25 Noyabr 2024

Bazar ertəsi, 22:53

EFFEKTİVLİK MODELİ

2010-cu ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində müsbət dinamika müşahidə edilib

Müəllif:

01.01.2011

Qlobal maliyyə böhranının mənfi təsirlərini ötüşdürmək qabiliyyəti baxımından, Azərbaycanın iqtisadi modeli postsovet məkanında ən yaxşılardan biri sayılır. Keçən il yüksək  makroiqtisadi sabitliyi qoruyan ölkə hökuməti xarici ticarətdə önəmli müsbət saldo əldə edib, məcmu valyuta ehtiyatlarının həcmini hissediləcək dərəcədə artırıb, ən başlıcası,  vətəndaşların rifahının yaxşılaşmasına nail olub. 

 

Makroiqtisadi sabitlik və müsbət artım 

Hazırda Cənubi Qafqazın iqtisadi potensialının dörddəüçündən çoxu Azərbaycanın payına düşür. Böhrandansonrakı dövrdə Azərbaycanın iqtisadi inkişafının əsas modeli kimi  fəal dövlət iştirakını, maliyyə-kredit bölməsində vəziyyətin lazım olanda və qəza halında tənzimlənməsini, həmçinin, makroiqtisadi sabitliyin qorunması üzrə yetərincə  uğurlu tədbirləri göstərmək olar. Bu cür siyasət iqtisadiyyatın real sektorunun nağd pulla doydurulmasında sağlam balansı təmin edib, həmçinin, başqa tərəfdən, inflyasiyanı minimallaşdırmağa və manatın valyuta məzənnəsinin sabitliyinin təmininə imkan yaradıb. 

Hökumətin böhrandansonrakı siyasətinin başqa bir önəmli meyli isə  paytaxtda və regionlarda əsaslı tikinti layihələrinin artırılması və infrastruktur layihələrinin genişləndirilməsi olub ki, bu da neftdənkənar bölmənin məhsullarının bir hissəsini dövlət sifarişlərinə yönəltməyə imkan verib.  Həmçinin, uzaq və yaxın xaricin yeni bazarlarına sənaye və aqrar ixracatın genişləndirilməsi üzrə stimullaşdırıcı tədbirlər də görülüb. Cari ildə dövlət siyasətinin vacib komponentləri sırasına sosial proqramların genişləndirilməsi və yoxsulluq səviyyəsinin hər şeydən öncə əyalətlərdə azaldılması da daxil olub. 

Böhrandansonrakı dönəmdə dünya iqtisadiyyatının ləng sağlamlaşdırılmasına baxmayaraq, ötən onillikdə olduğu kimi, Azərbaycan cari ildə də iqtisadi artımın müsbət dinamikasını qoruyub-saxlayıb. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2010-cu ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 36,6 mlrd manat təşkil edib ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 4,5%, və ya 1,4 mlrd manat çoxdur. 

Cari ilin doqquz ayı ərzində ÜDM-in məcmu həcminin, təxminən, üçdəikisi 3,4% artım göstəricisinə malik sənayenin payına düşüb, xidmət sektorunda artım templəri isə ümumiyyətlə 6,2%-ə çatıb. Öz növbəsində, neft bölməsində 2,6%, neftdənkənar bölmədə isə 6%-ə yaxın artım qeydə alınıb. Düzü, qeyd etmək lazımdır ki, sənaye artımının strukturunda hələ də məhsulun dörddəüçü hasilat sahəsinin payına düşür. İqtisadi inkişafın adambaşına düşən ÜDM kimi önəmli göstəricisi üzrə də müsbət dinamika müşahidə edilir:  1 dekabr 2010-cu il tarixinə adambaşına ÜDM göstəricisi 3,2% artaraq, 4,096 min manata çatıb. 

Göründüyü kimi, cari ilin sonuclarına görə, bizim ölkənin iqtisadiyytının inkişafı yenə də müsbət olacaq və DSK-nın məlumatına görə, ÜDM artımı 4,8%-lik həddi keçə bilər. 

Xüsusilə də kapitallaşmanın müəyyən qədər ləngidiyi ötən illə müqayisə etdikdə, investisiya sahəsində də müsbət dəyişikliklər  müşahidə edilib. Belə ki, cari ilin yanvar-noyabr aylarında bütün maliyyə mənbələrindən əsaslı kapitala sərmayələr 7,7 mlrd manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki  göstəricidən 15,2% çoxdur.  Diqqətəlayiqdir ki, ötən ildə olduğu kimi, bu il də sərmayələrin, təxminən, dörddəüçü  yerli mənbələrin - əsasən, yerli şirkətlərin, həmçinin dövlət bölməsinin idarə və təşkilatlarının  yatırımları hesabına təmin edilib. 

Dünya üzrə sərmayə fəallığının azalması, dünyanın iri banklarının və donor qurumlarının dəstək ssudalarının ayrılması məsələsinə konservativ yanaşması şəraitində bizim ölkənin öz gücünə arxalanması iqtisadiyyatın mütərəqqi inkişafında önəmli rol oynayır. Özü də yalnız bu il əsaslı tikintiyə, sənaye və nəqliyyat infrastrukturunun inkişafına 3,549 mlrd manat vəsait ayırmış dövlətin artan investisiya fəallığını xüsusi qeyd etmək lazımdır. Son iki çətin ildə məhz bu siyasət ayaqüstə dayanmağa, özəl bölmənin tikinti, servis və başqa sahə şirkətlərini sifarişlə təmin etməyə imkan verib. 

Böhrana yüksək səviyyədə davamlı olduğunu əməli işdə sübut etmiş Azərbaycan iqtisadiyyatının  mütərəqqi inkişafı, bir növ, önəmli həcmlərdə xarici sərmayələri cəlb edən yolgöstərici mayaka bənzəyir. Bunu statistika da təsdiq edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına $37 mlrd.-dan çox xarici sərmayə yatırılıb. Adambaşına düşən xarici sərmayə göstəricisinə görə, Azərbaycan artıq çoxdan və inamla MDB və Şərqi Avropa ölkələri arasında liderdir. Bu ilin on bir ayının nəticələrinə görə, xarici sərmayələrin toplam həcmi illik hesabla  36% artaraq, 1,835 mlrd manata çatıb. Diqqətəlayiqdir ki, xarici sərmayə yatırıcıları arasında birinci yeri əvvəlki kimi, yenə də Böyük Britaniya tutur. Birləşmiş Krallıq 964 mln manat sərmayə yatırımı təmin edib ki, bu da ötən ilin uyğun dövr göstəricisinə baxanda, təxminən, 50% artıqdır. Həmçinin, ABŞ, Norveç və Türkiyə də nəzərəçarpacaq fəallıq nümayiş etdiriblər və onlar bizim iqtisadiyyata 700 mln manata yaxın sərmayə yatırıblar. Cari ildə beynəlxalq maliyyə institularından bizim ölkəyə ən çox vəsait yatıran Dünya Bankı olub - onun yatırımları 63 mln manatdan çox təşkil edib. 

Sərmayələrin strukturunu qiymətləndirərkən qeyd etmək lazımdır ki, cari ildə bütün yatırımların 70%-dən çoxu neftdənkənar bölmənin - sənayenin, elektrik energetikasının, qazpaylayıcı bölmənin, həmçinin, nəqliyyatın, kənd təsərrüfatı və tikintinin payına düşür. Özü də bir sıra istiqamətlər üzrə ikiqat artım müşahidə edilir. Həmçinin, neft bölməsinə yatırımlar da ötənilki göstəricilərdən bir neçə dəfə artıq olub ki, bunu da "bp" şirkətinin və dəniz yataqlarının işlənməsi konsorsiumu üzrə tərəfdaşlarının sərmayə fəallığının güclənməsi ilə izah etmək olar. Həmçinin, ARDNŞ də dəniz yataqlarının istismarına, neft-kimya sektorunun inkişafına  və terminal infrastrukturuna yatırımlarını artırıb. Azərbaycanın iqtisadi artımının önəmli göstəricisi əhalinin rifahının yüksəlməsidir. Belə ki, 2010-cu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 22,7 mlrd manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12% çoxdur. Vətəndaşların maddi rifahının yaxşılaşmasının dolayı təsdiqi kimi, ticarət və xidmətlər sahəsində əmtəə dövriyyəsinin artmasını göstərmək olar. Ötən doqquz ay ərzində pərakəndə ticarət vasitəsilə, demək olar, 11,0 mlrd.-lıq mal satılıb və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,7 mlrd  manata çatıb. Bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə, müvafiq olaraq 8,6% və 10,6% artım deməkdir. 

Eyni zamanda, əhalinin gəlirlərinin artımı və ölkə üzrə istehlak səviyyəsinin yüksəlməsi çox vaxt inflyasiya proseslərinin fəallaşmasına təsir göstərir. Müəyyən mənada bizim ölkə də bundan yaxa qurtara bilməyib. Neftdənkənar bölmə üçün daha ağır olan keçən il vəsaitlərə hər yerdə - həm korporativ, həm də fərdi qaydada qənaət edilməsi ilə yadda qalıb. Bu proseslərin nəticəsidir ki, son on il üzrə ən aşağı inflyasiya səviyyəsi qeydə alınıb və o, 1,5%-i ötməyib. Cari ilin doqquz ayı ərzində bu göstərici üçfaizlik həddi bir qədər ötərək, 5,3%-ə çatıb. Buna görə də hazırda hökumətin cari il və gələn illər üzrə başlıca prioriteti inflyasiyanın azaldılması üzrə kompleks tədbirlərin vacibliyidir. Bu istiqamətdə ilk addımlar Mərkəzi Bank (AMB) tərəfindən atılıb və o, təkrar maliyyələşdirmə üzrə üçot dərəcəsini 2%-dən 3%-ə qaldırıb ki, bu da ölkənin pul kütləsinin təzyiqini bir qədər balanslaşdırmalıdır. 

 

Profisitli xarici ticarət 

Cari ildə ölkəmizin iqtisadi uğurlarının vacib komponetlərindən biri də xarici ticarətin dinamik inkişafı olub. Dövlət Gömrük Komitəsinin (DGK) göstəricilərinə görə, cari ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 36%-ə qədər artaraq $25,1 mlrd.-dan çox olub. Ticarət əməliyyatlarının böyük bölümü karbohidrogen ixracatının payına düşüb ki, onun da qiymətləri il ərzində nəzərəçarpacaq səviyyədə artıb. Əlverişli bazar konyukturası hesabına il ərzində ölkəmiz $19,4 mlrd.-lıq müsbət saldoya nail olub.  

Bu il Azərbaycanın ticarət tərəfdaşları sırasında 145 ölkə yer alıb ki, onların arasında ixrac üzrə liderlik İtaliyanın payına düşür. Daha sonra Fransa, İsrail və ABŞ gəlir. Bu siyahıda beşinci yeri gözlənilmədən Ukrayna tutub; ilin əvvəlindən Azərbaycan bu ölkəyə neft ixracatını ciddi səviyyədə artırıb. Ölkəyə mallar, əsasən, Rusiyadan, həmçinin Türkiyə, Almaniya, Çin və Ukraynadan idxal edilir. Maraqlıdır ki, bu ilin yazında və yayında bizim ölkə öz tarixində ilk dəfədir, MDB dövlətləri ilə ticarətdə müsbət saldoya nail olub. 

Diqqətəlayiq daha bir fakt var: son on beş il ərzində ölkəmiz öz karbohidrogen xammalını, əsasən, Avropa, ABŞ və MDB bazarlarına göndərib, amma keçən ildən başlayaraq bu istiqamətlər sırasına Cənub-Şərqi Asiya da daxil olub. Belə görünür ki, tezliklə Asiya istiqaməti bizim ölkənin xammal ixracının dörddəbirini özündə cəmləşdirə bilər. 

Neft sərvətimiz əvvəlki kimi, yenə də ölkənin iqtisadi inkişafının bünövrəsində dayanır və Azərbaycan ildən-ilə yataqların istismarını genişləndirir. Belə ki, bu ilin on bir ayı ərzində ölkəmiz neft hasilatını 1,6% artıraraq, 47,103 mln tona çatdırıb. Özü də xaricdə satılmış karbohidrogen xammalından əldə edilmiş vəsaitlərin önəmli hissəsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərində saxlanılır, Milli Bank tərəfindən də böyük həcmdə qızıl-valyuta ehtiytaları toplanır. Belə ki, cari ilin üç rübünün yekunlarına görə, ölkənin əsas rezerv orqanı olan ARDNF valyuta gəlirlərinin 9,578 mlrd manatlıq artımını təmin edib. Nəticədə, oktyabrın ilk ongünlüyünə bu qurumun məcmu aktivləri ilin əvvəli ilə müqayisədə 45,8% artaraq, $21,721 mlrd.-a çatıb.  

Bu çoxdur, yoxsa az? Nəzərə alaq ki, ARDNF yaranan zaman onun aktivləri cəmi $271 milyona bərabər idi və keçən 10 il ərzində onun həcmi 80 dəfədən çox artıb. Özü də son üç il ərzində vəsaitlərin on dəfə artmasına nail olunub. 2008-ci ildə fond onmilyardlıq həddi keçib və iki ildən sonra yığılmış vəsaitlərin həcmi $20 mlrd.-ı ötüb. ARDNF rəhbərliyinin qiymətləndirməsinə görə, fondun xərclərinin və xam neftin qiymətinin indiki səviyyəsi saxlanarsa, qarşıdan gələn beş il ərzində fondun aktivləri $50 mlrd.-a qədər artacaq.  

AMB də ölkənin pul ehtiyatlarının formalaşmasında hissediləcək uğurlara nail olub. Cari ilin noyabr ayının sonuna kimi qurum tərəfindən $6,079 mlrd toplanıb ki, bunun da  17,7%-i və ya $917 mln.-u bu il əldə edilib. Gözlənilir ki, bu ilin sonuna ölkənin toplam (ARDNF və AMB-nin birgə topladığı) qızıl-valyuta ehtiyatları $30 mlrd.-a çatacaq.  Bu, ölkənin xarici borcunu üç dəfə ötür və lazım olsa dörd ildən çox müddətə ölkə idxalını qarşılaya bilər. 

Bir sözlə, bu tutarlı vəsait yığımı ölkə iqtisadiyyatının inkişafını dünya bazarlarında xammal qiymətlərinin çalxalanmasından asılı olmayaraq təmin etməklə yanaşı, həm də ölkənin gələcək nəsilləri üçün strateji ehtiyat rolunu oynayır. 


MƏSLƏHƏT GÖR:

318