
«ERMƏNİSTAN VAXT UZADIR»
Amerikali politoloq "R+"a müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərini Yerevana təsir göstərməyə çağirib
Müəllif: Almaz MAHMUD Bakı
Erməni lobbisinin ciddi təzyiqlərinə baxmayaraq, ABŞ prezidenti Barak Obama, nəhayət, Metyu Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri təyin etdi. Bir neçə il ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş Brayza təcrübəli diplomat, region, xüsusilə də Azərbaycanla yaxından tanış olan şəxsdir. Bu səbəbdən bir bir sıra analitiklər M.Brayzanın Bakıya səfir təyin olunmasını ABŞ-ın regionda fəallığını artıracaq amil kimi dəyərləndirirlər.
Ceymstaun Fondunun (ABŞ) böyük elmi işçisi Vladimir Sokorun fikrincə, Vaşinqtonun bu posta istənilən digər namizədi Bakının etibarını qazana bilməyəcəkdi. «Brayzanın təyinatının uzanması hərdən ABŞ-ın xarici siyasətinin etnik qruplardan nə qədər asılı olduğunu göstərir», - «İnterfaks»ın məlumatına görə, məsələyə münasibət bildirərkən amerikalı politoloq belə deyib.
V.Sokor hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinin uğuru, böyük ölçüdə, Vaşinqtonun Azərbaycanı özünə meyilləndirə bilib-bilməməsindən asılıdır. Bakının Vaşinqtona inamı isə bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırması ilə yarana bilər. Axı son illər bu təşəbbüs Moskvanın əlindədir.
Jurnalımıza müsahibəsində V.Sokor regionun problemləri, onların əsas geosiyasi oyunçuların iştirakı ilə həlli perspektivlərindən danışıb.
- Bu gün Cənubi Qafqazda təhlükəsizlik məsələsi, demək olar ki, dünyanın bütün güc və beyin mərkəzlərinin diqqətindədir. 2011-ci ildə bu problemin həlli perspektivini necə görürsünüz?
- Son illər ABŞ və NATO Cənubi Qafqazdan bir qədər uzaqlaşıb. Bu isə həm bu regionda, həm də Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik və sabitliyin zəifləməsinə səbəb olub. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında yaşanmış münaqişə vəziyyəti bir qədər də ağırlaşdırıb. Nəticədə, regionun bütün dövlətləri xarici siyasətinə yenidən baxmalı və onu balanslaşdırmalı olub. Cənubi Qafqazda təhlükəsizlik sahəsindəki çatışmazlığı xarici siyasi prioritetlərin düzgün qurulmaması ilə izah etmək olar. Məsələn, ABŞ Cənubi Qafqaza və Xəzər regionuna böyük diqqət ayırmaq əvəzinə, İran, İraq və Əfqanıstan məsələlərinə daha ciddi diqqət yönəldib.
- Bu səbəbdən də Cənubi Qafqazda təhlükəsizliklə bağlı ciddi narahatlığın olduğunu düşünür-sünüz?
- Nə baş verməsindən asılı olmayaraq, Gürcüstandakı hadisələr təkrarlanmamalıdır. Yeni qarşıdurmalara yol verilməməlidir. Regional siyasi alyanslar çərçivəsində inteqrasiya proseslərinin inkişaf etdiyi müşahidə olunur. Dünyanın aparıcı dövlətlərinin mövqeyinə gəlincə, bu gün Rusiyanın Cənubi Qafqaza təsirinin artdığı göz önündədir. ABŞ isə regionda, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirmir. Bu gün Gürcüstan da müdafiəsiz qalıb. Odur ki, regional təhlükəsizlik baxımından ümidverici nəsə görmürəm.
- Konkret proqnozlarınız var?
- Konkret olaraq Abxaziya və Cənubi Osetiya problemləri haqqında danışa bilərəm. Bu problemlər hələ uzun müddət dondurulmuş vəziyyətdə qalacaq. Bunu İkinci Dünya müharibəsindən sonra Almaniyanın 2 hissəyə bölünməsi ilə müqayisə etmək olar.
Əlbəttə, bu problemlər bir-birindən fərqlənir. Hər halda, həm AFR, həm də ADR-də əhalinin əksəriyyəti almanlar idi. Bu üzdən də sonradan Almaniyanın birləşməsi o qədər də böyük problem yaşatmadı. Abxaziya ilə Cənubi Osetiya isə əsasən gürcülərdən ibarət deyil. Burada osetinlər və abxazlar yaşayır və bu üzdən birmənalı şəkildə deyə bilərəm ki, bu münaqişələr uzun müddət həll olunmamış qalacaq.
- Bəs Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivi haqqında nə düşünürsünüz?
- Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması Azərbaycanın əsas problemidir. Bu münaqişədə Ermənistan işğalçı tərəfdir və ATƏT-in Minsk qrupunun həmsədrləri ona təsir göstərməklə Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasına nail olmalıdır. Münaqişənin həllinə dair Madrid prinsiplərinin mövcudluğuna baxmayaraq, Ermənistan onları nə qəbul, nə də rədd edir. Bununla da Ermənistan vaxt uzadır. Yerevanın bu məsələdəki yeganə taktikası vaxt udmağa yönəlib.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiya və ABŞ-a gəlincə, Moskva Vaşinqtondan daha fəaldır. Son illər Rusiya yüksək səviyyədə görüşlər təşkil edir və hətta nələrəsə nail də olur. Bu üzdən də hesab edirəm ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmalıdır.
- Xəzəryanı dövlət başçılarının Bakıda keçirilmiş son sammitində Rusiya prezidenti Dmitri Medvedev Xəzər regionu dövlətlərinin təhlükəsizliyi ilə region ölkələrinin məşğul olmasını vacib məsələ adlandırıb. O, bu prosesə üçüncü dövlətlərin qarışmamasının vacibliyini vurğulayıb. Fikrinizcə, yaxın perspektivdə Xəzər regionunda qarşıdurma mümkündürmü?
- Hər yerin olduğu kimi, Xəzər hövzəsinin də öz təhlükəsizlik problemləri var. İranla dənizin bölünməsi, Türkmənistanla isə yataqlarla bağlı fikir ayrılığı mövcuddur. Amma bu problemlərin heç biri yaxın gələcəkdə hansısa hərbi təhlükənin yaşana biləcəyi haqqında danışmağa əsas verimir.
MƏSLƏHƏT GÖR: