25 Noyabr 2024

Bazar ertəsi, 22:27

AZƏRBAYCAN İLİ "5"lə BAŞA VURDU

Hökumət və beynəlxalq maliyyə institutları ölkənin iqtisadi inkişaf meyillərini müsbət qiymətləndirirlər

Müəllif:

15.01.2011

Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də xarici və daxili təsirlərə dayanıqlıq nüma-yiş etdirdi. Statistika keçən 12 ay ərzində ölkənin iqtisadi göstəricilərinin 5%-ə qədər artdığını göstərir. Ötən onillikboyu ortaillik artım göstəricisi 14% təşkil etsə də, inkişaf  templərinin aşağı düşməsini hər hansı bir mənfi amil kimi dəyərləndirmək kökündən yanlışlıq olardı. Çünki bütün Azərbaycan iqtisadiyyatının nəzərəçarpacaq dərəcədə artımı göz qabağındadır. Və bu gün ölkənin 40 milyardlıq iqtisadiyyatının hər bir artım faizi çox önəmli təsir göstərir. 

Başqa tərəfdən, o məsələni də unutmaq olmaz ki, bütün dünya artıq böhrandansonrakı dövrü yaşayır və adi dövrlər üçün qeyri-standart olan təsirlər bu dövrə xasdır. Hələ ki inkişaf etmiş ölkələr dərin böhrandan çıxış yolları arayır, inkişaf etməkdə olan iqtisadiyyatlar isə ya böhrandan kənarda qalıb, ya da artıq ondan çıxırlar. 

Belə olan şəraitdə, təbii ki, Azərbaycanın 5 faizlik artımını yetərincə uyğun göstərici saymaq olar. Hökumətin iqtisadi blokunun yüksəkçinli təmsilfilərinin  və beynəlxalq maliyyə institutlarının əməkdaşlarının "Region plus"a verdiyi açıqlamalarından bu qənaətə gəlmək olar.   

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı:

- 2010-cu ildə ölkə iqtisadiyyatı bir neçə önəmli struktur əlaməti nümayiş etdirib - iqtisadi artım davam edib, inflyasiya aşağı səviyyədə saxlanıb, investisiya fəallığı yüksəlib. 

Çox ciddi qlobal proseslərə baxmayaraq, Azərbaycanın birinci qələbəsi onunla bağlıdır ki, biz sabit makroiqtisadi duruma nail olmuşuq. 12 ay ərzində inflyasiya əlverişli  5,7% səviyyəsində olub ki, bu da həm ev təsərrüfatlarında, həm də korporativ sektorda yığım imkanları yaradır. Başqa tərəfdən, bu cür inflyasia səviyyəsi ölkə iqtisadiyyatına sərmayə yatırımlarına imkan verir. 

Üçüncü və əsas nəticə ölkədə investisiya fəallığının qorunması və artırılmasıdır, başqa sözlə, 11 ay ərzində ölkə iqtisadiyyatına sərmayələr 15% qədər artaraq 7,8 mlrd manat təşkil edib. Bu investisiyalar gələcəkdə, sonrakı illərdə iqtisadi inkişaf əldə etməyə imkan vercək. 

Sərmayələşdirmənin strukturunda müəyyən müsbət dəyişikliklər baş verib, başqa sözlə, bu gün sərmayələrin dörddəüçdən çoxu daxili resursların hesabına gerçəkləşir ki, bu da çox önəmlidir. Sərmayələrin 67%-ə yaxını neftdənkənar bölməyə yönəldilir. 

İqtisadiyyatın strukturunda çox önəmli dəyişikliklər neftdənkənar bölmənin hesabınadır və bu da iqtisadiyyatın diversifikasiyasının nəticəsidir. Neftdənkənar bölmə bu gün iqtisadi artımın əsas mənbəyidir, çünki ÜDM artımını iki dəfə üstələyib. Bu, sabitliyin qarantıdır, çünki neft bölməsi, xüsusilə də kənar təsirlərdən çox asılıdır, əsasən, daxili tələbata yönəlmiş neftdənkənar bölmə isə sabit artım, məşğulluq və sosial problemlərin həllini təmin edən, daha az təsirə məruz qalandır. 

Keçən il Azərbaycan iqtisadiyyatı öz xarici mövqelərini də möhkəmləndirib, yəni ölkənin qızıl-valyuta ehtiyatlarının artımı davam edir və  hazırda $30 mlrd.-a yaxındır, bu da yetərincə önəmli məbləğdir və ortamüddətli dövlət proqramlarının, həmçinin, gələcəkdə daha dinamik iqtisadi artım üçün əsas olacaq layihələrin  gerçəkləşdirilməsinə imkan verir. 

2010-cu ildə biz müsbət sosial nəticələr əldə etmişik. Bütünlükdə, iqtisadi proseslərin çox önəmli cəhətləri yalnız 2010-cu ildə deyil, həm də son üç ildə müşahidə edilib. Bütün dünyada bu və ya digər ölkələrdə, regionlarda məşğulluq  və sosial təminat problemləri  əsas məsələ olduğu halda, Azərbaycanda orta aylıq maaşın artım meyli müsbət istiqamətdə inkişaf etdi.

Qiymətli kağızlar bazarına gəldikdə, 2010-cu ildə o, formalaşmasını davam etdirib. Sonrakı onillik iqtisadi artım üçün maliyyələşdirmə kanallarının genişləndirilməsini əsas  məsələ kimi qarşıya qoyur. Bu zaman kapital bazarları daha önəmli rol oynaya bilər və oynamalıdırlar. Bu baxımdan, 2010-cu ildə ortamüddətli strategiya çərçivəsində baza yenilikləri gerçəkləşdirilib ki, gələcəkdə bunlar daha böyük nəticələrə imkan verəcəklər. Bu il bu strategiya dövlət proqramına çevriləcək. Buna çox ciddi ehtiyac var, çünki yaradılan infrastruktur QKDK-nin mandatından kənara çıxır. Bununla bağlı olaraq müxtəlif dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti vacibdir. 

Keçən müddət ərzində qanunvericilik bazasının beynəlxalq standartlaşdırılması və təkmilləşdirilməsi üzrə çox ciddi hazırlıq işləri görülüb. Artıq "İnvestisiya fondları haqqında" qanun qəbul edilib. Hazırda qanunaltı normativ aktlarının hazırlanması üzrə intensiv iş görülür ki, bu, gələcəkdə bazarların inkişafı üçün vacib olan kollektiv investisiya sxemlərinin formalaşdırılması və inkişafı üçün imkanlar verəcək. 

QKDK praktik olaraq korporativ davranış, səhmdarların  və bütünlükdə investorların  hüquqlarının qorunması üzrə  qanunvericilik bazasının təkmilləşdirilməsini başa çatdırıb. Bu il qanun qüvvəyə minəcək. 

Buna paralel olaraq QKDK "Qiymətli kağızlar və fond bazarları haqqında" yeni qanunvericilik aktının hazırlanmasına başlayıb və bu layihə 2011-ci il üçün prioritet elan edilib. O, praktik olaraq Azərbaycanın fond bazarında daha keyfiyyətli sıçrayış üçün əsas yaratmalı və iqtisadiyyatın bu seqmentini daha effektiv inkişaf etdirmək üçün imkanlar təmin etməlidir. 

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev: 

- 2010-cu ildə bizim iqtisadiyyatın aparıcı sektoru olan neft sektorunda böyük uğurlar əldə olunub. Keçən il ARDNŞ karbohidrogenlərin  hasilatı ilə yanaşı, yeni istehsal sahələri və perspektivlər tapmaq üçün yeni quyuların qazılması və kəşfiyyat-qazma işlərini davam etdirib. 

Noyabr ayında şirkət Xəzər dənizinin Azərbaycan sektorunda böyük "Ümid" qaz yatağının açılmasını bəyan edib. Yatağın açılması  artıq dünyada böyük əks-sədaya səbəb olub, həmçinin, bu hadisə dünya bazarlarına Azərbaycanın enerji potensialının təqdimi  baxımından da böyük əhəmiyyət kəsb edir. ARDNŞ ekspertlərinin qiymətləndirməsinə əsasən, yatağın  ehtiyatları 250 milyard kubmetr qaz və 40 milyon ton kondensatdır. SOCAR "Ümid" yatağında ikinci kəşfiyyat  quyusunun qazılmasını 2011-ci ilin ortalarında  başlamağı planlaşdırır. İkinci buruğun qazılması zamanı yatağın ilk qazma prosesində müəyyən edilmiş bütün xüsusiyyətləri  nəzərə alınacaq. 

Ümumiyyətlə, 2010-cu ildə Azərbaycanda 51,5 milyon ton neft  və 27 milyard kubmetr qaz hasil edilib.  Ümumi neft hasilatının  8,5 milyon tonu öz vəsaiti hesabına quruda və dənizdə xammal istehsal edən ARDNŞ-nin payına düşüb.   Xam neftin qalan 43 milyon tonu "Azəri-Çıraq-Günəşli" yatağından "Azeri Light" neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin  (ABƏŞ) payına düşüb. 2010-cu ildə ölkədə istehsal olunmuş qazın 7,2 milyard kubmetri ARDNŞ-nin payıdır.  2010-cu ilin sonuna  iki yeraltı anbarları saxlanılan qaz həcmi 3,1 milyard kubmetr olub. 

2012-ci ilin sonuna kimi əhalinin 90%-ni qaz təchizatı ilə təmin etmək üçün artıq  bu il ARDNŞ Azərbaycanın qaz sisteminin yeniləşdirilməsi üzrə geniş fəaliyyət  proqramına malikdir. 

2011-ci ilin planlarına emal kompleksinin müasirləşdirilməsi də daxildir, "Azərikimya" sistemində  polietilen və polipropilen istehsalını artıracaq iki  qurğu işə salınacaq. Keçən il "Azərikimya"da keçirilmiş bir sıra tədbirlər layihə potensialı 26%-dən olan  məhsul istehsalını  40-42%-ə qədər artırıb. İki  qurğunun tikintisi  bu il son məhsulların istehsal həcmini artıracaq, bu da neft-kimya sənayesinin inkişafına töhfə verəcək. 

Bunlarla yanaşı, emal və neft-kimya komplekslərinin yaradılması üzrə işlər davam edir, gələn il layihənin konsepsiyası və  texniki-iqtisadi əsaslandırılması hazırlanacaq ki, buraya da ölkədə yeni neft emalı zavodlarının, qaz və kimya qurğularının tikintisi daxildir.  Azərbaycan qaz istehsalını artırır, buna görə də  ARDNŞ-nin qarşısında yaxşı məhsul istehsal etmək üçün qazı daha da  dərin emal etmək tapşırığı qoyulub. 

Mərkəzi Bankın (AMB) idarə heyətinin sədr müavini Xaqani Babayev:

-  2010-cu ildə qlobal iqtisadiyyat tədricən tənəzzüldən çıxmağa başladı. Lakin böhrandan sonra dünya iqtisadiyyatında başlanmış canlanma, habelə aparıcı iqtisadi mərkəzlərdəki struktur və makroiqtisadi problemlər, həmçinin, büdcə dayanıqsızlığı qeyri-bərabər və qeyri-sabit inkişafla nəticələnib. Bununla yanaşı, qlobal maliyyə  sistemində olan əhəmiyyətli risklər maliyyə bazarlarında yüksək volatillik yaranmasına səbəb olur. 

Belə çətin vəziyyətə baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatında artım davam edib və  makroiqtisadi sabitlik qorunub-saxlanıb. Ümumiyyətlə, Azərbaycan qlobal böhranın təsirlərini  aradan qaldırmağı bacarıb ki, bu da ölkə iqtisadiyyatının maliyyə sabitliyini daha da gücləndirəcək, həmçinin, xarici valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq.

Makroiqtisadi monitorinqlərə görə, ötən il istehsal həcminin və dövriyyəsinin artması qeydə alınan müəssisələrin sayı artıb. Bankların xaricdən vəsait cəlbetmə imkanlarının bərpası üzrə  müsbət meyillər, ölkəyə xarici maliyyə axınlarının artması və  tədiyyə balansında ixrac qiymətlərinin artması da müşahidə edilib. 

Doqquz ay ərzində cari əməliyyatlar hesabında profisit 2009-cu ilin eyni dövrü ilə müqayisədə  6% artıb və $12 milyardlıq həddə yaxınlaşıb. Bu, kapital hesabının kəsrini qapadıb və valyuta ehtiyatlarının $ 9,7 milyard artaraq,  $30 milyarda çatmasına səbəb olub. 

Mərkəzi Bank milli valyutanın nominal məzənnəsinin sabit səviyyədə saxlanmasını təmin edib və milli valyuta dollara nisbətən 0,6% möhkəmlənib. Bunun üçün AMB ölkənin valyuta bazarına əlavə axınlar gerçəkləşdirir, nəticədə, intervensiya həcmləri $1 mlrd.-ı ötüb.  

Ölkədə iş fəallığını qorumaq üçün AMB oktyabrın sonuna qədər pul siyasətinə yenidən baxmamışdı, uçot dərəcəsinin 2% səviyyəsində, məcburi rezervləşdirmə normasını isə  0,5% saxlamaqla likvidlik imkanlarını açıq saxlamışdı. 

Ancaq ilin ikinici yarısının sonuna doğru AMB toplam tələbatın artmasını, inflyasiya proseslərini, ödəmə balansının proqnozlarını nəzərə alaraq, noyabrın 1-dən uçot dərəcəsini 3%-ə qədər artırıb, pul kütləsinə xarici amillərin tənzimlənməsi məqsədi ilə  xarici borclar üzrə 0,5% səviyyəsində məcburi rezervləşdirmə norması tətbiq edib. 

Bank bölməsinin sabitliyinin təmin edilməsi üçün AMB keçən il boyunca banklarda menecment riskləri sisteminin və idarəetmə potensialının möhkəmləndirilməsi, maliyyə rezervləşdirilməsi səviyyəsinin artırılması, aktivlərin sağlamlaşdırılması üzrə bir sıra tədbirlər gerçəkləşdirib. Həmçinin, kapitallaşma üzrə proqramlar qəbul edilib və banklar onların gerçəkləşdirilməsinə başlayıb, likvidliyin idarə edilməsi üçün yeni çərçivələr təsdiq edilib, yeni normativlərin gerçəkləşdirilməsinə hazırlıq başlanıb. 

Bank göstəricilərinin artması ilə yanaşı, bank aktivlərinin keyfiyyət parametrləri sabitləşib ki, bu da real sektorun və əhalinin banklara borcluluğunu 5% səviyyəsinə qaldırmağa imkan verib. Banklar potensial risklər üzrə də rezervlər yaradıblar. Bank bölməsi gəlirliliyin optimal səviyyəsini, investisiya cazibədarlığını qoruyub.  Bank bölməsinin kapital adekvatlığı 16,8% təşkil edir, norma isə 12%-dir.

Ölkənin bank bölməsinin uğurları sırasında regional ekspansiyanın güclənməsini də göstərmək olar. Bankların ölkənin regionlarına kredit qoyuluşları 12%-dən çox artıb, filialların sayı 316 təşkil edib. Həmçinin, qeyd etmək lazımdır ki, poçt-bank sisteminin fəaliyyətə başlaması ilə  regionlarda maliyyə xidmətlərinə çıxış imkanı və rəqabət səviyyəsi daha da genişlənəcək. 

BVF-nin Azərbaycan ofisinin başçısı Ağgün Qədirli:

- Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranından sonra bərpa olunur. Neftdənkənar ÜDM-in artım templərinin 2008-ci ildəki 16%-dən 2009-cu ildə 3%-ə düşməsindən sonra, 2010-cu ilin yanvar-noyabr aylarında bu göstərici 6%-dir.

Neftdənkənar bölmənin artımına baxmayaraq, neft istehsalı sahəsində artım templərinin azalması üzündən,  ÜDM artımı 2009-cu ildəki 9,3% əvəzinə 2010-cu ildə 5% olub. Ötən il inflyasiyanın artımı müşahidə edilib, noyabrda o, 7,4%-ə çatıb və gözlənilir ki, ərzaq məhsullarının qiymətinin artması və dövlət xərclərinin artması üzündən ilin sonuna 7-8%-ə çatsın. 

Neftdənkənar ÜDM-in artımı, o cümlədən, dövlət xərclərinin artırılması hesabına,  iyun ayında büdcə xərclərinə düzəliş nəticəsində neftdənkənar ÜDM 5%-ə qədər artırılıb, ölkə iqtisadiyyatı  BVF ilə 2010-cu ilin fevral-mart aylarında keçmiş məsləhətləşmələr zamanı bizim fondun ehtimal etdiyindən daha yüksək templərlə artıb. Bununla yanaşı, neft ÜDM fondun proqnozlarına uyğun şəkildə artır. 

BVF ekspertlərinin fikrincə, sürətlə ötən neft bumu fonunda ortamüddətli fiskal dayanıqlılığın təmin edilməsi üçün  büdcə-vergi siyasəti çərçivəsində ortamüddətli perspektivdə Azərbaycanın neftdənkənar kəsri yetərincə aşağı salınmalıdır. Konsilidasiyanın böyük bölümü dövlət xərclərinin effektivliyinin artırılması hesabına əldə edilə bilər. 

Problemli kreditlər məsələsinin həlli üçün maliyyə bölməsində tədbirlər görülməlidir, amma maliyyə bölməsi sağlamlaşdığından, fiskal riskləri məhdudlaşdırmaq və inflyasiyanın artımının qarşısını almaq üçün likvidliyin dəstəklənməsi  dayandırılmalıdır. BVF Azərbaycan Beynəlxalq Bankı  ilə əməkdaşlığı həm də özəlləşdirmə vasitəsilə genişləndirməyi tövsiyə edir. 

Bununla belə, dolların məzənnəsinin süni yolla dəstəklənməsi qısamüddətli dövrdə öz aktuallığını qoruyur, ortamüddətli perspektivdə isə daha çeviklik əlverişlidir. Struktur islahatlar çərçivəsində iqtisadiyyatın diversifikasiyası biznes mühitinin yaxşılaşdırılmasının davam etdirilməsi, o cümlədən, vergi və gömrük sistemlərinin çağdaşlaşdırılması və maliyyə bölməsində struktur islahatları hesabına sürətləndirilməlidir. 



MƏSLƏHƏT GÖR:

476