
ÖLMƏZLİK ZİRVƏSİNİ FƏTH EDƏN İNSAN
Azərbaycanın musiqi tarixində silinməz iz buraxan maestro Niyazi haqqında xatirələr
Müəllif: Arif HÜSEYNOV Bakı
Böyük Azərbaycan xalqının dünya mədəniyyəti və incəsənətinə bəxş etdiyi çox istedadlı və unudulmaz simalardan biri də istedadlı dirijor və bəstəkar, ən başlıcası, özünün ifaçılıq fəaliyyəti ilə Azərbaycanın musiqi tarixində böyük rol oynamış Niyazi Zülfüqar oğlu Hacıbəylidir. O, dahi bəstəkar Üzeyir bəyin böyük qardaşı Zülfüqar bəyin oğlu idi. Niyazi dühası bütün musiqi dəyərləndiricilərinin qəlbini fəth etmişdi. Ona hamı Maestro deyirdi.
Niyazi fenomeni
Niyazi yüksək dəyərləndirilən istedadı ilə Avropa və Asiya ölkələrinin bir çoxunda dinləyicilərin intəhasız sevgisini qazanmışdı. O, ən müxtəlif musiqi janrlarında yazılmış əsərlərin bədii ideya məzmununa dərindən nüfuz edə bildiyinə görə, ifa etdiyi əsərlərin mürəkkəb konsepsiyasını və üslub xüsusiyyətlərini ətraflı açıqlamaqla dinləyiciləri məftun qoyurdu. Buna görə də onun adı dünya ölkələrinin çox görkəmli dirijorlarının adları ilə bir sırada çəkilirdi. Niyazi bütün həyatıboyu Azərbaycan bəstəkarlarının yeni əsərlərinin ilk ifaçısı, ilk interpretatoru idi. Qara Qarayevin, Cövdət Hacıyevin, Arif Məlikovun əsərlərinin dərinliyini və bədii ifadəliliyini dinləyicilərə tam genişliyi ilə çatdıra bilən istedadlı dirijor idi. Fikrət Əmirovun, Soltan Hacıbəyovun əsərləri Niyazinin ifasında tam parlaqlığı və incə çalar genişliyi ilə səslənirdi.
Hər bir adamın həyatı doğum və ölüm tarixi ilə hüdudlanır. Yalnız yaradıcı adama əbədi həyat əta olunur. 1970-ci ildə Fikrət Əmirovun yazdığı «Portretlər” adlı yeddihissəli vokal-simfonik poemasında milli incəsənətin görkəmli şəxsiyyətlərinin - dramaturq Cəfər Cabbarlının, müğənni Bülbülün, şair Səməd Vurğunun, bəstəkar Üzeyir Hacıbəylinin və dirijor Niyazinin musiqi vasitəsilə obrazları əks olunmuşdur. Müəllif öz əsərinin ideyasını şərh edərkən isdedadl dirijor Nİyazinin musiqi portreti haqqında danışaraq belə demişdi: «Azərbaycan bəstəkarlarının az əsəri tapılar ki, çox istedadlı dirijor Niyazi onlara həyat vəsiqəsi verməsin. Bu istedadlı ustadın yaradıcılıq simasını mən orkestr skertsosu formasında açmağa çalışmışam. Ona görə ki, mən bu skertsoda orkestr pultu arxasında dayanan Niyazini görə bilmişəm. Bu musiqi hissəsinin məğzinə bəstəkar Niyazinin əsərlərinin intonasiyası hopmuşdur».
Niyazinin fantastik musiqi duyumu var idi, O, notlarda əks olunmuş bütün səs uyarlıqlarını düzgün fərqləndirə bilirdi. Bəzən elə olurdu ki, bəzi müəlliflər məşq zamanı orkestr səslərindəki qələtləri tutmaqda çətinlik çəkirdilər. Belə bəstəkarlara maestro yarızarafat deyirdi: Siz musiqi bəstələmisiniz, yoxsa ancaq not işarələrini yazmısınız?
Onun çox fenomenal musiqi yaddaşı var idi. Partituranı ötəri nəzərdən keçirərkən sanki not vərəqlərinin bir-birinin ardınca fotosunu çəkirdi. Maestro çox gözəl daxili duyuma malik idi. Bu xüsusiyyəti ona partituranı kitab kimi oxumaq imkanı verirdi. Niyazi auditoriyaya və ifaçılara magik təsir göstərmək qabiliyyətinə malik dirijorlara mənsub sənətkar idi. Niyazi müəllif mətninə, xüsusilə də klassik bəstəkarların mətnlərinə çox hörmətlə yanaşırdı, ifaçılardan orijinalın ruhuna riayət olunmasını qətiyyətlə tələb edirdi. Buna baxmayaraq, keyfiyyətin yaxşılaşması naminə öz həmkarlarının əsərlərində düzəlişlər də edirdi.
Niyazi həm də eruditliyi ilə başqalarından fərqlənirdi. O, Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü kimi məqalələrin yüksək elmi səviyyədə hazırlanması üçün var qüvvəsini əsirgəmirdi. Niyazi şən və hazırcavablığı, incə yumoru, adamlarla ünsiyyət yaratmaq bacarığı ilə redaksiya əməkdaşlarının rəğbətini qazanmışdı. Bu dahilik səviyyəsinə yüksəlmiş böyük şəxsiyyət çox sadə və mehriban adam idi. Özünü elə aparırdı ki, tərəf-müqabilləri onun böyük şöhrət sahibi olduğunu az qala unudurdular. Niyazi uzaq keçmişdə şahidi olduğu hadisələri maraqla danışırdı. Bir dəfə şəxsən mənə başına gələn bir əhvalatı danışdı: «Günlərin birində nənəm Şirin xanım (Üzeyir bəyin anası) mənim fortepiano çaldığımı eşidib yaxınlaşaraq, fortepianoda «Heyratı» çalmağımı istədi və dedi ki, “Heyratı» havasına oynamaq istəyir. Nənəmin istəyini dərhal yerinə yetirərək, «Heyratı» çalan kimi oynamağa başladı. Onun necə oynamasına baxa bilmədiyimə görə indi də heyfslənirəm. Axı «Heyratı» ritmik muğamdır, rəqs havası deyil. Görəsən, nənəm onu mənə məlum olmayan hansı rəqs üslubunda oynadı, ritmikanı necə tutdu? Heyf ki, görmədim və bilmədim. Yəqin, heç bir vaxt görməyəcəyəm. Əlimdən təəssüflənməkdən savayı heç nə gəlmir».
Maestro həm də Allah adamı idi. Danışırdı ki, «Xarici ölkələrin konsert salonlarında dirijor pultu arxasına keçəndən sonra, nəzərlərimi Allah dər-gahına yönəldib ürəyimdə deyirəm: «Allahım, mənə kömək ol ki, xalqımın, Vətənimin adını uca saxlaya bilim, çalğım uğurlu olsun ki, Vətənimə alnıaçıq, fəxrlə dönüm».
«Qızıl əllər»...
Niyazi Azərbaycan musiqisinə dərindən nüfuz etməklə çox nümunəvi ifa qabiliyyəti nümayiş etdirir, çaldığı əsərin başlıca ideyasını diqqətə çatdıra bilirdi. Fikrət Əmirovun muğamlarını və özünün «Rast» muğamını, Qara Qarayevin» İldırımlı yollarla» baletindən süitanı böyük ruh yüksəkliyi ilə ifa edirdi. Bir dəfə çox təcrübəli konsertmeyestr sayılan Anisim Aleksandroviç Berlin məşqlərinin birindən sonar, Niyazinin əlini-əlinə alıb tumar çəkərək demişdi: «Baxın, maestronun xariqələr yaradan qızıl əllərinə».
Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyəti ilə yanaşı, böyük vətənpərvər maarifçi idi. O, həmişə çalışırdı ki, xalqının estetik səviyyəsini yüksəklərə qaldırsın. Niyazi deyirdi ki, bütün Şərq aləmində ilk dəfə milli opera yaradan, müasir simfonik və balet əsərləri ilə bir çox Avropa ölkələrini ötüb-keçən Azərbaycan xalqı özünün yüksək intellektual səviyyəsinə görə, bütün müsəlman ölkələri xalqlarına nümunədir. Buna görə də o çalışırdı ki,Azərbaycan bəstəkarlarının yaratdıqları simfonik əsərləri başqa xalqlarla yanaşı, ilk növbədə, respublikanın bölgələrində yaşayan sadə adamlara dinlətməyi və başa düşməyi öyrətsin. Azərbaycanın elə bir şəhər və rayonu yox idi ki, Niyazi orada konsert verməsin. O, Fransaya qastrol səfərindən qayıdandan sonra, istedadlı musiqi nəzəriyyəçisi və yazıçı Kərim Kərimovu evinə dəvət edib, ilk dəfə olaraq, Azərbaycanın Cənub rayonlarına simfonik orkestrlə getmək arzusunu bildirmişdi. Kərim Kərimov həmin konsertlərdə bir mühazirəçi kimi çıxış etməli idi. Niyazi ona mühazirələrə ciddi hazırlaşmasını tapşırmışdı. Bütün bunlardan sonar, mühazirəçi Kərimov, az qala, Niyaziyə öz iradını bildirmək və «Maestro, siz nə qəribə adamsınız. Belə yorucu xarici səfərdən sonra, Monte-Karlonun gözəl kurortlarında istirahət etmək əvəzinə, respublikamızın ən isti rayonlarına getmək istəyirsiniz», - demək istəmiş, amma susmağı lazım bilmişdi. Qastrol səfəri bir ay çəkməli, Salyandan başlayıb Astarada başa çatmalı idi. Qastrol səfərinə simfonik orkestrin altmış nəfər musiqiçisinin və müğənnilərdən Lütfiyar İmanovla Sona Aslanovanın qatılması nəzərdə tutulmuşdu. Musiqiçilər gedən avtobusu maestroya böyük hörmət əlaməti olaraq, Ələt stansiyasına qədər iki nəfər avtomobil müfəttişi müşayiət etmişdi. Konsertləri uğurla keçən orkestr üzvləri Bakıya qayıdarkən maestro bir tarla düşərgəsinin yanında avtomobili saxlatdırıb düşəndən sonar, orkestrantlar da düşüb artezian quyusunun suyundan içmişdilər. Yolkənarı yaxınlığında üstü şiferlə örtülmüş talvar maestronun diqqətini çəkmişdi. Niyazi aşpaz qadına yaxınlaşıb, kimin üçün yemək hazırladığını soruşmuşdu. Qadın cavab vermişdi ki, gələn adamlar Səməd Vurğun adına kolxozun tarla düşərgəsindədirlər və o da pambıqçı qızlar üçün xörək hazırlayır. Niyazi pambıqyığan qızlara tərəf baxıb, «Görəsən, indi neçə dərəcə isti olar?” - deyə soruşmuşdu. Lütfiyar İmanov « Azı, 40 dərəcə», - deyə cavab vermişdi. Maestro dərindən ah çəkib, «Bu qızlar əsl əmək qəhrəmanlarıdır», - demişdi. Sonra da bütün musiqiçilərə öz alətlərini götürüb, tarla məntəqəsinə gəlmələrini tapşırmışdı. Musiqiçilər bir yerə yığışandan sonra, Niyazi elan etmişdi ki, musiqiçilər vaxt itirmədən tarla düşərgəsində pambıqçı qızlar üçün konsert verəcəklər.
Zərb alətləri, arfa və kontrabasçalanlar avtomobilin açıq banı üstündə oturmuşdular. Digər musiqiçilər isə avtomobilin ətrafında yer almışdılar. Orkestr «Koroğlu» operasının uvertürasını çalmağa başlayanda, pambıqçı qızlar səs gələn tərəfə axışıb-gəlmişdilər. Onlar orkestrantların ətrafına düzülüb, təəccüblə musiqi alətlərinə baxmağa başlamışdılar.
Kərim Kərimov danışırdı ki, orkestr Niyazinin dirijorluğu ilə Üzeyir bəyin qızmar günəş altında «Koroğlu” operasının uvertürasını çalmağa başlayanda musiqiçilərin heç biri Niyazinin belə böyük ilhamla dirijorluq etdiyini xatırlamırdı. Adama elə gəlirdi ki, o, tarla düşərgəsində yox, dünyanın ən böyük konsert salonlarının birində, ən mötəbər dinləyicilərinin qarşısında çıxış edir. Sonra orkestr «Leyli və Məcnun” operasının uvertürasını, «Arazbarı”nı və «Qaytağı»nı notsuz çalmışdı. Sonda Lütfiyar İmanov Səid Rüstəmovun «Sürəyya» mahnısını oxuyanda, qızların gözləri sevincdən yaşarmışdı.
Konsert qurtarandan sonra, Niyazi pambıqçı qızlardan soruşmuşdu ki, hərəsi gündə neçə kiloqram pambıq yığa bilir. Manqabaşçısı demişdi ki, 30 kiloqramdan 90 kiloqramadək. Niyazi pambıqçı qızlara müraciətlə «İndi siz əyləşib nahar edin, musiqiçilər sizin yerinizə pambıq yığacaqlar». Musiqiçilər tarlaya səpələnəndən sonra, Niyazi də belinə bardan bağlayıb həyat yoldaşı Həcər xanımla pambıq yığmağa girişmişdiı. Yarım saat keçəndən sonra, musiqiçilər adambaşına yüz qram pambıq yığıb tər içində, bellərini tuta-tuta düşərgə qapanında yığdıqları məhsulu çəkdirəndən sonra məlum olmuşdu ki, orkestrin bütün üzvləri Niyazi ilə birlikdə üç kiloqram pambıq yığıblar. Bununla da Niyazinin simfonik orkestrlə ölkəmizin cənub rayonlarına qastrol səfəri başa çatmışdı.
Ən yaxşı orkestr
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin təşəbbüsü ilə partiya funksionerləri üçün Dövlət Filarmoniyasında simfonik konsertlər təşkil edilirdi. Onun təşkili şəxsən Niyaziyə tapşırılmışdı. Dinləyicilərə Çaykovskinin fortepiano və orkestr üçün 1 nömrəli konserti, Rahmaninovun 2 nömrəli fortepiano konserti və digər asan qavralınan musiqi əsərləri təqdim olunurdu. Partiya funksionerlərinin bu tədbirdən yayınmamaları üçün birinci katib özü də konsertlərə şəxsən müntəzəm surətdə gəlirdi. Niyazi konsertlər haqqında giriş mühazirələrin oxunması üçün Moskvadan Rusiyanın əməkdar incəsənət xadimi, musiqi tənqidçisi Janna Dozorsevanı Bakıya dəvət etmişdi. Orkestr ifaya başlamazdan əvvəl Dozorseva irəli çıxaraq, bu və ya digər sənət əsəri barədə açıqlama verir, mühazirə tam qurtardıqdan sonar, Niyazi orkestri dilləndirirdi. Bütün bunlarda məqsəd o idi ki, incəsənətə kuratorluq edənlər özlərinin rəhbər funksiyalarını bilici sənətkar səviyyəsində icra edə bilsinlər. Çaykovskinin, Rahmaninovun və Bethovenin simfonik əsərlərindən xəbərsiz partiya funksionerlərini qəflət yuxusundan ayıltmaq, heç olmasa, incəsənət nümunələrindən azacıq da olsa baş çıxırmaq səviyyəsinə qaldırmaq idi.
Orkestrin bədii rəhbəri və baş dirijoru Niyazi Vətən övladlarının, demək olar ki, hamısının Avropa musiqisi ilə aşina olması üçün Filarmoniyada klassik rus və Avropa bəstəkarlarının seçilmiş simfonik əsərlərindən ibarət silsilə konsertlər təşkil edir, həmin konsertlər üçün birillik abonement kitabçaları nəşr etdirirdi. Həmin kitablar Elmlər Akademiyasının əməkdaşları, Bakının ali və orta təhsil məktəblərinin müəllim və tələbələri arasında yayılırdı. Belə konsertlərin proqramına bir konsert mövsümündə Bethovenin doqquz simfoniyası, Çaykovskinin altı simfoniyası, Motsartın və Verdinin məşhur «Rekviem»i və başqa əsərləri daxil edilmişdi. Konsertlərin birinci hissəsində bu əsərlərdən biri, ikinci hissədə isə Azərbaycan bəstəkarlarının yeni simfonik əsərləri ilk dəfə ifa olunurdu. Həmin konsertlərdə Niyazi ilə yanaşı, dünyanın görkəmli dirijorları - Aleksandr Qauk, Yevgeni Mravinski, Nikolay Anosov, Kirill Kondraşin, Kurt Zanderlinq, Leo Ginzburq dirijorluq edirdilər. Bu konsertlərin əvvəlində istedadlı musiqi tənqidçisi Kərim Kərimov rus dilində giriş mühazirəsi oxuyur və ifa olunan hər əsərə annotasiya verirdi. Abonement konsertlərində Filarmoniyanın geniş salonu həmişə dinləyici ilə dolu olurdu. O vaxtlar Niyazinin bədii rəhbər və baş dirijoru olduğu Azərbaycan Dövlət Simfonik Orkestri keçmiş Sovetlər İttifaqının ən güclü musiqi kollektivi hesab edilirdi. Orkestrin simli qrupunda Bəhram Məmmədzadə, Azad Əliyev, Nazim Rzayev Rauf Əhmədov, violençelçalanlar - Sabir Əliyev, Davud Qədimov, Fərhəng Quluzadə, arfaçalanlar - Aida Abdullayeva, Sima Xəlilova, kontrabasçalan İlyas Hüseynov və digər ustad sənətkarlar çalışırdılar.
Azərbaycan Dövlət Simfonik Orkestrinin nəfəs alətləri qrupu nəinki Sovet İttifaqında, həm də Avropa orkestrləri içərisində ən güclü qrup sayılırdı. Orkestrdə trubaçalanlar Kərim Babayev, Elşad Əfəndiyev, trombonçalanlar Ağakərim Əliyev, Şamil Qurbanov, voltornaçalan Rəşid Cəfərov, klarnetçalanlar Qulam Səmədov, Zeynal Yəhyayev, fleytaçalan Ələkbər İsgəndərov, qoboyçalanlar Fuad Sadıqbəyov, Rasim Cəfərov, faqotçalan Alxaz Əliyev və başqa istedadlı azərbaycanlı musiqiçilər əsl sənət nümunələri göstərirdilər.
Musiqi mədəniyyətinin fəal təbliğçisi olan Niyazi həm də Azərbaycanda bir sıra musiqi festivallarının təşkilatçısı olmuşdu. O, inqilabi mahnıların Birinci Ümumittifaq festivalının keçirilməsini reallaşdırmışdı. Niyazi Cənubi Qafqazın simfonik orkestrləri festivalını da təşkil etmişdi, Bəstəkarlar İttifaqı plenumlarında və qurultaylarında bütün proqramların, çıxışların təşkilatçısı idi. Niyazinin - görkəmli dirijorun əməyi xalq tərəfindən yüksək qiymətləndirilmişdi. O, SSRİ-nin Xalq artisti, SSRİ-nin və Azərbaycan SSR-in Dövlət mükafatları laureatı adlarına layiq görülmüşdü. Anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq 1982-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.
O, bir müddət (1961-1962-ci illərdə) Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, Arif Məlikovun «Məhəbbət əfsanəsi» baletini həmin dövrdə tamaşaya qoymuşdu. Leninqradın rütubətli havası onun səhhətinə pis təsir etdiyindən, dirijorluq fəaliyyətini uzun müddət davam etdirə bilməmiş, öz doğma şəhəri Bakıya qayıtmalı olmuşdu. Niyazi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də - İranda, Çexoslovakiyada, Macarıstanda, Fransada, İngiltərədə, Çində, Hindistanda , Monqolustanda, Almaniyada və digər ölkələrdə də məşhur dirijor kimi tanınırdı. O, Çexoslovakiyanın Bela Bartok medalına, Karl-Marks-Ştadt şəhərinin medalına, Hindistanın Cəvahirləl Nehru mükafatına və digər mükafatlara layiq görülmüşdü.
Onun Türkiyə ilə sıx əlaqələri var idi. Niyazi Türkiyədə P.İ. Çaykovskinin «Yevgeni Onegin», «Qaratoxmaq qadın» operalarına, Corc Bizenin «Karmen» operasına, türk bəstəkarı Adnan Sayqunun «Koroğlu» operasına dirijorluq etmişdi. Niyazi 1978-ci ildə Türkiyəyə növbəti səfərdən qayıdandan sonar, «Simfonik orkestr üçün türk miniatürləri”ni bəstələmişdi.
1942-ci ildə Mikayıl Rəfilinin librettosu əsasında «Xosrov və Şirin» lirik-romantik kamera operasını yazmışdı. 1949-cu ildə yazdığı «Rast» simfonik muğamı bəstəkar-dirijora böyük şöhrət qazandırmışdı.
Ötən əsrin 50-ci illərində bəstəkarın yaradıcılığında məişət və estrada janrına meyil özünü göstərmişdi. O, Rauf Hacıyev ilə birlikdə «Kolxoz suitiası»nı (1953-cü il), 1954-cü ildə isə özünün «Konsert valsı”nı, «Uşaq xoru və simfonik orkestr üçün suita»sını yazmış, bir sıra xalq mahnılarını («Çal-oyna», «Qara gözlər və s.) işləmişdi.
Niyazinin ötən əsrin 60-cı illərində Kuybışev Opera və Balet Teatrının sifarişi ilə Hindistanın görkəmli yazıçısı Rabindranat Taqorun ədəbi-musiqi yaradıcılığı motivləri əsasında yazdığı «Çitra» baleti» (1962-ci il) incəsənət sahəsində əlamətdar hadisə kimi dəyərləndirilmişdi. 1970-ci ildə Niyazi həmin baletin musiqisi əsasında suita ərsəyə gətirmişdi.
Niyazi 1938-ci ildən Üzeyir Hacıbyov (Hacıbəyli) adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi fəaliyyət göstərirdi. 1938-ci ildən Azərbaycan Milli Opera və Balet Teatrının direktoru kimi fəaliyyət göstərmişdi. Niyazi «Zaqatala süitası» adlı ilk irihəcmli simfonik əsər yazmışdı. Bu əsər həmin illərin bəstəkar yaradıcılığının ən yaxşı əsərlərindən biri olmuşdu.
Azərbaycanın dirijorluq məktəbinin təşəkkül tapması, inkişaf etməsi Niyazinin adı ilə bağlıdır. O, Azərbaycan xalqının qəlbində dərin iz buraxmış, ölkənin ən istedadlı dirijoru və bəstəkarı kimi sevilmişdir. Niyazi əbədiyaşarlıq zirvəsini fəth etmişdir.
MƏSLƏHƏT GÖR: