Müəllif: Mahmud MƏMMƏDLİ Bakı
2011-ci ilin əvvəlindən Azərbaycanda rəsmi olaraq dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyə müddəti bitdi. Beləliklə, Azərbaycan çek özəlləşdirmə praktikası olan başqa ölkələr kimi tamamilə dövlətsizləşdirmənin vahid formasına - pullu özəlləşdirməyə keçir.
Çek özəlləşdirməsinin mənfi - müsbət tərəfləri
Çek özəlləşdirməsi MDB və Mərkəzi-Şərqi Avropanın bir çox ölkələrində böyük populyarlıq qazanıb. Bu özəlləşdirmə bütün «ədalətsizlik» problemlərini həll edir, qiymətli kağızlar bazarını inkişaf etdirməyə yardımçı olur, yerli kapital çatışmazlığını və dövlət aktivlərinin pula qiymətləndirilməsi problemini yüngülləşdirir. Uzunmüddətli dövrdə o, müəssisələrin yenidən qurmulmasına başlamağa və müəssisələrin inkişafı üçün adekvat mülkiyyətçi portfeli formalaşdırmağa imkan yaradır.
Çek özəlləşdirilməsinin çatışmazlıqları sırasında dövlət büdcəsinə daxilolmaların azalmasını və xarici sərmayəçilər üçün cazibədarlığının itməsini göstərmək olar. Bu özəlləşdirmə üsulu mülkiyyətçilər üçün effektiv korporativ idarəetmə baxımından yetirəncə motivasiya təqdim etmir, struktur yeniləşdirilməsi üçün kapital və vərdişlər axınına mane olur, mülkiyyəti çox sayda «səhmdarlar» arasında «xırdalayır» ki, bu da müəssisələrin yenidən qurulmasına imkan vermir. Özəlləşdirmənin iqtisadi məqsədlərinə nail olmağın qeyri-mümkünlüyü isə bu metodu Mərkəzi-Şərqi Avropa ölkələrinin əksəriyyəti üçün əsas etməyə imkan verməyib.
Həqiqətdə, səhmlərə çevrilə bilən çeklərin sərbəst yayılması ilə bağlı ümumi bənzərliyə baxmayaraq, keçid ölkələrinin əksəriyyətinin çek özəlləşdirməsi fərqli idi, çünki fəaliyyətin miqyası və idarəedilmə səviyyəsi, sürəti və müddəti ilə bağlı məqsəd və strategiyalar fərqli idi. Yekunda qısamüddətli nəticələr də fərqlənirdi. Eyni zamanda, bu üsulun uzunmüddətli nəticələri və son-rakı səmərəsi təkrar özəlləşdirmədən, yəni özəlləşdirmədən sonra mülkiyyətin struktur dəyişmələrindən asılıdır.
Bununla yanaşı, başqa ölkələrin təcrübəsi göstərir ki, hər bir müəssisəyə fərdi yanaşma ilə daimi ardıcıl pullu özəlləşdirmə qısamüddətli baxımdan daha hörmətlidir və əlverişlidir. Uzunmüddətli planda isə fərq azalır və müəssisələrin fəaliyyəti mülkiyyətin səhmdarlar arasında dəyişmə imkanlarından, korporativ idarəetmənin keyfiyyətindən və s.-dən asılı olaraq dəyişir.
Azərbaycan modeli
Azərbaycanda çek özəlləşdirməsi 13 ildən çox davam edib; kiçik özəlləşdirmə 1996-cı ilin sonlarında başlayıb, özəlləşdirmə paylarının verilməsi isə 1997-ci ilin sonlarına təsadüf edib. Azərbaycanda mülkiyyət münasibətlərinin islahatı haqqında qanun əsasında gerçəkləşdirilən özəlləşdirmə proqramı özəlləşdirilən dövlət əmlakının 65%-nin əvəzsiz olaraq əhaliyə verilməsini nəzərdə tutub. Bu niyyətin gerçəkləşdirilməsi üçün vətəndaşlara vauçerlər - dövlət özəlləşdirmə payları verilib.
Ekspertlərin müxtəlif qiymətləndirməsinə görə, vauçerlərin 50-60%-i xarici sərmayəçilərin əlində cəmlənmişdi.
Xarici sərmayəçilər bu prosesdə özəlləşdirmə opsionlarının alınması ilə iştirak edirdilər. Bir opsion çek hərracına qatılmaq üçün bir özəlləşdirmə payını almağa və ya pullu hərraclarda, investisiya və kommersiya tenderlərində müəyyən miqdar səhmlər əldə etməyə imkan verirdi. 1997-98-ci illərdə 18,2 mln.-dan artıq opsion satılmışdı ki, bu da özəlləşdirmə çeklərinin 60%-i demək idi. Dövlət Əmlak Komitəsinin (hazırkı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin) hesablamalarına görə, 18,2 mln opsionu gerçəkləşdirməklə xarici sərmayəçilər Azərbaycanın özəlləşdirilən dövlət əmlakının 38%-ni əldə edə bilərdilər. Özəlləşdirmə çekləri kiçik müəssisələrin fondlarının 15%-nin, orta və böyük müəssisələrin fondlarının isə 70%-nin özəlləşdirilməsində istifadə edilə bilərdi. Kiçik müəssisələrin nizamnamə kapitallarının 15%-i güzəştli yazılış, 85%-i isə pullu hərrac vasitəsilə özəlləşdirilib. Bununla yanaşı olaraq, kiçik müəssisələrin özəlləşdirilməsində başqa güzəşt xarakterli tədbirlər də görülüb.
Orta və iri müəssisələr isə səhmdar cəmiyyətə çevrilmək yolu ilə özəlləşdirilib: səhmlərin 15%-i kollektiv üzvlərinə güzəştli satışa yönəldilib, 50%-dən az olmayan hissəsi çek hərraclarına çıxarılıb, 10-20%-i isə pulu hərracda satılıb.
Azərbaycanda çeklərin əsas hissəsi investisiya müsabiqəsi yolu ilə, həmçinin, pul ekvivalenti kimi istifadə edilib. Çek hərracları prosesində, təxminən, çeklərin üçdəbiri istifadə olunub.
Qanunvericiliyə uyğun olaraq çeklər həm də kiçik özəlləşdirmədə (obyektlərin 15%-lik payının əvəzində), həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin 15%-nin əmək kollektivinin üzvləri tərəfindən alınmasında da istifadə edildi.
Çek hərraclarının başlanğıcından 2009-cu ilin sonuna kimi 42 min müxtəliftipli obyekti özəlləşdirmək mümkün oldu. 1 600-dan çox iri və orta müəssisə səhmdar cəmiyyətə çevrildi. Özəlləşdirmə prosesində 250 mindən artıq səhmdardan ibarət təbəqə formalaşdı, 50 mindən artıq vətəndaş xüsusi mülkiyyət yiyəsinə çevrildi. Bütövlükdə, özəlləşdirmədən bu və ya digər formada ölkənin 1,2 milyon vətəndaşı yararlandı.
Çek özəlləşdirməsinin son ilində Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesində çeklərin daha geniş istifadəsinin təmin edilməsi üçün əlavə tədbirlər də görüb. Ancaq göründüyü kimi, dövlət kiçik və orta müəssisələrin, servis qurumlarının, məişət və ticarət obyektlərinin böyük bölümünü özəl investorların mülkiyyətinə vermişdi. Bu baxımdan, çek özəlləşdirməsi üzrə dövlətsizləşdirmə limitinin böyük hissəsi artıq tükənmişdi.
Amma bununla belə, «kiçik» və «böyük» özəlləşdirmə prosesi keçən il də davam edib. Belə ki, 2010-cu ilin yanvar-sentyabr aylarında çek hərraclarında 520 kiçik dövlət müəssisəsi və obyekti, həmçinin, 355-ə yaxın torpaq sahəsi satılıb. Üç rüb ərzində dövlət müəssisələrinin bazasında 10-a yaxın yeni səhmdar cəmiyət yaradılıb, həmçinin, 41-ci hərracda 25 dövlət SC-nin səhmləri satılıb. İnvestisiya müsabiqələri vasitəsilə yeddi nisbətən iri dövlət müəssisəsi özəlləşdirilib. İnvestisiya müsabiqələrində özəlləşdirilmiş müəssisələrə, ümumilikdə, 41 mln manat yatırılıb. Bu vəsaitlər istehsal potensialının genişləndirilməsinə, qabaqcıl texnologiyaların tətbiqinə, ekoloji problemlərin aradan qaldırılmasına və işçilərin sosial təminatının yaxşılaşdırılmasına yönəldilib.
Çekdən sonrakı dövr
Əmlak Məsələləri Dövlət Komitəsi kütləvi özəlləşdirmənin müddətinin başa çatması barədə əhaliyə rəsmi xəbərdarlığı hələ dekabrın 9-da etmişdi. Buna baxmayaraq, Milli Depozitar Mərkəzdə 2,4 milyon özəlləşdirmə çeki saxlanmaqdadır. Bu onunla izah edilir ki, dekabr ayında xüsusi çek hərracları və investisiya müsabiqələri keçirilməyib ki, özəlləşdirmə paylarının sahibləri əllərində olanları istifadə etsinlər.
Bu çeklərin sahibləri az sayda investorlardır və onların sayı, hətta onlarca deyil. Çeklərin bir qismi əhalinin əlində qalıb və əhali, hətta çeklərin dövriyyə müddətinin başa çatmasından sonra belə, “qara bazar”da onlarca əməliyyat keçirməkdə davam edirdi, amma qiymətlər çox aşağı idi (keçənilki qiymətdən, hətta üç dəfə aşağı idi). Hətta Dövlət Komitəsində belə builki çek alqı-satqısının səbəblərini izah edə bilmədilər. Bu əməliyyatlar yalnız spekulyativ məqsədlərlə edilə bilər və əhalini çeklərin dövriyyə müddətinin uzadılacağına inandırmaq məqsədi daşıya bilər.
Çekdənsonrakı dövrdə dövlət əmlakının özəlləşdirilməsinin bütün üsulları dövlət başçısı İlham Əliyevin hələ 2010-cu il iyunun 22-də «Dövlət özəlləşdirmə proqramına dəyişikliklər və əlavələr haqqında» verdiyi fərmanla müəyyən edilib. Bu dəyişikliklərə əsasən, çek özəlləşdirməsi yolu ilə və ya pullu hərracda özəlləşdirməsi nəzərdə tutulan səhmlər 1 yanvar 2011-ci il tarixdən yalnız xüsusi pullu hərraclarda satılacaq. Hərraclar beş gün ərzində keçiriləcək. Kiçik müəssisələrin və səhmdar cəmiyyətlərin əmək kollektivlərinin üzvləri də onların payına düşən səhmləri pulla ala bilərlər. Bu zaman onlar həmin vəsaitlərin ödənişində müəyyən güzəştə malik olacaqlar.
Əmlak Məsələləri Dövlət Komitəsi yeni özəlləşdirmə formalarına keçid ərəfəsində dövlət əmlakının qorunması və səmərəli istifadəsinə nail olunması, özəlləşdirilmiş dövlət obyektlərinin fəaliyyət profilinin saxlanması üzrə nəzarətin gücləndirilməsi, həmçinin, vahid əmlak registrinin aparılması baxımından bir sıra tədbirlər görüb.
Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi prosesində yeni mərhələyə keçənə qədər özəlləşdirmə prosesləri, investorlar tərəfindən müsabiqə şərtlərinin yerinə yetirilməsi, özəlləşdirilmiş müəssisələrin fəaliyyət profilinin saxlanması üzərində nəzarəti gücləndirib.
Bu sadalanan təşkilati və ya qanunvericilik tədbirlərinin son məqsədi dövlət əmlakının yeni effektiv idarəetmə üsullarının formalaşdırılması, ən başlıcası, özəlləşdirmə payları dövriyyədən çıxdıqdan sonra, dövlət əmlakının özəlləşdirilməsi üzrə şəffaf mexanizmlərin təmin edilməsidir.
Ardı var...
Yekunda qeyd edirik: özəlləşdirmə yerli bazar uğrunda mübarizəyə təkan verdi, bunun nəticəsində dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsinə paralel olaraq onların çağdaş alternativləri - taksi-motor parkları, yanacaqdoldurma stansiyaları, supermarketlər, restoranlar və s. yarandı. Bu da, öz növbəsində, ümumi daxili məhsulda (ÜDM) özəl bölmənin payının artmasına təsir göstərdi. Oxşar meyillər sənayedə də müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda özəlləşdirmə hələ başa çatmayıb. 2011-ci ildən bu prosesdə keyfiyyətcə yeni mərhələ başlayır. Bu isə ölkənin iqtisadi inkişafının bazar idarəetməsi prinsipləri üzərində irəliləməsi üçün çox önəmlidir.
MƏSLƏHƏT GÖR: