25 Noyabr 2024

Bazar ertəsi, 22:39

BÜTÜN HƏYAT ÜÇÜN SIĞORTA

Azərbaycan dövləti bütün dünya üzrə ən populyar olan sığorta növünün inkişafına təkan verib

Müəllif:

15.01.2011

Bu yaxınlarda Azərbaycanın maliyyə bazarında yeni alət - həyatın sığortası populyarlıq qazanmağa başlayıb. Bildirmək lazımdır  ki, hazırda bu seqment Qərbi Avropada və  sığorta bazarı inkişaf etmiş digər ölkələrdə ən çox tələb olunan sığorta növüdür. Axı əslində, həyatın sığortası istənilən insan qarşısında duran sox sayda mürəkkəb məsələlərin həllində yardımçı ola bilər: bu həm ailə üzvlərindən birinin dünyasını dəyişməsi zamanı maddi problemlərdən xilas olmağa və tələb edilən vaxta qədər lazımi məbləği toplamağa imkan verir. Sözügedən ölkələrdə bu növ üzrə sığorta mükafatlarının həcmi sığorta mükafatlarının ümumi həcminin 55-60%-ni təşkil edir. Azərbaycanda bu göstərici çətinliklə 1%-ə çatır, buna görə də dövlət tərəfindən həyatının sığortasına tələbin artırılması üzrə bir sıra tədbirlər görülməsi vasitəsilə bazarın inkişafının stimullaşdırılmasının vaxtı çatıb. 

 

“Qala Heyat” - sığorta qalasıdır

Bu məsələnin həllində kulminasiya nöqtəsi keçən il peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələrlə bağlı əmək qabiliyyətinin itirilməsi üzrə icbari sığorta haqqında qanunun qəbul edilməsi, həmçinin, «Sosial sığorta haqqında» qanuna düzəlişlərin edilməsi oldu. Başqa ölkələrin təcrübəsindən görünür ki, həyat sığortasının inkişaf mexanizmlərinin qəbulu vergi güzəştlərindən başlayıb, vergilər əvvəlcə yetərincə nəzərə,  çarpan olub, bazarın inkişafı nəticəsində sıfıra qədər enib. 

Başqa yetərincə güclü impuls bazarda yalnız həyat sığortası ilə məşğul olan şirkətlərin meydana çıxmasıdır. Çünki «Sığorta fəaliyyəti haqqında» qanuna görə, 2011-ci ilin mart ayının ortalarından indi həyat sığortası ilə məşğul olan sığorta şirkətləri öz fəaliyyətlərini həyat sığortası və başqa sığorta növləri üzrə ayırmalıdırlar. Bununla yanaşı, 2011-ci ildən başlayaraq, həyat sığortası üzrə xidmətləri yalnız məxsusi kapitalı 5 mln manatdan az olmayan ixtisaslaşmış sığorta şirkətləri göstərə bilər. Çünki belə şirkətlər üçün bu, yeganə gəlir əldə etmək üsulu olacaq, buna görə də bu sığorta növünə marağın artacağına, agent şəbəkəsinin və məhsul xəttinin genişlənəcəyinə ümid etməyə dəyər. 

Sadaladıqlarımıza  bir fakt kimi artıq keçən ilin sonlarından həyatın sığortası ilə məşğul olan şirkətlərin bazarda peyda olmasını göstərmək olar. Belə ki, «Qala Heyat» şirkəti 2010-cu ilin dekabr ayında fəaliyyətə başlamasını bəyan etdi və biznesin inkişafı üzrə yetərincə iddialı planlar açıqladı. Qurumun idarə heyətinin sədri Abbas Babayev «Region plus»a müsahibəsində bu barədə ətraflı danışıb. 

- Hələ bu yaxınlara qədər sizin şirkətiniz «non-life» sığorta sahəsində işləyirdi, öz fəaliyyətinizi həyatın sığortası seqmentinə yönəltmək ideyası necə yarandı?

- Gerçəkdən,  sığorta (təkrarsığorta) şirkəti və «Qala Sigorta» MMC kimi sığorta fəaliyyəti göstərmək üçün lisenziyanı  Maliyyə Nazirliyindən 31 iyul 2008-ci il tarixə aldı. Ondan bu yana keçən müddət ərzində biz həm korporativ, həm də fərdi müştərilərin etibarını qazana bilmişik.  Bu ilin ortalarında bizim şirkətin səhmdarları bir neçə postsovet ölkəsində həyat sığortası üzrə araşdırma aparmağı, həmçinin, Azərbaycanda da həyat sığortasının potensialını öyrənməyi tapşırıblar. Bu təhlillər nəticəsində biz qərara gəlmişik ki, bu seqmentin inkişaf üçün böyük potensialı var.  Hazırda sığorta mükafatlarının ümumi həcmində həyat sığortasının payı 1 faizdən də azdır, amma araşdırmalar göstərir ki, bu cür meyil həyat sığortasının inkişaf etməkdə olan bütün bazarlarında müşahidə edilib. 

Bununla bağlı, şirkətin fəaliyyətinin «non-life» sığortadan həyat sığortasına yönəltmək barədə qərar verildi. Bundan sonra biz ölkə qanunvericiliyi ilə nəzərdə tutulan bütün prosedurlardan keçdik və 30 noyabr 2010-cu il tarixdə  Maliyyə Nazirliyi bizə «Qala Heyat» adına yeniləşmiş lisenziya verdi,  Azərbaycanın yeganə təkrar sığorta şirkəti  «AzRe TekrarSigorta» bu şirkətin səhmdarıdır. Hazırda şirkət beş növ könüllü xidmət - ölüm, ahıllıq, əmək qabiliyyətinin itirilməsi və sağalmaz xəstəlik sığortaları, həmçinin, ipoteka krediti borclusunun həyatının sığortası üzrə xidmətlər göstərir, eləcə də, xidmətlər sırasına bir icbari xidmət - peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi üzrə sığorta xidməti də göstərir. Şirkətin nizamnamə kapitalı 3,5 mln manatdır, 2013-cü ilə kimi  bu,  5 mln manata çatdırılacaq.

- «Qala Heyat» bazarda nə qədər paya imid edir?

- Hazırda bu barədə hansısa proqnoz vermək hələ tezdir, çünki bazar sona qədər formalaşmayıb. Biz hələ bu seqmentdə nə qədər şirkətin işləyəcəyini və uyğun olaraq rəqiblərimiz tərəfdən hansı məhsullar və xidmət səviyyəsi təqdim ediləcəyini bilmirik. Amma burası da var ki, biz başqa şirkətlərdən daha tez bu biznesə başlamışıq və bu, bizə müəyyən qədər üstünlük verir, ümid edirik ki, üstünlüyümüzü sona qədər qoruyub-saxlaya biləcəyik.     

- Siz Azərbaycanda sığortanın bu növünün inkişafı üçün göstərilən dövlət dəstəyini necə qiymətləndirirsiniz?

- Əlbəttə, «İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında» qanunun qəbul edilməsi, sözsüz ki, dövlət tərəfindən ölkə vətəndaşlarına qayğı kimi dəyərləndirilməlidir, özü də söhbət vətəndaşların daha çox müdafiəyə ehtiyac duyan təbəqəsindən  gedir. Belə ki, korporasiya və hüquqi şəxslərə baxanda işçilər daha həssasdır və bədbəxt hadisələr, həmçinin, işçinin ölümü zamanı daha çox onun ailəsi əziyyət çəkir. 

Bu, ilk öncə çörəkpulu qazananı  itirmiş ailənin real təminatına yönəldilmiş iri dövlət layihəsidir, çünki pulqazananı itirən ailənin gəlirləri və təbii ki, həyat səviyyəsi də aşağı düşür. Bu qanun belə  risklərin sığortalanmasına imkan verir. Aydındır ki, biz yaxın adamını itirmiş ailənin mənəvi itkisinin əvəzini ödəyə bilmərik. Amma biz bir sığorta şirkəti kimi, ailəyə maddi baxımdan yardım edə bilərik.  Bir sözlə, bu qanun məhz əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsinə imkan yaradır və sığorta şirkətləri belə hallarda əsas rol oynayır. 

Bu, bütövlükdə sığorta bazarının inkişafına və o cümlədən, həyatın sığortasının inkişafına təkan verər. Bu praktika Azərbaycanda və başqa ölkələrdə də müşahidə edilib, yəni dövlət hər hansı bir sığorta növünün inkişafı üçün könüllü sığortadan icbari sığortaya keçilməsi istiqamətində addımlar atır.  Bizcə, «həyatın icbari sığortası haqqında» qanunun qəbul edilməsi həyatın könüllü sığortasının inkişafına təkan verəcək. Amma bunun üçün sığorta şirkətləri vətəndaşların etibarını qazanmalıdir ki, onlar seqmentin real işlədiyini görsünlər. 

Bəs bunun üçün nə edilməlidir? Biz sanırıq ki, ilk öncə,  həyat sığortasının üstünlükləri barədə əhaliyə məlumat verilməlidir və bizim şirkət artıq bu cür iş görməyə başlayıb. Həyat sığortasının təbliği çərçivəsində şirkət ölkənin regionlarında səyyar treninqlər təşkil edəcək. 

Məsələ bundadır ki, istənilən təşkilatın, idarənin, strukturun işçiləri bilməlidirlər ki, əgər işəgötürən öz əməkdaşlarının həyatını sığorta etdirmirsə, o, istənilən halda qanunvericiliyə uyğun olaraq tam mənada onlara görə məsuliyyət daşıyır. Əgər istehsalatda hər hansı fövqəladə hal baş verərsə, onda işçiyə öz büdcəsindən kompensasiya ödəməlidir, özü də icbari sığorta üzrə qanunvericiliyin nəzərdə tutduğu məbləğə bərabər olmalıdır.  Beləliklə, bu sığorta seqmenti hamı üçün yararlıdır. Bu sığorta şirkətlərinə əlavə biznes seqmenti yaradır; dövlət üçün isə əhalinin sosial müdaifəsinin gücləndirilməsi baxımından faydalıdır; işəgötürənlər üçün də əlverişlidir, əks halda, işçinin maaşından asılı olaraq o, 150 min manatdan 250 min manata qədər ödəməlidir. Düşünürəm ki, heç bir şirkət belə bir risklə işləmək istəməz. Buna görə də onlar işçinin həyatının sığortalanmasını mütləq  vacib işlərin sırasına salacaqlar. 

- Siz necə düşünürsünüz, qanun gecikməyib ki, niyə o, məsələn, beş il qabaq yox, məhz indi qəbul edilir? 

- Qeyd etmək lazımdır ki, Azərbaycanın sığorta bazarı son 15-18 il ərzində inkişaf etməyə başlayıb. Bu isə belə irihəcmli fəaliyyət sahəsi üçün elə də uzun müddət deyil. Və bu müddət ərzində bizdə qanunvericilik bazası yaradılıb, yaxud da yaradılmaqdadır. İnkişaf etməkdə olan ölkələrdə bu prosesə onilliklər gedib, buna görə də  bizdə prosesin belə tez başa çatacağına inanmaq real olmazdı. Məsələn, Böyük Britaniyada sığorta üzrə bütün qanunvericilik bazası 200 il ərzində formalaşıb. Əlbəttə, bizə bunun üçün yetərincə az vaxt gərəkdir, amma istənilən halda bu vaxta ehtiyac var. Qeyd etmək istəyirəm ki, dövlət bu istiqamətdə bütün addımları atır, amma  qanunun qəbul edilməsi uzunsürən prosesdir, həmçinin, bu qanun istehsalata girməzdən öncə çox sayda instansiyalardan keçib. Bundan başqa, həm də cəmiyyətin buna hazırlanması gərəkdir.  Ola bilər ki, beş il bundan qabaq bizim sığorta şirkətləri buna hələ hazır deyildilər. Axı bu cür qeyri-maddi sayılan sığorta növləri üçün daha çox etibara ehtiyac var.  Etibarın qazanılması üçün isə sığorta şirkətləri lazımi inkişaf yolu keçməlidirlər. 

- «Qala Heyat» öz biznesinin inkişafı üçün xarici sərmayəçi cəlb etməyi düşünürmü? 

- Bu məsələ, ən azından, indi gündəlikdə durmur. Şirkət yetərincə resurslara malikdir, həmçinin, bizim əsas səhmdarımız olan «AzRe TekrarSigorta»nın yetərincə vəsaiti var. Amma bu o demək deyil ki, bizim beynəlxalq əlaqələrimiz yoxdur. Biz bütün beynəlxalq təşkilatlarla münasibət qururuq və bütün dünyada olan qabaqcıl təcrübəni istifadə etmək niyyətindəyik. 

- Həyatın  icbari sığortası üzrə polislərin satışından əldə edilən pullar necə istifadə ediləcək? 

- Gələcəkdə bizim şirkətə və ya başqalarına müraciət eləmək istəyən bütün insanları əmin etmək istəyirəm ki, sığorta şirkətlərinin vəsaitləri xərclənmir. Bu vəsaitlərin böyük bölümü rezerv yaradılmasına gedir. Qanunvericiliyin tələbi belədir və bir nəzarətedici qurum kimi Maliyyə Nazirliyi bu bəndin yerinə yetirilməsinə dəqiq nəzarət edir. Bu vəsaitlər ya ən prestijli bankların depozit hesablarında saxlanılır, ya da dövlət qiymətli kağızlarına yatırılır. Başqa sözlə, biz müştərilərin pulları ilə hər hansı bir riskli əməliyyat aparılmasına imkan vermirik. Axı şirkətlər iki-üç il üçün yox, ən azı, onillər üçün yaradılır, buna görə də biznesin planlaşdırılması 5-10 il qabaq gerçəkləşdirilir və yığılan pulların sərmayə kimi yatırılması üzrə siyasət də bu kursa uyğun gəlir. 

Yeri gəlmişkən, bu sığorta növünə tələbin böyük olması göstərir ki, «Qala Heyat»ın artıq potensial müştəriləri var və onlar öz işçilərini bədbəxt hadisələrdən və istehsalatda qazanılan peşə xəstəliklərindən sığortalamaq istəyirlər və hazırda sığorta şərtləri ilə maraqanırlar. Bundan başqa, biz artıq çox sayda sazişlər bağlamışıq. Beləliklə, artıq inkişaf yoluna qədəm qoymuşuq və düşünürəm ki, o, uğurlu olacaq. 

 

Yolun başlanğıcı

Həyat sığortasının Azərbaycanda populyarlıq qazanmasına hökumətdə də şübhə etmirlər. Maliyyə Nazirliyində gözləyirlər ki, 2011-ci ildə Azərbaycanın sıtğorta bazarında həyatın sığortası üzrə ixtisaslaşmış daha bir neçə şirkət ortaya çıxacaq. 

Dövlət Sığorta Nəzarətinin başçısı Namiq Xəlilov bildirir ki, bu proses ağır başlayır, çünki başqa ölkələrin təcrübəsindən görünür ki, bu mexanizm işə salınandan sonra çox sürətlə inkişaf edir.  O, «qar topası» effektinə bənzəyəcək, yəni  bir müddət bu sığorta növü üzrə mükafatların həcmi «non-life» sığortanın həcmini ötəcək. Həyatın sığortalanması uzunmüddətli saziş olduğundan, saziş bağlamış insan uzun illər ərzində ödəniş verir ki, nəticədə bu sığorta növü  üzrə mükafatların ümumi həcmi ildən-ilə artır. 

Bu sığorta növünün xeyli rahatlıqgətirən  müsbət tərəfləri var. Birincisi, sığorta etdirmiş vətəndaş əmindir ki,  xəstəlik, ölüm və başqa kədərli hadisə halında onun yaxınları dolanışıq üçün vəsaitsiz qalmayacaqlar. Həyatın sığortası şirkətlə risklərin ehtimalını yarı bölməklə yanaşı, eləcə də həmin riskləri tamamilə sığorta şirkətinin boynuna qoymuş olur. Qorunduğunu bilməkdən yaxşı nə ola bilər ki? Sığorta şirkəti lazımi məqamda vətəndaşa onun özünün seçərək sazişdə  göstərdiyi qədər maddi yardım edir. Həmçinin, əgər ölüm hadisəsi baş verərsə, şirkət sazişdə göstərilmiş məbləği  onun ailəsinə verir. 

Bir süzlə, həyat sığortası əvvəlcədən görünməyən hadisələr halında insanın özünə maddi dəstək  üsulu olmaqla yanaşı, öz gəlirlərinin artırılması üçün də gözəl üsuldur. 

Doğrudur, bu gün sırorta sistem və mexanizmlərinin təkmilləşdirilməsi üzərində işlər hələ də davam etməkdədir və qanunvericilikdə çox sayda boşluqlar var. Gələcəkdə problemlərdən uzaq olmaq üçün həmin boşluqları indidən doldurmaq lazım idi. Məsələn, sığorta etdirmiş şəxs tərəfdən kompensasiya almaq məqsədilə edilmiş məqsədli əməllərin qarögsgngn alınması ilə bağlı suallar var, amma yuxarıda deyildiyi  bu məsələnin həlli üzərində iş gedir və bazarın inkişafı bu prosesi sürətləndirəcək. Həmçinin, zaman keçdikcə, həyat sırortası sahəsində işləyən şirkətlər tərəfindən «life-sırorta» sahəsində təklif edilən məhsulların çeşidi də genişlənəcək. 

Ən başlıcası odur ki, bazarda tələbat var, deməli, təkliflər də yaranacaq və onlarg gerçəkləşdirməyi bacaran şəxslər də peyda olacaq  və yeni reallaşdırma mexanizmləri də mütləq ortaya çıxmalıdır.


MƏSLƏHƏT GÖR:

372