14 Mart 2025

Cümə, 20:58

SƏSSİZ BARIŞIQ FONUNDA

Lukaşenko Moskva ilə barışdı, yenidən prezident oldu və Qərblə münasibətlərini yenidən korladı

Müəllif:

01.01.2011

Belarusda dekabrın 19-da keçirilmiş prezident seçkisinin nəticəsini gözlənilməz adlandırmaq çətindir. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına əsasən, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkidə səslərin 79,65%-ni toplamaqla qalib gəlib.

İkinci yerdə «hamının əleyhinə» bəndi, yəni «heç kəs» gəlir - 6,47%.

Fiziki şəxslərdən isə ikinci pilləni «Avropa Belarusu» vətəndaş kampaniyasının lideri Aleksandr Sannikov tutub. Ona seçicilərin 2,41%-i səs verib. 

«Həqiqəti danış!» vətəndaş kampaniyasının lideri Vladimir Neklyayev üçüncü olub. Sonrakı yerlərdə Birləşmiş Vətəndaş Partiyasının sədr müavini Yaroslav Romançuk (1,97%), BNF partiyasının sədr müavini Qriqori Kostusev (1,97%), «Belarus xristian demokratiyası» partiyasının namizədi Vitali Rımaşevski (1,1%) və digər namizədlər gəlirlər (ümumilikdə, seçkilərdə 10 namizəd iştirak edib).

Seçkidə səsvermə hüququ olan seçicilərin 90,4%-i məntəqələrə gəlib. Bildirilir ki, Vitebsk vilayətinin sakinləri daha fəal olublar (93,1%). Minskdə isə seçici fəallığı 83,6% təşkil edib.

Belarus müxalifəti də seçkidə fəallıq nümayiş etdirib. Müxalifət təmsilçiləri məğlubiyyətlərini etiraf etməkdən qəti şəkildə boyun qaçırıb. Xüsusilə Vladimir Neklyayev və Andrey Sannikov MSK-dan ilkin səsvermənin nəticələrinin ləğvini tələb edib. 

Qeyd edək ki, ilkin səsvermədə Belarus seçicilərinin düz 23%-i səs verib.

Bütün bunların sonunda müxalifətin bir neçə min tərəfdarı dekabrın 20-də Minsk küçələrinə çıxıb, Hökumət evinin ələ keçirilməsinə bir neçə cəhd edib.

Müxalifətçilərin iddiasına görə, Belarus milisi onların aksiyasını dağıtmaq üçün dəyənəklər və səs qumbaralarından istifadə edib. Yaroslav Romançuk «Exo Moskvı» radiosuna açıqlamasında deyib: «Milisin Minskin mərkəzində keçirilən aksiyanı dağıtması nəticəsində çox sayda insan yaralanıb».

Hökumət isə bildirir ki, dekabrın 20-si gecə baş vermiş toqquşmaya yaşı 20-yə çatmamış yeniyetmələri küçələrə çıxarmış müxalifətçilər səbəb olub. Milisin dağılışmaq təklifinə cavab olaraq, onlar «asayiş keşikçilərinə müqavimət göstərib» və nəticədə 30 milis xəsarət alıb.

Toqquşmalar nəticəsində, ümumilikdə, 639 nəfər saxlanılıb (onlardan 9-u Rusiya vətəndaşıdır). Saxlanılanların əksəriyyəti barəsində 15 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarılıb və onlar böyük məbləğdə cərimə olunublar. On prezidentliyə namizədin altısının da qolları qandallanıb (Vladimir Neklyayev, Andrey Sannikov, Qriqori Kostusev, Vitali Rımaşevski, «Müasirlik uğrunda» ittifaqının təşkilatçısı Aleksey Mixaleviç, Belarus Sosial-Demokrat Partiyasının yaradılması üzrə təşkilat komitəsinin rəhbəri Nikolay Statkeviç). Onların əksəriyyətinə qarşı prezident seçkisi günü kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb. Belarus Cinayət Məcəlləsinin 239-cu maddəsinin 1 və 2-ci bəndinə əsasən, onları 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

«Əminəm ki, hər kəs öz əməlinə, fəaliyyətinə və roluna görə layiq olduğu cəzanı alacaq. Heç kəs cəzasız qalmayacaq. Pis əməl cəzasız qalmamalıdır», - deyə Belarusun daxili işlər naziri Anatoli Kuleşov bildirib.

Daxili İşlər Nazirliyi həbs olunmuş şəxslər haqqında sutka ərzində məlumat almaq üçün telefon nömrələri açıqlayıb. Minks Dövlət Daxili İşlər İdarəsi mətbuat xidmətinin rəhbəri Aleksandr Lastovski «Exo Moskvı» radiosuna müsahibəsində bildirib ki, tutulanların bütün hüquqları qorunur və onlar yaxşı şəraitdə saxlanılır.

Yeri gəlmişkən, həbs olunmuş şəxslər arasında jurnalistlər də olub. Bunlar «Novaya qazeta»nın Minsk müxbiri İrina Xalip (Andrey Sannikovun xanımı), «Xartiya-97» saytının redaktoru Natalya Radina, Sankt-Peterburqun «Moy rayon» qəzetinin fotomüxbiri Aleksandr Astafyevdir.

Müxalifətin Minskdə keçirdiyi aksiyası zamanı jurnalistlər, obrazlı desək, hirsli milisin əlinin altına düşüblər. «RBK xəbər verir ki, Belarus paytaxtının mərkəzində «Russia Today» telekanalının çəkiliş qrupunun üzvləri də döyülüb. Bundan başqa, REN TV-nin müxbirinin, yuxarıda adı çəkilmiş «Novaə qazeta»nın əməkdaşının, həmçinin, «The New York Times» qəzetinin müxbiri və fotoqrafının da döyüldüyünə dair xəbərlər mövcud olub.

Bildirilir ki, Belarus müxalifətinin sıralarında ciddi parçalanma da var (yerli müşahidəçilər isə onların arasında ciddi birliyin heç zaman olmadığını bildirir).

Birləşmiş Vətəndaş Partiyasının sədr müavini, prezidentliyə namizəd Yaroslav Romançuk Minskdə kütləvi aksiyaları təşkil edən alternativ namizədlərin bu addımını pisləyib. O bildirib ki, məhz müxalifət namizədlərinin bu addımı hökumətə «bütün siyasi partiyaları və demokratiya cücərtilərini silib-süpürmək üçün bəhanə verib».

Kiçik və Orta Sahibkarlıq Assosiasiyası Şurasının rəhbəri, prezidentliyə namizəd Viktor Tereşşenko da etiraz aksiyalarından imtina edib, Hökumət evinə hücumun hələ 10 gün əvvəldən planlaşdırıldığını bildirib. 

Daha bir namizəd baş verənləri pisləyib. Söhbət sahibkar Dmitri Ussdan gedir.

Yeri gəlmişkən, saxlanılmış prezidentliyə namizədlər arasında nə Tereşşenko, nə də Uss var.

Hələ seçkidən əvvəl Lukaşenkonun rəqibləri vahid namizədlə bağlı razılığa gələ bilməmişdilər. Bu rola fəal iddiaçı olan Vladimir Neklyayev, Vitali Pımaşevski və Andrey Sannikov öz aralarında liderliyi bölüşdürə bilmədilər. Və bu, onların əsas taktiki səhvi oldu.

Aleksandr Lukaşenko isə hakimiyyətə aydın və qəbuledilən təkliflər verə biləcək müxalifətlə əməkdaşlığa hazır olduğunu bildirirdi, hətta Romançukla görüş də keçirmişdi. O da öz növbəsində bildirirdi ki, «kifayət qədər səlahiyyət və kadr siyasətində geniş imkanlar alarsa, hakimiyyətlə dialoq mümkündür».

Digər müxalifətçilərə gəlincə, Lukaşenko bu işdə məşhur WikiLeaks saytının sahibi Culian Assanc kimi davranmağa qərar verərək, onlar haqqında «ifşaedici» materiallar dərc etdirirdi. Sənədlərdə müxalifətçilərin Qərbdəki himayədarları ilə əlaqələri açıqlanırdı. Söhbət, ilk növbədə, onların aldığı maliyyə dəstəyindən gedirdi.

Maraqlı məqamlardan biri də seçkini müşahidə edən qrupların mövqelərindəki fərqlərdir. Məsələn, MDB-dən olan müşahidəçilər seçkinin şəffaf və demokratik keçirildiyini elan edib. «Biz bu seçkini açıq, seçki qanunvericiliyinə və ümumi demokratik normalara uyğun seçki sayırıq», - deyə MDB-nin İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev bildirib. O deyib ki, Minskdə baş vermiş kütləvi iğtişaşlar zamanı milisin fəaliyyəti tamamilə qanuni olub, çünki «seçkinin nəticəsinə legitim etiraz etmək formaları var». Lebedev hesab edir ki, bu yol «müvafiq orqanlara müraciət» etməkdir: «Etiraz aksiyaları isə keçirilsə belə, onlar dincxarakterli olmalıdır».

Lebedevin fikrincə, prezidentliyə bəzi namizədlər «açıq şəkildə gənclərin etirazçı əhvalından istifadə edib». Bununla yanaşı, o, «kütləvi iğtişaşların baş verdiyi Parisdə, Londonda, Afinada hüquq-mühafizə orqanlarının Minskdəki ilə müqayisədə daha sərt davrandığını da əlavə edib».

Belarusda 2008-ci ilin sentyabrında keçirilmiş parlament seçkisini də sərt tənqid etmiş Avropadan olan müşahidəçilər isə Lukaşenkonun növbəti müddətə prezidentliyinin legitimliyini tanımayıb. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbəri Gert-Haynrix Arens bildirib ki, Lukaşenko seçkidə inzibati resurslardan istifadə edib, bundan başqa, ilkin seçkinin gedişində və səslərin sayılmasında pozuntulara yol verilib.

ABŞ və Aİ ölkələri də Belarusda keçirilmiş prezident seçkisinin nəticəsini tanımayıb və Minsklə yaxınlaşma prosesinin dayandırıldığını bəyan edib. ABŞ dövlət katibinin köməkçisi Filipp Kroulinin sözlərinə görə, bundan sonra sözügedən prosesi «Belarus hökumətinin insan haqlarına və demokratiyaya hörmətindən asılı olacaq». 

Vaşinqton və Brüssel Belarusu dekabrın 20-də Minskdə keçirilmiş etiraz aksiyası zamanı saxlanılanların hamısını azad etməyə çağırıb.

Amerikaınn nüfuzlu “Freedom House” hüquq-müdafiə təşkilatı ABŞ və Aİ-nin Belarusda keçirilmiş prezident seçkisi ilə bağlı vahid mövqe nümayiş etdirməsini alqışlayıb. O, Vaşinqton və Brüsseli Minskə qarşı 2008-ci ildən dayandırılmış sanksiyaların bərpasına çağırıb.

Rusiyanın baş verənlərə reaksiyasına gəlincə, o, özünü son dərəcə nəzakətli aparıb. Lukaşenko seçkiyə bir neçə gün qalmış hansı yollasa Kremlə «yol» tapa bilmiş və Minsklə Moskva arasında sakit barışıq əldə edilmişdi. Rusiya ilə Belarus arasında, hətta siyasi və diplomatik etikadan çıxmış qalmaqalların bir neçə ay davam etməsindən sonra münasibətlər, demək olar ki, səs-küysüz və təmtəraqsız şəkildə bərpa olundu.

Cəmi bir müddət əvvəl qarşılıqlı çirkin kompromatlardan istifadə edən Moskva və Minsk, qəflətən Rusiya karbohidrogenlərinin Belarus ərazisindən nəqli ilə bağlı yaranmış ziddiyyətləri də aradan qaldırdı.

Bundan cəmi bir neçə gün sonra Belarus Parlamenti Rusiya və Qazaxıstanla vahid iqtisadi məkanın yaradılmasına dair razılaşmanı ratifikasiya etdi. Ekspertlərin hesablamalarına görə, Moskva ilə əldə edilmiş sülh Belarus büdcəsinə 3-4 milyard dollar gəlir gətirəcək (Rusiya neft və qazının vergisiz nəqli nəticəsində).

Şübhəsiz ki, Rusiya Gömrük ittifaqı və Vahid iqtisadi məkanı, həmçinin KTMT-ni xilas etmək üçün Belarusa güzəştə gedib. İndi Minskin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi məsələsinə necə yanaşacağını izləmək daha da maraqlıdır.

«Die Welt» yazır ki, bütün bunlarla yanaşı Belarus ən çox borcu olan ölkələrdən biri kimi qalır. 2011-ci ildə o, kreditlərə görə yüksək faizlər ödəməlidir. 2,5 ay əvvəl Aİ Minsklə siyasi-iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduğunu, viza rejimini yüngülləşdirməyin, həmçinin bu ölkəyə ciddi maliyyə yardımının ayrılmasının mümkünlüyünü açıqlamışdı. Amma indi Lukaşenko güman ki, bu dəstəyə bel bağlaya bilməz.

Ali iqtisad məktəbinin təmsilçisi Andrey Suzdalsev düşünür ki, Belarus üçün ən çətin dönəm 2012-ci ildə Rusiyanın yeni boru kəmərini istismara verdiyi zaman yetişəcək. Qeyd edək ki, həmin kəmər Belarusdan yan keçməklə, Rusiyanın Baltikdəki Ust-Luq limanına gedəcək. Bu kəmərin çəkilişi ilə, Rusiyanın, faktik olaraq, Belarusdan cüzi asılılığı belə qalmayacaq. Təbii ki, bundan sonra Moskva artıq tamam fərqli siyasət yürüdə biləcək. 

Hər halda, Kremllə Lukaşenko arasında barışığa baxmayaraq, onların əvvəlki tərəfdaş münasibətlərinin bərpasına heç kəs inanmır.

Amma istənilən halda, Belarusdakı seçki və onun nəticəsinə necə yanaşılmasından asılı olmayaraq, Aleksandr Lukaşenko istəyinə nail oldu və 4-cü dəfə prezident seçildi. 

Onun inauqurasiyası fevralın 19-na təyin edilib.


MƏSLƏHƏT GÖR:

459