
AVROPA İTTİFAQI AZƏRBAYCANDAN DƏSTƏK ALIR
Müəllif: Redaksiya
Avropa Yeni il tətillərindən sonra, iş prosesini tam bərpa etməyə macal tapmamış, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu 2011-ci ildə ilk xarici səfərlərini gerçəkləşdirdi - əvvəlcə Azərbaycana, buradan isə Türkmənistana. Bununla da o, Aİ-nin bu il üçün əsas prioritetinin nədən ibarət olduğunu göstərdi: enerji təhlükəsizliyinin həlli prosesinin sürətləndirilməsi.
“Nabucco Gas Pipeline International GmbH (NIC)” nümayəndəsi Kristian Dolezalın «2011-ci ilin “Nabucco” üçün əsas il olduğunu» bəyan etməsi də təsadüf deyil.
Barrozunun Azərbaycana səfərinin yekununa əsasən demək olar ki, Avropa, nəhayət, sözdən əmələ keçməyə, bu layihənin gerçəkləşdirilməsi istiqamətində real addımlar atmağa qərar verib.
Yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Joze Manul Barrozu «Cənub qaz dəhlizi» haqqında birgə Bəyannaməyə imza atdılar. İnformasiya agentliklərinin məlumatına görə, sənəddə Azərbaycan qazını uzun müddət Avropaya nəql etməyə razılıq ifadə olunub.
Brüssellə Bakı arasında bu qəbildən olan ilk sənədin imzalanması faktının özü göstərir ki, Aİ-nin öz enerji təminatı mənbələrinin diversifikasiyası planında Azərbaycana böyük əhəmiyyət verilir. Bu üzdən də Aİ üçün, ilk növbədə, qaz istehsalçısı və əsas nəql mərkəzi kimi, Bakının zəmanətini almaq vacib idi.
Üstəlik, skeptiklərin çoxdankı proqnozlarının əksinə olaraq, Azərbaycanın resursları kifayət qədərdir; qaz ehtiyatının 2,2 trilyon kubmetr, potensial ehtiyatın da təxminən, bir o qədər olduğu təsdiqlənib. Azərbaycan Dövlət Neft Şirkətinin «Ümid» yatağının aşkarlanması və Xəzərin Azərbaycan sektorunda aparılan digər kəşfiyyat işlərinin yüksək perspektivliliyinə dair açıqlaması da bunun göstəricisidir.
“Bi-Bi-Si” «Cənub qaz dəhlizi» ilə bağlı Bakı Bəyannaməsinin imzalanması ilə bağlı bildirir ki, «Bu, Bakının layihələrdən birinə tam üstünlük verməsi anlamına gəlmir. Çünki Azərbaycanın resurs bazası çox nəhəngdir (2 trilyon kubmetrdən artıq)».
Odur ki, Bakı «Qazprom»la müqavilənin öhdəsindən də asanlıqla gələcək. Xatırladaq ki, həmin razılaşmaya əsasən, 2012-ci ildən Rusiyaya qaz təchizatı artırılmalıdır.
J. Barrozunun Bakı səfərinin Azərbaycanla İran arasında təbii qazın alış-verişinə dair razılaşmanın əsas şərtlərini razılaşdırması ilə eyni vaxta təsadüf etməsi də sanki rəmzi hadisədir. Həmin sənədə əsasən, bu ilin fevralından başlayaraq, Azərbaycan 5 il ərzində İrana qaz nəql edəcək. İlk ildə ixrac olunacaq qazın həcmi 1 milyard kubmetr olacaq. Növbəti illərdə isə onun artırılması nəzərdə tutulub.
Azərbaycanın enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılması yollarını diversifikasiya etməsi onun potensial qaz alıcıları ilə danışıqlardakı mövqeyini möhkəmləndirir. Avropa Komissiyasının Bakı Bəyannaməsini «Cənub qaz dəhlizi» layihəsinin reallaşdırılması, Avropaya enerjidaşıyıcılarının nəqlinin diversifikasiyası yolunda vacib addım adlandırması da təsadüf deyil.
«Financial Times» yazır ki, Bakı Bəyannaməsinin imzalanması “Nabucco” layihəsinin reallaşdırılması istiqamətində ilk siyasi addımdır. Qəzet bildirir ki, indi maraqlı tərəflər Azərbaycanın qaz yataqlarını istismar edən investorlarla Avropaya yanacaq nəqlinə dair kommersiya razılaşmaları bağlamalıdır.
Amma detallı danışıqldara keçməzdən əvvəl, «Cənub dəhlizi» üçün digər potensial qaz təchizatçısı olan Türkmənistandan da zəmanət alınmalıdır. Barrozunun Azərbaycandan Türkmənistana yollanmasının səbəbi də məhz bu idi. Jurnalımızın bu nömrəsi çapa hazırlanan zaman onunla Türkmənistan rəhbərliyi arasında danışıqların nə ilə nəticələndiyi məlum deyildi. Lakin o bəllidir ki, Aşqabad hələ bunadək hasil etdiyi təbii qazın bir hissəsini “Nabucco” borusuna vurmağa hazırdır.
Hələ ötən ilin noyabrında Türkmənistanın vitse-prezidenti Baymurad Xocaməhəmmədov bildirmişdi ki, bu layihə reallaşacağı təqdirdə, Aşqadab Avropaya hər il 40 milyard kubmetrədək təbii qaz nəql etməyə hazırdır: «Ölkənin qərbində qaza olan daxili tələbatı və oradan İrana nəql olunan qazın həcmini nəzərə alsaq, hər il 40 milyard kubmetrədək artıq qazımız qalır. Odur ki, Avropa ölkələri narahat olmaya bilər».
Üstəlik, Aşqabad onu da bildirir ki, Türkmənistan Şərq-Qərb sualtı qaz kəmərinin inşası məsələsində Xəzəryanı tərəfdaşlarının dəstəyini də alıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov isə Barrozunun səfərinə sayılı günlər qalmış Avropanı qazla təmin etməyə hazır olduqlarını bəyan edib. «Bu gün Avropa ölkələrini də qazla təmin etməyə hazırıq», - deyə o bildirib. Prezident Türkmənistan hökumətinə bu il ərzində məsələnin həll edilməsini tapşırıb.
Bu ilin “Nabucco” layihəsi üçün həlledici olub-olmayacağını zaman göstərəcək. Avropanın bu layihənin gerçəkləşdirilməsində qərarlı olduğu isə tam aydındır. Avropa İttifaqı ölkələri qaz təchizatının maksimum diversifikasiyasından son dərəcə maraqlıdır.
«Frankfurter Allgemeine» yazır ki, Avropa Komissiyası Türkmənistan hökumətinin Rusiya tərəfindən «ciddi təzyiq altında olduğunu» düşünür. «Azərbaycandan fərqli olaraq, Türkmənistan ciddi şəkildə Rusiyadan asılıdır», - deyə Almaniya qəzeti yazır.
Türkmənistanın Çinə qaz nəqletmə planları Aşqabadın nəql marşrutlarının diversifikasiyasına, müştərilərinin sayının artırılmasına nail olmaq istəyini göstərir. Bu da Avropa İttifaqının xeyrinə olan daha bir faktordur.
Bakı üçün isə “Nabucco” layihəsinin reallaşdırılması həm də ona görə sərfəlidir ki, bu, Azərbaycanın beynəlxalq arenadakı rolunu daha da artıracaq. Hələlik yalnız «Cənub qaz dəhlizi» məsələsində Bakının deklarativ dəstəyini almış Aİ gələcəkdə təchizat məsələsini konkretləşdirməli və detallaşdırmalı olacaq. Bax, onda Azərbaycan Parlamentinin deputatı Rasim Musabəyovun dediyi kimi, «Brüsseldə Azərbaycanın səsi birmənalı olaraq, daha güclü eşidiləcək», - əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində.
MƏSLƏHƏT GÖR: