
RUSİYADA YAŞAMAQ KİMLƏRƏ XOŞDU?
Ultramillətçi əhval-ruhiyyə rusiya cəmiyyəti üçün böyük təhlükədir
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Rusiyanın qızılkünbəzli paytaxtı Moskva Sovet İttifaqından qalmış nəsil üçün həmişə əzəmət, fəxr rəmzi olub və bu, o dövrün bir çox mahnılarında da əksini tapıb. Moskva dünyanın ən nəhəng və gözəl şəhərlərindən biri, iqtisadi və mədəni inkişafın mərkəzidir. O, hər zaman müxtəlif millətlərdən, xalqlardan və dinlərdən olan çoxsaylı insanlar üçün cəlbedici olub və olacaq da.
Təəssüf ki, zaman keçdikcə Rusiya paytaxtında ksenofobiya virusu artmağa başlayıb və bu, rusları "yad" millətlərə, mədəniyyətlərə və sivilizasiyalara qarşı qaldırıb. İndi bu əhval zəncirvari olaraq, ölkənin digər böyük şəhərlərinə də yayılır. Dekabrın ikinci rübündə Moskvada baş verən hadisələr bir daha açıq şəkildə göstərdi ki, ruslar, xüsusilə gənclər arasında mövcud olan millətçi əhval-ruhiyyə Rusiya cəmiyyəti üçün böyük təhlükədir.
Rusiya paytaxtında son dəfə belə qarşıdurmu 2002-ci ildə baş vermişdi. O zaman ölkənin futbol üzrə milli komandasının Yaponiyada keçirilən mundialdakı uğursuz çıxışından sonra fanatlar Manej meydanında əsl qırğın törətmişdilər. Amma o zaman həmin şəxslərin hədəfi dekorasiyalar, monitorlar, avtomobillər və təsadüfən həmin ərazidən keçən avtomobillər idisə, bu dəfə qurban kimi bilavasitə insanlar seçildi. Söhbət Qafqazdan, Asiyadan olan şəxslərdən və ümumiyyətlə, "qeyri-slavyan" görü-nüşündəki insanlardan gedir.
Ölkədə ultramillətçi əhvalın yenidən püskürməsinə "Spartak"ın azarkeşi Yeqor Sviridovun qətli səbəb oldu. O, Moskva klubunun azarkeşləri ilə Dağıstandan və Kabardin-Balkardan olan şəxslər arasındakı kütləvi dava zamanı öldürülüb. Azarkeşin qətlində şübhəli bilinən A.Çerkesov həsb olunsa da, bu, Y.Sviridovun yoldaşlarını sakitləşdirməyib. Bunun səbəblərindən biri də qətllə əlaqədar tutulmuş daha 3 qafqazlının ölkəni tərk etməmək iltizamı alındıqdan sonra sərbəst buraxılmasıdır.
Belə "ədalətsiz" qərardan hiddətlənmiş minlərlə futbol azarkeşi dekabrın 7-də dəstələrlə küçələrə çıxaraq Leninqrad şosesini bağladı. Daha sonra dekabrın 11-də qafqazlılara və "qeyri-slavyan" görünüşünə malik şəxslərə hücumlarla müşayiət olunan iğtişaşlar Moskvanın Kronştadt bulvarı və Manej meydanını bürüdü. Beysbol ağacları və armaturlardan istifadə ilə baş verən davada onlarca insan xəsarət aldı, ən azı, 1 nəfər həlak oldu. İnformasiya agentliklərinin məlumatına görə, o, milliyyətcə qırğızdır.
"Qeyri-slavyan" görünüşlü şəxslərə qarşı "cəza aksiyası"nın təşkilində Qeyri-leqal immiqrasiya əleyhinə hərəkatın üzvləri də fəal şəkildə iştirak edib. Qeyd edək ki, 2009-cu ilin aprelində yaradılmış hərəkatın lideri tanınmış millətçi-şovinist Aleksandr Belovdur (Potkin). Akasiyada fəal iştirak etmiş digər təşkilat Dmitri Demuşkinin rəhbərlik etdiyi "Slavyan qüvvəsi"dir.
"Bayquş" (Rusiyada ksenofobiya halları ilə bağlı monitorinq aparır) hüquq müdafiəsi təşkilatının direktor müavini Qalina Kojevnikovanın sözlərinə görə, azarkeşlərin sırasında ultramillətçi təşkilatların üzvləri uğurla özlərinə yer edib, azarkeşlər də məhz belə təşkilatların liderləri tərəfindən qızışdırılıb. "Aleksandr Belov, az qala, açıq şəkildə silahlı hücuma çağırırdı. Açıqlanan mətni başqa cür qəbul etmək mümkün deyil. Manejdə milislə danışıqlar aparan əsas şəxslər ultrasağçı hərəkatların liderləri Tor və Demuşkin olub. Onların fanat hərəkatına nə aidiyyatı var? Onlar həmin yerə öz yaraqlılarını gətirmişdilər", - deyə rusiyalı hüquq müdafiəçisi Q.Kojevnikova bildirib.
Onun fikrincə, indi Rusiya milisi rus millətçilərindən söhbət gedən zaman məsələyə əvvəlkitək ciddi cəhdlə yanaşmır: "Bir şeyi də anlamıram: "Slavyan ittifaqı"nın fəaliyyətinə rəsmən qadağa qoyulduqdan sonra o, fəaliyyətini "Slavyan qüvvəsi" adı ilə davam etdirir. Hüquq-mühafizə orqanları isə özünü elə aparır ki, sanki heç nə baş vermir".
Yeri gəlmişkən, Moskva Dövlət Daxili İşlər İdarəsinin rəhbəri V.Kolokolsev də etiraf edib ki, hüquq-mühafizə orqanları paytaxtda mümkün iğtişaşlar və qarışıqlıq haqda əvvəlcədən xəbərdar olunubmuş. Amma millətçilərdən ibarət çoxminlik kütlə asanlıqla Kremlə yaxınlaşıb, küçələrdə heç bir məhdudiyyətlə üzləşmədən, qarşılarına çıxan insanları döyüb, daha sonra iğtişaşları metroda davam etdirib.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, milis əvvəlcə passiv mövqe tutub, əslində razılaşdırılmamış yürüşün mühafizəsilə məşğul olub. Halbuki, yürüşün iştirakçıları aksiya boyunca "Rusiya ruslar üçün!", "Ruslar, irəli!" kimi şüarlar səsləndiriblər. Asayiş keşikçiləri prosesə yalnız şəxsən onların özlərinə qarşı aqressiv əməllərə əl atdıqdan sonra müdaxilə edib. Maraqlıdır ki, hüquq-mühafizə orqanları saxlanılanların milis işçilərinin qanuni tələbinə məhəl qoymadıqları üçün inzibati məsuliyyətə cəlb ediləcəklərini bildiriblər. Halbuki, Rusiya Cinayət Məcəlləsində millətlərarası düşmənçiliyi qızışdırmağa görə, konkret ağır cəzanı nəzərdə tutan maddə var.
Yalnız Rusiya Prezidenti Dmitri Medvedevin ultramillətçilər və ekstremistlərlə sərt davranılacağını bəyan etməsindən sonra hüquq-mühafizə orqanları mümkün cinayət işi haqda danışmağa başlayıb. "Moskvadakı son hadisələr - iğtişaşlar, insanlara hücumlar cinayət kimi qiymətləndirilməli, onları törətmiş şəxslər cəzalandırılmalıdır. Ölkədə və Moskvada hər şey nəzarətdədir. Bu əməllərdə əli olan hər kəslə haqq-hesab çəkiləcək. Hər kəslə! Buna şübhəniz olmasın", - deyə D.Medvedev bildirib. Analitiklərin fikrincə, bu göstərir ki, problem yalnız hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyində yox, həm də ölkə rəhbərliyinin siyasi iradəsindədir.
Yeri gəlmişkən, bəzi ekspertlər və KİV baş verənlərə Rusiya prezidentilə baş nazirinin yanaşmasında ciddi fərqin olduğunu bildirir. Onlar V.Putinin baş verənlərə ilk dəfə hadisələrdən düz 10 gün sonra reaksiya verməsinə diqqət çəkir. Ekspertlərin fikrincə, prezidentdən fərqli olaraq, baş nazir hadisələrə bir qədər ikibaşlı münasibət bildirib. "Ekstremistləri mənbəyindən asılı olmayaraq, bütün tərəflərdən sıxmaq lazımdır", - deyə Putin bildirib və dərhal da təhlükəsizlik qüvvələrinin fəaliyyətinin qanuniliyinə şübhə edən şəxslərə sərt xəbərdarlığını çatdırıb: "Rusiya çoxmillətli və çoxdinli dövlət kimi qurulub. Bizim dinimiz pravoslav xristianlıqdır". Digər qrup ekspertlər Putinin millətçiliyə şübhəli yanaşmasını onun qətlə yetirilmiş "Spartak" azarkeşinin məzarını ziyarət etməsində görür. Bununla yanaşı, baş nazir imiqrantlar, yaxud Rusiya millətçilərinin əlindən əziyyət çəkən digər xalqların nümayəndələri haqqında heç bir fikir səsləndirməyib. "Vladimir Putinin fanatlarla presedenti olmayan, kifayət qədər mübahisəli görüşünə diqqət etmək olar. O, bunun ardından Moskvadakı Qafqaz diasporunun nümayəndələrilə səs-küylü, açıq heç bir görüş keçirməyib və "qeyri-slavyan" görünüşlü şəxslərin döyülməsinə, təhqir olunmasına və buna yol verənlərin cəzasız qalmasına görə, heç kəsdən üzr istəməyib", - deyə "Praym-TASS" bununla əlaqədar olaraq yazır.
Bəzi şərhçilərin fikrincə, Rusiya baş nazirinin, məsələn, ultramillətçilərin öldürdüyü qırğızın da xatirəsini yad etməsi daha ədalətli və ya məqsədyönlü olardı.
Dekabrın 15-də Moskvanın Kiyev vağzalının yaxınlığında yerləşən "Avropa" ticarət mərkəzinin qarşısında baş verənlər daha bir maraqlı məqamı üzə çıxarıb. Məlumatlarda bildirilirdi ki, həmin gün vağzalın qarşısında rus millətçilərlə qafqazlılar arasında toqquşma olacaq. Ədalət naminə qeyd etmək lazımdır ki, bu dəfə hüquq-mühafizə orqanları məsələyə vaxtında və opretativ reaksiya verdi və nəticədə kütləvi dava və iğtişaşların qarşısını almaq mümkün oldu. Həmin gün milis 1200-dək insanı həbs etdi. Amma bir məsələ maraqlıdır: saxlanılanların əksəriyyəti qeyri-slavyanlar idi.
Bundan başqa, bir qədər sonra məlum oldu ki, Rusiya milisinin 3 zabitinə "Xidmətdə igidliyə görə" medalı verilib və onlar bu mükafatı "həyatlarını riskə atmaqla" "Cənub-qərb" metrostansiyasında 12 qafqazlını həbs etdikləri üçün qazanıblar. Amma nədənsə dekabrın 11-də Manej meydanında həyatlarını riskə ataraq azğınlaşmış millətçilərin qarşısını almış milislər, xüsusi təyinatlılar yada düşməyib. Üstəlik, həmin hadisələr zamanı vəhşi kütlə onlarca milis əməkdaşını da yaralamışdı.
Bu təsadüfdürmü? Yəqin ki yox.
O da maraqlıdır ki, son hadisələrlə əlaqədar olaraq, Rusiya Prokurorluğu yanında İstintaq komitəsi daha çox yüngül maddələrlə cinayət işləri qaldırılıb (döymə, sağlamlığa yüngül xəsarət yetirmə və s). Bu zaman millətlərarası nifaq yaratmaq kimi maddələr unudulub və saxlanılanlar bir müddət sonra azadlığa buraxılıblar.
Bu, faktik olaraq cəzasızlıq anlamına gəlir, həm də prokurorluqda necə düşünülməsindən asılı olmayaraq, ultramillətçi qüvvələri daha da şirnikləndirir. Bəlkə də vaxtilə Sankt-Peterburqda tacik qızını qətlə yetirmiş skinhedlərin, yaxud "qeyri-ruslar"a qarşı düşmənçilikdən irəli gəlmiş digər cinayətlərə əl atmış şəxslərin elə məhkəmə zalından azadlığa buraxılması faktı olmasaydı, bugünkü hadisələr də yaşanmazdı. Digər tərəfdən, Rusiyanın qeyri-rus sakinləri prokuror və hakimlərin ekstremizm faktını inkar etdiyini, baş verənlərin adi "məişət pozğunluğu" kimi qiymətləndirdiyini görürsə, bu, onlarda hansı münasibəti yaradacaq?
Ultramillətçilərin fəallığının liberal əhval-ruhiyyəli siyasətçilərə silahlı hücumlara aparıb çıxarması da təəccüblü olmayacaq. Bəlkə də istintaqın Anatoli Çubaysa sui-qəsdlə bağlı araşdırmanın bərpasına Moskvadakı dekabr toqquşmalarından dərhal sonra qərar verməsi də bununla bağlıdır.
Dekabrın 24-də Moskvanın Lefortovo məhkəməsi Baş Kəşfiyyat İdarəsinin istefada olan polkovniki Vladimir Kvaçkovun həbsinə order verib. Qeyd edək ki, o, əvvəllər "ekstremist baxışlar və düşmənçilik" zəmnində Çubaysa qarşı sui-qəsddə günahlandırılırdı. Lakin ötən ilin avqustunda məhkəmə tərəfindən bəraət almışdı. İndi Kvaçkov Rusiya Cinayət Məcəlləsinin "Terror fəaliyyətinə dəstək", "Silahlı qiyama hazırlıq" maddələrilə ittiham olunur.
İstənilən halda, son proseslər, həmçinin Rusiya prezidentinin Dövlət Şurasının iclasındakı bəyanatı göstərir ki, D.Medvedev peşəkar hüquqşünas kimi anlayır ki, vaxtilə rasizm və neonasizm zəmnində baş vermiş cinayətlər "məişət halı" kimi təqdim olunmasaydı, son hadisələr də yaşanmazdı.
Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, Rusiyadakı son olaylar bəlkə də müəyyən siyasi dairələr tərəfindən təxribat məqsədilə təşkil olunub. Söhbət bu addımı öz şəxsi maraqları üçün ata biləcək həm daxili, həm də xarici siyasi dairələrdən gedir. Bu fikirlərlə razılaşmamaq mümkün deyil.
2011-ci ildə Rusiyada növbəti parlament seçkisi keçiriləcək və müəyyən qüvvələrin, ilk növbədə, Rusiya Liberal-Demokrat Partiyasının bu əhval-ruhiyyədən öz xeyrinə istifadə etməyə çalışması tamamilə mümkündür. Bu kartdan istifadə etməklə çoxmillətli Rusiyanın özülünə zərbə vurmaq istəyən xarici qüvvələr də az deyil.
Bu gün isə artıq bəllidir ki, Moskvadakı hadisələr, həmçinin ölkənin digər şəhərlərində demək olar ki, paralel keçirilən rus marşları təbii şəkildə baş vermir. Üstəlik, bu dəfə rus radikal-millətçiləri yalnız qastarbayterlərə qarşı deyil, həm də qeyri-rus millətindən olan Rusiya vətəndaşlarına qarşı çıxır. Yəni Rusiya risk qarşısındadır, S.Hantinqton nəzəriyyəsinə əsasən, o, sivilizasiyaların toqquşması uçurumuna tərəf yuvarlanır. Bu isə çoxmillətli və federativ dövlət üçün həddindən artıq ciddi məsələdir. Bu halda yeganə xilas yolu dialoq, sivilizasiyaların sintezidir. Görünən isə odur ki, bu gün Avrasiya Rusiyası bunlara hazır deyil.
Hələ 2008-ci ilin sonlarında Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutu Rusiya Regionlar Nazirliyinin sifarişilə xüsusi tədqiqat aparmışdı. "Regionların etnomədəni potensialı Rusiya xalqlarının formalaşdırılması faktoru kimi" adlı tədqiqat nəticəsində məlum olmuşdu ki, ictimai şüur köklü olmayan əhalini hansısa sosial, peşəkar və ya yaş göstəricilərinə görə deyil, birmənalı olaraq etnik mənsubiyyətinə əsasən qəbul edir. Respondentlərə gəlmələrə münasibətlərinə dair sual verilmiş, nəticədə məlum olmuşdu ki, bu sahədəki vəziyyəti heç də qənaətbəxş saymaq olmaz: rəyi soruşulanların yalnız onda biri gəlmələrə müsbət münasibət ifadə etmişdi. Respondentlərin təxminən üçdəbiri (31%) onlara mənfi münasibətdə olduğunu etiraf etmişdi.
Sorğu nəticəsində respondentlərə belə bir sual da verilib: insanın əslən haradan olduğu və bu regionda hansı müddətdir yaşadığı bilinərsə, onu "yerli" hesab etmək olarmı? Cavablara görə, demək olar ki, bütün federal dairələrdə bu haqda sabit mövqe var: əksəriyyət hesab edir ki, insanın yeni məkanda nə qədər çox yaşamasından asılı olmayaraq, o, yalnız Rusiyanın mərkəzi vilayətlərindəndirsə (81%), "özününkü" sayıla bilər. Sibirdən olanları "özününkü" hesab etməyi mümkün sayanlar 79, Uzaq Şərqdən olanlara belə münasibət göstərməyin mümkünlüyünü düşünənlər isə 74% təşkil edir.
Əslən Şimali Qafqaz respublikalarından olanlara gəlincə, onların yeni məkanda 10 ildən artıq yaşaması belə, "yerli", "özününkü" sayılmaları üçün kifayət deyil. Rəyi soruşulanların üçdəbirindən bir qədər artığı məhz belə düşünür. Respondentlərin üçdə ikisi isə Şimali Qafqazdan olanları istənilən halda "yad" hesab edir.
Sorğuda iştirak etmiş şəxslərin üçdə ikisi Cənubi Qafqaz respublikaları - Ermənistan, Gürcüstan və Azərbaycandan olan insanların "özününkü" sayılmasını mümkünsüz hesab edir. Respondentlərin üçdə ikisindən çoxu isə (68%) Mərkəzi Asiya respublikasından olanların Rusiyada "yerli" sayılmasını ümumiyyətlə "yaxın qoymur".
Bəs bu gün Rusiya cəmiyyətində hansı fikir hakimdir? Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin 2010-cu il dekabrın 18-19-da ölkənin 138 yaşayış məntəqəsində apardığı sorğu belə bir nəticəni üzə çıxarıb: demək olar ki, hər 5 rusdan 1-i (18%) Manej meydanındakı iğtişaşçıların əməllərini dəstəkləyir. Üstəlik 11% özü belə iğtişaşlarda iştirak etməyə hazırdır. Moskva və Sankt-Peterburqda aksiya iştirakçılarına ürəyi yananlar daha çoxdur - 37%. Ümumilikdə ölkədə belə aksiyaları dəstəkləməyənlər 65%-dir. Amma respondentlərin yalnız 9%-i baş verənlərin əsasında millətlərarası münasibətlərin durduğu qənaətindədir. 22% hesab edir ki, bu, qanunsuzluğa, qətllərə və hakimiyyətin fəaliyyətsizliyinə qarşı etiraz aksiyasıdır. Respondentlərin 31%-i baş verənləri "banditizm", "qarışıqlıq", "özbaşınalıq" kimi qəbul edir.
Sadalanan rəqəmlər göstərir ki, Rusiya cəmiyyətində ksenofobiya əhvalı artan xətt üzrə inkişaf edir, rusların sosial-siyasi şüurunda daha dərin kök atır.
Əslində ölkənin kifayət qədər tanınmış siyasi fiqurlarının rus millətçi-şovinistlərini dəstəklədiyi halda bu, o qədər də təəccüblü deyil. Millətçilərə az qala açıq dəstək verənlər arasında Dövlət Dumasının hakim partiyadan olan deputatı A.İsayev, Rusiya Federasiyası Kommunist Partiyası mərkəzi Komitəsinin katibi, Dövlət Dumasının deputatı İ.Melnikov, Qloballaşma Problemləri İnstitutunun direktoru M.Delyagin və digərləri var. "Antimafiya" fondunun vitse-prezidenti, hüquqi elmlər doktoru Y.Qolik isə baş verənləri "hökumətin Moskva və vilayətlərdə Qafqaz diasporu, qrupları ilə apardığı oyunlara olan təbii etiraz" adlandırır.
Məşhur jurnalist və Rusiya İctimai Palatasının üzvü Nikolay Svanidze hazırki çətin vəziyyəti bu cür izah edir: "Mərkəzi Rusiyanın nəhəng şəhərlərində etnik tarazlıq pozulur. Nə bu şəhərlərdə yaşayanlar, nə qonaqlar hələ ki bir-birilə normal və sağlam münasibətlərə hazırdır".
Rusiyanın bəzi KİV və mərkəzlərinin keçirdiyi sorğuların bir sıra təxribatçı suallarla yadda qaldığı da qeyd edilməlidir. Məsələn, bəzi sorğularda "moskvalıların daha çox kin bəslədiyi millətlər hansılardır?", "rus qadınlar hansı millətin nümayəndələrinə ərə getməyə üstünlük verir?" və bu kimi digər suallar var və bu, vəziyyəti daha da ağırlaşdırır.
Rusiyanın siyasi rəhbərliyinin hər ilin noyabrında rus marşlarının keçirilməsinə icazə verməsi kimi ehtiyatsız addımları da nikbinlik yaratmır. "Rusiya ruslar üçün!" şüarına əsaslanan qüvvələrlə ciddi şəkildə məşğul olmağa ehtiyac var. Bu şüarın arxasında nə durur? Bütün digər xalqların və millətlərin Rusiyadan qovulması, yoxsa onların öz ərazilərini federasiyadan ayırmasına imkan verilməsi?
Sosioloq Vladimir İlin bildirir ki, "Rusiya ruslar üçün" şüarı Rusiyanın məhvinə hesablanmış layihədir. Bu layihənin reallaşdırılması Moskva Rus dövlətinə qayıdışdır, hərçənd, onu "rus dövləti" adlandırmaq da çətindir, çünki buraya fin-uqor tayfalarının əraziləri daxil idi və bu dövlət uzun müddət tatar xanlarının əsarəti altında qalırdı. "Beləliklə, "Rusiya ruslar üçün" - bütün qeyri-rus ərazilərində yaşayan rusların toplandığı, təbii ehtiyatlardan məhrum olmuş, şübhəli mədəni kapitala malik və düşmənlərin əhatəsində qalmış Mərkəzi Rusiya deməkdir. Moskvadakı nasist talanları ölkə ərazisində islamçılardan ibarət terrorçu qrupların sıralarını genişləndirmək üçün ən effektiv kampaniyadır. Bu yolda yeganə maneə odur ki, azlıqların təmsilçiləri rusların əksəriyyətinin nasist olmasına şübhə ilə yanaşır", - deyə V.İlin bildirib.
Çox sağlam düşüncədir. Radikal millətçi əhval-ruhiyyənin güclənməsi, çoxmillətli ölkənin monolitliyi üçün böyük təhlükə yaradır. Bu, orada yaşayan bütün digər xalqların və millətlərin separatçı cəhdlərindən daha təhlükəlidir. Bu üzdən də ağır vəziyyətdən layiqli çıxış - Rusiyanın hazırkı rəhbərliyi üçün şərəf məsələsidir.
MƏSLƏHƏT GÖR: