MULTİPLİKATİV EFFEKT
Tunis inqilabının nəfəsi, artıq qonşu ölkələrdə də duyulur
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Tunisdə baş vermiş dövlət çevrilişi və ya KİV-in təqdim etdiyi kimi, «jasmin inqilabı» bəlkə də Yaxın Şərq tarixində yeni eranın başlanğıcı olacaq. Uzun illər ərzində fasiləsiz olaraq Tunisə rəhbərlik etmiş prezidentin devrilməsi, güman ki, qonşu dövlətlərdə də etirazçı qüvvələri hərəkətə gətirəcək.
Ben Əlinin məğlubiyyəti
Tunisdə iğtişaşlar hələ 2010-cu ilin dekabrında ölkənin cənubunda başlanmışdı. Bir müddət sonra növbə eyniadlı paytaxta da çatdı. Əvvəlcə etirazçı kütlə yüksək səviyyəli işsizlik, ilkin tələbat mallarının qiymətinin artması kimi iqtisadi məqamlara etiraz etsə də, sonradan siyasi tələblər də irəli sürməyə başladı. Tezliklə 23 ildir ölkəyə rəhbərlik edən 74 yaşlı prezident Zin əl-Abidin ben Əlinin istefası və onun hakimiyyəti tərəfindən yaradılmış sistemdə islahatlar nüma-yişçilərin əsas şüarına çevrildi. Ben Əli rejimi isə nümayişçilərin qarşısına polislə çıxdı, nəticədə toqquşmalar 78 nəfərin həyatına son qoydu. Amma bu, etirazların qarşısını almadı. Nəticədə ben Əli ona sığınacaq verən Səudiyyə Ərəbistanına qaçmalı oldu (əvvəlcə Fransaya getmək istəsə də, Paris ona sığınacaq verməkdən imtina etdi).
Prezidentin qaçmasından sonra Tunisə rəhbərlik baş nazir Məhəmməd Qannuşiyə keçdi. Lakin bir gün sonra yanvarın 15-də Tunis Konstitusiyasına əsasən, dövlət başçısının səlahiyyətləri Parlamentin spikeri Fuad Mebezə keçdi.
İndi Qannuşi Tunisin müxtəlif siyasi partiyaları ilə məsləhətləşdikdən sonra müvəqqəti koalision hökumət qurub. Oraya əvvəlki hökumətdən Qannuşi ilə birlikdə 6 nazir də daxildir (onların hamısı devrilmiş prezidentin rəhbərlik etdiyi Konstitusion Demokratik Birlik Partiyasından istefa verdiklərini açıqlayıblar). Koalision hökumətdə 4 müxalifət təmsilçisi də təmsil olunub.
Yeni hökumət bütün siyasi məhbusları azad edib, KİV-ə azadlıq verildiyi elan olunub, həmçinin ölkənin əsas hüquq müdafiə təşkilatı olan Tunis İnsan Haqları Liqasının fəaliyyətinə “yaşıl işıq” yandırıb. Hökumət növbədənkənar prezident və parlament seçkisinin təşkilini prioritetlərindən biri kimi elan edib.
Amma sakitlik uzun sürməyib. Koalision hökumətin formalaşdırılmasından cəmi 1 gün sonra, onun müxalifətdən olan üzvləri istefa veribər. Onlar bu qərarlarını ben Əlinin keçmiş silahdaşlarının daxil olduğu hökumətin effektivliyinə şübhə etmələri ilə əsaslandırıblar. Yenicə formalaşdırılmış hökumətin parçalanmasından dərhal sonra Tunis küçələrinə yenidən minlərlə nü-mayişçi çıxıb. Xalq əvvəlcə korrupsiyanın, yoxsulluğun, işsizliyin aradan qaldırılmasını tələb edirdisə, indi onlar hökumət strukturlarında ben Əlinin silahdaşlarının qalmasına etiraz etməyə başlayıb. Nümayişçilərin fikrincə, ölkədəki problemlərdə onların günahı heç də ben Əlinin günahından az deyil.
Odur ki, «jasmin inqilabı», güman ki, hələ yüksələn xətt üzrə gedir. Görünən odur ki, sadəcə, ben Əlinin postundan kənarlaşdırılması hələ bu ölkənin ciddi siyasi böhrandan çıxması demək deyil. Hətta sabiq prezidentin ailə klanına daxil olan 30-dan artıq şəxsin həbsi də Tunis ictimaiyyətini sakitləşdirməyib. Yeri gəlmişkən, qeyd edək ki, tutulanlar arasında “Hannibal” TV telekanalının sahibi Larbi Nasra və onun oğlu da var. Ben Əlinin xanımının qohumları olan bu şəxslər əvvəlki rejimin bərpası üçün nümayişçilərə qarşı zor tətbiqinə açıq çağırış edirdilər.
Bundan başqa, sabiq müdafiə naziri və ben Əlinin baş məsləhətçisi Əbdiəziz bin Dhia, həmçinin, Senatın spikeri, sabiq daxili işlər naziri Abdulla Kallal da ev dustağı olunub və həbs edilib.
Nəhayət, Tunis hökuməti ölkədən qaçmış prezident ben Əlinin, onun xanımı və yaxın qohumlarının həbsinə beynəlxalq order verib.
Bunların ardınca Tunis polisi yenidən baş nazirin iqamətgahı qarşısında etiraz aksiyaları keçirən şəxsləri dağıtmağa başlayıb. Aydın idi ki, yeni hökumət insanları vəziyyəti düzəltmək iqtidarında olduğuna inandırmaq üçün kifayət qədər nüfuza malik deyil. Onun təcili olaraq ciddi demokratik islahatlara başlayacağına da heç kəs inanmırdı. Nəticədə, bir neçə gün sonra vaxtilə ben Əlinin silahdaşları olmuş nazirlər istefa verməli oldular. Mitinqçilər isə bu xəbəri böyük coşqu ilə qarşıladı.
İndi əsas məsələ yeni keçid hökumətinin nə vaxt formalaşdırılacağındadır, növbədənkənar seçkini məhz o keçirməlidir.
«Yasəmən inqilabı» davam edir?
Tunis inqilabının nəfəsi artıq qonşu dövlətlərdə də hiss olunmaqdadır. İlk olaraq Əlcəzair «yoluxdu». Burada bir müddət əvvəl Tunisdə olduğu kimi, çörək və iş tələbləri ilə aksiyalar başladı. Bu həm də OPEK-in üzvü, Afrikada nəhəng neft təchizatçısı olan ölkədə baş verir. Tunis ssenarisinin təkrarlanacağından ehtiyatlanan Əlcəzair hökuməti (aksiyalarda Əlcəzair ilə yanaşı, Tunisin bayraqları da dalğalanırdı) aksiyaların qarşısını almaq üçün sərt tədbirlər görür, digər yandan da mitinqçilərin bir sıra tələblərinə əməl edirdi (xüsusilə, hökumət bir sıra ilkin tələbat mallarının qiymətini ucuzlaşdırıb).
Hər halda, Əlcəzair polisi ilə nümayişçilər arasındakı toqquşmalar 5 nəfərin həyatına son qoydu, 800-dək insan yaralandı.
Bir qədər sonra Şimali Afrika regionunun ən qüdrətli dövləti olan Misiri də genişmiqyaslı etiraz dalğası bürüdü. Küçələrə çıxan kütlə həyat səviyyəsinin aşağı olmasına, işsizliyə etiraz edir, iqtisadi vəziyyətin yaxşılaşdırılması, siyasi azadlıq tələbləri səsləndirirlər. Onlar ölkəyə 30 ildir rəhbərlik edən 82 yaşlı prezident Hüsnü Mübarəkin istefasını da tələb edirlər.
Qahirədə nümayişlərin təşkilatçıları Tunisdə baş verənlərdən ilhamlandıqlarını, Mübarəkin devrilməsində qərarlı olduqlarını heç gizlətmirlər də. Dəyişikliklər uğrunda Milli Assambleya da tərəfdarlarını küçələrə çıxarıb. Qeyd edək ki, o, MAQATE-nin sabiq rəhbəri, Nobel mükafatı laureatı, müxalifətin əsas namizədi Məhəmməd əl-Baradeyi tərəfindən yaradılıb.
Misir hökuməti isə hələ ki, kütləvi aksiyaların qarşısını sərtliklə alır. Çoxminlik aksiyalar zamanı baş verən toqquşmalarda həlak olanlar, yaralananlar və həbs edilənlər var.
Yəmən paytaxtı Sananı da etiraz aksiyaları bürüyüb. Burada da küçələrə çıxan kütlə mövcud rejimə etiraz edir, 30 ildən artıqdır ölkənin rəhbəri olan prezident Əli Abdulla Salehin istefasını istəyir.
Hələ ki, ərəb ölkələrini bürümüş bu etiraz dalğasının nə ilə nəticələnəcəyini söyləmək çətindir. Aydın olan yalnız bu etirazların səbəbləridir - uzun illər ərzində avtoritar idarəetmə, korrupsiyanın çiçəklənməsi, dərin iqtisadi problemlər və s. Amma fərqli məqamlar da var: Tunisdə əhalini qıcıqlandıran milli gəlirlərin böyük hissəsini mənimsəməkdə təqsirləndiirlən ben Əli və onun ailəsi idisə, Misir prezidenti Mübarək, əsasən, hərbçilərin hakimiyyətinə arxalanır və ölkənin var-dövlətinin böyük hissəsi də, məhz, hərbçilər arasında bölüşdürülür. Tunis ordusunun həlledici məqamda etirazçı xalqın tərəfinə keçməsi də bununla bağlı idi.
Misirdə isə ordu hələlik dövlət başçısının əsas müdafiəçisi kimi çıxış edir və aksiyaların qarşısını almaq üçün sərt addımlar atır.
«Zəncir» metodologiyası
Hazırda ərəb ölkələrini bürümüş və qiyamçıların özlərinin «inqilab» adlandırdıqları bu hərəkətləri analiz etdikdə, kütləvi aksiyaların metodologiyası və avtoritar rejimlərin çökməsilə ölkələrin üzləşə biləcəyi risklər baxımından, bu dövlətlər arasında oxşarlıq açıq-aydın sezilir.
Şübhəsiz, Tunis və ona qonşu ölkələrdə baş verənlər böyük ölçüdə müxalifətçi fəalların apardığı virtual kampaniya nəticəsində mümkün olub: onlar sosial şəbəkələr vasitəsilə etirazçı kütləni, sözün əsl mənasında, oyada bilib. Vəziyyət Facebook və Twitter sosial şəbəkələrində 10 minlərlə insanın etiraz aksiyalarında iştiraka hazır olduğunu bəyan etməsindən dərhal sonra qarışıb.
Bütün bunlarla yanaşı, «Məğrib zənciri»nin yaranmasında maraqlı xarici qüvvələr də istisna olunmur. «Tunis yalnız başlanğıcdır» versiyası, ən azı, ona görə ağlabatandır ki, Ərəbistan yarımadasının cənub sahillərinədək gedib-çıxmış inqilab dalğası başlanğıcını proqnozlaşdırılması daha asan olan, məsələn, Əlcəzair və ya Misirlə müqayisədə sosial ziddiyyətlərin daha az müşahidə edildiyi ölkələrdən başlayıb.
ABŞ-ın dövlət katibi Hillari Klintonun Misirdə iğtişaşların baş qaldırmasından dərhal sonra səsləndirdiyi bəyanatı da diqqətəlayiqdir. O bildirib ki, bu ölkədə baş verənlər vaxtı çoxdan çatmış islahatlara səbəb olmalıdır. Bəlkə Məğrib ölkələrində tətbiq edilən demokratiyaya keçid metodologiyası Yaxın Şərq probleminin obamasayağı həllidir?
Amma müsəlman ölkələrində baş verənlərdən yaşanan eyforiyaya rəğmən, hətta, Qərbdə belə, bir çoxları ben Əli və ələlxüsus, H.Mübarəkin aktivləşməyə qoymadığı radikal fundamentalist qruplaşmaların önə çıxması təhlükəsindən narahatlıq keçirməyə başlayıblar.
Müşahidəçilər bir məqamı xüsusi ehtiyatlılıqla qeyd edirlər: Tunisdə artıq dağılmış koalision hökumətə qarşı etirazlarda ben Əlinin prezidentliyi dövründə fəaliyyəti qadağan edilmiş «Ennadha» fundamental hərəkatının fəalları əsas rol oynayıb. Misirdə isə Mübarək rejiminə ölüm hökmü çıxarmış və fəaliyyəti qadağan olunmuş «Müsəlman qardaşlar» xüsusi fəallıq nümayiş etdirir.
ABŞ, Avropa və İsraildə siyasi dairələrin ciddi şəkildə narahatlığını ifadə etməsi də bununla bağlıdır. Onlar bütünlükdə Yaxın Şərqdə vəziyyətin Qərbə sərf etməyən şəkil almasına mane olmaq üçün tədbirlər görmək niyyətindədir.
MƏSLƏHƏT GÖR:









523

