14 Mart 2025

Cümə, 21:49

SUDANSAYAĞI MƏHKƏMƏ

Cənubi sudanın müstəqilliyi ilə bağlı referendum «presedent ovçuları»nı necə həvəsləndirib?

Müəllif:

15.01.2011

Sudanın 10 cənub əyalətində vahid dövlətdən ayrılaraq müstəqilliyin elan edilməsinə dair səsvermə keçirilib. Cənubi sudanlıların hansı qərarı verdikləri haqqında danışmaq hələ tez olsa da (səslərin hesablanması fevralın ortalarında bitəcək), onların əksəriyyətinin müstəqilliyə səs verəcəyi şübhə doğurmur. Odur ki, tezliklə dünyanın siyasi xəritəsindən BMT tərəfindən tanınan 193-cü dövlətin yaranacağını gözləmək olar.

 

Referendum hələ səfərin sonu deyil

Paytaxtı Xartum olan Sudan Respublikası, ərazisinə görə, Afrikanın ən böyük dövlətidir. Əhalisinin 55%-ni ərəblər, 30%-ni Cənubi və Qərbi Sudanın neqroid tayfaları, təxminən, 15%-ni nubiyalılar və digəriləri  (Şərqi Sudan) təşkil edir. Sudan hazırkı formasında XIX əsrdə, Osmanlı İmperiyasının vassalı olan Misirin müstəmləkəsi kimi yaranıb. 

1899-cu ildə burada ingilis-Misir birgə idarəçiliyi yaradılıb.

Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib. Lakin ilk gündən islamçıların yaşadığı Şimalla xristianların üstünlük təşkil etdiyi Cənub arasında qarşıdurma baş qaldırıb. Getdikcə qızışan silahlı qarşıdurmanın əsas səbəblərindən biri kimi, onun Afrika qitəsinin nəhəng neft istehsalçılarından olması göstərilir. Əsas neft ehtiyatları isə məhz Cənubi Sudandadır. Zaman keçdikcə, neft gəlirləri Xartumun əsas gəlirlərinə çevrilib və Cənubi Sudan büdcəsinin 98%-ni təşkil edib.

1955-ci ildən 1972-ci ilədək davam etmiş vətəndaş müharibəsinə səbəb, müsəlmanların üstünlük təşkil etdikləri mərkəzi hökumətin federal dövlətin yaradılmasına imkan verməməsi olub. Bu müharibə Əddis-Əbəbə razılaşmasının imzalanması ilə bitib. Həmin sənədə əsasən, Cənuba daxili idarəetmədə müxtariyyəti verilib. 

Lakin 10 il sonra sudandaxili münaqişə yenidən baş qaldırıb. Bu dəfə səbəb cənubdakı Ekvatoriya vilayətinin 3 ayrı-ayrı vilayətlərə bölünməsi, həmçinin, ölkənin cinayət qanunvericiliyinə şəriət qaydaları ilə bəzi cəza növlərinin salınması (daş-qalaq, əlin kəsilməsi və s.) olub.

Sudanda ikinci vətəndaş müharibəsi 20 ildən çox davam edib və 2005-ci ildə başa çatıb. Ekspertlərin qiymətləndirməsinə görə, bu dövrdə hökumət qüvvələri, təxminən, 2 milyon dinc sakini məhv edib. 4 milyondan artıq cənublu qonşu Efiopiya, Keniya, Uqanda, Misir kimi ölkələrə qaçıb.

Qanlı münaqişənin sonunda tərəflər arasında hər şeyi əhatə edən sülh razılaşması imzalanıb. O, Avropa İttifaqı və ABŞ tərəfindən hazırlanıb. Bu zaman Xartum və Cənubdan olan qiyamçılar arasındakı razılaşma Cənubi Sudanın 6 il ərzində muxtariyyat statusundan istifadə etməsi və bundan sonra bölgənin müstəqilliyi məsələsinin referenduma çıxarılmasını nəzərdə tuturdu. 

Bundan başqa, razılaşmaya uyğun olaraq, milli birlik hökuməti yaradılmış, orada nazir postlarının əksəriyyəti hakim Milli Konqres Partiyasında qalmışdı. 

Cənubi Sudanın muxtar hökumətində isə əsas postları Sudan Xalq Azadlığı Hərəkatının (SXAH) təmsilçiləri tutmuşdular. Bu hərəkatın lideri Salva Kiir ölkənin ilk vitse-prezidenti olmuş və Cənubi Sudan hökumətinin başçısı postunu tutmuşdu.

2010-cu il aprelin 11-də Sudanda ümumxalq seçkisi keçirilib. Onun nəticəsinə əsasən, Milli Konqresin lideri Ömər əl-Bəşir yenidən prezident kürsüsündə qalıb. Cənubi Sudan prezidenti postuna isə Salva Kiir seçilib. Tərəflərin barışığı prosesində növbəti addım Cənubi Sudanın müqəddəratını təyinetməsi ilə bağlı keçirilən referendumdur. Bununla yanaşı, əlbəttə ki, səsvermə əl-Bəşir üçün Qərblə münasibətləri qaydaya salmaq üçün  imkandır.

2009-cu ildə Beynəlxalq Məhkəmə əl-Bəşirin həbsinə order verib. Buna səbəb onun rəhbərliyi ilə Sudan ordusunun ölkənin qərbində - Darfurda törətdiyi hərbi cinayətlərdir. Xatırladaq ki, 2003-cü ildən Darfurda da hökumət qüvvələri ilə müqavimətçilər arasında döyüşlər gedir.

Referendum ərəfəsində Sudana səfər etmiş ABŞ Senatının beynəlxalq komitəsinin rəhbəri Con Kerri bildirib ki, Xartumun cənubluların öz iradəsini ifadə etməsinə loyal münasibəti Vaşinqtonun Sudana qarşı siyasətinin «daha yumşaq» olması ilə nəticələnə bilər. Söhbət xüsusilə Sudana tətbiq edilmiş sanksiyaların ləğvindən, onun terrora sponsorluq edən dövlətlərin siyahısından çıxarılmasından gedə bilər.

Amma hazırda bunlara rəğmən, Şimali və Cənubi Sudan arasında tezliklə birdəfəlik sülhün yaranacağını düşünmək sadəlövhlük olardı. Tərəflər hələ sərhədlərin demarkasiyası, neft gəlirləri, mübahisəli Abey rayonunun kimə məxsus olması kimi vacib məsələlərlə bağlı razılığa gəlməlidirlər. Beynəlxalq vasitəçilər bütün mübahisəli məqamların iyuladək həllini tapacağına ümid edirlər. Qeyd edək ki, 2005-ci ildə əldə edilmiş razılaşmaya əsasən, keçid dövrü məhz iyulda başa çatacaq. Salva Kirin bildirdiyi kimi, «referendum hələ səyahətin sonu deyil, amma hər halda, bu, Afrika tarixində müstəmləkəçi hakimiyyətlərin qurub-yaratdığı qaydaların dəyişdirilməsi istiqamətində ilk addm olacaq».

 

«Presedent ovçuları»

Göründüyü kimi, Cənubi Sudanın müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxs də daxil olmaqla, Afrika liderləri qitənin şimal-şərqində yerləşən ən böyük dövlətin bölünməsinə, müstəmləkəçi keçmişin aradan qaldırılması istiqamətində daha bir addım kimi baxır. Bununla yanaşı, Sudanda keçirilmiş referendum dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulmasına tərəfdar olanların gündəmə gəlməsinə də şərait yaradıb. Bu, xüsusilə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan və onun liderlərinə aiddir. Erməni ekspertlər ən müxtəlif tribunalardan çıxışlarında guya Cənubi Sudan nümunəsinin müqəddəratı təyinetmə prinsipinin praktikliyini göstərdiyini iddia edir (guya dünyada kimsə bu prinsipin əleyhinədir). 

Onların iddiasına görə, Sudandakı səsvermədən sonar, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda yeni «kozır» əldə edəcək. Son iddia xüsusilə primitiv nəticəyə əsaslanır: guya Cənubi Sudan referendum vasitəsilə müstəqillik əldə edə bilərsə, demək, analoji vasitə Qarabağ erməniləri üçün də keçərlidir. Amma ermənilərin ümidləri «Kosovo presedenti» zamanı olduğu kimi, bu dəfə də puç olmağa məhkumdur. Xatırladaq ki, Kosovonun müstəqilliyi də ermənilər tərəfindən Azərbaycana qarşı təcavüzlərinin beynəlxalq aləm tərəfindən tanıdılmasına cəhdlərdə «kozır» kimi təqdim olunurdu.

Sudandaxili vəziyyətlə Dağlıq Qarabağ münaqişəsi arasındakı birinci fərq mərkəzin, yəni Xartumun Cənubdan ayrılmağa razılıq verməsidir. Sudan prezidenti Ömər əl-Bəşir cənubluların referendumda qəbul edəcəyi istənilən qərarı tanıyacaqlarını əvvəlcədən bəyan etməklə yanaşı, onlara «təhlükəsiz və sabit dövlət yaratmaqda» köməklik göstərəcəklərini də söyləyib.

Referendum ərəfəsində Cənubi Sudanın inzibati mərkəzi olan Cubaya səfər edən prezident deyib: «Cənubdakı qardaşlarımıza deyirik: top meydanın sizə aid hissəsindədir və hansı qərarı vermək sizdən asılıdır. Birliyi seçsəniz, xoş gəlmisiniz. Ayrılmağa qərar versəniz, yenə də xoş getdiniz».

İkinci vacib fərqli məqam beynəlxalq vasitəçiliyin xüsusiyyətindədir. Sudandaxili vəziyyətin tənzimlənməsi maraqlı xarici qüvvələrin təklifləri əsasında aparılır. Dağlıq Qarabağ münaqişəsində isə beynəlxalq vasitəçilərin hazırladığı təkliflər Azərbaycan tərəfindən qəbul olunsa da, Yerevan onları rədd edir. Bu heç də təəccüblü deyil. Çünki o, Sudan problemini Dağlıq Qarabağ münaqişəsindən fərqləndirən üçüncü faktorla əlaqəlidir. Söhbət tərəflərdən birinin - Ermənistanın digərinə - Azərbaycana təcavüzündən gedir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdəbiri işğal edilib, işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılıb, bu zaman soyqırım aktlarına belə, əl atılıb (Azərbaycanın Xocalı şəhərində dinc sakinlərin məhvini xatırlatmaq kifayətdir).

Sudana gəlincə, burada beynəlxalq ictimaiyyət daxili münaqişənin həllilə məşğuldur. Nəhayət, dördüncü və yəqin ki, ən vacib məqam. Qarabağ münaqişəsi yalnız ermənilərin tarixi Azərbaycan torpaqlarını işğaldan azad etməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, məcburi köçkün olmuş milyondan artıq azərbaycanlının öz torpaqlarına qayıtması ilə həll oluna bilər. Yalnız bundan sonra həm Azərbaycan, həm də erməni xalqının maraqlarına uyğun dayanıqlı sülhdən danışmaq mümkündür.



MƏSLƏHƏT GÖR:

527