Müəllif: İrina XALTURİNA Bakı
“Domodedovo» hava limanında baş vermiş partlayışla bağlı ilk məlumat bir cümlə idi: «Rusiyada NÖVBƏTİ terror aktı». Növbəti.
Həqiqətən də, Moskva metrosunda törədilmiş qanlı terrordan hələ heç 1 il də keçməyib.
Və budur, yeni faciə
Yanvarın 24-ü, təxminən, saat 16:30-da kamikadze üzərindəki partlayıcını işə salıb. Partlayış gömrük yoxlamasının insanların sıx toplaşdığı «yaşıl zona» adlanan yerində, gələcək sərnişinləri gözləyən insanların toplaşdığı yerdə baş verib. Partlayıcının gücü 5 kiloqram trotil ekvivalentində olub. Onun içərisinə dağıdıcı elementlər də yığılıbmış.
Partlayış nəticəsində 35 nəfər həlak olub, 100-dən artıq yaralı xəstəxanalardadır. Ölənlər arasında Böyük Britaniya, həmçinin, Almaniya, Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları var. Yaralanaların sırasında isə yerlilərlə yanaşı, Fransa, Böyük Britaniya, Almaniya, Slovakiya, Tacikistan və Moldova vətəndaşlarına da rast gəlinir.
Terror aktının necə törədildiyinə dair əvvəlcə çox az sayda, özü də bir-birinə zidd versiyalar var idi. Faciədən, təxminən, 1 həftə sonra partlayışın mümkün sifarişçiləri və icraçıları ilə bağlı məsələyə müəyyən aydınlıq gəldi.
Dərhal belə bir versiya ortaya çıxıb ki, partlayışın arxasında Şimali Qafqazdan olan gizli cinayəkar qruplar dayana bilər. Söhbət, ilk növbədə, «Qafqaz əmirliyi»ndən gedir. Terror aktının arxasında şəxsən yaraqlıların lideri Doku Umarovun dayanması mümkündür. Bəzi ekspertlərin fikrincə, terror aktını Dağıstan və İnquşetiyada həyata keçirilmiş bir neçə uğurlu antiterror əməliyyatlarına cavab saymaq olar. Rusiyanın baş naziri Vladimir Putin isə bildirib ki, ilkin məlumatlara görə, «Domodedovo»da törədilmiş terror aktının Çeçenistan Respublikasına aidiyyəti yoxdur.
Bununla yanaşı, Rusiya KİV əvvəlcə kamikadzelərin iki nəfər olduqlarını (kişi və qadın), partlayıcının aeroporta çantada gətirildiyini yazıb. Bu halda, hadisəni kamikadzelərin törətmədiyinin mümkünlüyü də ortaya çıxıb: ya o, vaxtından əvvəl işə düşüb, ya da kənardan idarə edilib. Terrorçuların cinayət ortaqlarının olduğu, onların da aeroporta gəldiklərinə dair versiyalar lap əvvəldən meydana çıxsa da, rəsmi təsdiqini tapmayıb.
Daha sonra hadisənin, üzərinə partlayıcı bağlamış kişi tərəfindən törədildiyi, onun bədənindən ayrılmış başının isə istintaqçılar tərəfindən hadisə yerində tapılması versiyası ortaya çıxıb. Bundan sonra mətbuat tapılmış başın hansı millətin nümayəndəsinə mənsub olması ətrafında versiyalar irəli sürməyə başlayıb. Amma əslində, ekspertlərin bunu müəyyənləşdirməsi elə bir ciddi çətinlik yaratmamalıdır.
Bundan sonra terror aktına aidiyyəti olan doqquz nəfərin axtarıldığına dair xəbərlər yayılıb. Hətta onlardan ikisinin adı da çəkilirdi - KİV-in «Noqad camaatı» ilə əlaqəyə görə «rus vəhabisi» adlandırdığı Vitali Razdobudko, yenə də bu təşkilatın üzvü Nazir Batırov.
Məlum olub ki, «rus vəhabi» avqustda Pyatiqorskda törədilmiş terror aktına görə axtarışdadır. Amma tezliklə jurnalistlər Razdobudkonun şəklini faciə yerindən tapılmış başının fotosu ilə müqayisə edərək belə qənaətə gəliblər ki, «Domodedovo»dakı partlayışı o törətməyib.
«Noqay camaatı»na gəlincə, onun haqqında məlumatlar da ziddiyyətlidir. Əsas versiyaya görə, «Qafqaz cəbhəsi»nin hərbi birləşməsi olan bu təşkilat Stavropolda fəaliyyət göstərir. İkinci Çeçenistan müharibəsi zamanı Neftekumsk rayonundan olan bir neçə noqaylı bilavasitə Basayevin rəhbərliyi ilə təşkilat yaradıb. 2010-cu ilin payızında bu birləşmənin liderləri federal qüvvələr tərəfindən məhv edilib.
Jurnalistlərdə Nazir Batırov haqqında olan informasiya da ziddiyyətlidir. Guya o, 2009-cu ilin sentyabrında Dağıstanda öldürülüb. Amma Novosibirsk vilayəti Daxili İşlər İdarəsi 2010-cu ilin sentyabrında Batırov haqqında axtarış elan edib.
Bundan başqa, versiyalarla, demək olar ki, eyni vaxtda belə bir məlumat da yayılıb ki, xüsusi xidmət orqanları Moskvada hansısa terror aktının hazırlandığına dair məlumatlı olub. Bunu deyən mənbələr ötən il dekabrın 31-də Moskvanın Kuzmin parkında mehmanxana kimi istifadə olunan, şəxsi atıcılıq klubunun kiçik binasının partladıldığını xatırladır. Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti əməkdaşları həmin binanın dağıntıları arasından qadın cəsədi və «şəhid kəməri» tapıblar. Kəmərin üzərində isə partlayıcı maddə aşkarlanıb.
Sonradan məlum olub ki, həlak olan qadın «Noqay camaatı» liderinin dul qalmış həyat yoldaşı imiş.
Jurnalistlərin mənbələri bildirir ki, həmin hadisəni törətmiş qadın Manej meydanında partlayış planlaşdırırmış. Lakin partlayıcı vaxtından əvvəl işə düşüb. Bəzi məlumatlara görə, buna səbəb qadının mobil telefonuna abonenti olduğu operator tərəfindən göndərilmiş Yeni il təbrikli SMS olub.
Məlumata görə, o zaman həlak olmuş qadının 24 yaşlı cinayət ortağı da olub. Zeynəb Suyunova adlı həmin qadın Volqoqradda həbs edilib. Operativ məlumatlara görə, Suyunova da gizli qruplaşmalardan birinin üzvüdür. Onun və adı açıqlanmayan cinayət ortağının Moskvaya partlayış törətməyə yollanmalarının səbəbi də açıqlanır. Deyilənə görə, «Noqay camaatı»nın üzvləri, həmçinin, yuxarıda adı çəkilmiş Razdobudko bu qadınların uşaqlarını girov saxlayırmış.
Bəzi KİV yazır ki, Moskvada törədilmiş terror aktının izləri Pakistana gedib çıxa bilər. Deyilənə görə, Rusiya xüsusi xidmət orqanları artıq yardım üçün pakistanlı həmkarlarına müraciət də edib. Terror aktı təşkilatçılarının «Əl-Qaidə»nin Əfqanıstan-Pakistan sərhədindəki düşərgəsində təlim keçdiklərinə dair də versiyalar var. Ümumiyyətlə, orada Mərkəzi Asiya və Şimali Qafqazdan olan xeyli terrorçunun gizləndiyi bildirilir.
Rusiya Milli Antiterror Komitəsinin (MAK) rəsmisi Andrey Prjezdomski isə yanvarın 28-də verdiyi açıqlamada bildirib ki, «Domodedovo»da terror aktının törədilə biləcəyinə dair heç bir məlumat olmayıb. Onun sözlərinə görə, mətbuatda «hansısa «Noqay batalyonu» və «Pakistan qüvvələri» haqqında yazılanlar «şayiə, ehtimallar və donosdur».
Prjezdomskinin sözlərinə görə, hazırda Rusiya İstintaq Komitəsi tərəfindən rəsmi istintaq aparılır və «nəyin baş verdiyini yalnız o söyləyə bilər. Digərləri isə susmalıdır».
Moskva Dövlət Daxili İşlər İdarəsi də bəyan edib ki, paytaxt milisində şəhərdə terror aktının hazırlandığına dair heç bir məlumat olmayıb.
Bundan başqa, MAK rəsmisi bəzi mətbuat orqanlarının paytaxt aeroportlarının təhlükəsizlik xidmətlərində araşdırma aparması, binaya bomba modeli keçirmək cəhdlərinə də (3 haldan 2-də jurnalistlər buna nail olub) qəzəblənib.
Rusiya KİV, əlbəttə ki, nə baş verdiyini bilməyə, gələcəkdə onları nəyin gözlədiyini öyrənməyə çalışan adi rusların istəyini reallaşdırmağa çalışır. Hökumətin terror aktı təşkilatçılarının tapılacağına, vəziyyətin nəzarətdə olduğuna dair sözləri, çətin ki, kimisə sakitləşdirsin. Doğrudur, prezident Dmitri Medvedevin qanlı terror aktına yol vermiş milis rəislərinin cəzalandırılmasına dair tapşırığından sonra, məmurların «başları vurulmağa» başladı. DİN Mərkəzi Federal Dairə üzrə Nəqliyyat İdarəsinin rəhbəri, general-mayor Andrey Alekseyev, «Domodedovo»nun nizami idarəsinin rəisi və onun müavinləri, Moskva üzrə Baş Daxili İşlər İdarəsi rəisinin müavini, şəxsi heyətlə iş idarəsinin rəisi Vladimir Çuqunov, həmçinin Aviasiyaya Dövlət Nəzarəti,
«Rostransnadzor» və «Rosaviasiya»nın 4 yüksəkrütbəli məmuru işdən kənarlaşdırılıb.
Amma bu istefalar, birincisi, çətin ki, kimlərisə razı salsın. İkincisi, ona çoxları müəyyən şübhə ilə yanaşır. Məsələn, bildirilir ki, Alekseyev idarə rəisi postuna, təxminən, yarım il əvvəl təyin edilmişdi. Bunadək isə o, Rusiya DİN-in dəmir yolu nəqliyyatında daxili işlər idarəsinə rəhbərlik etmişdi. Alekseyev terror aktlarının baş verə biləcəyinə dair ilkin xəbərdarlıq verən bir sıra yeniliklərin təşəbbüskarı sayılır. Bundan başqa, müxtəlif şərhlərə görə, Rusiyanın əksər sakinləri prezidentin niyə şəxsən daxili işlər naziri Rəşid Nurqaliyevi istefaya göndərmədiyi haqqında düşünür. Yeri gəlmişkən, Qərb KİV onun terror aktının baş verməsindən sonrakı ilk günlərdə xüsusi fəallıq nümayiş etdirmədiyinə də diqqət çəkir.
Məlumdur ki, burada söhbət heç də hansısa konkret obyektin mühafizəsinin gücləndirilməsində deyil. Moskvanın, hətta Rusiyanın bütün hava limanlarını terrorçular üçün əlçatmaz qalaya çevirmək mümkündür. Bəs, nəhəng Moskva metrosuna bütün giriş-çıxışları necə nəzarətə götürmək olar? Hər dayanacaqda, hər avtobusda metal detektorlar quraşdırmaq mümkündürmü? Hərəkətin sıx olduğu küçələr, ərzaq mağazaları necə olsun?
Aydındır ki, problem kompleks həll olunmalı, nəqliyyatda təhlükəsizliyin təmini ilə yanaşı, digər addımlar da atılmalıdır. Amma hansı addımlar? Axı, şayiələr, ehtimallar dəqiq rəsmi mövqenin olmadığı bir şəraitdə yayılır. Rusiyada isə hazırda məhz o yoxdur.
Moskvanın «Domodedovo» aeroportunda törədilmiş terror aktı bütünlükdə Rusiya ictimaiyyətini silkələyib - yüksəkrütbəli məmurlardan adi vətəndaşlaradək. Maraqlısı odur ki, diskussiyalara nəzər salarkən, bir şey aydın olur: hazırda ruslar yalnız təhlükəsizliklə bağlı problemlərdən məyus deyillər, həm də ənənəvi russayağı suallar içərisində başlarını itiriblər: «Kimdir günahkar?» və «Nə etməli?».
İndiyədək Rusiyanın müasir avə keçmiş tarixində dəfələrlə olduğu kimi, bu suallara heç kimdə cavab yoxdur. Bunun əvəzində, narazı məmurların söylədiyi kimi, şikayət və sərt tənqidlər (özü də arabir, bu tənqidlər küçə söyüşləri ilə də müşayiət olunur) artır.
Vakuumun şayiələr və gümanlarla dolması qaçılmazdır. KİV-in baş verənlərlə bağlı müxtəlif versiyalarla dolması da təəccüblü deyil. Üstəlik, bu versiyaların hamısı «hüquq-mühafizə orqanları və FTX-dəki şəxsi mənbələr”ə əsaslanır. Rusiyanın bloq məkanı, müxtəlif sosial şəbəkələr və forumlar bu baxımdan xüsusilə fərqlənir.
Maraqlıdır ki, partlayışdan sonrakı ilk saatlarda «Domodedovo»da nələrin baş verdiyi haqqında mümkün qədər tez məlumat toplamaq istəyən Rusiyanın (və digər ölkələrin) internet istifadəçiləri ənənəvi informasiya vasitələri - televiziya və radioların fəaliyyətindən açıq-aşkar məyusluğunu bildirirdi. Həqiqətən də, Rusiyanın əsas telekanallarının yalnız «serial saqqızı»nı təcili xəbərlər proqramı ilə əvəzləməklə kifayətləndiyi vaxtda, İnternetdə hadisə yerindən ilk videogörüntülər yerləşdirilir, ilk şahid ifadələri yayımlanırdı. Belə çıxır ki, rusların əksəriyyəti, həmçinin, Rusiyada baş verənlərlə maraqlanan şəxslər üçün İnternet fikirlərini bölüşmək, diskussiyalara girmək üçün ən yaxşı təsəllidir.
Moskvada törədilmiş terror aktının səbəbləri haqqında bloq məkanında yer alan «söz savaşı»nı diqqətlə izləyərkən, kifayət qədər ciddi təsir bağışlayan 5 əsas versiya irəli sürmək mümkündür.
Birincisi, İnternet istifadəçilərindən bəziləri baş verənlərə görə, yuxarıda adıçəkilən «Şimali Qafqazın gizli qruplaşmaları»nı, ona daxil olan «camaatlar»ı, «əmirliklər»i günahlandırır.
Digərləri Şimali Qafqazdan olan yaraqlılarla yanaşı, onların «Əl-Qaidə»dən olan həmkarlarını da təqsirləndirir.
Üçüncü qrup «Domodedovo» terrorunu Manej meydanında bir müddət əvvəl baş vermiş hadisələrlə əlaqələndirir, faciədə nəyin bahasına olur-olsun, Rusiya paytaxtında milli zəmində təlatümlərin bərpasına çalışan ultrasağçıların əlinin olduğunu düşünür. Bu versiyanı ultrasağçıların deyil, qardaşlarının döyülməsinə bu yolla etiraz edə biləcək Şimali Qafqaz təmsilçilərini günahkar sayanlar da ağlabatan hesab edir. Hətta belə fikirlər səsləndirilir ki, partlayışın Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskinin RTR-də Qafqaz məsələsi ilə bağlı sərt çıxışından dərhal sonra baş verməsi də təsadüf deyil.
Versiya özü-özlüyündə gülməlidir. Çünki Şimali Qafqaz yaraqlıları, yəqin ki, Jirinovskinin qalmaqallı bəyanatlarından artıq çoxdan heç kimin incimədiyini bilməmiş deyillər.
Dördüncü versiya, Rusiyanın bloq məkanında ən populyar versiyalardandır və bu, təəccüblü deyil. Bu qrupa aid olanlar baş verənlərdə… Rusiya xüsusi xidmət orqanlarını günahlandırır. Onlar hesab edir ki, bu, ya 2012-ci ilin prezident seçkisi ilə bağlıdır, ya da xalqın diqqətini ciddi etirazlara səbəb ola biləcək məsələlərdən yayındırmağa çalışırlar. Maraqlıdır ki, blogerlərin bir hissəsi, məsələn, YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski ilə bağlı yeni məhkəmə qərarı kimi hadisələri da baş verənlərlə əlaqələndirilir. Amma rusların əksəriyyəti onun kim olduğunu belə bilmir.
Yeri gəlmişkən, blogerlərdən prezident və baş nazirin payına da sərt tənqid düşüb. Bu baxımdan yalnız blogerlər deyil, həm də KİV, xüsusilə Qərb mətbuatı, Kremlin Qafqaz siyasətini ya «iflasa uğramış» adlandırır, ya da «Rusiya hakimiyyətinin sistemli xəstəliyi»ndən danışır. Onlar üçün bir məqam heç bir şübhə doğurmur: partlayış Rusiya prezidenti və baş nazirinin imicinə ciddi zərbə vurub. Xüsusilə Vladimir Putinin obrazına zərər dəyib.
Nəhayət, beşinci versiya; blogerlər arasında ən populyar olan bu versiyaya görə, baş verənlərdə «beynəlxalq iz» axtarılmalıdır. Onların fikrincə, xarici, xüsusilə Qərb, Rusiya müxalifətinin də əli ilə Rusiyanı Medvedev-Putin tandeminin əlindən almağa çalışır. Məhz bu məqsədlə də Rusiyada kritik vəziyyət yaradılır. Bu məqamda Culian Assancın WikiLeaks saytı da yada düşür. İddiaya görə, terror aktları ilə Rusiya hakimiyyətinin zəifliyi qənaətinin yaradılmasına, yaxud ona hansısa vasitə ilə təzyiq göstərilməsinə çalışılır.
Belə bir fikir də var ki, «kimsə» Medvedevin Davosda keçirilən iqtisadi foruma yollanmasını əngəlləməyə çalışıb. Yeri gəlmişkən, partlayışa baxmayaraq, bir neçə saatlığına da olsa, Davosa yollanmış Medvedev oradakı çıxışında bildirib ki, «Zərbəni müxtəlif ölkələrin vətəndaşlarına yönəltmiş təşkilatçı qüvvələr bunun Rusiyanı dizüstə çökdürəcəyinə, Moskvanı müdafiə mövqeyinə çəkilməyə məcbur edəcəyinə, sadəcə, Rusiya prezidentinin Davos forumuna qatılmayacağına ümid ediblər».
Medvedev bildirib ki, «terror aktının yeri və vaxtı məhz bu meyarlar üzrə seçilib». Prezident həmin qüvvələrin «yanıldıqlarını» bəyan edib.
Göründüyü kimi, gümanlar və şayiələr içərsində «azmaq» olar. Amma bir şey aydındır: Rusiyada terrorla mübarizə işində yanlışlıqlara yol verilib. Hər halda, «Domodedovo»nun təhlükəsizliyinin təminində səhlənkarlıq etdiyi üçün kimin günahlandırılmasına dair əsl qalmaqal hər kəsin gözü qarşısında baş verib. Aeroportun menecment sahəsində çalışanlar DİN-lə açıq mübahisəyə girişib. Partlayışdan bir neçə ay əvvəl, aeroport mühafizəçilərinin sayının 2 dəfə azaldılmasına dair məlumatlar qalmaqalı daha da şiddətləndirib. Prezident D.Medvedev bildirib ki, təhlükəsizliyin təmini işində «Domodedovo»da anarxiya olub.
Amma ölkənin əsas aeroportlarının birində bunun necə baş verdiyini anlamaq çətindir. Üstəlik, ölkədə indiyədək nəqliyyat sahəsində dəfələrlə qanlı terror aktları törədilib.
İstənilən terror aktında məqsəd əhalinin qorxuya salınması, ölkədə siyasi vəziyyətin qarışdırılmasıdır. «Domodedovo»da törədilmiş partlayış açıq şəkildə göstərir ki, bu, əhalinin, demək olar ki, bütün təbəqələrinə aiddir. Heç kəs özünü təhlükəsizlikdə hiss edə bilməz - nə səhər işə dolu metro vaqonlarında gedənlər, nə də birinci sinfə aid təyyarə ilə Maldiv adalarında istirahətdən dönənlər.
İstənilən ölkənin istənilən vətəndaşını ilk narahat edən nədir? Əlbəttə ki, onun və yaxınlarının təhlükəsizliyi. Burada bu təbii arzu ilə, məsələn, son zamanlar Rusiya ictimaiyyəti arasında Rusiyanın Qafqazdan ayrılmasına dair artan diskussiyalar arasında məntiqi əlaqə axtarmaq çox asandır. Bir ölkə sakinlərinin vətəndaşlarının «özününkülər» və «yadlara» ayırılması, ümumi insani keyfiyyətləri unudaraq bir-birini ölənədək döyməsi də buraya aiddir.
Yəni, bütün bunlar yalnız bir şeydən xəbər verir. Nə qədər pafoslu və ya ideoloji bəyanat kimi səslənsə də, istənilən dövlətin birliyi və çiçəklənməsi, milli maraqları, iqtisadi gücü həmin ölkənin bütün vətəndaşlarının üzərində dayanır - onun təhlükəsizliyində, komfortunda, əsas hüquqlarının qorunmasında.
Bu, «Domodedovo»dakı qanlı partlayışdan çıxarılan ən əsas nəticədir. Qalanlar isə böyük ölçüdə ehtimallar və şayiələrdir.
MƏSLƏHƏT GÖR: