25 Noyabr 2024

Bazar ertəsi, 22:39

YETKİNLİK İMTAHANI

Əlverışsiz hava şəraitinə baxmayaraq, Azərbaycan aqrarçıları 2010-cu ili müsbət nəticələrlə başa çatdırıblar

Müəllif:

01.01.2011

İndiyə kimi görünməmiş istilər və daşqınlar bu il məhsul planına yetərincə mənfi təsir göstərə bildi. Ancaq kənd təsərrüfatının  keçən illər ərzində qazandığı müstəqillik, həmçinin, aqrar-sənaye kompleksinin dövlət tərəfindən operativ şəkildə dəstəklənməsi ərzaq bazarını iflasdan real olaraq xilas etdi.  Təbii kataklizmlərə baxmayaraq, ölkə əkinçiləri elə məhsul əldə ediblər ki, bir sıra bitkiçiilk sahələri üzrə, hətta ötənilkindən yüksək göstəricilər əldə olunub (burada taxıl bitkiləri və kartof istisnadır, bu sahələrdə istehsal nəzərəçarpacaq dərəcədə azalıb). 

Beləliklə, Azərbaycanın aqrar ili necə yola salmasına: rəqəmlər, faktlar və proqnozlara  qısaca nəzər salaq. 

 

Taxıl istehsalı 33% azalıb

Taxıl bitkilərinin istehsalının həcminin azalması səbəbləri az deyil. Müəyyən təsiri burada təbii-iqlim şəraitinin pisləşməsi ilə bağlı obyektiv amillər göstərib. Yaz vaxtı Kür və Araz çaylarının daşması nəticəsində 67 731 hektar əkin su altında qalıb ki, bunun 26255 ha.-ı payızlıq buğda və arpa sahələrinin payına düşür. Nəticədə, taxılçılar 968 080 ha sahədən cəmi 1 mln 983 min 811 ton məhsul götürüblər ki, bu da keçənilki rekord taxıl məhsulu göstəricisindən 981 621 ton azdır. Öz növbəsində, istehsal həcmlərinin azaldılması, dünya taxıl birjalarında qiymətlərin qalxması çörək və çörək məhsullarının bahalaşmasına səbəb olub. 

Ölkə hökuməti bu prosesi dayandırmaq üçün əməli tədbirlər görüb: 2011-ci il avqustun 1-i tarixinə kimi ölkəyə idxal edilən buğda və un əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, Azərbaycan 2 mln tondan çox taxıl ehtiyatına malikdir; özü də ölkənin aylıq tələbatı 135 min tona bərabərdir. Beləliklə, bu taxıl gələn məhsul yığımına qədər çatacaq. 

Məhsulun qiymətinin qalxması fermerlərin ərzaq buğdası becərməyə marağının artmasına səbəb olub ki, onlar buğda əkinlərini 654 min ha.-a qədər artırıblar. Bütövlükdə, payızlıq əkinlər üçün 900 min hektar sahə ayrılıb. KTN-nin proqnozuna görə, 2011-ci ildə Azərbaycan 2,5 mln tondan çox taxıl məhsulu əldə edəcək. 

 

Tərəvəzçilik əlverişli sahədir 

Kənd təsərrüfatının başqa sahələrindən fərqli olaraq, Azərbaycanda tərəvəzçilik bütün ilboyu işləyir. Ölkənin istehlak bazarında istənilən mövsümdə təzə pomidor, xiyar, soğan və göyərti almaq mümkündür. Azərbaycanın Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2010-cu ilin 11 ayı ərzində tərəvəzçilər 80 862 ha sahədən 1 mln 178,9 min ton məhsul becəriblər ki, bu da ötən ilin uyğun dövründəki məhsuldan 190 ton çoxdur. 

 31876 ha sahədən 43 min ton bostan məhsulu götürülüb ki, bu da ötənilki məhsuldan 22 min ton çoxdur. 8 500 ha sahədə 57687 ton şəkər çuğunduru becərilib ki, bu da əvvəlki mövsümdəkindən xeyli artıqdır. Bu gün paytaxt bazarlarının, market və supermarketlərin piştaxtaları tərəvəzlə doludur. Məhsul, əsasən, istixana təsərrüfatları inkişaf etmiş regionlardan gətirilir. KTN-nin bitkiçilik şöbəsinin məlumatına görə, yalnız Abşeron rayonunda 4500-dən çox istixana təsərrüfatı fəaliyyət göstərir. Onlar payız-qış aylarında paytaxtı tərəvəzlə tam təmin edir. 

Bu istiqamətdə sürətlə inkişaf edən daha bir sahə kartofçuluqdur. Müstəqillik illərində kartof istehsalının həcmi on dəfələrlə artıb. Bu, Azərbaycan - Hollandiya birgə layihəsinin gerçəkləşdirilməsi hesabına baş tutub; layihə çərçivəsində aqrar islahatın ilk illərindən ölkəyə onlarca yeni kartof sortu gətirilib. Nəticədə, yerli seleksiyaçılar becərilməsi bizim iqlim şərtlərinə uyğun gələn 7 sort holland kartofu seçiblər. Hazırda bu sortlar ölkənin bütün regionlarında əkilir. 

Hər il kartof istehsalı bir milyon tonu keçir və məhsuldarlıq hər hektardan 300-400 sentnerə bərabər olur. Qısa müddət ərzində Azərbaycan kartof idxalçısından ixracatçısına çevrilib. Təsərrüfatların əksəriyyətinə kartofu intensiv üsulla becərirlər. Ancaq bu il ölkənin fərdi təsərrüfatlarının bostanlardan cəmi 953,7 min ton kartof yığıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azdır - quraqlıq öz mənfi təsirini göstərib. 

Bununla yanaşı, tərəvəzin sənaye üsulu ilə emalının həcmi artıb. 2003-cü ildən sonra işə salınmış iri konserv zavodlarından başqa, indi bununla yerlərdə yaradılmış kiçik müəssisələr də  məşğul olurlar. 

 

Üzüm plantasiyaları və meyvə bağları

Respublikanın regionlarında üzüm plantasiyalarının bərpa prosesi davam edir. Bu il ölkə üzümçüləri 1 dekabr 2010-cu ilə kimi 140 min tondan çox süfrə və texniki üzüm sortları yetişdiriblər. Şirəli giləmeyvələrin yığımı davam edir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, ənənəvi üzümçülük rayonlarında kənd sahibkarları bir neç min hektar yeni plantasiyalar salıblar və orada fransız, italyan, moldovan və gürcü üzüm sortlar yetişdirirlər. 

İlk dəfə olaraq Saatlı rayonunda da üzüm yetişdirməyə başlayıblar. İlkin yığımların nəticəsi göstərib ki, bayan-şirə sortunun fidanları ölkənin ənənəvi olaraq pambıq əkilən bu regionuna yaxşı alışıb. Hər il 1000-1500 hektar yeni üzüm sahəsi artır. 

Şirəli giləmeyvələrlə yanaşı, çağdaş yüksək məhsuldarlıqlı avadanlığın istifadəsi ilə şərab istehsalı da uğurla inkişaf edir ki, bu da dünya standartlarına uyğun məhsul buraxmağa imkan verir. Belə ki, Azərbaycan şərabçılarının  məhsulları Berlin və Moskvada keçirilən ənənəvi sərgilərdə medal və diplomlar əldə ediblər. 

Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-Zaqatala, digər regionların bağbanları da bol meyvə və giləmeyvə becəriblər. Qeyd edilən dövrdə 711 min ton meyvə və giləmeyvə yığılıb. Konserv sənayesi müəssisələrində geniş çeşiddə mürəbbə, cem, təbii şirələr istehsalı davam edir. Bütün bu məhsullar xarici mütəxəssislərin və istehsalçıların iştirakçı ilə keçirilən  «Kaspianaqro-2010» beynəlxalq kənd təsərrüfatı sərgi-konfransında geniş təqdim edilib. 

 

Pambıq plantasiyaları bərpa edilir 

Son illər bu sahə elə də xoş günlər yaşamayıb. İldən-ilə pambıq əkinlərinin azalması prosesi gedirdi ki, bu da məhsul yığımına və tədarükünə mənfi təsir göstərirdi. Belə ki, 2008-ci ildə ölkə üzrə 48 min hektar sahədən 52,7 min ton xam pambıq yığılmışdı ki, bu da 2007-ci il səviyyəsindən xeyli aşağıdır. Ənənəvi pambıqçılıq rayonlarında bu məhsulun istehsalı nəzərəçarpacaq dərəcədə azalıb. Bərdə və Sabirabad rayonlarında tədarükün səviyyəsi həddindən çox aşağı düşüb. 

Hazırda pambıq istehsalı keçən illə müqayisədə artıb və zərif pambıq xammalının yığımı  34 min ton təşkil edib. Tədarükün artması pambıqçıların bu qiymətli texnki bitkinin becərilməsinə marağının artması ilə bağlıdır. Bundan başqa, dünya bazarında pambıq lifinin qiyməti, demək olar ki, iki dəfəyə qədər artıb. Bunun nəticəsidr ki, bu texniki bitkinin plantasiyaları genişlənib və bu il 30 min ha.-dan çox olub. Ancaq havaların pis keçməsi, aramsız yağışlar 4 min ha-dan çox sahədə bitkiləri məhv edib. 

Hazırda ən çox məhsul Sabirabad rayonunun pambıqçıları tərəfindən istehsal edilir. Xammal istehsalının üçdəbiri onların payına düşür. Bu il 7 mindən çox məhsul tədarük edilib ki, bu da keçənilki səviyyədən xeyli azdır. Sahələrdən orta  məhsuldarlıq hektarda 10-11 sentner təşkil edib. Məhsuldarlığın azalmasına 2 min hektar əkini məhv etmiş yaz daşqınları, həmçinin, quraqlıq və xəstəliklər təsir göstərib.  Salyan, Neftçala, Sabirabad, Beyləqan və Ağcabədi rayonlarında da pambıq becərilməsi və yığılması ilə bağlı oxşar durum müşahidə edilib. 

 

Çay və tütün: böhran ötüşdü 

Çayçılıq və tütünçülük kimi sahələr artıq böhrandan çıxıb. 1 dekabr 2010-cu il tarixinə yaşıl çay yarpağı istehsalı 530 t, tütün istehsalı isə 3247 t olub ki, bu da 

2009-cu ilin səviyyəsindən xeyli çoxdur.  Bunun nəticəsidir ki, yaxın və uzaq xaric ölkələrinə çay və həmçinin, tütün məhsulları ixracı artıb. Ənənəvi olaraq, yaşıl çay və tütün becərilən regionlarda plantasiyaların genişlənməsi, həmçinin, yaşıl çay yarpaqlarının və tütünün sənaye üsulu ilə emalı üçün özəl şirkətlərin aldığı xammalın tədarük həcmlərinin artırılması üçün səmərəli tədbirlər görülür. Bu məhsulların qiyməti artdıqdan sonar, kəndlilər əkin sahələrini genişləndirirlər. 

 

Heyvandarlıqda artım 

Heyvandarlıq kənd təsərrüfatının dinamik inkişaf edən sahəsidir və bütün ilboyu fasiləsiz işləyir. 2010-cu ildə respublikanın bütün 10 iqtisadi regionunda iri və xırdabuynuzlu heyvanların sayının, ət istehsalının, südün, yumurtanın artımı müşahidə edilib. KTN-dən bildirirlər ki, 9 ay ərzində kəndli həyətlərində ötən illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 1,4%, diri çəkidə ət istehsalı 6,4%, süd istehsalı 7,6%, yumurta istehsalı 0,8%, yun istehsalı 2,5% artıb. İldən-ilə əhalinin heyvandarlıq məhsulları ilə təmini yaxşılaşır. Sonucda heyvandarlıq məhsullarının  idxalının azalması təmin edilir. 

Heyvan sürülərinin keyfiyyətini yaxşılaşdırmaq niyyəti ilə xaricdən produktiv mal-qara almaq üçün bu il 3 mln manat ayrılıb. Respublikiya artıq 1487 baş cins mal-qara gətirilib və ilin sonuna kimi daha 187 baş heyvan gətiriləcək. Beyləqan, Quba, Samux, Şamaxı, Lənkəran rayonlarında cins mal-qaranın qapalı şəkildə saxlanması üçün normal şərait yaradılıb. Əldə edilən damazlıq hesabına əldə edilən produktiv mal-qaranın sayı 2100-ü keçib. 

Beləliklə, əksər ekspertlərin fikrincə, bütövlükdə, ölkənin kənd təsərrüfatı 2010-cu ildə var gücü ilə işləyib və hətta əlverişsiz hava şəraitində məhsul istehsalı həcmlərini artırmağı bacarıb. Deməli, ölkənin ərzaq təminatında problem olmayacaq. 


MƏSLƏHƏT GÖR:

440