərimovun sözlərinə görə, Azərbaycanda aqrar siyasət bütünlüklə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.  

2008-2015-ci illər üçün əhalinin ərzaq məhsullarıyla  etibarlı təmini üzrə Dövlət Proqramı da bu aktual məsələnin həllinə istiqamətlənib. Əgər bütün bitkiçilik və heyvandarlıq sahələri nəzərdən keçirilib təhlil edilərsə, tərəvəz, kartof, bostan bitkilərinin, meyvə və giləmeyvələrin istehsalının yetərincə artdığını görmək olar. 

Bununla belə, dünyanın çox ölkələri kimi, ekoloji fəlakət  Azərbaycandan da yan keçmədi - yaz daşqınları zamanı on minlərlə hektar əkin sahəsi suyun altında qaldı. Bununla yanaşı, havaların pis keçməsi taxıl bitkilərinə tam keyfiyyətlə inkişaf etməyə imkan vermədi. Elə bu səbəbdəndir ki, ölkədə taxıl əkinlərinin məhsuldarlığı hektardan 20 sentnerə qədər aşağı düşüb. 2009-cu illə müqayisədə ölkənin taxılçıları  987 min ton az taxıl götürüblər. 2010-cu ildə 2 mln tona yaxın məhsul əldə olunub. Əvvəlki mövsümün qalığı 1 mln ton təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 noyabr 2011-ci il tarixinə Azərbaycan 1,095 mln ton taxıl idxal edib. Hazırda ölkənin taxıl anbarlarında yetərincə taxıl var və bu, ölkə əhalisini çörək və çörək məhsulları ilə tam təmin etməyə imkan verəcək. 

Qeyd edək ki, bu payız əkinçilər 900 min hektardan çox sahədə taxıl əkiblər. KTN 2011-ci ildə 2,5 milyon tondan çox taxıl yığılıb, tədarük ediləcəyini proqnozlaşdırır. Respublikanın taxıla olan tələbatı isə cəmi 1 milyon 530 min ton təşkil edir. Buradan aydındır ki, respublika özünü tamamilə çörəklə təmin edə bilər. Başqa bitkiçilik sahələri sabit inkişaf edib, hətta bostan bitkilərinin, tərəvəzin, yaşıl çay yarpağı, tütün istehsalının da həcmində artım var. Kənd təsərrüfatı ekspertləri qeyd edirlər ki,  ərzaq böhranının mənfi  təsirlərini yumşaltmaq üçün respublikada mümkün olan hər şey edilir. 

Taxıl əkinləri sahəsinin genişləndirilməsi təsadüfi deyil, dünya bazarında taxılın satış qiymətlərinin artması müsbət təsir göstərib və Azərbaycan taxılçılarının böyük marağına səbəb olub. 

«Kənd təsərrüfatı istehsalı və bitkiçilikdə yüksək məhsulun əldə edilməsi çox vaxt təbii amillərdən asılı olur. Daşqınlar və quraqlıq kimi, təbii fəlakətlərin qarşısında əkinçilər gücsüzdürlər. Bu il biz suyun fəlakətli «davranışı»ndan böyük dərs götürdük. Artıq gələcəkdə belə işlərin təkrarlanmaması üçün tədbirlər görülür. Taxıl məhsullarına gəldikdə isə, mən əminəm ki, Azərbaycanın bu məsələdə vəziyyəti yaxış olacaq. Artıq indidən gələcək məhsul üçün yaxşı əsaslar qoyulur», - deyə Hikmət Kərimov vurğulayır.

Ərzaq məhsullarının qiymətinə gəldikdə isə, onlar illik hesabla 4,2% bahalaşıb. Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, xüsusilə də dünyada gedən hadisələr fonunda cari il bunu gözləməyə dəyməz. Bununla belə, hava şəraitinin nə qədər əlverişli olacağından çox şey asılıdır. Yeri gəlmişkən, qışın qarsız keçməsi fermer təsərrüfatlarına mənfi təsir edib.  Amma bu gün artıq aydındır ki, istənilən halda 2011-ci ildə ərzaq məhsulları qıtlığı olmayacaq. Ölkə hökuməti bunun üçün əlavə tədbirlər görür. Məsələn, Nazirlər Kabinetinin bu yaxınlardakı qərarı ilə ölkəyə gətirilən bütün mal, eləcə də avadanlıqlar ƏDV və gömrük rüsumu ödənilməsindən azad edilib.  Yəni artıq narahatlıq üçün elə bir səbəb yoxdur. Amma ekspertlər qeyd edirlər ki, Azərbaycan istənilən halda aqrar bölmənin inkişafını gücləndirməlidir və yerli bazarın idxaldan asılılığını aradan qaldırmalıdır.Onda dünya ərzaq böhranının bizi narahat etməyəcəyi dəqiqdir.



MƏSLƏHƏT GÖR:

393