14 Mart 2025

Cümə, 20:48

ANKARA ÖZ SİYASƏTİNƏ SADİQDİR

T.Ari: "Qafqazda sabitliyin təmininə töhfə vermək istəyən Türkiyənin siyasətində hansısa dəyişikliyin olduğunu düşünmürəm"

Müəllif:

15.01.2011

Türkiyənin şərqindəki Qars şəhərində ermənilərlə türklər arasında dostluğun rəmzi olan yarımçıq abidə söküləcək. 30 metr hündürlüyündə heykəlin sökülməsi haqda qərar baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən verilib. O, qərarının birmənalı şəkildə estetik məqamlarla bağlı olduğunu bildirib. Baş nazirin fikrincə, "Abidə eybəcərdir və memarlıq baxımından şəhərin görünüşünə uyğun gəlmir".

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu məsələdə hökumət başçısı ilə həmrəylik nümayiş etdirib. O bildirib ki, abidə Qarsın arxitekturası ilə hormoniya təşkil etmir. Davudoğlu abidənin sökülməsi qərarının Ermənistan-Türkiyə münasibətlərinə heç bir aidiyyəti olmadığını xüsusi vurğulayıb. "Biz Ermənistanla münasibətlərin qurulmasına tərəfdarıq. Amma bu, birtərəfli xarakter daşımamalıdır. Ermənistanın da bu istiqamətdə addımlar atması lazımdır. Qafqazda sülhün bərqərar olması üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması vacibdir", - deyə Davudoğlu qeyd edib.

Oxşar mövqe Türkiyə  ekspertləri tərəfindən də dəstəklənir. Politoloqların fikrincə, Ankara bu il də region dövlətləri ilə mehriban qonşuluq siyasətinin qurulması kursuna sadiq qalacaq. Amma bunun Türkiyənin öz milli maraqlarına zidd şəkildə reallaşdırılması da mümkün deyil. Yeni il tətilindən dərhal sonra Rəcəb Tayyib Ərdoğanın Ərzurumda yunanıstanlı həmkarı Georgios Papandreu ilə görüşməsi də Ankaranın sözügedən siyasətinin davamına bir nümunədir.

Türkiyənin Uludağ Universitetinin beynəlxalq münasibətlər departamentinin rəhbəri, professor Tayar Ari ilə hələ qeyd etdiyimiz hadisələrdən əvvəl görüşmüşdük. Buna baxmayaraq, onun müsahibəsi Türkiyənin builki xarici siyasi prioritetləri ilə bağlı bir sıra suallara cavab tapmamıza da  kömək etdi.

- Bir müddət əvvəl Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Sonradan bu istiqamətdə konkret addımlar atıldı, xüsusilə Qafqazda inam atmosferinin yaradılması, Ermənistan-Türkiyə sərhədlərinin açılması yönündə işlər görüldü. Amma bəzi şərhçilər hesab edir ki, Ankara müəyyən məqamlarla bağlı təzyiqlər qarşısında planlarına bəzi dəyişikliklər edib...

- Qafqazda sabitliyin təmininə töhfə vermək istəyən Türkiyənin siyasətində hansısa dəyişikliyin olduğunu düşünmürəm. Amma etiraf etmək lazımdır ki, bu məqsədə yalnız Ankaranın cəhdləri ilə çatmaq da olmaz. Bunun üçün bütün regional, həmçinin, dünya oyunçularının birgə səyləri lazımdır. Üstəlik, nəzərə alsaq ki, məsələn, Ermənistanın siyasəti daxili və xarici faktorlar əsasında müəyyənləşir, aydın olur ki, Ankaranın birtərəfli cəhdləri  yetərli  deyil. 

Buna baxmayaraq, Ermənistan rəhbərliyi başqalarını günahlandırmağa üstünlük verir və anlamır ki, regionda uzunmüddətli sülhə yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal altındakı torpaqların boşaldılması ilə nail olmaq mümkündür.

- 2010-cu ilin sonlarında WikiLeaks saytının Amerika diplomatiyasına dair gizli sənədləri nəşr etməsi ilə dünya siyasətində çalxalanma baş verdi. Beynəlxalq münasibətlər sistemi üçün bu miqyaslı hadisə nə dərəcədə ciddi sınaq oldu? Gələcəkdə bu, Türkiyənin ABŞ-la, həmçinin, başqa dövlətlərlə münasibətinə hansısa təsiri göstərə bilərmi?

- WikiLeaks saytı vasitəsilə ictimaiyyətə açıqlanmış bu sənədlərin əksəriyyəti köhnə informasiyadır. ABŞ diplomatlarının Dövlət Departamenti ilə bu yazışmalarının çoxunda ayrı-ayrı ölkədəki səfirlərin subyektiv baxışı, qiymətləndirməsidir və onlardan necə istifadə olunması artıq Dövlət Departamentinin səlahiyyətində olan məsələdir. Burada vacib olanı bu məlumatların məqsədli şəkildə yayıldığını, yoxsa hansısa dinləmələr və ya yanlışlıqlar nəticəsində üzə çıxdığını bilməkdir.

İnformasiya diqqətsizlik üzündən yayılıbsa, demək, bundan sonra yalnız amerikalı diplomatlarla əlaqəsi olan şəxslər deyil, həm də dövlətlər bu halın təkrarlana biləcəyindən ehtiyatlanmalıdır. Bu, həqiqətən də belədirsə, informasiya təhlükəsizliyi məsələsinə yenidən baxılmasının vacibliyinə şübhə yoxdur.

Amma həmin məlumatlar ictimaiyyətə məqsədli şəkildə sızdırılıbsa, demək, söhbət ciddi manipulyasiyalara cəhddən gedir. Yəni, burada əsl məqsədlərin nə olduğunu öyrənmək lazımdır. "Sarı mətbuat"a aid məqamları bir kənara qoysaq, güman etmək olar ki, bu xəbərlərin yayılmasında məqsəd Yaxın Şərqin bəzi dövlətləri ilə Qafqaz ölkələri arasında inamın zəiflədilməsi, onların sıx əlaqələrinə zərbə vurmaq, onları parçalamaqdır.

Amma o da istisna deyil ki, bu sızdırma, şantajın bir formasıdır.

Hər halda, dövlətlər bu tələyə düşməməlidir. Əksinə, dövlətlərarası münasibətlərin korlanacağına olan ümidlərin və cəhdlərin puç edilməsi vacibdir. Yeri gəlmişkən, ilk reaksiyalar məhz bu istiqamətdə olub.

Digər mənfi məqam region dövlətlərinin ABŞ-a inamının azala biləcəyi ilə bağlıdır. Yəni, bundan sonra regionumuzun sakinləri amerikalılarla təmasdan qaçacaq, əlaqənin vacib olduğu təqdirdə isə onlara son dərəcə ehtiyatla yanaşacaqlar. Çünki belə görüşlər zamanı səsləndirilən fikirlərin təhrif oluna, hətta onlara qarşı istifadə edilə biləcəyi ehtimalı da yüksəkdir.

Sonda bir məqamı da qeyd etmək istərdim: saytda yer almış bəzi məlumatlar Türkiyədə narahatlıq yaratsa da, bu narahatlıq iki ölkə münasibətlərini korlayacaq dərəcədə ciddi olmayıb. Hər halda, tərəflər arasında baş tutmuş danışıqlarda vəziyyət açıq şəkildə müzakirə edilib. Odur ki, Ankaranın qonşuları ilə bağlı siyasətini WikiLeaks-də yer almış informasiyalar əsasında quracağını  düşünmürəm.

- WikiLeaks saytında dərc olunmuş 250 min gizli sənədin 8 mini Türkiyəyə aiddir. Bunu necə izah etmək olar?

- Türkiyə yalnız regional münaqişələr üzündən deyil, həm də qlobal miqyasda sülhün bərqərar olunmasına çalışan ölkə kimi diqqət mərkəzindədir. Üstəlik, bu ölkənin iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, daha müasir vətəndaş demokratiyasının qurulması arzusu ortadadır.

Bundan başqa, uzun illər öz tarixi, dəyərləri və mədəniyyətinə yad kurs yürütmüş Türkiyə Yaxın Şərq və İslam dünyası ilə yaxınlaşmağa başlayıb. “Soyuq müharibə” döv-rünün bitməsindən sonra Türkiyənin həm Balkanlarda, həm də Qafqaz və Mərkəzi Asiyada çox yaxın dostları peyda olub. Ankara  böyük coğrafiyaya malik çoxlu sayda dövlətlərlə sıx əlaqələr qurmağa çalışır. Bununla əlaqədar, Türkiyə rəhbərliyi birtərəfli və ya ikitərəfli əlaqələr yaratmağa yox, çoxtərəfli münasibətlər qurmağa çalışır. Ankara qonşu regionlarda da sülhün möhkəmlənməsinə yönəlmiş xarici siyasəti ilə həm regionda, həm də ümumilikdə, dünyada ədalətli və sülhsevər bir mühit qurmağa çalışır. Şübhəsiz, belə cəhdlər digər oyunçuların diqqətini də cəlb edir.

- WikiLeaks saytında yer almış materiallardan birinə görə, ABŞ-ın İraqdakı hərbçiləri PKK-nın silahlandırılmasında iştirak ediblər. Amerikanın İraqdakı komandanlığı tərəfindən hazırlanmış sənədlərdən birində isə bildirilir ki, PKK terrorçuları "azadlıq uğrunda mücahidlər" adlandırılıb. Bu məlumatlar nə dərəcədə Vaşinqtonun PKK-ya real münasibətinin göstəricisi sayıla bilər?

- ABŞ-ın PKK ilə bağlı rəsmi mövqeyində daim bu təşkilatın terrorçu qurum olduğu bildirilib. Amma Türkiyədə, türk ictimaiyyətində daim belə bir fikir olub ki, amerikalılar PKK-nı dəstəkləyir. Bu fikirlər xüsusilə 2003-cü ilin mayında Ankaranın İraqın işğalında Vaşinqtonu dəstəkləməkdən imtina etməsindən sonra, ikitərəfli münasibətlərdə yaranmış böhrandan sonra daha da artıb.

Vaşinqtonun Şimali İraqda məskunlaşmış terrorçularla bağlı tədbir görməməsi, Şimali İraqın kürd rəhbərliyini PKK ilə mübarizədə Ankara ilə əməkdaşlığa sövq etməyə həvəs göstərməməsi, həmçinin, Türkiyənin terrorçulara qarşı sərhədyanı əməliyyatlarının Ağ Ev tərəfindən qəti şəkildə qəbul edilməməsi türklərin narazılığını artırıb. Bəzi dövrlərdə Türkiyə vətəndaşları arasında ABŞ-a qarşı mənfi münasibətdə olanların sayı hətta, 90%-ə çatıb.

Bütün bunlarla yanaşı, Barak Obamanın prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin tədricən yaxşılaşması Vaşinqtona mənfi münasibətdə olan Türkiyə vətəndaşlarının sayını azaldıb. Üstəlik, Ankara ilə Vaşinqton PKK-ya qarşı birgə fəaliyyətə başlayıb. Nəticədə, Şimali İraqın kürd administrasiyasında da ciddi dəyişikliklər müşahidə olunmağa başlayıb.

Amma iki ölkə arasında beynəlxalq vəziyyətlə, Ankaranın qlobal oyunçu qismində regional və beynəlxalq proseslərə qoşulmaq cəhdləri ilə əlaqədar, zaman-zaman yenə fikir ayrılıqları yaşana bilər.

- Deyirlər ki, Türkiyə ərazisində yaşayan iraqlılar "Əl-Qaidə" terror təşkilatına kömək edir. Bu, ABŞ-ın PKK ilə bağlı siyasətinə təsir edə bilərmi?

- Mən Türkiyədə "Əl-Qaidə"nin dəstəklənməsinə dair deyilənlərlə qətiyyən razı deyiləm. Bu siyasət çox riskli və lazımsız, Türkiyənin son vaxtlar öz xarici siyasətində əsas götürdüyü prinsiplərə zidd olardı. Yəni bu haqda deyilənləri Türkiyə əleyhinə yönəlmiş fəaliyyətin bir hissəsi saymaq lazımdır. PKK-ya gəlincə, hesab edirəm, ABŞ və Türkiyə bu məsələdə əməkdaşlıq üçün müəyyən platforma yarada bilər.

- Xatırlayırsınızsa, Türkiyə ilə İsrail arasında münasibətlər korlandığı zaman, bəzi türk politoloqlar İsrailin PKK-nı dəstəkləməsi haqqında danışmağa başladı...

- İsrailin PKK-ya dəstəyini sübut edəcək konkret faktların yoxluğuna baxmayaraq, Türkiyə ictimaiyyətində bununla bağlı ciddi narahatlıq mövcuddur. Hələ İraqın işğalına start verildiyi 2003-cü ildə israilli mütəxəssislərin İraqın şimalında kürd qruplaşmalarına təlim keçməsi, İsrailin PKK-ya silah verməsinə dair çoxlu məlumat yayılmışdı. Etiraf etmək lazımdır ki, Türkiyə ictimaiyyətində həqiqətən də belə narahatlıq var.

- Nəhayət, sonda bir sualımız da var. Bildirirsiniz ki, WikiLeaks saytında gizli materialların dərci Yaxın Şərq və Qafqaz dövlətləri arasında parçalanma məqsədi güdə bilər. Bu, Türkiyə - Azərbaycan münasibətlərinə də hansısa təsir göstərə bilərmi?

- Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm əsası var. Belə şayiələr və söz-söhbətlər ona təsir göstərə bilməz. Artıq ümumi strateji maraqlar anlayışından kənara çıxaraq, birgə gələcək inkişafa əsaslanan münasibətlərin, bu cür şayiələr əsasında pozulması birmənalı şəkildə mümkün deyil. Qardaş ölkələrin güclərini daha da artırmağa çalışdığını anlayan müxtəlif qüvvələrin buna mane olmağa çalışması tamamilə mümkündür. Həm siyasətçilər, həm də xalqlar təxribata uymamaq üçün daha diqqətli olmalıdırlar.


MƏSLƏHƏT GÖR:

481