14 Mart 2025

Cümə, 21:51

PARTİYALARARASI GƏRGİNLİK ATMOSFERİ

Kapitolini ciddi siyasi döyüşlər və daimi «alver» gözləyir

Müəllif:

15.01.2011

ABŞ Konqresinin növbəti, sayca 112-ci heyətinin işi çox faciəvi başlayıb və çoxları baş vermiş hadisəni, ölkədə respublikaçılarla demokratlar arasındakı fikir ayrılıqlarından doğan gərginliyin nəticəsi sayır; Amerikanın cənubunda yerləşən Arizona ştatının Tuson şəhərində seçiciləri qarşısında çıxış edən ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, Arizonadan olan demokrat konqresmen Qabriel Qiffords başından odlu silahla güllələnib. Siyasətçiyə hücum zamanı onun yaxınlığında olmuş 6 nəfər həlak olub. Ölənlər arasında federal hakim və 9 yaşlı qız uşağı da var. 

Hücum nəticəsində Qiffordsla yanaşı, 12 nəfər yaralanıb.

Görüşə toplaşmış yüzlərlə seçicinin gözü qarşısında yarımavtomat tapançadan atəş açan şəxs 22 yaşlı Cared Lohnerdir. O, elə hadisə yerindəcə yaxalanıb. Məlum olub ki, Lohnerin öz bloqunda yerləşdirdiyi videomüraciətində o artıq dostları ilə vidalaşıb, onlardan törədəcəyi əmələ görə «qəzəblənməmələrini» xahiş edib. Ən sevimli kitabının Hitlerin «Mayn Kampf» kitabı olduğunu etiraf edən qatil, digər yazılarında ABŞ prezidenti Barak Obamanı sərt şəkildə tənqid edib, dövlət başçısını «xalqın beynini dezinfeksiya etməkdə» və «qızıl və gümüşlə təmin olunmamış valyutadan istifadə etməkdə» günahlandırıb.

Hücuma məruz qalmış 40 yaşlı Qiffords 2007-ci ildən Nümayəndələr Palatasında Arizonanın 8-ci seçki dairəsini təmsil edir. O, Konqresin bir neçə komitəsinin üzvüdür. Bunların arasında silahlı qüvvələr, həmçinin, xarici siyasət komitələri də var.

Bildirilir ki, siyasətçi Demokratlar Partiyasının ən mühafizəkar ştatların birindən 3 dəfə konqresmen seçilə bilmiş nadir üzvlərindəndir. Qiffords həm də Arizonadan ABŞ Konqresi Nümayəndələr Palatasına üzv seçilmiş 3-cü qadındır. Demokratlar Partiyasının yerli şöbəsinin nümayəndəsi Ceff Rocersin sözlərinə görə, Qiffords partiyanın «parlayan ulduzudur» və o, gələcəkdə Arizonadan senator seçilməyə ümidli idi. Konqresmen ABŞ-ın bərpa olunan və ekoloji baxımdan təmiz enerjiyə keçməsinin, qadınların abort hüququnun qalmasının tərəfdarı kimi tanınır.

Yeri gəlmişkən, Alyaskanın sabiq qubernatoru Sara Peylin də qalmaqalın mərkəzi fiquruna çevrilib. Buna səbəb isə odur ki, sən demə, bir neçə ay əvvəl o, Facebook sosial şəbəkəsindəki səhifəsində Qabriel Qiffordsun «güllələnməsinə» (təbii ki, siyasi mənada) çağırış etmişdi. Bildirilir ki, Peylin səhifəsində yerləşdirdiyi ölkə xəritəsində, respublikaçıların demokratları «zərərsizləşdirməli» olduğu əraziləri hədəf kim göstərib. «Hədəf»lər arasında Qifford da var.

Sabiq qubernator konqresmenin güllələnməsindən dərhal sonra baş verənlərdən təəssüfləndiyini söyləyib, xəsarət alanlara tezliklə sağalmalarını arzulayıb və zorakılığı pisləyib.

«Biz Nümayəndələr Palatasının Barak Obamanın səhiyyə islahatları layihəsinə səs vermiş, həmçinin, 2008-ci ilin seçkiqabağı kampaniyası dövründə senator Con Makkeynlə bizə dəstəkləmiş dairələrdən olan üzvlərinə xüsusi diqqət göstəririk», - deyə Peylinin xəritə ilə bağlı şərhində bildirilir.

Yeri gəlmişkən, başıbəlalı səhiyyə islahatları məsələsi gələn həftə yenidən konqresmenlərin müzakirəsinə çıxarılmalı idi. Qeyd edək ki, əksər konqresmenlər onun ləğvinə çalışır. Lakin qurum bütün ümumi debatları təxirə salmaqla, konqresmenlərin Arizonada yaşanmış hadisənin şokundan çıxmasını gözləməyə qərar verib.

Bunun fonunda şerif Klarens Dupnikin sözləri kifayət qədər çoxmənalı təsir bağışlayır. BBC-nin məlumatına görə, o, hadisənin «ştatda partiyalararası gərginliyin artması» ilə də bağlı ola bildiyini istisna etməyib.

«The Chicago Tribune» isə yazır ki, baş vermiş hadisədən sonra çikaqolu konqresmen Denni Devis də «növbəti hədəf olacağı» haqda hədə məktubu alıb. Federal Təhqiqatlar Bürosu isə amerikalı qanunvericilərin həyatına heç bir təhlükə olmadığını bildirir.

KİV ötən ilin martında Qiffordsun ofisinə hücumu da xatırladır. Hücum konqresmenin Obama tərəfindən təklif olunan səhiyyədə islahatlar layihəsini dəstəkləməsindən dərhal sonra baş vermişdi.

Qiffords amerikalıların silah gəzdirmək hüququnu da dəfələrlə böyük həvəslə müdaifə edib, üstəlik, özünün silahla gəzdiyini bir neçə dəfə xüsusi vurğulayıb. Səhiyyədə islahatlar və qadınlara abortun qadağan olunması kimi bu mövzu da Amerika ictimaiyyətində geniş debatlara yol açmış məsələdir. Qiffordsun güllələnməsindən cəmi bir neçə gün əvvəl Nebraska ştatının Omaha şəhərlərindəki orta məktəblərdən birinin yuxarı sinif şagirdi, yerli polis detektivinin oğlu kiçik Robert Batler direktor Kyortis Keys və onun müavini Viki Kasparı güllələmiş, sonda intihar etmişdi.

Beləliklə, bir çox politoloqların fikrincə, Arizonada baş vermiş faciə ölkədə mövqelərin qütbləşmədə olduğunun, yeni Konqresdə ciddi siyasi savaşların olacağının göstəricisidir. Güman ki, yeni heyət əvvəllər qəbul edilmiş bəzi qanunların ləğvinə də çalışacaq. Amma bunun üçün respublikaçılara daha böyük qüvvə lazımdır. Hər halda, bir şey dəqiqdir: bu Konqresdə respublikaçılarla demokratlar arasında daimi güzəştlər və düzəlişlər «alver»i gedəcək.

Xatırladaq ki, ötən ilin sonlarında keçirilmiş aralıq seçkisində Respublikaçılar Partiyası Nümayəndələr Palatasında yerlərin əksəriyyətini əldə edib (435 mandatdan 242-si onlara, 193-ü demokratlara qismət olub). Bu, demokratların 4 ildir davam edən hegemonluğuna son qoyub. Senatda isə demokratlar çoxluğu «son anda» qoruyub-saxlaya bilib (burada yerlər 53-47 demokratların xeyrinədir).

Nümayəndələr Palatasının spikeri postunda Nensi Pelosini əvəzləmiş Con Baynerin sözlərinə görə, «indi qanunvericilər bir sıra ağır iqtisadi qərarlar qəbul etməli olacaq». Beyner əmindir ki, respublikaçılar hökuməti «adi amerikalıları da nəzərə almağa», həmçinin, açıq və düzgün siyasət aparmağa məcbur etməlidir. «İnsanlar dəyişikliyə səs verib və bu gün biz onların gözləntilərinin həyata keçirilməsinə başlayırıq», - deyə Nümayəndələr Palatasının yeni spikeri bildirib.

Respublikaçılar, xüsusilə federal büdcənin xərclər hissəsinin 100 milyard dollar azaldılmasını, əmək qanunvericiliyinə yenidən baxılmasını, vergi sistemində islahatları, qeyri-qanuni immiqrasiya ilə mübarizənin gücləndirilməsini, beynəlxalq yardımların həcminin azaldılmasını, həmçinin, prezident administrasiyasının fəaliyyətini diqqətlə araşdırmağı əsas istiqamətlər sayır. Bundan başqa, Obamanın siyasi opponentləri ABŞ-ın hazırkı prezidentinin ən miqyaslı layihəsinin heçə endirilməsinə çalışacaqlarını bildirir. Söhbət səhiyyə sistemində islahatları nəzərdə tutan layihədən gedir.

Barak Obama isə hesab edir ki, Amerikanın səhiyyə sistemində hamının istifadə edə biləcəyi tibbi xidmətlər olmalı, onun əsasında yenə də hamının «əli çatacaq», özəl sığorta şirkətləri ilə rəqabət aparan dövlət tibbi sığortası dayanmalıdır. Tibbi xidmətlərə görə bahalaşan qiymətlərin tənzimlənməsi də təklif olunur. Bu islahatların aparılması üçün vəsait isə vergilərin artırılması hesabına yığılmalıdır.

Aydındır ki, bundan narazı qalanlar, yalnız işləməyə o qədər də həvəs göstərməyən vətəndaşlara tibbi xidmət üçün, cibindən pul ödəmək istəməyən sadə amerikalıların deyil. Obamanın islahatlarından, ilk növbədə, müxtəlif şəxsi sığorta və tibbi təşkilatlar «diksinib». Hətta iş o yerə gedib çıxıb ki, səhiyyə sistemindəki islahatlar Obama üçün «siyasi addım» adlandırılmağa başlanıb. Bəziləri iddia edir ki, Obama bu addımı məhz siyasi qabiliyyətini nümayiş etdirmək üçün atıb.

Məsələn, demokratlar artıq respublikaçıları narazı çıxışları ilə əhali arasında aqressiyanı artırmaqda günahlandırıb. KİV də müxalifəti qızışdırıcı ritorikadan istifadədə təqsirləndirir. Demokratların aşağı palatadakı liderlərindən olan Steni Xoyer «CBS» telekanalına müsahibəsində bildirib ki, o və həmkarları «işlədikləri atmosferdən son dərəcə narahatlıq keçirir - indi daha ciddi qarşıdurma atmosferi hökm sürür».

Barak Obama isə onun üçün çətin olan Konqreslə də işləməyə hazır olduğunu bildirir. «Ümid edirəm, Con Beyner və Mitç Makkonnell (Senatdakı respublikaçı azlığın lideri) 2012-ci il kampaniyası üçün vaxtın çox olduğunu anlayacaq; o vaxta hələ çox qaldığını başa düşəcəklər. Bu il isə bizim işimiz iqtisadiyyatın bərpası üçün əlimizdən gələni etməkdir», - deyə Obama qeyd edib.

Beynerə ayrıca toxumanğa dəyər. O, Nümayəndələr Palatasının spikeri seçilmiş sayca 61-ci siyasətçidir. Beynerə 241 konqresmen səs verib. Artıq yuxarıda qeyd etdiyimiz kimi, indiyədək respublikaçılardan ibarət azlığa liderlik etmiş yeni spiker palatada demokratların dəstəyi ilə qəbul edilmiş bütün qanunlarda «təftiş» aparmaq niyyətindədir. Bundan başqa, qarşıdakı dövrdə hazırkı administrasiyanın təqdim edəcəyi istənilən qanun layihəsi dəqiqliklə öyrəniləcək.

İndiyədək respublikaçılar tərəfindən avtoritarlıqda günahlandırılan Nensi Pelosi isə bundan sonra azlıqda qalmış demokratların lideri olacaq. Nümayəndələr Palatasının spikeri postunda keçirdiyi son günlərdə o, Obama administrasiyasının müqavimətinə baxmayaraq, «erməni soyqırımı»nın tanınmasını nəzərdə tutan sənədi müzakirəyə çıxarmağa çalışıb. Amma Ağ ev Türkiyə hökuməti və ABŞ-ın türk diasporu ilə birlikdə bu cəhdlərin qarşısını ala bilib.

İndi Konqresdə çoxluq «soyqırım» layihəsinin əleyhinə olan respublikaçılardadır. Yəni, ABŞ-da keçiriləcək növbəti parlament seçkisinədək olan yaxın 2 il ərzində Nümayəndələr Palatasında bu məsələnin müzakirəyə çıxarılacağını gözləməyə dəyməz.

«Tam əminliklə deyə bilərəm ki, nə yeni spiker, nə də xarici əlaqələr komissiyasının yeni rəhbəri İrena Ros Laytinen bu məsələnin müzakirəsinə imkan verəcəklər», - deyə «Hurriyet» qəzetinə müsahibəsində Con Beynerə ən yaxın konqresmenlərdən biri, Şimali Karolinanı təmsil edən Virciniya Foks bildirib.

Beləliklə, analitiklər respublikaçıların çoxluq təşkil etdiyi yeni Konqresin, əsasən, daxili məsələlərə köklənəcəyini bildirir. Xarici siyasətə gəlincə, onlar diqqəti, əsasən, İranın nüvə proqramı, Rusiya ilə münasibətlərdəki «yenilənmə» (həmçinin, SHS-3 və HHM), Əfqanıstan və İraq problemləri, eləcə də Koreya yarımadasındakı durum və Sudandakı vəziyyətə yönəldəcəklər. 

Politoloqların fikrincə, xarici siyasi məsələlərdə demokratlarla respublikaçılar arasında xüsusi qarşıdurma gözlənilmir. Üstəlik, Senatın Beynəlxalq Komitəsinə əvvəlkitək demokrat Con Kerri rəhbərlik edir, komitənin ağsaqqal üzvü isə çoxları tərəfindən mərkəzçi adlandırılan respublikaçı Riçard Luqardır.

Bununla yanaşı, prezident seçkisinin keçiriləcəyi 2012-ci ilin yaxınlaşması ilə ABŞ-da xarici siyasi məsələlərlə bağlı da səs-küyün artacağı gözləniləndir.

Məsələn, APA-nın məlumatına görə, ABŞ Konqresinin 112-ci çağırışı Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji sektorunun inkişafı, Ermənistanın iqtisadi inkişafı, həmçinin, Gürcüstanın 2008-ci ildə Rusiya ilə yaşanmış müharibədən sonra bərpası kimi məsələlərə diqqət ayırmaq niyyətindədir. Agentliyin Vaşinqton müxbirinin bildirdiyinə görə, bunu ABŞ Konqresinin Tədqiqatlar Xidmətinin «Ermənistan, Azərbaycan və Gürcüstan: siyasi proseslər və onların ABŞ-ın maraqlarına təsiri» adlı son məruzəsində Avrasiya məsələləri üzrə ekspert Cim Nikol bildirib.

Məruzə Konqres üzvləri və qurumun komitələri üçün hazırlanıb. Çünki «Konqresin bəzi üzvləri və bir sıra siyasətçilər hesab edirlər ki, ABŞ Qara dəniz və Xəzər regionlarını birləşdirən bölgəni daha ciddi dəstəkləməlidir».

Digərləri, əksinə, Vaşinqtonu «ABŞ-ın etnik və vətəndaş münaqişələrindən əziyyət çəkən regiondakı rolunu artıracaq siyasətdə ehtiyatlı olmağa» çağırır. Belə bir fikir də var ki, Cənubi Qafqaz regionu Aİ ilə qonşu olduğundan, orada əsas rolu da elə Aİ oynamalıdır.



MƏSLƏHƏT GÖR:

550