5 Dekabr 2025

Cümə, 22:24

QƏBUL ÜÇÜN ÖN ŞƏRTLƏR və ya HEÇ BURAXMAMAQ?

Türkiyənin Aİ-yə qəbulu məsələsində daha bir ciddi qalmaqal

Müəllif:

01.02.2011

Almaniya kansleri Angela Merkel yanvarda Kiprə səfəri zamanı Türkiyənin ünvanına, əksər müşahidəçilərin fikrincə, çox sərt və lazımsız tənqidlə çıxış edib. Söhbət Kipr probleminin həllindən gedir.  «Görürük ki, siz (yunan Kipri - red.) çox addımlar atırsınız. Onu da görürük ki, Türkiyə tərəfi bu addımlara lazımi cavabı vermir. Beynəlxalq ictimaiyyət, hökumətin Kipr yunanlarından ibarət olduğu Kipr Respublikasını tanıyır. Adanın şimalındakı tanınmamış respublika isə beynəlxalq qurum tərəfindən qəbul edilmir. Kipr icmalarının liderləri adanın birləşdirilməsi istiqamətində danışıqlar aparsa da, nəzərəçarpacaq irəliləyiş yoxdur. Türkiyə formal olaraq prosesi dəstəkləyir. Amma eyni zamanda, adada iki müstəqil dövlətin yaradılmasına tərəfdar olan Kipr türklərinin lideri Dərviş Əroğlunu dəstəkləyir», - deyə A.Merkel bildirib.

Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqları «nəticəsindən asılı olmayaraq» müsbət məqam adlandıran kansler bildirib ki, Ankara Kipr Respublikası ilə bağlı Aİ ilə imzalanmış protokollara əməl etməli, bununla da yunan Kiprinin gəmiləri üçün limanlarını açmalıdır. Amma Türkiyə Kipr Respublikasını tanımır və bu üzdən hələ 2005-ci ildə Ankarada imzalanmış protokollara əməl etməyə ciddi maraq göstərmir.

Xatırladaq ki, Ankara sözügedən sənədi (gömrük ittifaqına əlavə protokol) Türkiyənin Aİ-yə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı danışıqlara başlanması haqqında razılaşmanın əldə edilməsindən sonra birtərəfli qaydada qəbul edib. Orada söhbət Türkiyənin Merkelin də israr etdiyi kimi, quruma üstünlüyə malik tərəfdaş kimi deyil, məhz tamhüquqlu üzv kimi qəbulundan gedirdi.

Protokol Aİ-nin 10 yeni üzvü, xüsusilə birliyə 2004-cü ilin dekabrında qəbul edilmiş Kipr Respublikası ilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Türkiyə ilə Aİ danışıqlar aparmalı, 35 maddə üzrə ortaq məxrəcə gəlməli idi. Bu maddələrin məğzi Türkiyənin «Avropa evi»nə qəbulu üçün ilkin şərtlərdən ibarətdir. Hazırda Ankara qurumla bu maddələrin 11-i üzrə danışıqlar aparır və onların arasında Kipr məsələsi də var. Bu şərtin Türkiyənin Aİ-yə gedən yoluna qəsdən atılmış maneə olduğunu Merkel də Nikosiyadakı çıxışında etiraf edib: «Biz bu danışıqlarda bir çox məhdudiyyətlər olmasına çalışdıq. Türkiyə Ankara protokolunu reallaşdırmadan müzakirə olunan məsələlərdən heç birini qapaya bilməz və hələlik heç bir məsələ qapanmayıb».

Güman ki, məhz bu üzdən 2005-ci ildə Aİ nümayəndələri Ankaraya anlatmışdılar ki, Türkiyə ilə danışıqların başlanması, hələ onun quruma üzv olacağı anlamına gəlmir.

Bunlara rəğmən, Kipr probleminin tarixi göstərir ki, nizamlanma prosesində irəliləyişin olmamasına görə məsuliyyəti Türkiyənin üzərinə qoymaq ədalətsizlik olardı. Ankara və Kipr türkləri problemin adanın birləşməsi ilə həll edilməsi üçün dəfələrlə siyasi iradə nüma-yiş etdirib. Lakin Afina və göründüyü kimi, həm də Aİ tərəfindən dəstəklənən Nikosiya bu prosesə maneə yaradır.

Adanın birləşməsi istiqamətində danışıqlar çoxdan aparılır. Amma hələ də nəticə yoxdur. Vaxtilə BMT-nin sabiq baş katibi Kofi Annan bu problemin həlli üçün 5 variant təklif etmişdi. Amma yunan tərəfi hər dəfə bu təklifləri rədd etdi. Uzun məşəqqətdən sonra proses BMT-nin «Annan planı» adlanın təklifi əsasında öz kulminasiyasına çatmışdı. İlk dəfə plan tərəflərə 2002-ci ilin noyabrında, yekun variantda isə 2004-cü ilin martında təklif olunmuşdu. Elə həmin ilin aprelində plana əsasən, adanın birləşdirilməsinə dair referendum da keçirildi. Amma yunanların, təxminən, 76%-i BMT planının əleyhinə səs verdi. Kipr türkləri adanın birləşməsini dəstəkləsə də (təxminən, 65%), bu, planın icrası üçün kifayət etmədi.

BMT Baş Assambleyasının 2005-ci ilin sentyabrında keçirilmiş 60-cı sessiyasında yunan Kiprinin prezidenti Tassos Papadopulos bildirmişdi ki, BMT-nin planı «ölkənin, cəmiyyətin, iqtisadiyyatı və institutlarının birləşməsini təmin edə bilməyəcəyi üçün», onlar bu təklifi dəstəkləməyib. Bundan başqa, onun fikrincə, adada vahid Kipr Respublikası əvəzinə, ikiicmalı və ikizonalı dövlətin yaradılmasını nəzərdə tutan planla tanışlığa çox az vaxt ayrılıb.

Yunanların əsas «arqumentləri» sırasında, həmçinin, planın Türkiyə Ordusuna Kiprin bütün limanlarından istifadə, ada ərazisində hərəkət, Türkiyə Hərbi Hava Qüvvələrinə isə Kipr üzərində uçuşlar keçirmək hüququ verməsi də var idi.

Türkiyə tərəfindən isə Nikosiyanın niyə Kipr limanlarının türk gəmilərinin üzünə açılmasına qarşı çıxması maraqlandırırdı. Axı Aİ ondan dəniz və hava limanlarını yunan Kiprinin üzünə açmasını tələb edir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla bağlı bildirib ki, Aİ Şimali Kipr Türk Cümhuriyyətinin blokadasını aradan qaldırmalıdır. Yəni Ankara Avropa İttifaqının birtərəfli oyunu dayandırmasını tələb edib.

A.Merkel Nikosiyada bu münaqişənin Aİ-NATO münasibətlərinə çətinlik yaratmasından da hiddətlənib: «Avropa İttifaqının üzvü olan Kiprlə NATO üzvü Türkiyə arasında problem Aİ ilə alyans arasındakı münasibətlərdə çətinlik yaradır». Merkel hesab edir ki, Ankaranın Aİ və NATO üzvü olan öklənin ərazisini «işğal etməsi» yolverilməzdir.

Amma Kiprin iki hissəyə ayrılmasının tarixi göstərir ki, Türkiyə, ümumiyyətlə, «işğal» haqqında düşünməyib. Türkiyə qoşunları adaya yalnız Kipr türklərini qorumaq üçün 1960-cı il Müqaviləsinə uyğun olaraq girib.

Ankarada hesab edirlər ki, Almaniya Şimali Kiprdə türk qoşunlarının mövcudluğundan bu qədər narahatdırsa, 2004-cü ildə referendumu iflasa uğratmış Kipr yunanlarına diqqət yetirməlidir. Bunu Türkiyə Prezidenti Abdullah Gül 2009-cu ilin martında «Euronews»a verdiyi müsahibəsində açıq şəkildə bəyan etmişdi: «Bu plan 2004-cü ildə keçirilmiş referendumda qəbul edilsəydi, Kipr yunanları sülh planını qəbul etsəydi, bu gün adadakı türk ordusu oradan çıxarılardı. Avropa İttifaqı da daxil olmaqla, hamı bunu bilir. Biz Kipr probleminin həllinə qarşı deyilik».

Merkelin Nikosiyada səsləndirdiyi bəyanatda açıq-aydın ikili standartlar özünü göstərir. Əks halda, Berlin BMT və Avropa Şurasının üzvü olan Azərbaycanın 20%  torpağının  elə bu qurumların digər üzvü - Ermənistan tərəfindən işğalına da belə hiddətlə yanaşardı. Üstəlik, həm Azərbaycan, həm də Ermənistan, məqsədi bu ölkələrin Avropa ictimaiyyətinə inteqrasiyasını gücləndirmək olan «Şərq tərəfdaşlığı» proqramının iştirakçısıdır.

Amma Berlin Ermənistan-Türkiyə sərhədlərinin heç bir qeyd-şərtsiz açılmasının qəti tərəfdarı kimi çıxış edir. Məhz bu, Türkiyənin Aİ-yə qəbulu üçün daha bir şərtdir. Ermənistanın təcavüzkar xarici siyasəti, onun bütün həmsərhəd ölkələrə qarşı ərazi iddiaları isə nədənsə, diqqətdənkənar qalır.

Gözlənildiyi kimi, bu dəfə Ankara borclu qalmaq istəməyib və «ittihamçılar»ın ünvanına bir sıra sərt və tam ədalətli bəyanat səsləndirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya kanslerini əsassız bəyanatlar səsləndirməkdə təqsirləndirib və ondan üzr istəməsini tələb edib. «Biz Kipri tərk etməyəcəyik. Buna nail olmayacaqsınız. Merkelin fikirləri tarix elminə uyğun deyil… O, üzr istəməlidir», - deyə Ərdoğan bildirib. Baş nazir vaxtilə Merkelin Kiprin Aİ-yə qəbulunu yanlış qərar adlandırdığını xatırladıb. Bundan başqa, R.T.Ərdoğan Aİ-yə ünvanlanmış və Amerikanın «Newsweek» dərgisində dərc edilmiş açıq məktubunda bu təşkilatı «koma vəziyyətində olan», «geridə qalmış» cəmiyyət adlandırıb. O, Türkiyənin artıq Aİ-nin qapısında dayanıb yalvaran ölkə olmadığını xatırladıb. Ərdoğan deyib ki, yeni dünya düzəni və qüvvələr balansının dəyişdiyi hazırkı şəraitdə Aİ-nin daha zəngin, möhkəm və genişmiqyaslı birlik qurmaq üçün Türkiyəyə ehtiyacı var. O, nə qədər gec deyil, avropalılara bu reallığı dərk etməyi məsləhət görüb.

Aİ-yə kiçik və zəif iqtisadiyyata malik dövlətlərin operativ şəkildə qəbul olunması, böyük və güclü Türkiyəyə isə müxtəlif «səbəblər» üzündən bu imkanın yaradılmamasına toxunan Ərdoğan sakramental sual səsləndirib: «Hərdən düşünürəm ki, bəlkə Türkiyənin qüdrəti onun Avropa İttifaqına gedən yoluna maneədir?».

Türkiyə Prezidenti Abdullah Gül isə AŞPA parlamentarilərinin Ankaranın nədən «erməni soyqırımı»nı tanımamasına dair sualına belə cavab verib: «Soyqırım heç zaman Türkiyə tarixinin bir hissəsi olmayıb. Biz Ermənistana tarixi hadisələrin araşdırılması üçün birgə komissiya yaradılmasını təklif etmişik. Hərbi və mülki arxivlərimizi açmağa hazırıq. Birinci Dünya müharibəsinin gedişində kədərli hadisələr olub. Osmanlı İmperiyası hökumətə qarşı çıxmış bir sıra vətəndaşını deportasiya etməli olub. Soyqırım insanların milli və ya dini mənsubiyyətinə görə qətliamıdır. Həmin vaxtlarda ermənilər Osmanlı İmperiyasında yüksək postlar tuturdu. Bütün erməni kilsələri açıq idi. Odur ki, həmin acı hadisələri soyqırım adlandırmaq qəbuledilməzdir. Tarixin dərinliklərinə baş vursaq, onda Avropada heç kəs bir-birinin gözünə baxa bilməz».

Qeyd etmək lazımdır ki, Ankaranın Aİ-yə gedən yoluna nə qədər maneə yuvarladılırsa, Türkiyə ictimaiyyətində birliyə qoşulmaq ideyasının əleyhdarları da o qədər artır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Ankarada səfirlərin 3-cü illik konfransında təsdiqləyib. Bununla yanaşı, o, ölkəsinin Avropaya inteqrasiya istiqamətində səylərini artıracağını da söyləyib: «Biz yarı yolda da-yanmayacağıq və Avropa İttifaqına inteqrasiya işimizi davam etdirəcəyik».

Baş verənlər göstərir ki, Aİ-nin aparıcı üzvləri bu təşkilatı birmənalı şəkildə «xristian ittifaqı»na çevirməyə çalışır. Bu işdə Berlinin rolu da kifayət qədər çoxdur, baxmayaraq ki, o, ənənəvi olaraq, Ankaranın müttəfiqi sayılır. İndi əksər ekspertlər Merkelin Türkiyə ilə bağlı belə sərt mövqeyini Almaniyadakı daxili siyasi proseslərlə əlaqələndirir. Onların fikrincə, A.Merkelin Almaniyada keçirilmiş son seçkidə qələbəsi və sağ-mərkəzçi qüvvələrin (rəhbəri xarici işlər naziri Qido Vestervelle) birləşmədən sonra kansler yeni koalisiya yaratmaq üçün Ankaraya qarşı mövqeyini sərtləşdirməli olub. Amma çətin ki, hər şey bu reallıqla bağlı olsun. A.Merkelin liderlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) partiyasının özü müsəlman və Avropa mədəniyyətini  bir arada görə bilmir. Yaradılmış XDİ/XSİ (Xristian-Sosialist İttifaqı) bloku isə yeni üzvlərin qəbulunu Aİ-nin kəsərliliyinə təhlükə sayır. A.Merkelin Almaniyada multikulturalizmin iflası, məşhur alman siyasətçi Tilo Saratsinin isə miqrantların (əsasən, türklər və ərəblər nəzərdə tutulur) Almaniyanı «səfehləşdirməsi» haqqında bəyanatları da bu faktorla əsaslandırılır.

Amma bu da ən vacibi deyil. Hələ ötən əsrin ilk yarısında alman geosiyasətçilərin əksəriyyəti (F.Ratsel, İ.Parç, F.Naumann, K.Haushofer və digərləri) Mərkəzi (Orta) Avropa konsepsiyasını irəli sürürdü. Bu, ilk növbədə, iqtisadi və müdafiə məsələləri ilə məşğul olacaq konfederasiyanın yaradılmasını nəzərdə tuturdu. Bu Mərkəzi Avropa cəmiyyətində aparıcı rol isə Almaniyaya verilirdi. 

Bu gün Almaniya həmin hədəfin, demək olar ki, iki addımlığındadır. Odur ki, nəhəng insan və iqtisadi resurslara malik Türkiyə kimi dövlətin Aİ-yə üzvlüyü Berlinin bütün kartlarını qarışdıra bilər. 

Məlum olduğu kimi, hegemonluq ideyası tərəfdaşlığı qəbul etmir. Almaniyanın geosiyasi planlarında isə Türkiyəyə yer yoxdur. Məhz bu səbəbdən, hələ ötən ilin martında Türkiyəyə səfəri zamanı A.Merkel qəti bəyanat səsləndirmişdi: «Avropa İttifaqı dəyişib. Oyun qaydaları də dəyişilib. Almaniya Türkiyəyə Aİ-də üstünlüyə malik tərəfdaş statusu verilməsi ilə bağlı israrını davam etdirir».

Yuxarıda qeyd olunan fikirlərdən çıxış etsək, baş nazir R.T.Ərdoğanın fikri ilə razılaşmamaq çətindir. Söhbət onun Türkiyənin gücünün ölkənin Aİ-yə qəbuluna maneə olması fikrindən gedir. 

Ankaranın Aİ-yə qəbulu üçün  qarşısına qoyulan ilkin şərtlər isə əslində, Türkiyəni bu quruma buraxmamaqdan ötrü  ortaya atılmış bəhanələrə bənzəyir.



MƏSLƏHƏT GÖR:

616